“Bir iş adamı kimi həyatda gördüklərim təhsil dünyasında gördüklərimdən çox fərqlidir”
Ötən həftə
"Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən «Türkiyə-Azərbaycan
təhsil körpüsü» konfransına qatılan türkiyəli qonaqlar ölkələrimiz arasında təhsil
əlaqələrini möhkəmləndirmək, tələbə mübadiləsi sahəsində mövcud imkanları
müzakirə etdilər.Altınbaş
Universitetinin idarə heyətinin sədri Alı Altınbaş "Kaspi”yə müsahibəsində "Kaspi”
Təhsil Şirkəti və ümumən ölkəmizlə təhsil sahəsində əməkdaşlığın bundan sonra
daha da genişlənəcəyinə əminliyini ifadə etdi.
- Siz konfransda universitetinizin, sosial
öhdəliyi olan layihə olduğunu qeyd etdiniz. Türkiyənin ali məktəblər
siyahısında universitetin yerini necə dəyərləndirirsiniz?
- Altınbaş Universiteti
vəqf universitetidir. Yəni Altınbaş ailəsinin vəqfidir. Mərhum iş adamı Mehmet
Altınbaşın təhsilə investisiya vəsiyyəti üzərində qurulan Altınbaş
Universiteti, Altınbaş ailəsi üçün hər zaman ən qiymətli sosial məsuliyyət
layihəsi oldu. Bu, 32 nəfərlik bir ailə şirkətidir. Bizim ailə həmin vəqfi -
universiteti qurdu. Ailənin məqsədi bu universitetdən pul qazanmaq yox, cəmiyyət
qarşısında olan öhdəliyi yerinə yetirmək, təhsilə yardım etməkdir. Bu təhsil
ocağı ictimailəşmiş universitetdir. Yəni hər hansı qurucu ailə buradan mənfəət əldə
edə bilməz. Altınbaş ailəsi olaraq belə bir universiteti yaratmağa ehtiyac
duyduq. Universitet 2008-ci ildən fəaliyyətə başladı. Bu günə qədər
universitetin təkmilləşməsinə 120 milyon dollar xərclədik. Ehtiyac duyulduqda,
universiteti maddi baxımdan dəstəkləyirik. Bizim yaratdığımız universitetin digərlərindən
heç bir fərqi yoxdur.
- Universitetin qurulması istiqamətində xərclədiyiniz
vəsaitlər əsasən hansı istiqamətə yönəlib?
- Təbii ki,
bizim bütün çalışmalarımız tələbələr üçündür. Dövlət bu universitetə təsir eləmir.
Hazırda universitetin 120 minlik bağlı müəssisələri var. Universitet üçün
binalar tikdik, müasir avadanlıqla təchizatını təmin etdik, tələbə
yataqxanalarını qurduq, laboratoriyalarını hazırladıq. Universitet dövlətin dəstəklədiyi
təhsil ocağıdır. Bir iş adamı olaraq cəmiyyətə sosial öhdəliyimizi yerinə
yetirməyi düşünürük. Yəni insanın həyatda faydalı olmasının yolunun təhsildən
keçməsi düşüncəsi ilə sosial öhdəlik layihəsini təhsil yolu ilə həyata keçirməyə
çalışırıq. Bir iş adamı kimi həyatda gördüklərim təhsil dünyasında gördüklərimdən
çox fərqlidir. Dünyada təhsillə iş adamı olmaq arasında, ticarətdə fərqlilik
var. Gördüyü işləri bir-birinə göstərməmək, sirlərini bir-birindən gizlətmək
biznes aləminə aid xüsusiyyətlərdir.
Ancaq təhsil sistemində belə gizlinlər yoxdur. Bütün dünyanın təhsil sistemi əldə
etdiyi nailiyyətləri bir-biri ilə paylaşır. Ona görə Türkiyə universitetləri
dünya universitetləri ilə əlaqəli fəaliyyət göstərir. Bu gün Türkiyənin təhsil
sistemi dünya təhsil sisteminə inteqrasiya olunmuş, paralel vəziyyətdə çalışır.
Buna görə Türkiyədə hər hansı universiteti seçərkən könül rahatlığı ilə üz tuta
bilərsiniz. Türkiyə universitetlərini seçmək öz mədəniyyətinizin içərisində təhsil
almaq deməkdir. Hazırda bizim universitetdə 71 ölkədən tələbə təhsil alır. Tələbələrimizin 100/54-ü pul ödəmədən oxuyur.
Bir qismi tam təqaüdlə, bir qismi 100/ 50, bir qismi 100/25, bir qismi də
100/10 təqaüdlə oxuyur. Hazırda tələbələrin sayı 10 minə yaxınlaşıb.
- Dünya universitetləri ilə əməkdaşlığınız
hansı səviyyədədir?
- Dünya
universitetləri ilə əlaqələrimiz çox yaxşıdır. Bizim universitet yenidir, ancaq
uğurlarını görüncə, dünyanın bir çox universitetləri bizimlə sıx əməkdaşlıq
qurmağa başladılar. Almaniyanın Köln Universiteti ilə əməkdaşlıq proqramı əsasında,
tələbələr 2 il Türkiyədə, 2 il də Kölndə təhsil alırlar. Əslində 10 illik fəaliyyətini
tam tamamlamamış universitetin belə bir əməkdaşlığı bacarması asan deyil. Köln
Universiteti bizim təhsil ocağının uğurlarını görüncə öz güvənini irəli sürdü.
Universitetin bir neçə ölkə ilə layihə anlaşmaları var.
- Azərbaycanlı tələbələr sizin universitetdə
təhsil alırmı?
- Azərbaycanlı tələbələr
bizim universitetdə çox deyil. Biz "Nə üçün azərbaycanlı tələbələr az
olmalıdır?” sualı üzərində düşündük. Bəlkə də öz fəaliyyətimiz haqqında geniş məlumat
vermir, özümüzü reklam etdirmirik, o üzdən azərbaycanlılar bizim universitetə
oxumağa az gəlirlər. Keçən il ilk dəfə bu istiqamətdə danışıqlar üçün Azərbaycana
gəldik. Bundan sonra universitetdə oxumaq üçün 30 tələbə gəldi. Keçən il biz
«Kaspi» Təhsil Şirkətinin rəhbərliyi ilə görüşdük. Rəhbərlik özü də bizim
universitetə səfər etdi və ondan sonra anlaşma qurduq. Bu əməkdaşlıqdan çox məmnunuq.
Bu il daha yaxşı nəticə gözləyirik. Təhsil sektorunda bu cür bacarıqlı
insanların olması çox əhəmiyyətlidir. Xüsusən şirkətin təsisçisi Sona Vəliyevanın
bu sistemdə həm peşəkar idarəçiliyi, həm də bilgisi var. Bundan sonrakı əməkdaşlığımızın
uğurlu olacağı ümidindəyəm.
- Yüksək uğurlar əldə etməyi bacaran,
universitetlərin reytinq cədvəlində yer alan bir universitet qurmaq üçün hansı
bacarıqlar tələb olunur?
- Təbii ki,
maddi məsələ önəmlidir. Əsas tələb olunan həm də qurumu yaxşı idarə etmək
bacarığıdır. Əgər öncədən bir şirkəti idarə etmək bacarığınız yoxdursa, vəsait
verilsə belə, onu qura və idarə edə bilməyəcəksiniz. Bizim universitetin
uğurlar əldə etməsində bu keyfiyyətlərin böyük rolu var. Bu baxımdan, ilk növbədə
idarəçilik bacarığı mütləqdir. Kadr yetişdirilməsində bunlar mütləqdir. Bizdə həmçinin rektorluğun fəaliyyəti
böyükdür, bunların hamısı bir-birinə kömək edir.
- Hazırda dünyada Finlandiya, Skandinaviya
ölkələrinin təhsil sistemi təşviq olunur. Siz hansı təhsil sisteminə üstünlük
verirsiniz?
- Biz Boloniya
sistemini həyata keçiririk. Mən ilk təhsil aldığım liseydə İsveç modelindən
yararlandım. Universitetdə isə ABŞ təhsil sistemini nümunə olaraq irəli sürürəm.
Bu təhsil sistemindən keçən insanlar dünyanın hər yerində iş qura bilirlər.
Avropa təhsil sistemi nə qədər əhatəli olsa da, təsir qüvvəsi ABŞ təhsil
sistemi kimi deyil. Ona görə də, ABŞ təhsil sistemini tətbiq etməyə çalışıram.
- "Türkiyə-Azərbaycan təhsil körpüsü”
konfransından gözləntiləriniz nədir?
- Azərbaycanla Türkiyə iki dövlət, ancaq ənənələri
bir-birinə uyğun millətlərdir. Azərbaycan xalqı türk kökənli olduğundan, hətta
bizim danışmadığımız əski kəlmələri işlədirlər. Bunun isə bizim üçün ayrı önəmi
var. Mən gənclərin təhsillə bərabər milli ruhda böyümələrinin əhəmiyyətli
olduğunu düşünürəm. Ölkəsinə, mədəniyyətinə, tarixinə bağlılıq çox vacibdir.
Çünki dünyaya çıxanda bu ruhda böyüyübsə, öz ölkəsinə faydası olacaq. Məsələn, əgər
o Afrikada, Amerikada iş görürsə, ölkəsi üçün mütləq xeyri olmalıdır. Bu gün
Amerikada, Kanadada və dünyanın başqa ölkələrində çoxlu türklər yaşayır. Onlar
milli ruhda yetişmədikləri üçün ölkələrinə heç bir faydaları yoxdur. Əgər öz cəmiyyətin
haqda düşünməzsənsə, bir millət olaraq dünyada itib-batarsan. Ona görə də
universitet gənclərə təkcə bilik yox, həm də yaşam tərzi verir. Təkcə bilgi
vermək çox asandır, ancaq gəncin davranışı necə olacaq, cəmiyyət içərisində
ünsiyyəti necə quracaq, ölkəsinə necə bağlı olacaq – bunların vacib olduğunu
düşünürük. Gənclər bu keyfiyyətləri mənimsəyərlərsə, dünyanın hansı ölkəsinə
getsələr, itib-batmazlar.
- İndi qloballaşmanın, texnoloji əsrin, əmək
bazarının tələblərinə uyğun olaraq gənclər daha çox texnoloji biliklərə yiyələnməyə
can atırlar. Sizə elə gəlmirmi, texnologiya gənclərin bir qədər humanitar
biliklərə yiyələnməsini, həm də bu konteksdə tərbiyə olunmasını sıxışdırır?
- Məncə, bir mühəndisin
və ya hüquqşünas gözəl sənət yönümü də olursa, daha yaxşı olur. Bizim
universitetdə gözəl sənətlər bölümü var. Məsələn, hüquqçulara, mühəndislərə də
tövsiyə edirik ki, gözəl sənətləri – musiqini, rəssamlığı öyrənsinlər. Bizim
gözəl sənətləri öyrədən yataqxanamız İstanbulun ən gözəl yerində yerləşir.
Orada yaşayan tələbələrin İstanbulun kültürünü, teatrını və sənətlərini öyrənmək
imkanları var. Bu baxımdan, bir mühəndisin və ya vəkilin sənətə yiyələnməsə,
peşəkar bir mühəndis ola biləcəyini düşünmürəm. Bizim sistemdə bunlar
bir-birini tamamlayır. Türkiyənin həyata keçirdiyi ən yaxşı işlərdən biri də təhsillə
bağlıdır. Tədris etməklə dünyada çox yayğınıq. Dünyanın hər hansı bir ölkəsindən
bu mövzuda geri qalacağımız heç bir əskiklik yoxdur. Biz bütün universitetlərə
bu bilgi və tapıntıları paylaşırıq. Yəni 200-600 illik tarixi olan universitetlərin
kitabxanalarına, elmi laboratoriyalarına araşdırmalar üçün daxil ola bilirsən.
Öyrənmək, dünya standartlarına uyğun yetişmək istəyən bir tələbə üçün heç bir əskiklik
yoxdur. Bunu da bir fürsət kimi düşünürəm.
- Hədəfləriniz nədir?
- Hədəfimiz ən
üstün markalardan biri olmaqdır. Dünyada söz sahibi olacaq bir marka olmağa cəhd göstəririk. İnanıram
ki, buna da nail olacağıq. 10 il hələ uşaq sayılır. Bu universiteti yaradarkən
bizə çox suallar verdilər. «Türkiyədə bu qədər universitet varkən, yeni
universiteti necə yaradacaqsınız, hansı yeniliyi edəcəksiniz?» deyə soruşdular.
Ancaq əminəm ki, bu universitet 50 il sonra 200 illik bir universitet səviyyəsində
olacaq.
Söhbətləşdi
Təranə Məhərrəmova