Bir illik gəlib, 45 ildir Lənkəranda qalan aktyor - Fotolar
Lənkəran Dövlət Dram Teatrının adı çəkilən zaman ağlıma gələn ilk
aktyor, Xalq artisti Qabil Quliyev olur. Qabil
müəllim, 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrında çalışır.100-dən artıq tamaşada rol alıb. Bir neçə bədii
filmə çəkilib. Lənkəran Dövlət Universitetində 12 il etika, estetika və
kulturologiyadan dərs deyib.Onunla
bir neçə il bundan qabaq redaksiyamızda görüşmüşdüm. Səbri, təmkini və səmimiyyəti
ilə diqqətimi çəkmişdi. Teatrın mövsüm bağlanışında Lənkərana səfərim zamanı gözlərim
səhnədə, zalda onu axtarsa da, görüşmək qismətdə deyilmiş. Ancaq 2018-ci ilin
ilk müsahibəsini ondan almaq varmış qismətimizdə. Söhbətimiz uzun çəkdi, ona görə də müsahibəni
oxuculara ixtisarla təqdim etmək məcburiyyətindəyəm.
- Qabil
müəllim, sizi 2018-ci ildə xoş gördük. Bu ildən gözləntiləriniz nələrdir?
- Mən
bu il milli teatrımızdan güclü bir yaradıcılıq sıçrayışı, yazarlarımızdan
sanballı əsərlər gözləyirəm. Bundan
başqa, aktyor olmaq arzusu ilə Mədəniyyət və İncəsənət Universitetini bitirəcək məzunlardan sənətin acısını, sirrini dadmaq üçün bölgə
teatrlarına təyinat almalarını gözləyirəm.
- Bəs
geridə qoyduğumuz il sizin yaddaşınızda necə qaldı?
- .
Ötən il şəxsi həyatımda olduqca ağır
oldu. Həyat yoldaşımı və qardaşım Ələddin
Quliyevi itirdim. Bu itkilər məni çox kədərləndirdi. O ki qaldı yaradıcılığıma, 2017-ci ildə
J.B.Molyerin "Jorj Danden yaxud
aldadılmış ər” tamaşasında Cənab De Sotonvil, Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm mktubları”nda dərviş, C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi”ndə naçalnik rollarını oynamaq qismət oldu.
- Hazırda Lənkəran Teatrında vəziyyət
necədir? Teatrda hansı tendensiyalar yaşanır?
- Hazırda
teatrda yaradıcılıq prosesləri davam edir. 2018-ci ildə hələ ki, planda 3 böyük əsər var. Üç nəhəngin
üç ağır əsəri. Sofoklun "Antiqona”,
Meterlingin "Korlar”, Saqalın "Husunu
itirmiş at” əsərlərini səhnələşdirəcəyik. Amma istərdim ki, repertuara milli
dramaturgiyamızın nümunələri daha çox salınsın. Çünki müasir gənclik Nizamini,
Füzulini, H.Cavidi, Cəfər Cabbarlını tanımır. Bu yaxınlarda telekanalların
birində 30-35 yaşlı birindən "Nizami kimdir?” soruşdular, gözlərini döydü. tanımadı.
O ki, qaldı teatrın digər məsələlərinə, bütün sənət adamlarına, mətbuat nümayəndələrinə
yaradıcılıq prosesləri və ümumi vəziyyət çox yaxşı bəllidir. Birinci növbədə kadr problemləri, iqtisadi
problemlər və bir sıra digər məsələlər var ki, onlar öz həllini gözləyir. Lənkəran Teatrı kadr məsələsini teatrda fəaliyyət göstərən studiya vasitəsi ilə yerli kadrlar
hazırlamaqla həll edir. Amma bu, məsələnin
köklü həlli demək deyil. Teatr digər bölgə teatrları ilə müqayisədə yaradıcılıq məsələsində
fərqli mövqedir. Bu gün bizim tamaşaçıların əsas hissəsini məktəblilər və tələbələr
təşkil edir. Bununla da teatr öz gələcək tamaşaçısını yetişdirir.
Hazırda teatrda Moris Meterlinqin "Korlar” əsərinin məşqləri gedir. Əsəri
teatra təyinatla gəlmiş gənc rejissor
Emil Əsgərov hazırlayır. Bu mövsümdən artıq teatrın baş rejissoru, əməkdar incəsənət
xadimi Oruc Qurbanovdur. O, peşəkar səhnədə ilk addımlarını Lənkəran Teatrında atıb.
Kollektivi yaxşı tanıyır, teatra bələddir. Onunla işləmək kollektiv üçün də
rahatdır.
- Vaxtilə kaskadyorluq sənətinin sirlərinə
yiyələnibsiniz. Bəs nə üçün istifadə etməyibsiniz?
- Kənddə,
təbiətin qoynunda, at belində böyümüşəm.
Yaxşı yadımdadır, uşaq idim, məktəbə də getmirdim. Bir kəhər atımız var idi. Atam yayın istisində 14 kilometr yolu maşınla
yanaşı çaparaq gəlmişdi. Maşın
atı ötə bilməsə də, at həyətə çatan kimi
ürəyi partlamışdı. O atın basdırıldığı yer indiyə kimi yadımdadır. Sonralar həyətimizdə daha gözəl, surətli
atlar olub. Uşaqlıqda at çaparkən o qədər
atdan yıxılmışam ki. Amma ilk dəfə
Eldar Quliyevin "Səmt küləyi” filmində mərhum aktyorumuz Ələddin Şahbazovu atlı döyüş səhnələrində əvəz
etmişəm. Bundan başqa "Cavad xan” filmində Aleksandr Mirzənin döyüş zamanı
atdan yıxıldığı epizodda çəkilmişəm.
Ancaq onu da diqqətinizə çatdırım ki, kaskadyorluq təhlükəli peşədir. Aktyor üçün deyil.
- Siz Universitetdə Əliheydər Ələkbərovun,
Rza Təhmasibin sinfini bitiribsiniz. Onlar sizin yaddaşınızda necə qalıblar?
- Hər
ikisi gözəl sənətkar idi. Allah onlara rəhmət etsin. Əliheydər müəllim tələbələrinə böyük ata məhəbbəti ilə yanaşardı, olduqca səmimi və mehriban
idi. Təhmasib müəllim sənətdə dahi idi, hər işi bəyənməzdi. Sənətdə xırdalıqlara diqqət edərdi, şablon işləri
sevməzdi. Hər obrazdan özünəməxsus xarakter
tələb edirdi.
- Universiteti bitirdikdən sonra sizi təyinatla Sumqayıt Teatrına göndərsələr də, bundan
imtina edib, hərbi xidmətə yollanıbsınız. Sizi bu addımı atmağa məcbur edən nə
idi?
- Tələbə
vaxtlarımdan Akademik Milli Dram Teatrında çalışdım. Rəhmətlik Əliheydər müəllim məni ora işə
götürmüşdü. Orada əvvəlcə səhnə fəhləsi işlədim, sonra isə aktyor kimi fəaliyyətimə
davam etdim. Təyinat bölgüsü olanda Əliheydər
müəllim Bakıda deyildi. Universitetə teatrdan arayış aparmalı idim. Beləliklə,
mənim təyinatımı Sumqayıt Teatrına yazdılar. İmtahanlarımı bitirəndən sonra
Sumqayıta təyinatımdan imtina cavabı aldım,
hərbi xidmətə getdim. "Mostfilm”in hərbiləşdirilmiş kino bazası olan Norafominck rayonuna. Sonra
bizi film çəkilişinə görə Bakıya dəvət etdilər. Çexoslavakiya ilə Azərbaycanın
birgə istehsalı olan "Semt küləyi” filmini, "Nəsimi”ni, "Qatır Məmməd”i çəkdik. Mən Moskvadan qayıdandan sonra Akademik Milli Dram Teatrına getdim. Onda artıq
gec idi, Əliheydər müəllim dünyasını dəyişmişdi. Sumqayıta isə getmək istəmirdim. Mədəniyyət
nazirliyinə getdim, rəhmətlik Məmməd Ziyadov birinci müavin idi. Müəllimimin
dostu idi və məni tanıyırdı. Görüşdük, vəziyyəti danışdım. Dedi ki, indiki vəziyyəti
görürsən, Lənkəranda yeni teatr açmışıq, sənin də təcrübən var. Bir il orda işlə,
sonra bir şey fikirləşərik. Teatrın
direktoru mərhum Məbud müəllimə zəng vurdu.
Məni xüsusi sərəncamla Lənkəran Teatrına göndərdi. 1973-cü il, dekabrın
20-də əmrim verildi. O, vaxtdan artıq 45 il ötür, mən hələ də Lənkərandayam.
- Bəs, bu 45 ildə iş yerinizi dəyişmək
üçün nazirliyə müraciət etmədiniz?
- 45
ildir ki, Lənkəran Teatrında çalışıram. Teatra gəldiyim illərdə başım sənətə,
ictimai işlərə o qədər qarışdı ki, zamanım olmadı. Daha sonra isə övladlarım dünyaya gəldi. Hiss
etdim ki, bu teatra lazımam, burada öz yerimdəyəm.
- Axı siz
Lənkəranda doğulmayıbsınız...
-
Düzdür, mən Lənkəranda doğulmamışam, ancaq vətənin o başı, bu başı yoxdur. Bir neçə dəfə evimi dəyişmək üçün imkan yarandı. Bu barədə elan da vermişdim. Evi dəyişmək
üçün müraciət edən olub. O vaxt mən qastrol səfərində olduğumdan, xanımım
onlara bildirmişdi ki, biz ev dəyişmirik, sizə səhv məlumat verilib. Yəqin ki,
elə belə olmalı imiş. Lənkəran
Teatrında qaldığıma görə, heç zaman
peşmançılıq hissi keçirməmişəm və indi də peşman deyiləm. Görünür, mən burda daha çox lazımam. Qızım,
köçəri quşun öz yuvası olmaz.
- Sonuncu dəfə 2013-cü ildə "Sevginin göz
yaşları” filminə çəkilibsniz. Bu 4 ildə
sizi heç bir serialda və filmdə görmədik. Filmlərə özünüz çəkilmək istəmirsiniz,
yoxsa təklif gəlmir?
-
"Sevginin göz yaşları” filminə qədər bir
neçə filmdə rol almışam. Rejissor
İntiqam Hacılının çəkdiyi "Qız yükü " serialına çəkildim. Onu da deyim ki, film
yüksək reytinq qazanmışdı. Hazırda yenə İntiqam Hacılının "Ayna” serialında çəkilirəm.
Güman edirəm ki, bu film də uğurlu olar.
Ümumiyyətlə, bu gün çəkilən filmlərə ciddi nəzarət olunsa, çox yaxşı olar. Bu gün efirə daha çox, milli-mənəvi dəyərlərimizə ləkə olan üzdəniraq seriallar yol tapır. Bu seriallar çox asanlıqla maliyyə vəsaiti əldə
edə bilirlər.
Xəyalə Rəis
Teatrşünas