• cümə axşamı, 25 aprel, 06:13
  • Baku Bakı 14°C

“Bir Kəbə eviydi Məcnunun özü...”

08.09.14 12:51 3890
“Bir Kəbə eviydi Məcnunun özü...”
“Uşağı ovutmağa çalışan Ruh bu dəfə hirsindən özü ağlayırdı. Az qalırdı uşağın varlığından çıxıb Adamı tapsın və desin: “Niyə qoymadın mən də gedim. Məni niyə qoydun bu adamların əlində?!
...Adamsa xoşbəxt idi.
Yer üzünə istədiyi körpə gəlmişdi.
Və ruhunu yer üzündə qalmağa razı sala bilmişdi...”
Hər dəfə “İncidilmiş ruh” essesinin bu məqamlarına nəzər yetirəndə istər-istməz qəti bir fikir mənimlə olur ki, o xoşbəxt Adamın yer üzünə gətirmək istədiyi və gətirdiyi körpə elə həmin essenin müəllifi Barat Vüsalın özüdü. Həmin o adamın son məqamda Tanrıdan rüsxət diləyib, hələ bir az da yaşamaq istəməsinin başlıca səbəbi məhz axtardığı, həsrətində olduğu körpəni, yəni Barat Vüsalı doğmaca yurdunda, öz ocağının başında gördükdən sonra dünyadan əminliklə varıb getməsi imiş... Yəni, o Adam əslində öz yurdçusu ilə halallaşmaq xoşbəxtliyini dadmaq, dünyadan əmin-arxayın köçmək istəyirmiş.
Bilirmiş ki, şerin, sözün yurdçuluğunu hər yerindən durana etibar etmək olmaz!
Poeziya, söz yolçuluğunun kimin boyuna biçildiyini yaxşı bilirmiş o Adam.
Bilirmiş ki, arayıb-axtardığı qəlbi özündən qabaq dünyaya gələnlərdəndi. “Bilirmiş ki, Ona lazım olanı, düşündüklərini məhz o uşaq bütün səmimiyyətilə açıb-ağarda, aləmə car çəkə biləcək:
Bir müqəddəs yazı itib,
Tapan gərək, izi itib.
Allahın bir sözü itib,
Şair o sözü axtarır!
Ən gerçəyi isə odur ki, Barat Vüsal dünyanın, vaxtın və baxtın ömründən keçib gələn şairdi. Dünyanın uzanan şair ömrü olması inancı məhz Barat Vüsala məxsusdur. Özü də fərqindədi ki, onun ürəyi göy üzü kimidi və quşlar onun ürəyinin üstündən uçub gedirlər. Ona görə ki, şair ürəyi Allaha daha yaxın, Allaha daha qohum olanlardandır:
Quşlara nə gözəl gül alınıbdı,
Quşlara toy olub, əl çalınıbdı.
Quşlara nə görəz yol salınıbdı –
Quşlar ürəyimin üstdən uçurlar.
Günəşlə, ana vətənlə torpağı bir yerdən götürülən şairdi Barat Vüsal. Elə tövsiyyəsi, ismarışı da bu yöndədi:
Yerdən doğuldunmu, göydən gəldinmi,
Torpağın, günəşin qucağındasan.
Şairim, şairə olan sevgini
Günəş sevgisi bil, torpaq eşqi san.
Baratın şeirləri bütöv şəkildə millətimizin, ruhumuzun, milli kimliyimizin şəkillənmələri, gerçək üzü, surəti kimidi. Onun hər misrasında sonsuz ehtiram, məhəbbət, pərəstiş duyğuları ilə yanbayan ərki, istəyi və ironiyası binələnir:
Bu millət deyil ki, bənövşəlikdir,
Bu millət deyil ki, axar bulaqdır.
Bu millət deyil ki, göy meşəlikdir,
Özünü yandıran oddur, ocaqdır.
Bir başı bəlalı anadı, onu.
Qanmayan hansıdı, qanan hansıdı?!
Bir şirin kəlmədə, sözdədi canı,
Nə desən o saat inanasıdı.
Alimsən, baqqalsan, özün bilərsən,
Alırsan, satırsan, özün bilərsən,
Bircə bu millətə yalan söyləmə.
Barat Vüsal o qələm adamlarındandır ki, hər sözü, misrası mövzunun əyninə dürüst biçilir. Elə bil ki, onun şeirləri yazılmır, eləcə var olur, eləcə ipə-sapa düzülür və hər misranın öz biçimi, öz ləngəri öz mövzusunu çəkib gətirir:
Bu adamların bəlası
Adəm olmaqdan başlayır.
Bu adamların xatası
Adam olmaqdan başlayır.
...İkidi dünyanın üzü,
Biri qurddu, biri quzu.
Dünyada kişilik sözü,
Vətən olmaqdan başlayır...
Azərbaycan keçmədiyi bir körpüdən keçməməyin qüruru, hikkəsi keçir Baratın poeziya aləmindən. Bu millətin Əlincəsi, Ərki, Xudafərin körpüsünə körpü olmaq duyğusu bütöv, boyaboy sarıb Baratın söz mülkünü. Onun təqdimatında ən müqəddəs, ən əlçatmaz gözəl işin qulpu olmaq arzusu necə də səmimi, istəkli və vacibdi. Başının üstündə görk olan Allaha aparan yola körpü olmaq görkü Baratın dilindən necə də gözəl səslənir! Bu müqəddəs duyğuların beşiyi, əzəldən əzəl hücrəsidi onun könül mülkü... Bu pünhanlıq daxilində, hücrəsində məhz onun özünə məxsus, onunku olan və minilliklər boyu bir, bütöv olan qədim bir yurdun ilkinliyinə sahibliyində bir vergül qədər belə etibarsızlıq etməyən böyük bir vətəndaşın aydın nəbzi döyünməkdədi:
Bir az Azərbaycan qalıb içimdə,
Bir az əllərimdə tutalğacım var.
Bir yol doğrananda min yol doğulan,
Min kərə şöy verən tut ağacım var.
...Bir xalq çökdürülüb daşa, torpağa,
Çalışmır ayağa niyə durmağa?
Bütün bir vətənə yiyə durmağa
Bir az Azərbaycan qalıb içimdə.
Öldürün... öləsi deyiləm daha,
Belənin beləsi... deyiləm daha!
Heç kimə verəsi deyilən daha,
Bir az Azərbaycan qalıb içimdə.
Baratın şeirləri dünyagörmüş, dünyanın hər üzünü gəşt edib də, öz həqiqətlərinə tapınmış bir könül adamının dünya yolçuluğuna ilk qədəm atan və yaxud atacaq kəslərə xeyirxahlıq duyğusu kimidi; həmişə öndə gedir, tanışlıq verir, şərh edir – qoymur, daha doğrusu qıymır ki, çaşıb qalasan, səmti, yolu-yolağanı itirəsən:
Bizdən zəhərliymiş əfi nə varsa,
Bizdən zərərsizmiş dəxi nə varsa.
Çıxmır ortalığa dəfinə varsa,
Meydana hər kəsin qüsuru çıxır.
...Neyləyim, gözümü qan götürəndə,
Əkdiyim hər toxum qəm bitirəndə,
Sağıydı özümlə mən gətirəndə,
İndi o ürəyim üzülü çıxır.
Var deyil, yoxmuşam, Barat, gör qəmi,
Evimi yıxmışam, bixəbərəmmi?
Yaylağa qalxıram, bəxtəvərəmmi -
Ağlayıb qarşıma Füzuli çıxır...
Bu misraların hər biri öz boyu, ruhu, anlamı ilə qos-qoca bir dünyagörmüşlükdən, ahıllıqdan və dünya işlərinə dərindən bələdçilikdən gəlir. Və çox qəribədir ki, bütün bu qədimliklə, dünyagörmüşlüklə, əskiliklə yanaşı, Baratın öz çağdaş, müasir və dəyişməz obrazını da bütün təfərrüatları ilə göz önünə gətirir. Oxucu onun simasında, varlığında özünə çox doğma, həssas, özünə və özünə vəfalı olan bir könüldaş tapır:
Deyirəm məhəbbət dünyası bəlkə
Səninlə barışmaq, səndən küsməkdi.
Mənim həyatımın mənası bəlkə,
Səni axtarmaqdı, səni gəzməkdi.
...Səni axtarmağındadı, ləzzəti
Məni qoymayacaq ölüm, qurtarım.
Səni gəzə-gəzə ölməyəcəm mən,
Elə biləcəklər ölüm qurtarıb...
Adama elə gəlir ki, iki könül dostu arasında olan, yaşanan məhəbbət bağlılığının bundan da yana gözəl ifadəsi, surəti və deyim tərzi yoxdu.
Məcnunun atasının çəkdiyi ahın Məcnunun sükutunda əriyib getdiyi məqamı B.Vüsal qədər bütün anlamı ilə şeirə gətirə bilmək hər bir qələm adamının zəruri arzusu olaraq qala bilər. Atanın öz oğlunun Məcnunu olmaq səadətini ilk dəfə şerin şirin dili ilə ifadə etmək məcnunluğu da məhz Barat Vüsala məxsusdu:
Məcnun sevgisinin ağrısı canda,
Gərək varsa, ürək odlara düşsün.
İstərəm Məcnundan danışılanda,
Məcnun atası da yadlara düşsün.
Əli boşda qaldı yola baxanda,
Oğlunu bir eşqin butası çəkib.
Məcnun nə çəkib ki, belə baxanda,
Nə çəkib... Məcnunun atası çəkib.
Leyli sevgisini, Məcnun eşqini
Yükləyib dəvəyə, aparıbdı o!
Bir Kəbə eviydi Məcnunun özü,
Məcnunu Kəbəyə aparıbdı o...
Bütün hallarda Baratın özünəməxsusluğunu, etirasını, iradını və ərkini də ilıq, səmimi bir pünhanlıqla, dostcasına ifadə etməsi oxucunu dəfolunmaz bir qüvvəylə özünə doğru çəkir. Oxucunu özüylə götürür, öz dünyasına qovuşdurur, ona öz dünyasından uçmaq üçün bir cüt qoşa qanad bağışlayır və bu qanadlar oxucunu gerçək aşiqliyəcən götürür:
Ana qucağına bala sığınar,
Sərçənin yuvası var üşüyəndə.
Pərvanə nəfəsi yandırır şamı,
Pərvanəsiz şamı gör üşüyəndə.
Bir-birinə nəfəs verir ağ, qara,
Gözəl beşiyidir, bax bulaqlara.
Qar niyə çox yağır bildim dağlara,
Dağlara sığınır qar üşüyəndə.
Ana dodağından bayatı qopur,
Fərhad dağdı, yarır, qayadı, çapır!
Gözünü gəzdirib Baratı tapır,
Bir şeir istəyir yar üşüyəndə.
O “yar” deyə əziz tutulanın hər birində bizdən nəsə əziz bir şey var...
banner

Oxşar Xəbərlər