• cümə, 19 Aprel, 16:57
  • Baku Bakı 25°C

“Bir münaqişə həll edilmirsə, başqa münaqişələrə səbəb olur”

22.01.15 18:29 1169
“Bir münaqişə həll edilmirsə, başqa münaqişələrə səbəb olur”
Prezident İlham Əliyev dünən Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib. Trend-in məlumatına görə, prezident forumun “Transformasiya prosesində regionlar: Avrasiya” sessiyasında iştirak edib.
Dövlət başçısı çıxışında deyib ki, Azərbaycan 1991-ci ildə müstəqil olub: "Bu, regionda böyük dəyişiklik, eləcə də bizim qarşımızda böyük vəzifə idi, çünki müstəqil dövlət qurmaq imkanı yaranmışdı. Biz dövlət qurmalı, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan müasir iqtisadiyyat yaratmalı idik”.
İlham Əliyev Azərbaycanda baş verən transformasiyalar barədə də danışıb: “Bizim üçün transformasiya siyasi sistemin transformasiyası demək idi, çünki müstəqilliyin əldə edilməsinə qədər bu bizdə yox idi. Bu, həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına transformasiya idi”.
Prezident bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır və iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir: "Biz neftin qiymətinin təsirindən getdikcə daha az asılı oluruq. Eyni zamanda, beynəlxalq maliyyə institutları, o cümlədən AYİB və digərlərinin yardımı ilə iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün çox iş görülüb".
İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq donor ölkəyə çevrilib və bir sıra layihələri yalnız özü maliyyələşdirir.
Dövlət başçısı vurğulayıb ki, hazırda Azərbaycanın enerji resursları regionda vacib rol oynayır: "Avropa İttifaqının ən iri infrastruktur layihələrindən biri olacaq Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan iri "Cənub Qaz Dəhlizi" layihəsi bu yaxınlarda işə salınıb".
Azərbaycan Prezidentinin sözlərinə əsasən, iqtisadiyyatın şaxələndirilməsi hər bir ölkə, xüsusilə də neft-qazla zəngin olan ölkələr üçün vacib elementlərdən biridir.
İlham Əliyev əlavə edib ki, regionda terror hücumları ilə bağlı hədələr daxil olmaqla münaqişələr və təhdidlər mövcuddur: "Ölkə hüdudlarından kənarda əvvəlcədən proqnozlaşdırılan vəziyyətə malik olduğunuz zaman ölkədə sabitlik tam şəkildə bərpa edilə bilər. Buna görə də enerji və nəqliyyat layihələrimiz hər bir ölkənin ondan mənfəət əldə edə bilməsi üçün geniş milli və regional əməkdaşlığa yönəlib".
Prezident bildirib ki, Azərbaycan hökumətinin siyasəti bütün tərəflərin - istehsalçılar, tranzit ölkələr, istehlakçılar - imkanlardan mənfəətlə istifadə etməsinə yönəlib: "Bununla da bu, bir növ Azərbaycanın yarada bildiyi kollektiv işdir".
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi regional olsa da, təsiri daha irimiqyaslıdır
Dağlıq Qarabağ münaqişəsindən danışan prezident deyib ki, Azərbaycan 20 ildən artıqdır ki, erməni işğalından əziyyət çəkir və danışıqlar prosesi nəticəsiz qalır. Onun sözlərinə görə, postsovet məkanındakı, eləcə də ümumilikdə bütün dünyadakı münaqişələrə vahid yanaşma olmalıdır, eyni beynəlxalq hüquqi normalar tətbiq edilməlidir. Dövlət başçısı qeyd edib ki, hansısa münaqişə həll olunmadıqda və həlli yubanan münaqişəyə çevrildikdə, başqa münaqişə doğurur.
İlham Əliyev postsovet dövründə baş verənlərdən məyusluğunu bildirib. Prezidentin sözlərinə əsasən, hazırda gərginlik təkcə Yaxın Şərqdə müşahidə edilmir: "Sonuncu dəfə burada olduğum müddətdən bu yana çox şey dəyişib. Təsəvvür edə bilməyəcəyimiz yeni təhdidlər yaranıb. Onlar artıq regional deyil, qlobaldır. Qeyri-sabitlikdən doğan və ola bilsin ki, yerli və ya regional sayılan məsələlərin vaxtında həll edilməməsinə görə Avropada dəhşətli hücumların şahidi oluruq".
Dövlət başçısı qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin regional olmasına baxmayaraq, onun təsiri coğrafi və metodoloji baxımından daha irimiqyaslıdır: "Əgər bu münaqişə barədə danışılmasa və o, beynəlxalq hüquq normaları əsasında həll edilməsə, belə yanaşmanın dünyanın digər yerlərində də tətbiq ediləcəyinə hazır olmaq lazımdır. Beynəlxalq hüququn müxtəlif ölkələr tərəfindən öz maraqları üçün şərh edilməməsi də vacibdir. Onlar yazıldığı kimi şərh olunmalıdır: BMT-nin Nizamnaməsində, ATƏT-in və digər beynəlxalq təşkilatların sənədlərində beynəlxalq hüquq prinsiplərinin prioritetləri barədə dəqiq anlayışlar mövcuddur. Onların hamısına əməl olunmalıdır və bu halda ikili standartlardan yaxa qurtara biləcəyik".
Qeyd edək ki, “Yeni qlobal kontekst” devizi altında keçirilən 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu yanvarın 25-dək davam edəcək. Hər il olduğu kimi, bu il də forumun işində dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Tədbirə dünyanın 140-dan artıq ölkəsindən 2500-dən çox nümayəndə qatılıb.
banner

Oxşar Xəbərlər