AZE | RUS | ENG |

Bir neçə fəaliyyət sahəsini birləşdirən şəxsiyyət

Bir neçə fəaliyyət sahəsini birləşdirən şəxsiyyət
Cavanşir Yusifli: “Ceyhun Hacıbəyli istiqlalçı yazıçı idi”

"Cümhuriyyət ədəbiyyatı” layihəsi çərçivəsində filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusifli ilə yazıçı, jurnalist və tərcüməçi Ceyhun Hacıbəyli haqqında danışdıq:
 
– Cavanşir müəllim Ceyhun Hacıbəylinin yaradıcılığına nəzər salanda, onun fəaliyyətini iki dövrə ayırmaq olar: Birinci dövrdə gənclik illərində silsilə hekayələri ("Hacı Kərimin səhəri”, "Zəruri şər”, "Hacı Kərim işdə”, "Hacı Kərim qonaqlıqda”, "Hacı Kərimin romanı”, "Hacı Kərimin səfərə hazırlığı”), ikinci dövrdə isə Parisdə, ömrünün son illərində yazdığı "Bir il xəyallarda... və bütöv bir ömür" adlı əsəri görə bilərik. Əvvəlcə onun birinci dövr yaradıcılığından danışardınız?
– Ceyhun Hacıbəyli və yaradıcılığı müəyyən dərəcədə yaxşı araşdırılıb, haqqında dissertasiyalar, məqalələr yazılmış, əsərləri tərcümə olunmuşdur. Onun ən mötəbər tədqiqatçılarından biri – hörmətli Abid Tahirzadə bir məqaləsində "Hacı Kərim” povestindən bəhs edir, qeyd edir ki, bu povesti müəllif 1909-1910-cu illərdə qələmə almış, 1911-ci ildə rus, 1917-ci ildə 6 hekayədən ibarət kitab şəklində Azərbaycan dilində nəşr etdirib. Kitabın yalnız fotoplyonka variantı M.F.Axundov adına Milli Kitabxanada saxlanılırdı. Abid Tahirli 1995-ci ildə hekayələri fotoplyonkadan köçürərək kitabı təkrar nəşr etdirmişdi. Təxminən on beş il qabaq mərhum Bayram Ağayev Ceyhun Hacıbəylinin "Qarabağ dialekti və folkloru” kitabını fransız dilindən çevirmiş və çap etdirmişdir. Nəhayət, 2017-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu özünün "Azərbaycan mühacirət ədəbiyyatı” seriyasının ayrıca buraxılışını Ceyhun bəy Hacıbəylinin yaradıcılığına həsr etmişdir. 
Birinci dövr yaradıcılığına təkcə hekayələr deyil, müxtəlif mövzulu məqalələri, yəni jurnalist kimi coşqun fəaliyyət məhsulları da daxildir. Bu yazılar mövzu etibarı ilə ədəbiyyat, mədəniyyət, teatr, maarif və elə mətbuatın öz problemlərini əhatə edirdi. Bəzi hekayələr, bədii mətnlər var ki, hazırlıq dövrü kimi mühacirətəqədərki müddəti əhatə edir. C.Hacibəylinin hekayələri arasında da belələri var. Mütəxəssislərin fikrincə, mövzu, toxunulan problem, ideya istiqaməti baxımından həmin əsərlər bir-birindən kəskin fərqlənsə də, onlar arasında Çin səddi çəkmək olmaz. Yəni, yazıçının ideyası, əqidəsi, həmçinin məxsusi dil, üslub xüsusiyyətləri bu əsərləri bir-birinə daxildən bağlayır. Yazıçının bütün fəaliyyəti və həyatı boyunca bir problemi olur: özünü tapmaq. Yaradıcılıq prosesi istənilən mərhələyə bölünə bilər, başqa meyarlarla iki dövrü yarım mərhələlərə də ayırmaq mümkündür. Ancaq bu "özünü tapmaq” nöqtəsi C.Hacıbəylinin bədii yaradıcılığında "Bir il xəyallarda və bütöv bir ömür” adlı memuarında baş tutmuşdur. 1905-1919-cu illərdə qələmə alınan ilk bədii "toxumalı” əsərlərinə bəzi felyetonları, "Pristav ağa”, "Barışmaz ata”, "Nümunəvi sübut”, eləcə də ayrı-ayrı hekayələrdən ibarət "Hacı Kərim” povesti daxildir. İndi isə mühacirət dövründə yazdığı hekayələrin adlarına diqqət yetirək "Baş tutmayan ziyarət”, "Müəzzinin lənəti” və "Stalinin öpüşü...”. İki dövr yaradıcılığı arasındakı dəruni əlaqə elə başlıqlardan da görünür. Daxili yaşantılar, müəllif obrazı, təhkiyə prosesində dinamiklik, müəllifin (obrazının) diqqət mərkəzində saxladığı obrazlar (deyək ki, "seyrdə” ilk əvvəl minarələri görməsi, təhkiyədə hərəkətin məhz bu nöqtədən başlaması) yuxu janrı olan memuarlarda var. İntəhası ikiqat üçqat,... onqat assosiasiya edilmiş, mətnin alt qatlarına çəkilmiş formada. Mütəxəssislər deyir ki, "Pristav ağa” hekayəsi müəllifin hekayələri arasında bir çox cəhətdən, deyək ki, toxunduğu mövzunun aktuallığı və tənqidi pafosuna görə... fərqlənir. Şübhəsiz ki, bu tipli təqdimatlarda hekayələr köhnəlmiş ədəbiyyatşünaslıq ritorikası ilə araşdırılır. Mətnin daxilindəki yaşantılar, sirlər, üslubu keyfiyyətlər kənarda qalır. Yekun qənaət kimi bunu demək olar ki, C.Hacıbəyli jurnalistlik fəaliyyəti içində qələmə aldığı hekayələrdə cavan Azərbaycan nəsrinin poetik sistemi daxilində olmağa çalışırdı və buna öz istedadı qədərincə nail olurdu. 
Hər bir yazıçı ömrü və fəaliyyəti etibarı ilə bədii təfəkkürünün, necə deyim, "kimliyini” də nişan verir. Birbaşa deyək: Ceyhun Hacıbəyli istiqlalçı yazıçı idi. Bu, onu yazıçı və xadim, düşüncə adamı kimi müəyyənləşdirən ən dəqiq təyinatdır. 
 
– Hesab edirəm ki, Ceyhun Hacibəylinin ikinci dövr yaradıcılığının məhsulu olan "Bir il xəyallarda... və bütöv bir ömür" əsəri daha çox diqqəti çəkir. Sizcə, buna səbəb nədir, peşəkarlıq yoxsa yaşanmış bir ömrün xatirələri?
– Əvvəlcə bu dövrdə fransız dilində qələmə aldığı hekayələrdən bəhs etmək yerinə düşərdi, həm də iki dövr yaradıcılığı arasında üzvi əlaqələri göstərmək baxımından. "Müəzzinin lənəti” hekayəsi. Müəllif vətəndə olarkən gördüyü, bəlkə də şahidi olduğu və ya eşitdiyi hadisələri yaddaşdan bədii əsərə köçürür. Necə? C.Hacıbəylinin irsinin tədqiqatçılarına görə, hekayə hardasa keçən 50-ci illərində qələmə alınıb. Hekayənin ekspozisiya hissəsi müəllifin təhkiyəsinin orijinallığından, həm də poetik ənənəyə sadiqliyindən xəbər verir: "Günlərin biri, qonşusu Kərbəlayi Əhməd molla Abdullaya yaxınlaşıb sakit səslə deyəndə ki, "Bilirsənmi, oğlun "Allahsızlardandır”. Molla hirslə yerindən sıçradı və kəskin surətdə etirazını bildirdi”: " Allahsız özünsən, bir də atandır!”
İlk cümlə təhkiyə "əyrisinin” istiqamətini göstərir, yəni, hadisələr Azərbaycanda şura hökumətinin yarandığı ilk illərdə baş verir. Kütləvi şüur, kütləvi psixoz, insanların kütləvi şəkildə aldadılması, usta şəkildə dinə, inanc yerlərinə qarşı yönləndirilməsi. Yeni ideologiyaya təşviq, bu yöndə bir qrupun qəsdən kölgədə saxlanılması, digər qrup insanların onlara qarşı istehzasının gücləndirilməsi və beləliklə cəmiyyətdə adda-budda şəkildə baş vermiş çatların birləşdirilməsi... Bəzi pasajlarda müəllif bədii prinsipləri unudur, birbaşa publisist tonla təhkiyəyə davam edir. Konflikt dövrün, zəmanənin, təzəcə meydana girmiş ideologiya və rejimin yaratdığı konfliktdir, məhz bunun sayəsində ailədə ata, ana, oğul-uşaq arasında çatlar yaranır, cəmiyyət, ölkə ev-ev dağılır. "Allahsız” oğulun müəzzin atasını iki şəkildə – təbliğatla və sonda yalvararaq xilas etmə təşəbbüsləri baş tutmur. Molla allahsızların, kommunistlərin zədələdiyi minarəyə qalxır və ordan insanları namaza səsləyir. Minarə uçur. 
   "Bir il xəyallarda və bütöv bir ömür” memuarı yazıldığı dövr C.Hacıbəylinin yaradıcılığının ən gərgin qisminə təsadüf edir. Özü qeyd edirdi ki, bu dövrdə bir yığın mövzulara toxunur, amma heç birinin üzərində dayana, fikrimi də tam qurtara bilmirəm: "Kimsə mənə yeni bir mövzu danışır, mən onu təzəcə çəkib qurtardığım balaca bir rəsm əsərinin, indicə tamamladığım balaca bir şəklin içində qeyd edirəm... Memuarı qurtara bilməyim lap möcüzə olardı. Mövzu müxtəlifliyi fikrimi yayındırır, üzür, dağıdır, diqqətimi toplamağa mane olur. Elə ki, başlayıram bir mövzunun üzərində işləyəm, beynimin bir küncündə o biri mövzular özlərini yadıma salmaq üçün məni qıcıqlandırmağa başlayırlar...”
 
– Əsərin bədii dəyərini necə qiymətləndirirsiniz?
– Əvvəlcə əsərin adından başlamaq olar. Fransız dilində "rêve” ilk öncə yuxu, xəyal, xülya... deməkdir. Mühacirət ədəbiyyatında memuar (yaddaş janrı) aydın məsələdir ki, mühüm yer tutur. İstiqlal mücahidlərinin min bir əzab və məşəqqətlə qürbətdə keçirdikləri ömür doğrudan da zəngin faktlarla doludur və bunların araşdırılması çox əhəmiyyətlidir. Ancaq C.Hacıbəylinin memuarı siyasi mühacirlərin gündəlik və xatirələrindən bədii sistemə malik olması ilə fərqlənir. Onun haqqında şübhəsiz ki, aşağıdakıları demək çox azdır: "...Bu memuar bir istiqlal aşiqinin gündəliyidir, həyat dastanıdır. Əsərin ruhu, xəmiri, belə demək mümkünsə, "Azərbaycan davası”ndan yoğurulmuşdur. İlk baxışdan yüzlərlə mövzunun pərakəndə toplusu, lakin dərindən nüfuz etdikcə, vahid süjeti, ideya istiqaməti, məramı olan bitkin bir əsərdir”. "Bir il xəyallarda... və bütöv bir ömür” zahirən, doğrudan da, gündəlikdir, xatirələrdir, ancaq dərindən-dərinə ağrı ilə yaşanmış, içəri çəkilmiş, bədii-fəlsəfi baxımdan, yuxu ilğımları içində qavranılmış xatirələrdir. 
 
– "Bir il xəyallarda... və bütöv bir ömür" janr baxımından da maraqlıdır.
– Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... və bütöv bir ömür”  adlı əsərinin janr xüsusiyyətlərini müəyyənləşdirmək üçün müasir dövr ədəbiyyatşünaslığında geniş yayılmış "nitq janrı” anlayışına istisna etmək lazımdır. Funksional stilistikanın bir sıra tədqiqatçıları nitq janrı haqqında mətnin tipi kimi bəhs edirlər (E.U.Qrosse, V.Şmidt, B.Zandit, M.P.Brandes və sair). Memuarlar "nitq janrıdır”, memuar janrında nitq funksionallığı var; mətnin subyekt təşkili üzərində müşahidələr bir sıra mülahizələrə yol açır. 
Ədəbiyyatşünaslıqda müxtəlif tip bədii mətnlərin analitik və eyni zamanda şərhə əsaslanan təhlilinin  zəngin və misilsiz təcrübəsi mövcuddur ki, bu da həmin əsərlərin mənəvi, kulturoloji və estetik aspektlər baxımından dərkini zaman keçdikcə dərinləşdirmişdir. "Yaddaş mədəniyyətin əsasıdır. Memuarlar isə yaddaşın sözdə və sözlə əşyalaşmasıdır” (L.Qinzburq); tədqiqatçıların fikrincə, o, (memuarlar...), "nəsillərin mənəvi varisliyinin vasitələrindən və cəmiyyətin mədəni səviyyəsinin, onun öz keçmişinə şüurlu və analitik yanaşmasının göstəricilərindən biridir”. 
Başqa bir tədqiqatçıya görə isə memuar, mənəvi həyatın xüsusi hadisəsi kimi həmişə intibah xarakterlidir. Çünki memuarlarda şəxsiyyətin əqli inkişafının dönüş mərhələləri, onun "özünü dünyada” və "dünyanı özündə” (A.Tartakovski) dərki əksini tapır. Memuar janrına aid edilən "intibah xarakteri” nə deməkdir? Fikrimizcə,  memuarların yazılması və oxunmasına şiddətli marağın səbəblərindən biri tarixin dəyişməsidir. Bu amil, hadisələrin radikal şəkildə inkişafı və bunun nəticəsində tarixin büsbütün dəyişməsi yazıçını, hətta yazıçı olmayan şəxsləri zamanı sürəklə qeydə almağa məcbur edir. Tarix dəyişir, hadisə seli insanların üstündən adlayıb keçir və keçmiş həyatın "süjetinin dəyişməsi” geri dönməyi, daha doğrusu becid baxışla keçmiş və gələcəyi bir nöqtədə, bəzənsə eyni anda fərqli kontekstlərdə mənalandırmağı tələb edir. Həyatın axarının, bəzən dini görüşlərin, yaxud siyasi quruluşun dəyişməsi, insanların nəfəs alıb yaşadıqları dəyərlərdən zorla qopardılması obyektiv tarixi faktın subyektiv özünüifadəsinə gətirib çıxarır. Burada həm də, hadisələrin sürətlə cərəyan etməsi səbəbindən "tarixin unudulması vahiməsi” də əsaslı rol oynayır. Çünki bəzi siyasi rejimin və ideologiyanın tərkibində özünü hər şeyin, bütün dəyərlərin üstünə qoymaq cəhdi var və bu, keçmişə memuar janrı ilə (nitq janrı!) qayıdışı labüd edir. Kommunikativ aktda (rus dilçiliyindən fərqli olaraq, Avropa funksional stilistikasında "akt janrı”) baş verən "kataklizm”, bir qayda olaraq  subyektin həmin vahiməni yenib tarixin bədii şərhini ortaya qoymaq ehtirası ilə bağlı olur. 
Beləliklə, memuarların qələmə alınmasında həm də yazıçının keçmişə qayıtmaqla öz taleyinin, yaşadığı ömrün vacibliyini dərk etməsi mühüm rol oynayır. Gerçəkliyin estetik qavrayışı yazıçını sətir-sətir zaman vadisindən keçirir, iştirakçısı olduğu hadisələrdən uzaqlaşdıqca zamanın dərki, onu qeydə almaq ehtirası daha da dərinləşir və nəticədə Ceyhun Hacıbəylinin əsərində şəxsi-subyektiv, xronoloji və estetik qavramalar üzvi əlaqə və mürəkkəb qovşaq yaradır. Bütün bu deyilənlər həm də adı çəkilən əsərin təhkiyə strategiyasını şərtləndirir, irəli-geri hərəkətlərlə müşayiət olunan "dolanbac” təhkiyə quruluşunda bir yay (yaxud bumeranq...) effekti var; hekayətlər, hadisələr bitmir, əksinə, "qövr edir”, ayrı-ayrı təhkiyə müstəvilərinə paylanır, sıxılmış yay "oturacağına” çatdıqda geriyə dönüş yuxunun dərinliklərində itir və beləcə, yuxu ilə reallığın bir-birini tamamlaması zahiri məsələyə çevrilir. Əslində, burada uyuşmaq və tamamlamaqdan çox bir-birini dəf etmək gücü daha çox hiss olunur və bu stixiya təhkiyənin məğzini təşkil edir. Beləliklə, nə yuxu reallığa çevrilir, nə də reallıq yuxudan sıyrıla bilir. Bunların iç-içə olması, qonşuluğu elə bir gərginlik sahəsi yaradır ki, bəzən təhkiyəçinin də səsi batır, öləziyir, yuxu özü danışır, hər şey təkrar olunur, təkrir səviyyəsinə gəlir. Ceyhun Hacıbəylinin adı çəkilən memuarında təkrarlanan detallar və əşyalar var: şar, qızılgül, minarə, günbəz və sair. Mətndə onların işlənilmə kontekstləri ən müxtəlif estetik anımların üzə çıxmasına şərait yaradır. Bu əşyalardan hər birinin mətndə hərəkəti zahirən və məntiqi cəhətdən anlaşıqlıdır. Yəni, həmin hərəkəti (deyək ki, müxtəlif məqamlarda şarın partlaması...) müəllifin taleyi, təsvir etdiyi keçmişin xarakteri ilə azacıq müqayisə etdikdə nəyə işarə edildiyini anlayırsan. Ancaq burada ayrıca götürülən sözün (detalın, onun hərəkətinin) "mənası bütöv mətnin mənasından asılıdır” (A.Potebnya), yəni, bədii əsərin şərhedici komponentlərini aşkara çıxarmaq üçün qoyulan vəzifədən asılı olaraq onun müxtəlif səviyyələrinə nəzər salmaq lazımdır. Bu halda kontekst anlayışının dövriyyəyə daxil edilməsi qanunauyğunluq təşkil edir. Çünki mətnlərin istənilən şərhi, onların elmi dərki bu termini qaçılmaz edir. Kontekstin öyrənilməsi əsərin məna dərinliyinə nüfuz etmənin şərtidir. Bədii əsərin kontekstinin konkret sərhədləri olmur, onlar çox geniş və bəzən intəhasız olur. Məntiqi şəkildə düşünmək olar ki, bir müəllifin qələmə aldığı bədii əsərlərin kontekstləri (daha doğrusu bir müəllifdə kontekstlərin məcmusu) "böyük tarixi zamanla axaraq” (M.Baxtin) yazıçının bədii yaradıcılığının vahid kontekstini formalaşdırır.
Ceyhun Hacıbəylinin əsərinin janr xüsusiyyətləri, bu özəlliklərin əsasında dayanan bəzi psixoloji-fəlsəfi anımlar onun adekvat şəkildə şərhinə yol aça bilər. Memuar kimi təqdim edilən mətn deyir ki, "bu günün yuxusu dünənin reallığıdır. Çünki yuxu canlı və hiss edilən bir dünyadan gəlir. Məhdud şüur bu faktı bizim üçün aça bilməsə də, meditasiya vasitəsi ilə şüurlu şəkildə bu və ya digər üstün dünyalara "sızmaq” mümkündür. Bu dünyaların gerçəkliyini bizə arzularımız təlqin edir”. Yəni, burada bizim yuxu adlandırdığımız nəsnə başqa bir dünyanın gerçəkliyidir. Başqa sözlə desək, insanın gözlərinin görmədiyi, əllə toxuna bilmədiyi çox sayda dünya mövcuddur. Yuxu da bu dünyalardan axıb gəlir. Fransız tədqiqatçısı belə yazır: "...Bəzi yuxular canlı sahədə baş verir: onlar tez-tez qarışır, çünki burada sevincin payı az olduğundan həmin yerə düşən işıq da öləziyir. İşıqlı olsa da hissiyyatdan məhrum olan yuxuların əksinə olaraq hiss və həyəcanın daşlaşdığı yuxular da var. Hissi və canlı dünyanın yuxusunda arasıkəsilməz hərəkət müşahidə olunur. Bu elə bir döyüş səhnəsidir ki, hər şey qırılıb-tökülür, canlı varlıqlar öldürülür...” 
 
– Əsər hansı zərurətdən yaranmışdı? Bəlkə oğlunun vaxtsız ölümü Ceyhun Hacıbəylini xəyallar aləmə aparmışdı?
– Mühacirətdə, sürgündə olan adam, hər gün iclas və konfranslarda qızğın, hər şeyin puç olduğu ortamda ümidli gün keçirən adam əsl həqiqəti yuxu və ilğımlara bükərək yazmaq məcburiyyətində qalır. Dünyada bundan da ağır və çəkilməz bir dərd olmaz ki... Bu qeydlərdə arada yuxu dumanı çəkilir, araya qızıl-qırmızı yalanlar girir, vətəni yağmalanmış mühacirləri bağrına basan siyasət dəllallarının saymazyana, adamın gözündən içinə söylədikləri yalanlar... Ümidsə çox zaman insanı ölümə aparır, aldadaraq...
Ceyhun Hacıbəyli oğlunun ölümünü bir ay əvvəl yuxuda görür, mövzu – temanın janrın sərhədləri daxilində kilidləndiyi (yuxudakı adam, ya başqa bir adamın çöhrəsində peyda olur, ya da çöhrəsi gizlədilmiş halda "səhnəyə çıxır”) bir ortamda gecə impressariosu oyunu gedir.  "... Yuxu sizin həyatınızı gah epizodik, qarmaqarışıq, bəzən fiqurlar formasında, alleqorik tərzdə, bəzən eyhamlarla, üstüörtülü, bəzən təhrif olunmuş, üz-gözünü əymiş halda, lakin bəzən də ən silkələyici bir reallıqla təqdim edir”.
Ceyhun Hacıbəylidən yuxarıda verilən sitatın davamı: "...Bir binanın pilləkənləri ilə qalxıram. İkinci mərtəbədə erməni çay salonu var; yuxarıda bir tamaşamı, yoxsa bir iclas zalımı var. Elə bu zalda baş tutacaq maraqlı bir konfransda iştirak etmək üçün gəlmişəm. Gecikməyim məni o qədər də narahat etmir, çünki ikinci iclasda iştirak etmək fikrindəyəm. Bununla belə, birinci seansın tam başa çatmasını istəmədiyimdən, qapını açıram; qapı cırıldayır və iştirakçıların narazılığına səbəb olur. Nifrət dolu baxışlar mənə tərəf yönəlir. Oturmağa yer tapmayan dinləyicilərin arxasındakı birinci arakəsməyə yaxınlaşıram, heç nə görmürəm; çıxış edənlərin səsini isə eşidirəm. 
...Divara söykənib musiqi alətində çalıb-oxuyan iki kişi görürəm. Bunlar məruzəçilərdir. Konfransın mövzusu bundan ibarətdir: bir çıxış edən digərinin oxuduğu notları açıqlamalıdır. O, qaraçı romansı janrında nostalji bir mahnı oxumağa başlayır, ancaq davamını Duck Ellingtonsayağı caz təqlidi ilə başa vurur. Bu, hardasa gördüyüm qarasaç cavan oğlandır. O, rəqsəbənzər bir hərəkətlə şlyapasını havaya atır, şlyapa qayıdıb adamların içində dayanan qardaşının başına düşür və şar kimi partlayır...” 
Belə bir fakt məlumdur ki, mühacirətdə olduğu zaman bütün çağırışlara, dəvətlərə rəğmən Ceyhun bəy heç zaman vətənə qayıtmaq istəmirdi.  Ceyhun bəy bunun özü və ailəsi üçün nə demək olduğunu anlayırdı. Ancaq yuxularında hər gün qayıdırdı və yuxuda belə hər dəfə qarşına bir əngəl çıxırdı. "...Vətənimə qayıtmağa hazırlaşıram. Evimizə gedən yolda şar görürəm. Bilirəm ki, o, parisli qadına məxsusdur. Götürmək istəyəndə bayağı görkəmli bir kişi peyda olub məni qabaqlayır. Qaytarmağı tələb etməyə cəsarətim çatmır, gözləyirəm, görüm, şarla nə edəcək. Kişi görünməz bir nərdivana dırmaşıb şarı özündən daha iri, daha möhkəm bir şarın yanına məftillə bağlayır. Ancaq bu vaxt mənə çatır ki, bu kişi lampaları qaydaya salan elektrik montyorudur. Öz-özümü inandırıram ki, məftilin o biri ucu parisli qadının əlindədir və istədiyi vaxt şarı özünə tərəf çəkə bilər...”  
Mətndəki əşyalar. Yuxularda onlar dayanıqlı deyillər, sürüşür, ölçülərini itirir, qeyb olub və başqa əşyalara çevrilirlər, çünki yuxuda gördüyün aləm bir maketdir, köçəri çadırı kimidir, burada dünyanın faniliyi əlbəəl hiss ediləndir. Bu həm də son nəticədə ruhun qərarsızlığını, narahatlıq çənbərinə düşdüyünü bildirir. Yuxular insanın vəziyyətini içdən, əşya və hadisələrin mürəkkəb kombinasiyaları çərçivəsində ifadə edir və buna görə də onların şifrəsini yalnız müəyyən dərəcədə açmaq mümkündür. Keçmişin içindən gələcəyi göstərmək cəhdi fantastik, bəlkə də fantasmaqorik şərhlərə yol açır, insanın bəzən özünə də etiraf etmədiyi nəsnələri güzgü qarşısına gətirir, güzgüyə dönür, səni güzgüyə çevirir, ortasından çat xətti keçən ayna effekti yaradır, sən tam fərqli aləmə düşdüyün üçün kosmonavt kimi çəkisizlik şəraitindəsən, həm nəsə edirsən, həm də buna tamaşa edə bilirsən, belə bir ortam, belə bir ikiləşmə fasiləsiz dönüşlərə şərait yaradır, gerçək aləmdə xəyal etdiklərin burda, həmin çəkisiz fəzada gerçəyə çevrilir. 
 
– Əsəri şərti olaraq "yuxu janrı” adlandırsaq müqayisə etmək imkanı yaradır. Azərbaycan ədəbiyyatında yuxu ilə bağlı olan əsərlərlə müqayisə oluna bilirmi?
– Ceyhun Hacıbəyli yuxularını deyil, real həyat olaylarını yazsaydı, bu, adi bir publisistik yazı olardı və məhz Ceyhun bəy qələmə alıb deyə, mühacirət tarixi kitabında bir önəmli sətrin yerini tutardı. Ancaq yuxu janrında yazılan bu əsər həm onun ağrı və məşəqqətini, vətənin istiqlalı uğrunda aparılan savaşa inancını, həm də reallığın özünü  yeganə mümkün formada əks etdirmək baxımından çox maraqlıdır və zənnimizcə, mühacirət ədəbiyyatı tarixində bunun analoqu yoxdur. Ceyhun bəyin əsəri "susmuş forma” baxımından da unikaldır; bədii əsərdə bir qayda olaraq, forma "danışır”, yəni mənaya yiyələndikdən sonra bu mənanın bitib-tükənməyən şaxələri kimi ərzi, dünyanı tutur, dünyanı öz dil rakursuna salır, hər şey bir əsərin süzgəcindən keçir, ordakı macəralara bələnib, onları dəyişdirir. Yuxu janrında isə forma məhz "susur” (başqasının bizə gəlib çatmayan səsi kimi...), içində, içinin dərin laylarında danışır, real olan nə varsa, bu gözişləməz dərinliklərə batıb ordan qəlpələr şəklində üzə çıxır, reallığın ən müxtəlif mövqelərdən şərhi üçün tükənməz imkanlar açılır, bir fakt, yaxud hadisə irrealla kəsişmədə dəyərləndirilir. Və beləliklə, dövlət devrilib quruluş dəyişdikdən sonra tarix dünyada baş verən olaylar çərçivəsində göstərilir. Diqqət edin: "Kübar bir yığıncaqda xanımlara ingilissayağı "aradan çıxmaq” ifadəsini izah etməklə məşğulam. Dinləyicilərim mənanı çox ləng başa düşən kimi görünürlər. Nəhayət, xeyli vaxtdan sonra onlara başa sala biləndə, ifadə inanılmaz bir uğur qazanır...
Oğlumla bir yerdəyik, ona maraqlı bir şey göstərməliyəm. Kilsə qülləsindən gələn musiqi səsi eşidilir. İki alətin ifa etdiyi musiqidir, alətin biri çox səs-küylüdür. Birdən atəş açılır və səsli alət dərhal susur. Belə qənaətə gəlirəm ki, onu çalan yerindəcə həlak oldu. Atəş minarədən gəlir, çünki oradan spiralvari pilləkənlə düşən bir kişini görürəm. Bunu oğluma işarə edirəm, ancaq başa düşürəm ki, o da artıq görüb, çünki o, durbinlə həmin kişini izləyirdi.
Atəş açılan minarənin görünüşü...” 
Yuxuda adi bir əşya neçə-neçə yaranın qaysağını qoparır, keçmiş indiki zaman kimi cilvələnib şüurda ən müxtəlif, həm də aralarında məntiqi bağ olmayan hadisələri bir məcraya gətirir, bu "kombinasiyalardan” məqsəd ömrünün, taleyinin yad şəhərindən qaçmaq, yaxa qurtarmaq, millətinin alnına yazılan qədərə düzəliş etmək, cümhuriyyəti  davam edir kimi hiss etmək və yaşatmaqdır.  Həm də: minarədən açılan atəşin keçmişə proyeksiyası, insanların fitnəyə qurban getməsi, kütləvi şəkildə qırılması, öz yurd-yuvalarından didərgin düşmələri... baş verib bitmiş hadisələrin realdan real şəkildə dəyərləndirilməsinə imkan yaradır. 
Ancaq yuxu janrı insanı aldadır, tərs bir yolun çəmbərinə salıb  məhv edir. Vaxtilə  Kamil müəllimin (Kamil Vəli Nərimanoğlu) kitabından oxumuşdum ki, məşhur ədəbiyyatşünas Şklovskinin yeganə oğlu müharibədə həlak olur. Döyüş yoldaşı ona oğlunun hansı şəraitdə öldüyünü danışmışdı. Şklovski zaman-zaman yuxuda oğlunu, onun vurulduğu səhnəni görür və onu xilas etmək istəyir, ancaq hər dəfə sarsılır, bacarmır.  Və yuxular ümidləri puç olmuş insanların məskəni və məzarına çevrilir. Şeirimzidən keçən "bir deyil, on deyil məzarım mənim...” ifadəsi bütün bu söyləm-diskursları içinə alıb onları keçmişdən gələcəyə və yenidən keçmişə daşıyır, bəlli şərtlər daxilində başdan ayağa həsrət və nisgilə dönmüş insanın külünü göyə sovurur, küləklərə tapşırır, onlarsa bu külü vətən torpağına səpdikdə otların yaşılı, gül-çiçəklərin al-qırmızısı solur. .. 
 
– Bildiyimiz kimi Ceyhun Hacibəyli daha çox maarifçi, jurnalist və redaktor kimi tanınıb. Lakin ədəbi əsərləri də var. Sizcə, onu oxuculara jurnalist və redaktor kimi, yoxsa yazıçı kimi təqdim etmək daha doğru olardı?
– Necə var, elə. Ceyhun Hacıbəyli jurnalist, redaktor, tədqiqatçı və yazıçıdır. O dövrə xas olan sintez – bir neçə fəaliyyət sahəsini birləşdirən şəxsiyyət. 
 
Səxavət Sahil

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000