• cümə, 29 Mart, 18:21
  • Baku Bakı 14°C

Bir ölkə qocalar diyarına çevrilirsə...

18.09.19 09:00 599
Bir ölkə qocalar diyarına çevrilirsə...
Yaponiya hökumətinin keçirdiyi sorğunun nəticələrinə görə, ölkədə 65 və daha yuxarı yaşlı insanların sayı rekord həddə çatıb. Sentyabrın 16-da qeyd edilən Ahıllara Minnətdarlıq Günü ərəfəsində dərc edilən son məlumata görə, ölkədə belə insanların sayı 35 milyon 88 min nəfər təşkil edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 320 min nəfər çoxdur. Məlumatda qeyd edilir ki, yaşlı insanların cəmiyyətdə nisbəti 28,4 faizə bərabər olub ki, bu da ötən ilki göstəricidən 0,3 faiz artıqdır. BMT-nin son məlumatına görə, bu, bütün dünyada yaşlı əhalinin ən yüksək nisbətidir. Yaponiyadan sonra həmin göstərici İtaliyada 23 faiz, Portuqaliyada isə 22,4 faiz təşkil edir. Əhalinin Məskunlaşması və Sosial Təminat Milli Tədqiqat İnstitutunun proqnozlarına görə, 2040-cı ildə Yaponiyada yaşlı əhalinin sayı 35,3 faizə bərabər olacaq. Nazirliyin məlumatında, həmçinin bildirilir ki, ötən il yaşlı işçilərin sayı 8,62 milyon nəfər təşkil edib və bu, ümumi işçi qüvvəsinin 12,9 faizinə bərabərdir. Hər iki göstəricinin də rekord olduğu bildirilir. Onu da qeyd edək ki, yüzillik yubileyini qeyd edən yaponiyalıların sayı ölkə tarixində ilk dəfə olaraq 70 min nəfəri ötüb, onların böyük əksəriyyətini isə qadınlar təşkil edir. Onlardan 8463 nəfəri kişi, 62700 nəfəri isə qadındır. Uzunömürlülərin sayında artım tempi rekordu son 49 ildir ki, daim yenilənir. Bu sahədə tədqiqatın başladığı 1963-cü ildə ölkədə yüz yaşdan yuxarı vətəndaşların sayı cəmi 153 nəfər idisə, son 30 il ərzində isə onların sayı 23 dəfə artıb. Nazirliyin fikrincə, uzunömürlülüyün əsas səbəbi tibbi xidmət texnologiyalarında baş verən inkişaf və sağlamlığı möhkəmlənməsi üçün edilən cəhdlərdir. Hakimiyyət yaşlı insanların sağlam həyat yaşamaları üçün dəstək verəcəyini də vəd edib.
Əslində, qeyd edilən məsələ hazırda bir çox inkişaf etmiş ölkələr üçün keçərlidir. Aparılan araşdırmalara əsasən bir sıra ölkələrdə uzunömürlülük mövzusu aktuallaşıb. Təbii ki, bu, demoqrafik göstəricilərə də təsirsiz ötüşmür. Maraqlıdır, bir ölkədə yaşlı insanların sayının artmasının nə kimi müsbət və mənfi tərəfləri var və bununla bağlı Azərbaycanda durum necədir?
Sosioloq Əhməd Qəşəmoğlu bu məsələnin son dönəmlər aktual olduğunu qeyd etdi: "Çünki hazırda yer üzündə elə proseslər gedir ki, hamı əhalinin artımının qarşısını almaq üçün çalışır. Birləşmiş Millətlər Təşkilatının 1994-cü ildə Qahirədə keçirilən böyük konfransında da əhalinin artımının azaldılması əsas müzakirə mövzusu idi. Etiraf etmək lazımdır ki, dövlətlər əhalinin hədsiz artımından çox narahatdırlar. Buna əsas səbəb kimi isə yer üzərində olan resursların çatışmazlığını göstərirlər. Ona görə, hazırda böyük bir siyasi iş gedir və bu, müxtəlif yollarla həyata keçirilir. Maarifləndirmə işləri görülür, müharibələr aparılır. Yəni müharibələrin genişlənməsinin bir səbəb də yer kürəsində əhali artımının qarşısını almaqdır”.
Sosioloq ölkədə yaşlı insanların sayındakı artımın müsbət və mənfi tərəflərində də danışdı: "Yaşlı əhalinin sayının artmasının müsbət tərəfi odur ki, demək, həmin ölkədə yaşayış səviyyəsi, tibbi sahədə göstərilən xidmət, coğrafi şərait olduqca yaxşıdır. Amma bu məsələnin qorxulu tərəfi də var. Belə ki, biz doğulan uşaqların sayının azalması hesabına yaşlıların sayının artdığını müşahidə ediriksə, bu, həqiqətən qorxuludur. Ona görə ki, bir tərəfdən də vergi ödəyicilərinin sayı azalır. Vergi ödəyicilərinin sayı azalanda, həmin yaşlı adamlara təqaüdün verilməsində dövlət problemlərlə üzləşir. İşçi qüvvəsinin, vergi ödəyicilərinin az olduğu halda, dövlət yaşlı nəslə təqaüd ayırmalarında əziyyət çəkir. Bu zaman ölkə bəzi məcburiyyətlər qarşısında qalır. Məsələn, sərhədlərini başqa ölkədən olan insanlara açmağa, yeni işçi qüvvəsi qəbul etməyə məcbur olur. Bu da etnik tərkibin dəyişməsinə gətirib çıxardır. Etnik tərkibin dəyişməsi isə böyük təhlükə deməkdir. Çünki biz bu təcrübəni tarixən yaşamışıq. Ölkənin mədəniyyət, siyasət sistemində dəyişikliklər olur”.
Müsahibimiz deyir ki, yaşlı insanların sayındakı artımı azaltmaq mümkün deyil, amma bunu tənzimləmək mümkündür: "Yaxşı olardı ki, yeni doğulan uşaqların sayında artım olsun. Çox təəssüf ki, son dönəmlər qurulan ailələr bir uşaqla kifayətlənirlər. Bir və ya iki uşaq da artıma təsir göstərmir. Hər ailədə 3 uşağın olması ideal göstəricidir”.
İqtisadçı Pərviz Heydərovdan bu məsələnin iqtisadi tərəflərini soruşduq. Ekspert qeyd etdi ki, bu məsələnin iqtisadiyyata nə kimi xeyir və ya ziyanının olduğu müzakirə etmək bir qədər düzgün deyil: "Hər bir vətəndaşın əmək qabiliyyətli olan dövrü olur. Bu yaş həddi müxtəlif ölkələrdə fərqli cür müəyyən edilir. Məsələn, bizdə pensiya yaşı 65, amma Avropanın inkişaf etmiş ölkələrində 68, 70 yaş götürülür. Əhalinin içərisində yaşlı insanların çoxluq təşkil etməsi bilavasitə ona işarə edir ki, dövlət pensiya yaşını qaldırsın. Hazırda Avropa ölkələrində yaşlı nəslin çoxluq təşkil etməsi səbəbi ilə orada pensiya yaşı 70-dən də yuxarıdır. Bu mövzunun iqtisadiyyata nə kimi xeyri və ya ziyanın olduğu müzakirə etmək bir qədər düzgün deyil. Çünki bu, pensiya yaşına aid məsələdir. Son olaraq qısaca deyim ki, ölkə iqtisadiyyatı nə qədər yaxşı inkişaf edərsə və əhalinin gəlirləri nə qədər çox olarsa, bu, gələcəkdə yaşlıların pensiya məbləğinin yüksək və daha uzunmüddətli olmasına şərait yaradar. O zaman yaşlı insanların sayının çoxluq təşkil etməsi cəmiyyət, iqtisadiyyat və dövlət üçün yük sayılmaz”.
Günel Azadə
banner

Oxşar Xəbərlər