• şənbə, 20 Aprel, 08:56
  • Baku Bakı 14°C

Bir gündə o qədər iş görürəm ki, hətta az olur – Gör-götür

09.09.16 10:14 9265
Bir gündə o qədər iş görürəm ki, hətta az olur – Gör-götür
Onu verilişlərinin maraqlı deyil, faydalı olması maraqlandırır. Kiminsə yanında qonaq oturması naminə veriliş aparmağı nə peşəkar keçmişinə, nə bugünkü statusuna, nə də yaşına yaraşdırır. Buna görə də çalışır ki, hazırladığı veriliş kiməsə fayda versin. Deyir, o gün ki hazırladığı veriliş kiməsə fayda verməyəcək, o veriliş efirdə olmayacaq. Müsahibimiz DJ Fatehdir.

- 16 yaşınızdan radioda işə başlamısınız. Necə oldu belə bir qərar verdiniz?
- Məktəbdə oxuyanda mütəmadi olaraq radioya qulaq asırdım. Radio məni cəlb edirdi. Sonra bir gün aparıcı Rahib Azəri məni dinləyici kimi tanışlıq üçün radioya dəvət etdi. Mən də böyük məmnuniyyətlə getdim. Söhbət əsnasında radioda vakansiya olacağını və işləmək istəsəm, onlara müraciət edə biləcəyimi dedi. Bu, o vaxt mənim üçün mümkünsüz görünürdü. Ümumiyyətlə, həyatımda aldığım ilk iş təklifi idi. Çox qısa bir müddət ərzində radioya müraciət edib işə başlamağım indiyə qədər mənə haradasa möcüzə kimi gəlir. O möcüzənin təsiri altında artıq 17 ildir radioda çalışıram.
- Heç sonradan Rahib bəylə söhbət etdinizmi ki, hansı xüsusiyyətlərinə görə 16 yaşlı oğlana inanıb işə dəvət edib. Səsinizdənmi xoşu gəlmişdi, yoxsa intellektual səviyyənizi bəyənmişdi?
- Etiraf edim ki, bu 17 il ərzində o barədə heç düşünməmişəm. Hesab edirəm ki, indi 16-17 yaşında birisi qapımı döysə və aparıcı olmaq istədiyini desə, mən Rahib bəyin, yaxud o zaman işlədiyim radionun mənim üçün açdığı qapıları onun üzünə aça bilmərəm. Kiməsə o qədər inanmağa, etibar etməyə mənim o müdrikliyim yoxdur. Rastıma çıxan insanların qarşısında mənim üçün açılan qapıların açılması lüksü yoxdur.
- Fateh bəy, son olaraq aparıcısı olduğunuz "Seçilən səhər şousu”ndan danışmasaq, ədalətsizlik olar. Çox orijinal müsahibləriniz olur və onların elə yönlərini təqdim edir, elə tərəflərini açırsınız ki, adam heç cür radionu söndürə bilmir. Maraqlıdır, müsahiblərinizi necə tapırsınız?
- Etiraf edim ki, bu, tək mənim işim deyil. Bu, illərdir formalaşan komandanın əməyidir. Əgər son mövsümdən danışsaq, mən son bir ildə bir az əyləncəli yox, maarifləndirici veriliş apardığım üçün həddindən artıq özüm də narahat idim, rəhbərliyim də başlanğıcda əmin deyildi ki, bu, bizə lazım olan şeydir və bizim verilişə, formata uyğundurmu? Ən əsası isə, bizim dinləyicilər və sponsorlarımız arasında tərəddüdlər yaradırdı. Dinləyicilər düşünürdülər ki, bu, onların dinləmək istədiyi verilişdirmi? Sponsorlar isə bunun dinləyici kütləsini cəlb edəcək, maliyyələşdirmək istədiyi veriliş olub-olmadığı barədə düşünürdülər. Bu, mənim üçün çox həssas bir mövzudur. Son illər get-gedə daha da həssaslaşır. Əfsuslar olsun ki, Azərbaycanda və bütün dünyada bu tendensiya var. Tamaşaçısı və dinləyicisi daha çox olan verilişlər özəl sektordan özünə maliyyə dəstəyi tapır. Bu isə o deməkdir ki, cəmiyyətə faydalı olan diqqətsiz qalır. Etiraf edim ki, mən öz fərdi imicimdən və fərdi statusumdan bir növ istifadə edərək maliyyənin məhz mənim apardığım bu kimi verilişlərə cəlb olunduğuna görə çox xoşbəxtəm. Həmin qurumların bizim verilişlərə dəstəyi sayəsində Azərbaycanda maarifləndirici verilişlərin hazırlanması və efirə getməsi mümkün olur.
Verilişlərdə dəvət olunan şəxslərin maraqlılıq əmsalına gəlincə, bu, çox çətin və mürəkkəb işdir. Bu ciddi bir araşdırma tələb edir və bir nəfərin, iki nəfərin işi deyil. Bunun üzərində mənimlə birgə çalışan həmkarlarım var. Başda mənim verilişimin prodüsser və redaktoru Aysu İbrahimli olmaqla, onların əməyinin nəticəsidir ki, mənə maraqlı həmsöhbətlər tapırlar və mən də əlimdən gələni edirəm ki, bu söhbətlər faydalı olsun. Ona görə ki, insanlar həyatda faydalılıq baxımından hansısa addımı atırlar. İşi görəndə də, ailə quranda da, uşaq böyüdəndə də, çörək yeyəndə belə, onun bir faydasını vacib element kimi hesab edirsən. O ki qaldı televiziya, radio verilişlərinə, orada əlbəttə, verilişin faydalılığı olmalıdır. Sadəcə, kiminsə yanında qonaq oturması naminə veriliş aparmaq mənim nə peşəkar keçmişimə, nə bugünkü statusuma, nə də yaşıma yaraşar. Mən bunu özüm üçün təhqir hesab edirəm. Ona görə çalışıram ki, mənim verilişim kiməsə fayda versin və o gün ki mənim hazırladığım veriliş kiməsə fayda verməyəcək, o veriliş efirdə olmayacaq.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər