• şənbə, 20 Aprel, 04:23
  • Baku Bakı 15°C

Bir illik gəlib, 45 ildir Lənkəranda qalan aktyor - Fotolar

25.01.18 09:30 2241
Bir illik gəlib, 45 ildir Lənkəranda qalan aktyor - Fotolar
Lənkəran Dövlət Dram Teatrının adı çəkilən zaman ağlıma gələn ilk aktyor, Xalq artisti Qabil Quliyev olur. Qabil müəllim, 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışır.100-dən artıq tamaşada rol alıb. Bir neçə bədii filmə çəkilib. Lənkəran Dövlət Universitetində 12 il etika, estetika və kulturologiyadan dərs deyib.Onunla bir neçə il bundan qabaq redaksiyamızda görüşmüşdüm. Səbri, təmkini və səmimiyyəti ilə diqqətimi çəkmişdi. Teatrın mövsüm bağlanışında Lənkərana səfərim zamanı gözlərim səhnədə, zalda onu axtarsa da, görüşmək qismətdə deyilmiş. Ancaq 2018-ci ilin ilk müsahibəsini ondan almaq varmış qismətimizdə. Söhbətimiz uzun çəkdi, ona görə də müsahibəni oxuculara ixtisarla təqdim etmək məcburiyyətindəyəm.

- Qabil müəllim, sizi 2018-ci ildə xoş gördük. Bu ildən gözləntiləriniz nələrdir?
- Mən bu il milli teatrımızdan güclü bir yaradıcılıq sıçrayışı, yazarlarımızdan sanballı əsərlər gözləyirəm. Bundan başqa, aktyor olmaq arzusu ilə Mədəniyyət və İncəsənət Universitetini bitirəcək məzunlardan sənətin acısını, sirrini dadmaq üçün bölgə teatrlarına təyinat almalarını gözləyirəm.

- Bəs geridə qoyduğumuz il sizin yaddaşınızda necə qaldı?
- . Ötən il şəxsi həyatımda olduqca ağır oldu. Həyat yoldaşımı və qardaşım Ələddin Quliyevi itirdim. Bu itkilər məni çox kədərləndirdi. O ki qaldı yaradıcılığıma, 2017-ci ildə J.B.Molyerin "Jorj Danden yaxud aldadılmış ər” tamaşasında Cənab De Sotonvil, Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm mktubları”nda dərviş, C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi”ndə naçalnik rollarını oynamaq qismət oldu.

- Hazırda Lənkəran Teatrında vəziyyət necədir? Teatrda hansı tendensiyalar yaşanır?
- Hazırda teatrda yaradıcılıq prosesləri davam edir. 2018-ci ildə hələ ki, planda 3 böyük əsər var. Üç nəhəngin üç ağır əsəri. Sofoklun "Antiqona”, Meterlingin "Korlar”, Saqalın "Husunu itirmiş at” əsərlərini səhnələşdirəcəyik. Amma istərdim ki, repertuara milli dramaturgiyamızın nümunələri daha çox salınsın. Çünki müasir gənclik Nizamini, Füzulini, H.Cavidi, Cəfər Cabbarlını tanımır. Bu yaxınlarda telekanalların birində 30-35 yaşlı birindən "Nizami kimdir?” soruşdular, gözlərini döydü. tanımadı. O ki, qaldı teatrın digər məsələlərinə, bütün sənət adamlarına, mətbuat nümayəndələrinə yaradıcılıq prosesləri və ümumi vəziyyət çox yaxşı bəllidir. Birinci növbədə kadr problemləri, iqtisadi problemlər və bir sıra digər məsələlər var ki, onlar öz həllini gözləyir. Lənkəran Teatrı kadr məsələsini teatrda fəaliyyət göstərən studiya vasitəsi ilə yerli kadrlar hazırlamaqla həll edir. Amma bu, məsələnin köklü həlli demək deyil. Teatr digər bölgə teatrları ilə müqayisədə yaradıcılıq məsələsində fərqli mövqedir. Bu gün bizim tamaşaçıların əsas hissəsini məktəblilər və tələbələr təşkil edir. Bununla da teatr öz gələcək tamaşaçısını yetişdirir. Hazırda teatrda Moris Meterlinqin "Korlar” əsərinin məşqləri gedir. Əsəri teatra təyinatla gəlmiş gənc rejissor Emil Əsgərov hazırlayır. Bu mövsümdən artıq teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanovdur. O, peşəkar səhnədə ilk addımlarını Lənkəran Teatrında atıb. Kollektivi yaxşı tanıyır, teatra bələddir. Onunla işləmək kollektiv üçün də rahatdır.

- Vaxtilə kaskadyorluq sənətinin sirlərinə yiyələnibsiniz. Bəs nə üçün istifadə etməyibsiniz?
- Kənddə, təbiətin qoynunda, at belində böyümüşəm. Yaxşı yadımdadır, uşaq idim, məktəbə də getmirdim. Bir kəhər atımız var idi. Atam yayın istisində 14 kilometr yolu maşınla yanaşı çaparaq gəlmişdi. Maşın atı ötə bilməsə də, at həyətə çatan kimi ürəyi partlamışdı. O atın basdırıldığı yer indiyə kimi yadımdadır. Sonralar həyətimizdə daha gözəl, surətli atlar olub. Uşaqlıqda at çaparkən o qədər atdan yıxılmışam ki. Amma ilk dəfə Eldar Quliyevin "Səmt küləyi” filmində mərhum aktyorumuz Ələddin Şahbazovu atlı döyüş səhnələrində əvəz etmişəm. Bundan başqa "Cavad xan” filmində Aleksandr Mirzənin döyüş zamanı atdan yıxıldığı epizodda çəkilmişəm. Ancaq onu da diqqətinizə çatdırım ki, kaskadyorluq təhlükəli peşədir. Aktyor üçün deyil.

- Siz Universitetdə Əliheydər Ələkbərovun, Rza Təhmasibin sinfini bitiribsiniz. Onlar sizin yaddaşınızda necə qalıblar?
- Hər ikisi gözəl sənətkar idi. Allah onlara rəhmət etsin. Əliheydər müəllim tələbələrinə böyük ata məhəbbəti ilə yanaşardı, olduqca səmimi və mehriban idi. Təhmasib müəllim sənətdə dahi idi, hər işi bəyənməzdi. Sənətdə xırdalıqlara diqqət edərdi, şablon işləri sevməzdi. Hər obrazdan özünəməxsus xarakter tələb edirdi.
- Universiteti bitirdikdən sonra sizi təyinatla Sumqayıt Teatrına göndərsələr də, bundan imtina edib, hərbi xidmətə yollanıbsınız. Sizi bu addımı atmağa məcbur edən nə idi?
- Tələbə vaxtlarımdan Akademik Milli Dram Teatrında çalışdım. Rəhmətlik Əliheydər müəllim məni ora işə götürmüşdü. Orada əvvəlcə səhnə fəhləsi işlədim, sonra isə aktyor kimi fəaliyyətimə davam etdim. Təyinat bölgüsü olanda Əliheydər müəllim Bakıda deyildi. Universitetə teatrdan arayış aparmalı idim. Beləliklə, mənim təyinatımı Sumqayıt Teatrına yazdılar. İmtahanlarımı bitirəndən sonra Sumqayıta təyinatımdan imtina cavabı aldım, hərbi xidmətə getdim. "Mostfilm”in hərbiləşdirilmiş kino bazası olan Norafominck rayonuna. Sonra bizi film çəkilişinə görə Bakıya dəvət etdilər. Çexoslavakiya ilə Azərbaycanın birgə istehsalı olan "Semt küləyi” filmini, "Nəsimi”ni, "Qatır Məmməd”i çəkdik. Mən Moskvadan qayıdandan sonra Akademik Milli Dram Teatrına getdim. Onda artıq gec idi, Əliheydər müəllim dünyasını dəyişmişdi. Sumqayıta isə getmək istəmirdim. Mədəniyyət nazirliyinə getdim, rəhmətlik Məmməd Ziyadov birinci müavin idi. Müəllimimin dostu idi və məni tanıyırdı. Görüşdük, vəziyyəti danışdım. Dedi ki, indiki vəziyyəti görürsən, Lənkəranda yeni teatr açmışıq, sənin də təcrübən var. Bir il orda işlə, sonra bir şey fikirləşərik. Teatrın direktoru mərhum Məbud müəllimə zəng vurdu. Məni xüsusi sərəncamla Lənkəran Teatrına göndərdi. 1973-cü il, dekabrın 20-də əmrim verildi. O, vaxtdan artıq 45 il ötür, mən hələ də Lənkərandayam.
- Bəs, bu 45 ildə iş yerinizi dəyişmək üçün nazirliyə müraciət etmədiniz?
- 45 ildir ki, Lənkəran Teatrında çalışıram. Teatra gəldiyim illərdə başım sənətə, ictimai işlərə o qədər qarışdı ki, zamanım olmadı. Daha sonra isə övladlarım dünyaya gəldi. Hiss etdim ki, bu teatra lazımam, burada öz yerimdəyəm.

- Axı siz Lənkəranda doğulmayıbsınız...
- Düzdür, mən Lənkəranda doğulmamışam, ancaq vətənin o başı, bu başı yoxdur. Bir neçə dəfə evimi dəyişmək üçün imkan yarandı. Bu barədə elan da vermişdim. Evi dəyişmək üçün müraciət edən olub. O vaxt mən qastrol səfərində olduğumdan, xanımım onlara bildirmişdi ki, biz ev dəyişmirik, sizə səhv məlumat verilib. Yəqin ki, elə belə olmalı imiş. Lənkəran Teatrında qaldığıma görə, heç zaman peşmançılıq hissi keçirməmişəm və indi də peşman deyiləm. Görünür, mən burda daha çox lazımam. Qızım, köçəri quşun öz yuvası olmaz.

- Sonuncu dəfə 2013-cü ildə "Sevginin göz yaşları” filminə çəkilibsniz. Bu 4 ildə sizi heç bir serialda və filmdə görmədik. Filmlərə özünüz çəkilmək istəmirsiniz, yoxsa təklif gəlmir?
- "Sevginin göz yaşları” filminə qədər bir neçə filmdə rol almışam. Rejissor İntiqam Hacılının çəkdiyi "Qız yükü " serialına çəkildim. Onu da deyim ki, film yüksək reytinq qazanmışdı. Hazırda yenə İntiqam Hacılının "Ayna” serialında çəkilirəm. Güman edirəm ki, bu film də uğurlu olar. Ümumiyyətlə, bu gün çəkilən filmlərə ciddi nəzarət olunsa, çox yaxşı olar. Bu gün efirə daha çox, milli-mənəvi dəyərlərimizə ləkə olan üzdəniraq seriallar yol tapır. Bu seriallar çox asanlıqla maliyyə vəsaiti əldə edə bilirlər.

Xəyalə Rəis
Teatrşünas

banner

Oxşar Xəbərlər