AZE | RUS | ENG |

Bir nəfərin auditoriyada 150 adamı öyrətmək dövrü bitmək üzrədir - Uğur hekayəsi

Bir nəfərin auditoriyada 150 adamı öyrətmək dövrü bitmək üzrədir - Uğur hekayəsi
Rəvan Həsənov: “30 yaşımda bu mərkəzin rəhbəri olmaq kimi planım yox idi”

Bəhanələri qəbul etmir, deyir ki, bu, insanın vaxtını alır, yaxşı da nəticəsi olmur. MüsahibimizBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovdur.
- Rəvan bəy, müsahibədən öncə qeyd etdiniz ki, tələbəlik illərindən öz sahənizdə təcrübə yığmaq üçün çalışmaqda maraqlı olmusunuz. Məncə, elə söhbətə də bununla başlayaq...
- 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum, 2011-ci ildə fərqlənmə ilə başa vurdum. Oxuduğum müddətdə praktiki fəaliyyətə üstünlük verməyə çalışırdım. 3-cü kursdan sonra prokurorluq orqanlarında, məhkəmə sistemində təcrübəyə çox yer verməyə çalışdım. Əsasən cinayət hüququ sahəsində ixtisaslaşmağa üstünlük versəm də, ümumi olaraq Azərbaycan qanunvericiliyini mükəmməl öyrənməyə fokuslanmışdım. Hüququ, yaşadığı ölkənin qanunlarını bilən insanların məncə, gələcəkdə səhv etmək imkanları məhdudlaşır. Ən azından, daxili hissiyyat buna imkan vermir.
- Sonra magistr təhsili üçün Almaniyaya getmisiniz. Orda təhsil aldığınız müddətdə təcrübə cəhətdən burdakı kimi aktiv fəaliyyətiniz oldu?
- Bakıda hüquq fakültəsini bitirəndən sonra xarici universitetə daxil oldum. Azərbaycan qanunvericiliyinə görə xaricdə təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilsə də, mən hərbi xidmətə getmək istədim. Hərbi xidmətdən sonra Almaniyada Postdam Universitetində hüquq fakültəsində cinayət hüquqi üzrə magistr təhsili aldım. Magistr təhsili müddətində də təcrübə proqramlarına üstünlük verməyə çalışdım. Orda mənim öyrənmək istədiyim əsas istiqamət Azərbaycan və Almaniya qanunvericiliyi arasında oxşar və fərqli cəhətlərini aydınlaşdırmaq, cinayət hüququnda problemli məsələlərin həlli ilə bağlı araşdırmalar aparmaq idi. Bununla bağlı Almaniyada iki kitabım işıq üzü gördü. Birincisi, Azərbaycan və Almaniyada banditizm cinayətlərinin araşdırılması, digəri isə məktəblərdə narkotiklərin yayılmasının cinayət hüquqi araşdırılması ilə bağlı idi. Hazırda üçüncü kitab üzərində işləyirəm, burda mövzu beynəlxalq terrorizmdir. Almaniyada da hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdim.
 
- Təhsili başa vurandan sonra ölkəyə qayıtdınız? 
- Bəli, mən tələbə vaxtı Postdam Universitetində mühazirələr deyirdim. Magistraturanı bitirəndən sonra doktorluq dərəcəsi üzrə Almaniyada qalmaq imkanım var idi, ancaq istədim ki, tezliklə əmək fəaliyyəti ilə məşğul olum, doktorluq fəaliyyətini daha sonra davam etdirim. Azərbaycana gəlməyi üstün tutdum. Bakıya qayıdanda 2015-ci il idi, ölkə başçısının fərmanı ilə Bakı Beynəlxalq Multkulturalizm Mərkəzi yeni yaradılmışdı və mən ilk olaraq ora iş üçün müraciət etdim.
- Niyə hüquq sahəsi üzrə işə müraciət etmədiniz?
- Multikulturalizm işi mənə maraqlı gəldi deyə, belə bir seçim etdim. Ancaq bununla yanaşı, hüquq sahəsində akademik fəaliyyətimi də davam etdirirdim, məqalələr yazırdım. Bilirsiniz, karyera qurmağa çalışanda gərək prioritetləri düzgün müəyyən edəsən. Əlbəttə, dövlət imtahanı verib prokurorluq orqanlarında çalışa bilərdim. Bu, sadəcə min nəfərdən biri halına çevriləcəkdi, amma multikulturalizm mənim üçün yeni, öyrənməli olan sahə idi.
Elm olaraq cinayət hüququnu sevmək mənə müəyyən bir rütbədən daha üstündür, ona görə hüququn akademik tərəfini seçdim. Praktik tərəfdə olsaydım, hüquqda yaranan problemləri və o boşluqları görməyəcəkdim. Çünki insan gündəlik ifadə etdiyi şeylərin fərqinə varmır.
 
 
- Və burda uğurlu irəliləmə olub...
- Hazırda rəhbərlik etdiyim quruma baş məsləhətçi olaraq işə götürüldüm. Qısa müddət sonra isə həyata keçirdiyimiz layihələrlə bağlı olaraq Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətində əvvəlcə baş mütəxəssis kimi işə başladım, sonra məsləhətçi vəzifəsinə keçirildim. Daha sonra kiçik dövlət müşaviri rütbəsi verildi. Ardınca 1 il 8 ay Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi olaraq fəaliyyət göstərdim. Düşünürəm ki, cənab Prezidentin etimadını doğrulda bildik ki, bu il artıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin olundum.
Bununla yanaşı, cinayət hüququ sahəsində elmi fəaliyyətimi davam etdirirəm. 2018-ci ilin əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda "Cinayət hüququ və kriminalogiya; cəza-icra hüququ” ixtisası üzrə "Azərbaycan Respublikasında kibercinayətkarlıq və onlara qarşı profilaktik tədbirlərin hüquqi əsasları” adlı dissertasiya mövzumu götürdüm. Eyni zamanda, 2018-ci ildə Amerika və Azərbaycanda cinayət hüququnun oxşar və fərqli tərəfdən araşdırılması ilə bağlı tədqiqatçı kimi Amerikanın Kent Hüquq Kollecinə dəvət olundum. Təəssüf ki, əmək fəaliyyətim hələ ki, bu araşdırmanı həyata keçirmək üçün Amerikaya getməyə imkan verməyib.
- Kriminal sahəni davam etdirirsinizsə, deməli, bu sahə sizə maraqlıdır. Maraqlı olan nədir?
- Cinayət hüququnda kifayət qədər konkretlik var. Mən də konkretliyi sevən insanam. Ancaq ictimai münasibətlər dəyişdikcə cinayət hüququnun tənzimlədiyi normaların və yaxud da ictimai münasibəti tənzimləyən normaların bir-birinə uyğunsuzluğu yaranmağa başlayır. Məni cinayət hüququnda maraqlandıran daha bir nüans, dərhal reaksiya verilməli olunan məsələlərdir. Çünki ictimai sabitlik və cəmiyyətdə olan kriminogen vəziyyəti nəzarətdə saxlamaq bununla bağlı akademik araşdırmalar aparmaq vacib sahələrdən biridir. Ulu öndər Heydər Əliyev deyirdi ki, tərəzinin gözü o zaman pozulur ki, cinayətkar azadlıqda qalsın, cinayət törətməyən şəxs isə cəza alsın. Məhz bu prinsip bütün dövlət sisteminin çökməsinə səbəb ola bilər. Cinayət hüququ mənim üçün dayaz yox, kifayət qədər dərin elm sahəsidir.
- Bu il 30 yaşınız tamam olacaq. Yaşla bağlı insanların müəyyən planları ola bilir. Məsələn, "30 yaşa qədər filan şeyləri əldə etməliyəm” deyirlər. Belə bir planınız olubmu?
- Bilirsiniz, insan şəxsi həyatı ilə bağlı plan qurmalıdır, amma bu planlar bir az abstrakt olmamalıdır. İstəklə ambisiyanı qarışdırmaq da olmaz. Müəyyən bir vəzifəyə çatmağa, filan qədər pul qazanmağa deyil, işləməyə fokuslanıram. 30 yaşımda bu mərkəzin rəhbəri olmaq kimi planım yox idi. 35 yaşımda hansısa vəzifədə olmaqla bağlı da plan qurmuram. Mənə görə müəyyən bir vəzifə nailiyyət deyil. 30 yaşında Azərbaycanın ən gənc alimi, Avropada sayılıb seçilən mühazirəçilərdən biri olmaq nailiyyətdir.
 
- İşə fokuslanmağın tərəfdarısınız?
- Bəli, heç kimə də tövsiyə etməzdim ki, bir iş görən kimi onun nəticəsini gözləsin. "Niyə vermədilər” sualı ətrafında düşünüb özünü daxili kədər hissi ilə yükləməməlisən. Elə bir insan yoxdur ki, öz fəaliyyətindən narazı qalsın, "mən çox pis insanam”, yaxud "fəaliyyətim yaxşı deyil” desin. Bir çox insan özünü daxili hissində daha yüksək posta layiq görür. Bu hiss paxıllığa, ambisiyaya gətirib çıxarır.
- Stolunuzun üstündə kitablar görürəm. İş arası oxuya bilirsiniz?
- Nahar fasiləsində də olsa, buna vaxt ayırıram. Həftə ərzində ən azı 3-4 kitab bitirməyə çalışıram. Bu həftə üçün planladığım 4 kitab var, hər biri fərqli istiqamətdədir. Çünki kitabları paralel oxumağa üstünlük verirəm. Artıq şəxsi kitabxanamda 1400 oxunmuş kitab var.
- Rəsm çəkmək, səyahət etmək də maraqlarınız sırasındadır. Bir az da bunlardan danışaq.
- Rəsm çəkməyə uşaq yaşlarımdan marağım var. Əvvəllər rəsmə daha çox vaxt ayıra bilirdim, indi bu bir az çətindir. Səyahətlərə gəlincə, indiyə kimi 72 şəhərdə olmuşam. Getdiyim ölkələrin ədəbiyyatları, yazıçıları ilə bağlı məlumatlar əldə etməyə, kitablar almağa çalışıram. Və ən birinci getdiyim ölkənin cinayət hüququ ilə maraqlanıram. Mənim üçün müqayisə aparmaq həmişə maraqlı olub. Xalqların mədəniyyətini öyrənmək, fərqli xalqları başa düşmək, onların bizə, bizim onlara münasibətimizi öyrənmək mənim üçün xüsusilə maraqlıdır. Bu müsahibəni oxuyub "pulu var, gəzir” kimi düşünənlər də ola bilər, amma bu, elə deyil, sadəcə, araşdırma etmək lazımdır. Hətta bir dəfə Berlindən Londona bir avroya səyahət etmişəm. Mütəmadi olaraq kampaniyaları izləyirdim. Səyahətlərdə kifayət qədər çox şey öyrənmişəm.
- Məsələn, nələri öyrəndiniz?
- Bir norveçlinin gün ərzində nəylə məşğul olması, necə yaşaması, həyat tempi, onların psixologiyası, günlük yaşam tərzləri və s. kimi şeyləri siz kitablardan da oxuya bilərsiniz, amma gedib görmək tamam başqadır. Norveç daha çox nəyi ilə fərqlənir? İqtisadiyyatı daha çox hansı tipdə inkişaf edir? Pul vahidi avro və dollara nisbətən necədir? Bəzən lazımsız informasiyalar belə, ümumi dünyagörüşünü, müəyyən bir siyasi, ictimai baxışın formalaşmasına çox müsbət təsir göstərir. BDU-da bir müəllimimiz deyirdi ki, normaları bilməklə yaxşı hüquqşünas olmur. Yaxşı hüquqşünas ətrin qoxusu, ayaqqabı markası, ölkələrin brendi və s. xırdalıqlara qədər məlumatlanmalıdır. Çoxtərəfli olmaq əhəmiyyətlidir. Formalaşmaqda olan dünya artıq əvvəlki əsrlərdən fərqlənir. Bu gün informasiya ən bahalı keyfiyyətdir. Mənə görə bir nəfərin auditoriyada 150 adamı öyrətmək dövrü bitmək üzrədir. Artıq o qədər resurs var ki, hətta auditoriyadakı eşitmədiyin şeyləri oxuya bilərsən. İndi öyrənmək üçün kifayət qədər mənbə var.
 
- Bu il qızınız dünyaya gəlib. Bir az da ata olmaqdan danışaq.  
- Bu o deməkdir ki, artıq onun vaxtı ilə uyğunlaşmağa çalışıram (Gülür). Düzdür, atasansa, yuxudan kəsməli olursan, amma gözəl hislərdir, hər kəsə arzu edirəm. Övlad dünyaya gələndə başa düşürsən ki, həyatda sırf səndən asılı olan başqa bir can var, onun qarşısında artıq öhdəliklər götürmüsən. Sən ona həyatını qurmaqda kömək etməlisən. Mənə son vaxtlar ən çox verilən suallardan biri budur ki, sən qızını dindar edəcəksən, yoxsa sekulyar? Bizim məsələlərdə dini yön də olduğuna görə insanlarda bu suallar yaranır. Mənim övladıma aşılamaq istədiyim seçimetmə azadlığı olacaq. Seçimetmə qabiliyyətini insana öyrədəndən sonra hansı həyatı seçməyinə özü qərar verəcək. Bir də çalışacam özünü və insanları sevsin. Bir valideynin övladına bəxş edəcəyi ən böyük keyfiyyət ona qatdığı mənəvi dəyərlərdir. Maddi dəyərlər qatqı deyil, əlavədir.
- Ənənəvi sualımız: uğurunuzun sirri nədir?
- Elə bir düstur olduğunu düşünmürəm. Sadəcə olaraq insan özünə dəyər verməli, çalışmaq istədiyi sahəni öncədən bilməli, o istiqamətdə peşəkar olmaq üçün öz üzərində daim çalışmalıdır və s. Mən bəhanələri qəbul etmirəm. Bəhanələr insanın vaxtını alan bir şeydir. İnsan özünə təskinlik verir. Bunun əksini insan özünə qəbul etdirsə, nəticə daha yaxşı olar.
 
Aygün Asimqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311