• cümə, 29 Mart, 16:39
  • Baku Bakı 14°C

“Bir iş adamı kimi həyatda gördüklərim təhsil dünyasında gördüklərimdən çox fərqlidir”

26.04.18 10:07 1495
“Bir iş adamı kimi həyatda gördüklərim təhsil dünyasında gördüklərimdən çox fərqlidir”
Ötən həftə "Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən «Türkiyə-Azərbaycan təhsil körpüsü» konfransına qatılan türkiyəli qonaqlar ölkələrimiz arasında təhsil əlaqələrini möhkəmləndirmək, tələbə mübadiləsi sahəsində mövcud imkanları müzakirə etdilər.Altınbaş Universitetinin idarə heyətinin sədri Alı Altınbaş "Kaspi”yə müsahibəsində "Kaspi” Təhsil Şirkəti və ümumən ölkəmizlə təhsil sahəsində əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etdi.
- Siz konfransda universitetinizin, sosial öhdəliyi olan layihə olduğunu qeyd etdiniz. Türkiyənin ali məktəblər siyahısında universitetin yerini necə dəyərləndirirsiniz?
- Altınbaş Universiteti vəqf universitetidir. Yəni Altınbaş ailəsinin vəqfidir. Mərhum iş adamı Mehmet Altınbaşın təhsilə investisiya vəsiyyəti üzərində qurulan Altınbaş Universiteti, Altınbaş ailəsi üçün hər zaman ən qiymətli sosial məsuliyyət layihəsi oldu. Bu, 32 nəfərlik bir ailə şirkətidir. Bizim ailə həmin vəqfi - universiteti qurdu. Ailənin məqsədi bu universitetdən pul qazanmaq yox, cəmiyyət qarşısında olan öhdəliyi yerinə yetirmək, təhsilə yardım etməkdir. Bu təhsil ocağı ictimailəşmiş universitetdir. Yəni hər hansı qurucu ailə buradan mənfəət əldə edə bilməz. Altınbaş ailəsi olaraq belə bir universiteti yaratmağa ehtiyac duyduq. Universitet 2008-ci ildən fəaliyyətə başladı. Bu günə qədər universitetin təkmilləşməsinə 120 milyon dollar xərclədik. Ehtiyac duyulduqda, universiteti maddi baxımdan dəstəkləyirik. Bizim yaratdığımız universitetin digərlərindən heç bir fərqi yoxdur.
- Universitetin qurulması istiqamətində xərclədiyiniz vəsaitlər əsasən hansı istiqamətə yönəlib?
- Təbii ki, bizim bütün çalışmalarımız tələbələr üçündür. Dövlət bu universitetə təsir eləmir. Hazırda universitetin 120 minlik bağlı müəssisələri var. Universitet üçün binalar tikdik, müasir avadanlıqla təchizatını təmin etdik, tələbə yataqxanalarını qurduq, laboratoriyalarını hazırladıq. Universitet dövlətin dəstəklədiyi təhsil ocağıdır. Bir iş adamı olaraq cəmiyyətə sosial öhdəliyimizi yerinə yetirməyi düşünürük. Yəni insanın həyatda faydalı olmasının yolunun təhsildən keçməsi düşüncəsi ilə sosial öhdəlik layihəsini təhsil yolu ilə həyata keçirməyə çalışırıq. Bir iş adamı kimi həyatda gördüklərim təhsil dünyasında gördüklərimdən çox fərqlidir. Dünyada təhsillə iş adamı olmaq arasında, ticarətdə fərqlilik var. Gördüyü işləri bir-birinə göstərməmək, sirlərini bir-birindən gizlətmək biznes aləminə aid xüsusiyyətlərdir. Ancaq təhsil sistemində belə gizlinlər yoxdur. Bütün dünyanın təhsil sistemi əldə etdiyi nailiyyətləri bir-biri ilə paylaşır. Ona görə Türkiyə universitetləri dünya universitetləri ilə əlaqəli fəaliyyət göstərir. Bu gün Türkiyənin təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya olunmuş, paralel vəziyyətdə çalışır. Buna görə Türkiyədə hər hansı universiteti seçərkən könül rahatlığı ilə üz tuta bilərsiniz. Türkiyə universitetlərini seçmək öz mədəniyyətinizin içərisində təhsil almaq deməkdir. Hazırda bizim universitetdə 71 ölkədən tələbə təhsil alır. Tələbələrimizin 100/54-ü pul ödəmədən oxuyur. Bir qismi tam təqaüdlə, bir qismi 100/ 50, bir qismi 100/25, bir qismi də 100/10 təqaüdlə oxuyur. Hazırda tələbələrin sayı 10 minə yaxınlaşıb.
- Dünya universitetləri ilə əməkdaşlığınız hansı səviyyədədir?
- Dünya universitetləri ilə əlaqələrimiz çox yaxşıdır. Bizim universitet yenidir, ancaq uğurlarını görüncə, dünyanın bir çox universitetləri bizimlə sıx əməkdaşlıq qurmağa başladılar. Almaniyanın Köln Universiteti ilə əməkdaşlıq proqramı əsasında, tələbələr 2 il Türkiyədə, 2 il də Kölndə təhsil alırlar. Əslində 10 illik fəaliyyətini tam tamamlamamış universitetin belə bir əməkdaşlığı bacarması asan deyil. Köln Universiteti bizim təhsil ocağının uğurlarını görüncə öz güvənini irəli sürdü. Universitetin bir neçə ölkə ilə layihə anlaşmaları var.
- Azərbaycanlı tələbələr sizin universitetdə təhsil alırmı?
- Azərbaycanlı tələbələr bizim universitetdə çox deyil. Biz "Nə üçün azərbaycanlı tələbələr az olmalıdır?” sualı üzərində düşündük. Bəlkə də öz fəaliyyətimiz haqqında geniş məlumat vermir, özümüzü reklam etdirmirik, o üzdən azərbaycanlılar bizim universitetə oxumağa az gəlirlər. Keçən il ilk dəfə bu istiqamətdə danışıqlar üçün Azərbaycana gəldik. Bundan sonra universitetdə oxumaq üçün 30 tələbə gəldi. Keçən il biz «Kaspi» Təhsil Şirkətinin rəhbərliyi ilə görüşdük. Rəhbərlik özü də bizim universitetə səfər etdi və ondan sonra anlaşma qurduq. Bu əməkdaşlıqdan çox məmnunuq. Bu il daha yaxşı nəticə gözləyirik. Təhsil sektorunda bu cür bacarıqlı insanların olması çox əhəmiyyətlidir. Xüsusən şirkətin təsisçisi Sona Vəliyevanın bu sistemdə həm peşəkar idarəçiliyi, həm də bilgisi var. Bundan sonrakı əməkdaşlığımızın uğurlu olacağı ümidindəyəm.
- Yüksək uğurlar əldə etməyi bacaran, universitetlərin reytinq cədvəlində yer alan bir universitet qurmaq üçün hansı bacarıqlar tələb olunur?
- Təbii ki, maddi məsələ önəmlidir. Əsas tələb olunan həm də qurumu yaxşı idarə etmək bacarığıdır. Əgər öncədən bir şirkəti idarə etmək bacarığınız yoxdursa, vəsait verilsə belə, onu qura və idarə edə bilməyəcəksiniz. Bizim universitetin uğurlar əldə etməsində bu keyfiyyətlərin böyük rolu var. Bu baxımdan, ilk növbədə idarəçilik bacarığı mütləqdir. Kadr yetişdirilməsində bunlar mütləqdir. Bizdə həmçinin rektorluğun fəaliyyəti böyükdür, bunların hamısı bir-birinə kömək edir.
- Hazırda dünyada Finlandiya, Skandinaviya ölkələrinin təhsil sistemi təşviq olunur. Siz hansı təhsil sisteminə üstünlük verirsiniz?
- Biz Boloniya sistemini həyata keçiririk. Mən ilk təhsil aldığım liseydə İsveç modelindən yararlandım. Universitetdə isə ABŞ təhsil sistemini nümunə olaraq irəli sürürəm. Bu təhsil sistemindən keçən insanlar dünyanın hər yerində iş qura bilirlər. Avropa təhsil sistemi nə qədər əhatəli olsa da, təsir qüvvəsi ABŞ təhsil sistemi kimi deyil. Ona görə də, ABŞ təhsil sistemini tətbiq etməyə çalışıram.
- "Türkiyə-Azərbaycan təhsil körpüsü” konfransından gözləntiləriniz nədir?
- Azərbaycanla Türkiyə iki dövlət, ancaq ənənələri bir-birinə uyğun millətlərdir. Azərbaycan xalqı türk kökənli olduğundan, hətta bizim danışmadığımız əski kəlmələri işlədirlər. Bunun isə bizim üçün ayrı önəmi var. Mən gənclərin təhsillə bərabər milli ruhda böyümələrinin əhəmiyyətli olduğunu düşünürəm. Ölkəsinə, mədəniyyətinə, tarixinə bağlılıq çox vacibdir. Çünki dünyaya çıxanda bu ruhda böyüyübsə, öz ölkəsinə faydası olacaq. Məsələn, əgər o Afrikada, Amerikada iş görürsə, ölkəsi üçün mütləq xeyri olmalıdır. Bu gün Amerikada, Kanadada və dünyanın başqa ölkələrində çoxlu türklər yaşayır. Onlar milli ruhda yetişmədikləri üçün ölkələrinə heç bir faydaları yoxdur. Əgər öz cəmiyyətin haqda düşünməzsənsə, bir millət olaraq dünyada itib-batarsan. Ona görə də universitet gənclərə təkcə bilik yox, həm də yaşam tərzi verir. Təkcə bilgi vermək çox asandır, ancaq gəncin davranışı necə olacaq, cəmiyyət içərisində ünsiyyəti necə quracaq, ölkəsinə necə bağlı olacaq – bunların vacib olduğunu düşünürük. Gənclər bu keyfiyyətləri mənimsəyərlərsə, dünyanın hansı ölkəsinə getsələr, itib-batmazlar.
- İndi qloballaşmanın, texnoloji əsrin, əmək bazarının tələblərinə uyğun olaraq gənclər daha çox texnoloji biliklərə yiyələnməyə can atırlar. Sizə elə gəlmirmi, texnologiya gənclərin bir qədər humanitar biliklərə yiyələnməsini, həm də bu konteksdə tərbiyə olunmasını sıxışdırır?
- Məncə, bir mühəndisin və ya hüquqşünas gözəl sənət yönümü də olursa, daha yaxşı olur. Bizim universitetdə gözəl sənətlər bölümü var. Məsələn, hüquqçulara, mühəndislərə də tövsiyə edirik ki, gözəl sənətləri – musiqini, rəssamlığı öyrənsinlər. Bizim gözəl sənətləri öyrədən yataqxanamız İstanbulun ən gözəl yerində yerləşir. Orada yaşayan tələbələrin İstanbulun kültürünü, teatrını və sənətlərini öyrənmək imkanları var. Bu baxımdan, bir mühəndisin və ya vəkilin sənətə yiyələnməsə, peşəkar bir mühəndis ola biləcəyini düşünmürəm. Bizim sistemdə bunlar bir-birini tamamlayır. Türkiyənin həyata keçirdiyi ən yaxşı işlərdən biri də təhsillə bağlıdır. Tədris etməklə dünyada çox yayğınıq. Dünyanın hər hansı bir ölkəsindən bu mövzuda geri qalacağımız heç bir əskiklik yoxdur. Biz bütün universitetlərə bu bilgi və tapıntıları paylaşırıq. Yəni 200-600 illik tarixi olan universitetlərin kitabxanalarına, elmi laboratoriyalarına araşdırmalar üçün daxil ola bilirsən. Öyrənmək, dünya standartlarına uyğun yetişmək istəyən bir tələbə üçün heç bir əskiklik yoxdur. Bunu da bir fürsət kimi düşünürəm.
- Hədəfləriniz nədir?
- Hədəfimiz ən üstün markalardan biri olmaqdır. Dünyada söz sahibi olacaq bir marka olmağa cəhd göstəririk. İnanıram ki, buna da nail olacağıq. 10 il hələ uşaq sayılır. Bu universiteti yaradarkən bizə çox suallar verdilər. «Türkiyədə bu qədər universitet varkən, yeni universiteti necə yaradacaqsınız, hansı yeniliyi edəcəksiniz?» deyə soruşdular. Ancaq əminəm ki, bu universitet 50 il sonra 200 illik bir universitet səviyyəsində olacaq.
Söhbətləşdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər