“Bir insandan tələb edilən missiyanı yerinə yetirməyi bacarmışam”

“Bir insandan tələb edilən missiyanı yerinə yetirməyi bacarmışam”

Müsahibə
25 Avqust 2012, 05:19 3111
“Azadinform”un suallarını SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və "Şərəf" ordenli məharətli vokal ustası Fidan Qasımova cavablandırıb.

- Milli və dünya operalarında əsas partiyaların mahir ifaçısı kimi şöhrət qazanmısınız. Daha çox hansı obrazı ürəklə, sevərək ifa etmisiniz?

- İfa etdiyim hər əsərə xüsusi yanaşıram. Xalq mahnısından tutmuş mürəkkəb opera obrazlarının üzərində çalışaraq əsərə ürəyimi verirəm. Musiqi əsəri sadəcə səs tellərimdən çıxmır, bütün qəlbim, düşüncəmdən qaynaqlanır, onları daxilən yaşayıram. Ona görə də ifa etdiyim hər əsəri, hər bir opera partiyasını sevirəm.

- Musiqinin mürəkkəb opera janrına həvəsiniz necə yarandı?

- Sənətə gəlməyimizə valideynlərimiz səbəb oldu. Onlar bizi kiçik yaşlarımızdan musiqiyə alışdırmasaydı, həvəsləndirməsəydi, kim bilir hansı peşənin sahibi olardıq?! Ailəmizdə musiqi, incəsənəti hamı sevərdi. Atamız ali savadlı mühəndis olsa da, incəsənət aləminə daha yaxın idi. Onun heyranedici səsi, gözəl əl qabiliyyəti vardı, tar, akkordeon və pianoda mükəmməl çalardı. Hətta bəzən şeir də yazardı. Anamız da musiqinin heyranı idi. Bəzən mahnılar bəstələyər, gözəl rəqs edərdi. Bir sözlə, musiqi qanımızda idi, səs isə bizə irsən atamızdan keçib. Anam deyərdi ki, biz 3 övlad o qədər musiqili olmuşuq ki, hətta qundaqda qəmli, minorlu lay-lay oxuyanda ağlayarmışıq, majorlu, daha ritmik oxuyanda gülümsəyərmişik. Kiçik yaşımızdan valideynlərimiz bizi Opera və Balet Teatrının tamaşalarına, Filarmoniyaya simfonik orkestrin konsertlərinə aparırdılar. Beləliklə, biz həmin klassik musiqini daxilən sevməyə başladıq.

- SSRİ Xalq artisti, professorsunuz. Gənc yaşlarında uğurun formulunu necə izah edirsiniz?

- Gənclik kiçik bir dövrdür. Düşünürəm ki, hər insan həmin zamanı çox faydalı keçirməlidir. Mən o illərimi təhsilə həsr etmişəm. 7 yaşımdan skripka alətində çalmağa başlamışam. Bu alət insan səsinə çox yaxındır. Telləri səs, barmaqları intonasiya, kamanı nəfəsdir. Skripkanı çox sevirəm. Saatlarla məşq edərdim. Klassik musiqinin dərinliyini öyrənərdim. Çox zəhmətkeş idim, özümə qarşı tələbkar idim. Uşaqlıqda evimizə qonaqlar gələndə hətta vanna otağında belə 4-5 skripkada məşq edərdim. Bununla yanaşı, alın yazısı dənizin dalğaları kimi məni daha tez irəliyə doğru aparırdı. Daxilimdən özüm də sanki skripka kimi oxumağa can atırdım, içimdə olan səs üzə çıxmaq istəyirdi. Bəzən tək qalanda hətta oxuyardım. Bir gün anam səsimi eşitdi və çox sevindi. 16 yaşıma çatanda artıq bu mənə vokal sənəti ilə ciddi məşğul olmağa imkan verirdi. Konservatoriyanın (indiki Bakı Musiqi Akademiyası) skripka fakültəsinə daxil oldum. Gənc bir skripkaçı kimi də ümidverici tələbə idim. Birinci kursu bitirəndən sonra anamla birlikdə səsimi dinləmək üçün rektorumuz professor Cövdət Hacıyevin yanına gəldik. Səsimi dinləyib çox gözəl olduğunu dedi və o illər istisna olaraq ikinci kursdan mütləq vokal kafedrasında da təhsil almağı məsləhət gördü. Beləliklə, mən Konservatoriyanın iki fakültəsində təhsil alan nadir tələbələrdən biri oldum. Qabiliyyətim hər imtahanda üzə çıxırdı. Məqsədim isə bu gözəl sənətin də incəliklərini mükəmməl öyrənmək idi. Uğurun formulunu yalnız təhsil və zəhmətdə görürəm.

- Niyə skripka yaradıcılığınızı davam etdirmədiniz?

- Konservatoriyada skripka və vokal təhsilimi "əla" qiymətlə bitirdim. Tələbəykən vokal üzrə qatıldığım 4-cü Zaqafqaziya gənc musiqi ifaçıları müsabiqəsi mənə ilk uğur gətirdi, birinci yerə layiq görüldüm. Bu qələbə məni çox ruhlandırdı. Beləliklə, vokal sənəti getdikcə yaradıcılığımda daha üstün yeri tuturdu.

- Dəyərli yaradıcılıq yolu keçən metr - sənətkar kimi vokal sənətinə gələn gənclərə məsləhətiniz nədir?

- Uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğulam. Səsə malik olanlar şükürlər olsun ki, az deyil. Son illər bu sənətə marağın artdığını görürəm. Təvazökarlıqdan uzaq olmasın, çoxlarından bu istəyin bizim adımızla bağlı olduğunu da hiss edirəm. Səhnə cazibədarlığı ilə hamını özünə çəkir. Lakin hesab edirəm ki, yalnız və yalnız çox layiq olanlar o məkana çıxa bilər. Unutmayaq ki, səhnə meydanı eyni zamanda tərbiyəvi bir yerdir. Ora çıxmaq istəyənlər özlərində böyük məsuliyyət hiss etməlidirlər. Və daima öz üzərlərində çalışmalıdırlar. İfaçılıq sənəti musiqi savadı, bilik, məktəb, təcrübə, əsl qabiliyyət, səhnə mədəniyyəti tələb edir. Bunlar çox vacib cəhətlərdir. Qısa zamanda məşhur, populyar olmağa can atan ifaçılar həddindən artıq çoxdur. Gənclərimiz ulduz xəstəliyinə məruz qalmasınlar. Sənətlərinə, seçdikləri peşəyə tənqidlə yanaşanlar azdır. Tənqid olmasa, inkişaf olmaz. Təəssüf ki, özünəaşiq olan müğənnilər daha çoxdur. Dinləyicilərin gözündən heç nə yayınmaz, onların gözü tərəzidir. Tələbələrimizə hər zaman deyirik ki, məşhur olmağa tələsməsinlər, vaxt gələndə onlar uğurları ilə tanınacaqlar. Məqsəd fəxri ad, şöhrət, populyarlıq olmamalıdır. Zövqlərini, ifaçılıq bacarıqlarını inkişaf etdirməlidirlər. Son zamanlar vokalçılar akademik tərzdə ifadan uzaqlaşıblar. Müəyyən səhvlərə, yanlışlıqlara yol verirlər, nəfəs texnikası zəifliyi hiss olunur. Bir sözlə, məsləhətim daima çalışmaqdır. Dahi italyan tenoru Karuzo deyib ki, gözəl müğənni olmaq üçün iki ömür yaşamaq lazımdır: biri daim öyrənmək, digəri yaradıcılıq üçün.

- Böyük bacı kimi Xuraman xanımın yaradıcılığını necə qiymətləndirirsiniz?
- Xuraman xanımın yaradıcılığını tək mən yox, artıq dünya səviyyəsində böyük mütəxəssislər yüksək dəyərləndiriblər. Onu çox sevirəm. O mənim həm bacım, həm rəfiqəm, həm də həmkarımdır. Biz birlikdə heç zaman darıxmarıq. Bilirəm ki, o da məni çox sevir, şəxsiyyətimə qiymət verir, mənimlə hesablaşır. Bu, qarşılılıqdır. Belə də olmalıdır. Düşünürəm bu cür münasibət ailə tərbiyəsindən gəlməlidir. Əlbəttə ki, ciddi mübahisələrimiz də yaranır, amma bunlar əksər hallarda daha çox yaradıcılıq mövzularında olur. Məsləhətlərimi dinləyir, çox vaxt mənimlə razılaşar, həmçinin də mən. Onunla qürur duyuram. Xuraman ən istedadlı davamçımdır. Onun iştirak etdiyi müsabiqələrdəki uğurlu çıxışlarını yaxşı xatırlayıram. O, ən çətin və nüfuzlu müsabiqələrdən Vətənə qələbə ilə dönəndə mənim sevincimin həddi-hüdudu olmurdu. Yunanıstandan "Mariya Kallas" adına müsabiqədən münsiflər heyətinin sədri, dünyada məşhur olan bariton Tito Qobbi özü Xuramanı tərifləyib, bacarığını yüksək qiymətləndirib, "Qran-Pri" mükafatına və birinci yerə layiq görüb. SSRİ dövründə həmin müsabiqədə ölkəmizi təmsil edən gənc müğənnilərdən heç biri qələbə ilə Vətənə dönməyib. Ona görə də bacımın qələbəsi çox təntənə ilə qarşılandı. Təsəvvür edin, Yunanıstan kimi xaçpərəst ölkədə müsəlman soprano səsli gəncin qələbə qazanması böyük sensasiya idi. Bir il sonra Xuraman ölkəmizi bundan da çətin və nüfuzlu P.İ.Çaykovski adına Beynəlxalq Müsabiqədə təmsil etdi və orada qaliblər sırasına daxil oldu. Çoxsaylı vokalçıların sırasından 2-ci yeri qazanaraq həmin müsabiqənin laureatı oldu. Təsəvvür edə bilməzsiniz ki, bu, nə dərəcədə böyük və yüksək qələbədir. Musiqiçilər həmin - 1982-ci ildə Moskvada keçirilən bu müsabiqənin laureatı adına layiq olmağın nə dərəcədə çətin olmasını gözəl dərk edirlər. Onu da deyim ki, bu günədək hələ heç bir musiqiçimiz o zirvəni fəth edə bilməyib. Həmin illərdən uzun zaman keçib. Bu gün yeni istedadlar yetişir. Ümid edirəm ki, bundan sonra Azərbaycan musiqisində öz sözünü deyən və daha da yüksək uğurlar qazana biləcək gənclərimiz olacaq. Səhnədə Xuraman mənim yanımda olanda özümü daha rahat hiss edirəm. Ümumiyyətlə, iki bacının bir səhnədə olması çox nadir haldır. Lakin bu bizim məsuliyyətimizi ikiqat artırır. Onunla opera səhnəsində dəfələrlə eyni tamaşada iki fərqli obrazları ifa etmişik. Məsələn, "Bohema"da Mimi və Muzetta, "Sevil" də Sevil və Dilbər. Seyr edənlər indiyədək həmin tamaşaları unutmadıqlarını deyirlər. Allah bizi heç zaman bir-birimizdən ayırmasın. Ən böyük arzum onun can sağlığıdır.

- Sənətinizdə hansı maraqlı yeniliklər gözlənilir?

- Hər dəfə konsertlərimizdə maraqlı proqramla olur, yeniliklər, improvizasiya, xalq mahnıları, muğam, estrada, bəstəkar mahnıları ilə sintezlər edirik. Keçən il dekabrın 23-də Heydər Əliyev Sarayında keçirilən solo konsertimiz zamanı də oğlum Fəridin “Sevgi dünyası” adlı əsərini simfonik orkestrlə caz, rok, pop və muğamla sintez formasında təqdim etdik. Həmin konsertdə bir çox tələbəmiz də bizimlə səhnəni bölüşdü. Tamaşaçılar təqdim etdiyimiz bütün proqramı sürəkli alqışlarla çox gözəl qarşıladılar. Bu cür yeniliklər hər zaman konsertlərimizdə olur.

- Oğlunuz musiqi fəaliyyətini niyə aktiv davam etdirmir?

- Oğlum musiqini çox sevir, bu onun hobbisidir. O, Amerikanın Boston şəhərində yerləşən musiqi kollecində iki təhsil alıb. ABŞ-dan dönəndən sonra Fərid Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirdi. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Lakin bununla yanaşı, musiqini unutmur və gözəl əsərlər yazı. Musiqi aləmində geniş tanınmasına səbəb çox təvazökar olmasıdır.

- Sənətdə sizə xoşbəxt qadın demək olar, bəs həyatda necə?

- Şükür, həyatımdan məmnunam. Oğlum var, bacım hər zaman yanımdadır. Gözəl dostlarım, qohumlarım, sevdiyim peşəm var. Pərəstişkarlarımız bizi görüb öz məhəbbətlərini bildirilər. Xalqımın rəğbətini hiss edirəm. Ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə mənə şəhərin mərkəzində verilən rahat mənzildə yaşayıram. Sevinirəm ki, rəhmətlik qardaşımın nəvəsi bu il məktəbi bitirib və İngiltərədə təhsilini davam etdirəcək. Onun da adı mənim şərəfimə Fidan Qasımovadır. Arxaya baxanda, yaradıcılığımın, ömrümün səhifələrini vərəqləyəndə görürəm ki, nə dərəcədə mənalı, zəngin bir həyat yaşamışam. Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Şövkət Ələkbərova, Tofiq Quliyev, Rəşid Behbudov, Lütfiyar İmanov, Firəngiz Əhmədova, Müslüm Maqomayev kimi gözəl insanlar, şəxsiyyətlərlə tanış olmuşam, çalışmışam. Arif Məlikov, Rauf Abdullayev, Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadənin ən yaddaqalan əsərlərini ifa etmişəm. Həyatda bundan unudulmaz, dəyərli və gözəl nə ola bilər ki?! Bir insandan tələb edilən missiyanı da deyəsən, yerinə yetirməyi bacarmışam: oğul böyütmüşəm, ağac əkmişəm, ev tikmişəm. Bu onu göstərir ki, Fidan Qasımova doğrudan da həyatını boşuna yaşamayıb.

Ümidə Həsənli