AZE | RUS | ENG |

“Bir gün 24 saatdan yox, 12 saatdan ibarətdir”

“Bir gün 24 saatdan yox, 12 saatdan ibarətdir”
Teyyub Aslanov: “Fransızlar mənim kiçik sənətimi böyük qiymətləndirdilər”

Muğam insanların ruhuna sığal çəkərək, xoş duyğular bəxş edir. Hansı ki, bu xoş duyğuların təsirindən uzun müddət ayrılmaq mümkün olmur. Müsahibimiz muğam sənətinin kamil bilicisi, pedaqoq, əməkdar artist Teyyub Aslanovdur. O, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Avstriya, Niderland, Yunanıstan, Polşa, Rumıniya, Ukrayna, Belarus, Moldova, Tacikistan, İran və digər ölkələrdə  konsert proqramları ilə çıxış edib, beynəlxalq festivallarda iştirakçısı olub. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə bərabər Milli Konservatoriyada pedaqoq kimi çalışan xanəndə, gənc muğam ifaçılarının yetişməsində misilsiz rol oynayır. Qonağımız bizimlə söhbətində həm pedaqoji fəaliyyətindən, həm də bu gün muğam sənətinə olan maraqdan danışdı. 
 
- Teyyub müəllim, gələn ay sizin 51 yaşınız tamam olacaq. Xatirəmdədir ki, ötən il 50 illik yubileyinizi təntənəli şəkildə qeyd etdiniz. Bu il necə, doğum gününüzü qeyd edəcəksiniz?
- Ümumiyyətlə, ad günümü təmtəraqlı qeyd etməyin tərəfdarı deyiləm. Məndən olsa, heç ötən il də qeyd etməzdim. Dostlarım, çevrəmdəki yaxın insanlar təkidlə bildirdilər ki, 50 illik yubiley mütləq qeyd edilməlidir. Mən də məcbur olub, ad günümü qeyd etdim. Ancaq peşman deyiləm. Çünki 50 yaşımın son günü ilə bağlı çox gözəl təəssüratlarım var. Hər zaman doğum günlərimi ailəmlə, yaxınlarımla keçirmişəm. Bu da bir ilk idi. 
 
- Hətta yubileyi qeyd edənlərə "düşər-düşməzi olur” deyirlər. Belə deyimlərə necə,  inanırsınız?
- Əslində inanmıram. Əgər biz sağlam və rahat şəkildə ad günümüzü qeyd ediriksə, deməli, düşərlidir ki, Allah o günü bizə bəxş edib. Bu, Allahın qismətidir. Biz Allahdan qismətimizə imanlı, sağlam bir ömür yazmasını istəyirik. Yerdə qalanlar isə boş bir deyimdən başqa bir şey deyil. 
 
- Bilirik ki, Firəngiz Əlizadənin Nəsiminin sözlərinə bəstələdiyi məşhur "Dərviş” əsərini UNESCO-nun səhnəsində, Fransada ifa etmisiniz. İstərdik oradakı təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Bu əsəri çoxdan eşitmişdim. İlk dəfə  "Dərviş” əsərini eşidəndə bu, mənə çox təsir etmişdi. O zamandan, ən böyük istəyim bu əsəri ifa etmək olub. Qismət belə gətirdi ki, bu, mənə nəsib oldu. Mayın 18-də Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizin UNESCO-ya üzv olmasının 25 illik yubileyinin qeyd edilməsi çərçivəsində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar tədbir keçirildi. Orada Firəngiz xanımın iki əsəri nümayiş olundu. Onlardan biri də "Dərviş” idi. Bu əsəri də mən ifa etdim. Mütəxəssislər bu ifa ilə bağlı gözəl fikirlər səsləndirdilər. Fransa mətbuatında  bununla bağlı yazılar dərc olundu. Fransızlar mənim kiçik sənətimi böyük qiymətləndirdilər. Əslində, əsər möhtəşəmdir və gözəl sözləri var. Mən də üzərimə düşəni etdim. Bu əsəri ifa etməklə, xəyallarımı gerçəkləşdirdim. Növbəti dəfə də bu əsəri ifa etmək mənə təklif olunsa, böyük məmnuniyyətlə qəbul edərəm. 
 
 
 
- Siz beynəlxalq festivallarda, səfərlərdə çox iştirak edirsiniz. Ümumiyyətlə, beynəlxalq arenalarda muğamlarımıza münasibət necədir?
- Xaricilər muğamlarımızı çox maraqla dinləyirlər. O qədər həssaslıqla dinləyirlər ki, ifamdan sonra mənə yaxınlaşıb muğamı təhlil etməyə çalışırlar.  Hətta elə əcnəbi  tamaşaçılar olur ki, muğamı çox xırdalığına qədər analiz edirlər. Onlarla söhbət edəndə düşünürsən ki, bəlkə onun kökündə bir Azərbaycan qarışığı var. Muğamlarımızı digər musiqilərdən ayırd edirlər, onların adını çəkirlər. 
Onu da diqqətinizə çatdırım ki, bizim dərs dediyimiz təhsil müəssisələrində xaricdən gəlib muğamı öyrənmək istəyən tələbələrimiz də az deyil. İrandan, Koreyadan və digər ölkələrdən əcnəbi tələbələr muğamın sirlərini öyrənmək istəyirlər.  Əslində onları heç kim buna məcbur etmir. Onlar özləri muğamı dinləyib, buna maraq göstərirlər.
 
- Beynəlxalq Muğam Mərkəzində "Seyid Əzim Şirvani” adlı ədəbi musiqili gecədə sizin və tələbələrinizin möhtəşəm ifası oldu. 
- Bu konsert Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə baş tutmuşdu.  Konsertdə xalq artisti Simarə İmanova, xanəndələr Günay Mehdiyeva, Məftun Səfərli, Xalid İmanov və başqaları çıxış etdilər. Böyük şairin qəzəlləri muğam üstə ifa olunmaqla yanaşı, bir sıra xalq və bəstəkar mahnıları da səsləndirildi. Konsertin məqsədi isə Şirvan ədəbi irsinin qorunub saxlanması, gənc nəslə ötürülməsi, şairin əsərlərinin təbliği məqsədi daşıyırdı. Çox gözəl və maraqlı bir konsert oldu. Konserti kompozisiya şəklində təşkil etdik. Oxuduğumuz muğam təsnifləri keçidlə əvəzlənirdi. Böyük maraqla qarşılandı. 
 
- Elə bir konsert proqramı yenidən gözlənilirmi?
- Əslində, çox istəyərəm ki, belə bir konsert təşkil edək. İstəyirəm ki, tələbələrlə yenə  maraqlı bir layihəyə imza ataq. Təəssüf hissi ilə qeyd edim ki, bütün bunlara vaxt çatdıra bilmirəm. Zaman  sürətlə uçub gedir. Mənə elə gəlir ki, bir gün 24 saat yox, 12 saatdan ibarətdir. 
 
- Teyyub müəllim, eşitdiyimizə görə, siz həm də yaxşı qiraətçisiniz.
- Bilmirəm, siz bunu haradan eşidibsiniz. Bəlkə də "Dərviş” əsərində ifa etdiyim qəzələ görə deyirsiniz. Tədbirin təşkilatçıları  dedilər ki, bu əsərdə arada fasilələr yaranır, bu fasilələr olmasın deyə, Nəsiminin qəzəlləri 3 yerdə qiraət edilsin. Məsləhət görüldü ki, elə həmin qəzəlləri Teyyub Aslanov səsləndirsin. Bizim çox peşəkar aktyor və qiraət ustalarımız var.  "Dərviş” əsərində səsləndirdiyim qəzəl onların xoşuna gəldi. Ancaq sırf qiraətlə məşğul olmamışam. 
 
- Siz bu yaxınlarda "Şur” təsnifini yeni aranjemanda təqdim etdiniz. Bu zərurət nədən yarandı?
- Bilirsiniz ki, bizim musiqi qrupumuz var. Onlarla mütəmadi məşqlər edirik. Bir dəfə dostumuz, qarmon ifaçısı Aydın Əliyev mənə belə bir təklif etdi.  Əbülfət Əliyevin ifa etdiyi köhnə "Şur” təsnifini dinlədik. Məsləhətləşdik, onu aranjeman edərək yeni üslubda təqdim etmək qərarına gəldik. Tar ifaçımız Əliağa Sədiyev, nağara ifaçımız Elşad Şəkili ilə birlikdə belə bir layihəni ərsəyə gətirdik.  Mahnı 2017-ci ilin sonunda hazır oldu. 
 
 
 
- Yenilikdən söhbət düşmüşkən, istərdik bizə tələbələrinizin muğama olan münasibətindən, bu sənətə gətirmək istədiyi yeniliklərdən danışasınız. 
- Bu günün gəncləri yenilikçidirlər. Kurslarda təhsil alan hər tələbə sırf o sənətin arxasınca getmir. Bir kursdan yalnız 1, uzağı 2 xanəndə çıxır. Muğam ömrünün inkişaf dövrünü yaşayıb. Onu da deyim ki, muğam sənətinin diqqətdən kənar qalan dövrü mənim gənclik illərimə təsadüf edib. Həmin dövrdə belə, bu sənət nə yaddaşlardan silinib,  nə də xalqın sevgisindən məhrum olub. Bu sənət bizə dədə-babalarımızdan miras kimi yadigar qalıb. Muğam sənəti bizdən sonra da yaşayacaq. Bizim məqsədimiz odur ki, bu sənəti gənclərimizə öyrədək və onlar da yetişməkdə olan gənc nəslə ötürsünlər. Bunun üçün gənclər də səylə muğamı öyrənirlər. 
 
- Muğamın tənəzzül dövrünü gördüyünüzü bildirirsiniz. "Bu gün muğam intibah dövrünü yaşayır” deyə bilərikmi?  
- Əlbəttə. Bu da Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın  muğama olan diqqət və qayğısının nəticəsidir. Neçə illərdir ölkəmizdə Beynəlxalq və Respublika səviyyəli muğam müsabiqələri keçirilir. Bu müsabiqələrdə nə qədər istedadlı xanəndələrimiz yetişib, yetişir və yetişməkdədir
 
- Muğam müsabiqəsindən çıxmış hansı ifaçıların gələcəyini daha parlaq və uğurlu görürsünüz?
- Hər müsabiqədən 3-4 yaxşı ifaçılar çıxıb. Birinin adını çəkib o birisinin adını çəkməməyim yaxşı çıxmaz. Elə müsabiqə var ki, oradan sizə 5-6 nəfərin adını çəkə bilərəm. Hətta elə olur ki, o iştirakçılarla verilişlərdə, bəzi tədbirlərdə bir səhnəni paylaşırıq. Çox istedadlı gənclərimiz var. Elələri var ki, artıq xanəndə kimi yetişiblər. Misal üçün Ehtiram Hüseynov. Axır ki, mənə ad çəkdirdiniz (gülürük).  Ehtiram çox tərbiyəli, əxlaqlı bir insandır. Bütün məsuliyyətimlə deyirəm, o, tam şəkildə yetişmiş bir xanəndədir. Bu sənət elədir ki, gərək ömrün boyu öyrənəsən. Yaşın buna aidiyyəti yoxdur. Xüsusən də gənclər öz üzərilərində işləməlidirlər. Çünki muğam bir dəryadır, nə qədər işləyirsən, yeni çalarlar üzə çıxır. 
 
- Bu müsabiqələr ölkəmizə nə qazandırır?
- Müsabiqələr nəticəsində çox gözəl səslər ortaya çıxır. Münsiflər heyəti həmin səsləri tapır, yetişdirir və gələcək üçün xanəndə hazırlayır. Təsəvvür edin ki, bir müsabiqəyə 1000 nəfərdən çox iştirakçı müraciət edir. O 1000 nəfərin içindən 20 nəfər müsabiqəyə vəsiqə qazanır.  20 gəncin səsi xalqa çatdırılır. 3-4 ay ərzində onlar hər həftə yeni qəzəllər öyrənir və artıq bu sənətdə yetişir və püxtələşirlər. Nəticədə 4 aydan sonra bir xanəndə kimi tanınırlar. Deməzdim ki, peşəkar xanəndə olurlar. Çünki bir xanəndənin tam yetişməsi üçün uzun  zaman tələb olunur. Biz o səsləri qazanırıq. Tamaşaçılar o müsabiqəyə çox maraqla baxırlar. Danılmaz faktdır ki, bu müsabiqələr tamaşaçıların böyük sevgisini qazanıb. 
 
- Bizə bir nüans maraqlıdır, şou-biznes ulduzları toylara gedib, oradan gəlir əldə edirlər. Bəs muğam ifaçılarının  əsas gəlir yeri haradır, toylar?
- Muğam ifaçıları Opera və Balet Teatrında çalışır, təhsil müəssisələrində pedaqoq kimi çalışırlar. Digər qazanc yerləri isə el şənlikləridir. Toy xalqımızın adətidir. Müğənnilərin də, xanəndələrin də əsas gəlir yeri el şənlikləridir. Xaricdə sənət adamlarının əsas gəlir mənbələri konsertlər, albomlar və səfərlər olur.  Bizdə isə o sistem yoxdur.
 
- Əvvəllər toylarda muğama daha çox yer verilirdi. Ancaq indi estrada janrına daha çox üstünlük verilir. Bu tendensiyanın çoxalması sizin toyların sayını azaltmır ki?
- Zövqlər fərqlidir. Elə ev sahibləri var ki, toylarında yalnız muğam ifaçılarını görmək istəyir. Hansı ki, o toylar şəhərin ən gözəl restoranlarında keçirilir və böyük auditoriyası var.  Onu da diqqətinizə çatdırım ki, mən yalnız muğam ifa etmirəm. Bunun nəyi pisdir ki? Yeri gələndə xanəndələr xalq, oynaq, lirik mahnılar da ifa edirlər. Bacarığı varsa, niyə ifa etməsin? Yaxud da əksinə, estrada ifaçısı muğam ifa edə bilirsə, niyə də olmasın? Xanəndə estrada janrında mahnı ifa edə bilirsə, kimsə ona qəbahət tuta bilməz. Mən vokal sənəti ixtisasını bitirmişəm. Vokal dərsləri almağım, mahnı janrında mənə çox kömək  olur. 

Xəyalə  Rəis
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001