• çərşənbə, 24 Aprel, 04:45
  • Baku Bakı 14°C

Bir ildir ki, “Alma almaya bənzəyir” Reportaj

05.04.14 08:22 1862
Bir ildir ki, “Alma almaya bənzəyir” Reportaj
“Kaspi qlobal” prodakşnın təşkilatçılığı ilə ATV telekanalında nümayiş olunan “Alma almaya bənzər” verilişinin aprelin 7-də 1 yaşı tamam olur. Tanınmış sənətçiləri, sevimli şou-biznes nümayəndələrini digər məşhurlara bənzədən verilişin ad günündə bizdə onlarla birlikdə olduq. Kollektivin yaradıcı heyətinin fikirlərini öyrəndik.
Onlara çox güvənirəm
“Kaspi qlobal” prodakşnın direktoru, layihənin rəhbəri Şamxal Həsənli bütün yaradıcı heyəti təbrik etdi: “Verilişin 1 yaşının tamam olması münasibəti ilə layihədə əziyyət çəkən hər kəsi təbrik edirəm. Qeyd edim ki, komanda heyəti heç vaxt mənə əziyyət verməyib, öz işlərinin öhdəsindən hər zaman layiqincə gəliblər. Mən də layihə rəhbəri olaraq bütün komandamızı təbrik edirəm. Yaradıcı heyətdən daha çox uğur gözləyirəm”.
Yaradıcı heyət verilişdə iştirak edəcək ifaçını seçdikdən sonra son qərar verilişin aparıcısı Nərgiz Mahmudzadəyə həvalə olunur. Ondan sonra həmin sənətçinin üzərində hazırlıqlar gedir.
1 yaşını qeyd edən verilişin gözəl aparıcısı N.Mahmudzadə bizimlə söhbətində layihədə iştirak edən bütün insanları təbrik etdi: “Həftədə bir dəfə yarım saat efirə çıxmağımıza baxmayaraq, çox əziyyətli bir işlə məşğul oluruq. Azərbaycanda “Alma almaya bənzər” verilişinin formatı kimi heç bir veriliş hazırlanmayıb. Bunu da ilk olaraq biz etmişik. Düzdür, başqa ölkələrdə belə bir veriliş olub, amma Azərbaycanda bunu edən olmayıb. Kollektiv bu verilişi ərsəyə gətirmək üçün çox çalışır. Bu veriliş bir günə çəkilib, ərsəyə gəlmir. Elə verilişlər var ki, onu hazırlamaq asan olur. Yəni müğənni oxuyur, danışır və çıxıb gedir. Bizim hazırladığımız verilişdə isə aktyorun geyiminin tikilməyi, makiyajı, bənzədilməsi - bunların hamısı böyük zəhmət və məvacib tələb edir. Xariciləri təqlid etmək üçün ilk növbədə ifaçının xarici dildə mahnı ifa etməsi lazımdır. Layihədə iştirak edən müğənnilərimiz həmin dili öyrənməyə məcbur olurlar. Ona görə də müğənnilərin çoxu bizim verilişə gəlməyə risk etmir”.
1 yaşlarını Park-bulvarda təntənəli surətdə qeyd etdiklərini söyləyən Nərgiz Mahmudzadə verilişin ömrünü daha da uzatmaq niyyətləri olduğunu qeyd etdi: “Ola bilsin ki, gələcəkdə müğənniləri çəkib qurtardıqdan sonra aktyorlarımızı dünya şöhrətli aktyorlara bənzətməyə çalışaq. Belə ki, onların ifasında kiçik filmlər, səhnəciklər hazırlamağı düşünürük. Onlar da tükənərsə, yəqin ki, sadə adamlara müraciət edərik (gülür). Yəni verilişin formatını dəyişmək istəmirik. Çünki bu veriliş çox baxımlıdır. İstəyirik ki, verilişin formatı öz xüsusiliyini qorusun. Zaman keçdikcə artıq siyahımızda ifaçı qalmayanda layihəyə cüzi dəyişiklik etməklə əvvəlki formatı qoruyub saxlamağa çalışacağıq”.
Layihənin prodüseri Vasif Ayan bu 1 il ərzində bir sıra uğurlara nail olduqlarını bildirdi: “Biz ona görə seçilirik ki, verilişi bir məkanda hazırlayırıq, müğənnidən müsahibəni alıb efirə vermirik. Verilişimizə gələn müğənni başa düşür ki, əziyyət çəkməlidir. Elə sənətçilər var ki, bilirlər ki, bu verilişdə çox əziyyət çəkəcəklər, üzərilərində işləyəcəklər, ona görə də iştirak etməyə çəkinirlər. Layihədə iştirak edən sənətçilərimizin çoxu bizdən razı gedib. Eyni zamanda müğənnilər burada dil də öyrənirlər. Onlar burada fransız, ingilis, ərəb, italyan dillərini öyrənirlər. Özləri də redaksiyamıza gələndə söyləyirlər ki, toylarda eyni mahnılar oxumaqdan bezmişik. Nə yaxşı ki, xarici dildə mahnı oxuduq”.
Vasif Ayan layihənin heç də asan başa gəlmədiyini açıqladı: “Müğənnilər çox zaman vaxt qıtlığından şikayət edirlər. Biz söyləyirik ki, əgər keyfiyyətli bir işin ortaya çıxmasını istəyirsinizsə, bu da sizdən zaman və əziyyət tələb edəcək. Bu proyekt asan layihə deyil. Bu veriliş tez-bazar hazırlanan verilişlərdən də deyil. Bir il biz bu layihəni davam etdirə bilmişiksə, bunun özü uğurdur. İnşallah, bu uğurun ardı da gələr”.
Sən demə, alma almaya bənzəyərmiş
Verilişin montaj rejissoru Ətayə Babayeva yaradıcı heyətə uğurlar arzuladı: “Bu 1 ərzində uğurlarımız da olub, uğursuzluqlarımız da. Amma istəyərəm ki, daha çox uğurlarımız olsun. Bu bir ildə mənim montajçı olaraq işimdə də bir çox dəyişikliklər oldu. Özüm hiss etdim ki, mənim biliyimdə, işlərimdə xeyli dəyişikliklər baş verdi. Bu veriliş sayəsində əmin oldum ki, kimisə kiməsə bənzətmək olarmış. Sən demə, alma almaya bənzəyərmiş”.
Layihənin rejissoru Elnaz Əbluc böyük əziyyət qarşılığında gözəl veriliş ərsəyə gəldiyini qeyd etdi: “Bu 1 il ərzində bir çox sənətçilərin bənzərini yaratmışıq. Bəziləri çox bənzəyib, bəzilərində isə haradasa dəyişikliklər az nəzərə çarpıb. Onun da səbəbi müğənninin hazırlıqsız gəlməsində olub. Hərdən bəzi müğənnilər elə düşünür ki, gəlib çəkiləcək, bununla da işləri bitəcək. Özlərində məsuliyyət hiss etmirlər. Biz nə qədər məsuliyyət daşıyırıqsa, onlar da həmin məsuliyyəti daşımalıdırlar. O zaman uğurdan danışmaq olar. Arzu edirəm ki, proyektimiz davamlı olsun. Oxşarlarımız tapılsın (gülür). Bütün kollektivə uğurlar arzulayıram. Bizimlə çalışan müğənnilər də layihənin böyüklüyünü nəzərə alıb, öz üzərilərində çalışsınlar”.
Verilişin redaktoru Kəmalə Əhmədova layihənin qazandığı uğurda az da olsa payının olmasından özünü məmnun hiss etdiyini söylədi: “Layihədə iştirak edən bütün yaradıcı heyəti təbrik edirəm. Hər zaman belə baxımlı olaq”.
Layihənin ideya müəllifi Səxavət Nur da verilişi Azərbaycanda bənzəri olmayan layihə kimi təqdim etdi: “Verilişin ideyasını 3-4 il bundan əvvəl düşünmüşdüm. Ötən il “Kaspi qlobal” prodakşn layihə axtarışında olanda bu layihəni onlara təklif etdim. Prodakşnın rəhbəri Şamxal Həsənli bunu bəyəndi. Biz də bu layihə üzərində işlədik. Əslində Azərbaycan çərçivəsində bu layihəni həyata keçirtmək çox çətindir. Çünki çox vəsait tələb edən bir proyektdir və eyni zamanda böyük bir kollektiv işidir. Biz çox kiçik vəsaitlərdən istifadə edərək bu layihəyə başladıq. Çünki adi bir professional qrim ləvazimatlarının qiymətləri ilə maraqlananda, onun fantastik qiymətə olduğunu gördük”.
Səxavət Nur hesab edir ki, layihədə ən uğurlu sima əməkdar artist Gülyanaq Məmmədova olub: “Gülyanaq xanım bizim verilişə çəkilməyə gələndə anladım ki, sənətkar ifa etdiyi janrdan asılı olmayaraq əsl sənətkar olmalıdır. Onun daxilində sənət sevgisi olmalıdır. Təsəvvür edin ki, bu xanım ömründə bir dəfə də olsun saçlarını rənglətdirməyib, onun öz ifa tərzi var. Buna baxmayaraq, Selin Dionun mahnısını çox gözəl ifa etdi. Onun hərəkətlərini öyrəndi. Onun saçına uyğun parik alınmayanda məcbur olub saçının rənglənməsinə də razılıq verdi. Nəticədə çox uğurlu bir veriliş alındı. Ümumiyyətlə, sənətçilərimizlə bu verilişi hazırlamaq çox çətindir. Ona görə ki, çox komplekslidirlər. Amma bu, sənətdir, sənət hər cür fədakarlığı tələb edir. Bu günə qədər verilişlərimizdə çəkilən bütün sənətçilərə təşəkkür edir, özümüzə uğurlar hazırlayıram”.
Verilişin baş operatoru Ruslan Ağazadənin yaradıcı heyətə ünvanladığı təbriklərə operatorlar Nəsimi Babayev, Soltan Abdullayev də qoşuldu.
Yarım saatlıq bir verilişin arxasında peşəkar kollektiv çalışır

“Alma almaya bənzər” verilişinin uğurlarından danışan sənət adamları layihəni ərsəyə gətirdiyi üçün layihə rəhbərinə minnətdarlıqlarını bildirdilər. “Kristal” qrupunun rəhbəri Mədinə Məlik “Kaspi qlobal” prodakşnın kollektivini çox sevdiyini söyləyərək, onları belə təbrik etdi: “İlk növbədə layihənin rəhbərinə təşəkkürümü bildirirəm ki, belə gözəl verilişlər hazırlayır. Gözəl bir işin arxasında təbii ki, böyük rəhbərlik dayanır. Ümumiyyətlə, layihə rəhbərindən çox şey asılıdır. Tamaşaçılar efirə baxanda orada gözəl aparacımız Nərgiz xanımı görür. Ancaq tamaşaçılar bilmir ki, yarım saatlıq bir verilişin arxasında peşəkar bir kollektiv çalışır. Orada çox böyük işlər görülür. Çox istəyərdim ki, o verilişdə ikinci dəfə çəkilək, çünki bu layihə çox maraqlıdır. Bir də istəyərdim bu verilişə çəkilən hər kəs özündə məsuliyyət hiss etsin, verilişin reytinqini daha da yüksəklərə qaldırsın. Əgər sənətçi öz sadəliyinə, işgüzarlığına əmin deyilsə, öncədən verilişə çəkilməyəcəyini bildirsin ki, heç kimi əziyyətə salmasın. Axı istedadına əmin olmayan ifaçılar verilişin reytinqini aşağı sala bilərlər”.
Əməkdar artist Səlim Abbasov “Alma almaya bənzərin”in mehriban kollektiv heyəti olduğunu dedi: “Mən başda layihənin rəhbəri Şamxal Həsənli olmaqla bütün kollektivi təbrik edirəm. Onlardan biri-birindən maraqlı verilişlər gözləyirik. Mənə dostlarımdan bu verilişdə iştirak etmək üçün təklif gələndə, “Yotube”da çəkilən sənətçiləri izlədim. Gördüm ki, yeni fikir və yeni layihədir. Ondan sonra iştirak etməyə razılıq verdim. Oxşarlıq baxımından mənim bənzərimi tapmaqda çətinlik çəkirdilər. Sonda Nərgiz xanım söylədi ki, səni Sami Yusifə bənzədəcəyik. O da sizin kimi skripkada ifa edir. Studiyaya gəldim, bəxtimdən mənə çətin mahnı düşdü. Belə ki, digər müğənnilər cəmi bir dildə mahnı oxumuşdular, ancaq mənə dörd dildə mahnı düşdü. Bu proses həm çox maraqlı oldu, həm də o dili öyrənib oxumaq üçün çox vaxt apardı. Biri var əzbərləyib oxuyasan, biri də var başa düşüb oxuyasan. Verilişimiz çox maraqlı alındı”.
Caz ifaçısı Şölə Səfərəliyeva verilişin 1 yaşı olmasına baxmayaraq, efirdə özünə kifayət qədər tamaşaçı kütləsi topladığını qeyd etdi: “Çox maraqlı və gözəl bir proyektdir. Bu verilişin başqa formasını xarici telekanallarda izləyəndə fikirləşirdim ki, görəsən bizdə nə zaman belə veriliş hazırlanacaq. Nəhayət ki, Azərbaycanda da bu tip veriliş hazırlandı və mənim də arzum həyata keçdi. Bu, müğənnilər üçün bir şansdır. Onlar bu veriliş vasitəsilə bənzədikləri ifaçıların surətini yaradırlar”.
İfaçı verilişin yeni yaşında onlara daha çox uğurlar arzuladı: “Kollektiv kiçik olmasına baxmayaraq, çox mehribandır. Bu mehribançılığı onlara növbəti ildə də arzulayıram. Ən reytinqli verilişlərdən olsunlar. Yeni obrazda ikinci dəfə də bu verilişdə iştirak etmək istəyərdim”.
Biz də “Kaspi” qəzetinin bütün əməkdaşları adından “Alma almaya bənzər” verilişinin yaradıcı heyətini təbrik edir və onlara baxımlı və uzun ömürlü efir həyatı arzulayırıq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər