• çərşənbə, 24 Aprel, 12:04
  • Baku Bakı 27°C

Bir fotonun tarixçəsi

25.02.19 14:15 1188
Bir fotonun tarixçəsi
Bəzən uzun, yorucu və ağır müharibə illərini anlamaq üçün xronikaları, sənədləri, arxivləri araşdırmaq lazım gəlir. Amma birdən bir foto qarşına çıxır və müharibənin dəhşətlərini, yaratdığı fəsadları qalaq-qalaq sənədlərin əvəzinə bütün çılpaqlığı ilə əks etdirir. Müharibədə qalib olmağı necə təsəvvür edirik?

Şən kütlə, avtomatlarını uzaqlara tolazlayan əsgərlər. Amma bu klişe bəzən öz formatından çıxır və belədə bəzən həmin məqamları əks etdirən daha maraqlı fotolar bütün bir epoxanı ifadə edir. Belə fotolardan biri fotoqraf Alfred Eyzenştedtin "Life” jurnalı üçün çəkdiyi və bütün dünyada II Dünya Müharibəsində qələbənin simvollarından, rəmzlərindən birinə çevrilən "Tayms-skverdə öpüş” fotosudur. Fotonun maraqlı tarixçəsi onu bütün dünyada ən məşhur fotolardan birinə çevirib. 15 avqust 1945-ci il. Yaponiya bütün hərbi döyüşləri dayandıraraq kapitulyasiyasını elan edir. Bu artıq ABŞ üçün qələbə deməkdir. Bütün kütlə Tayms-skverə axışaraq qələbəni qeyd edir. İnsanlar yaxınlaşaraq qucaqlaşır, təbrikləşir, bir-birinə gül çələngləri hədiyyə edirlər. Alfred də onların arasındadır. O, fotoqrafı olduğu jurnal üçün material axtarışındadır. Bu zaman diqqətini dənizçi paltarında matros cəlb edir. O, digərlərindən fərqli olaraq, daha cəld tərpənərək sürətlə qucaqlaşır, öpür, təbrikləşir. Bu zaman tünd geyimli matros sanki kəpənəyi tutur. Belə ki, Alfred bəyaz geyimli tibb bacısını matrosun qucağında görür və məşhur fotosunu çəkir. Bu məşhur foto həmin an sanki Alfredin fotoaparatından çıxaraq öz taleyini ayrıca yaşamağa davam edir. Fotonu bir həftə sonra "Life” jurnalı üz qabığında çap edir. O, köynəklərin üstündə, evlərdə posterlər şəklində peyda olur. 60 ildən sonra Nyu-York rəhbərliyi məşhur fotonun heykəlinin açılışını edir. Açılışa bəyaz geyimli tibb bacıları kimi geyinmiş gənc qızlar və dənizçi paltarında xeyli gənc oğlan toplanmışdı. Eləcə də 2005-ci ildə II dünya müharibəsinin bitməsinin 60-cı ildönümündə foto yenidən "Life” jurnalın üz qabığını bəzəyir. Fotonu sirli və məşhur edən cəhətlərdən biri də tibb bacısını və dənizçinin kimliyi idi.
Tibb bacısını tapmaq elə də çətin olmur. Bu, Edit Şeyn idi. Lakin 2010-cu ilə qədər tibb bacısının kimliyi şübhə doğurmasa da, nədənsə foto ilə maraqlanan araşdırma aparan universitetlər tibb bacısının Qreta Fridman olduğunu təsbit edir. Lakin dənizçi ilə bağlı daha ciddi çətinliklər yaşanır. Belə ki, 1980-ci ilə qədər 11 gənc artıq özünü fotodan olan dənizçi kimi təqdim etmişdi. Lakin heç biri özünü sübuta yetirə bilmir. Edit Şeyn hətta onları xüsusi tapşırıqla da yoxlayırdı, "öpüşdən sonra mənə nə pıçıldadın?” deyə o namizədlərə müraciət edir. "Bəziləri nömrəni istədim, görüşə çağırdım, necə gözəl olduğunu vurğuladım” desə də Edit bunu səhv cavab olduğundan onların yalanını aşkara çıxarırdı. Düzgün cavab isə "heç nə demədin” idi. Sadəcə, qucaqladın, öpdün və getdin. Uzun illərdən sonra bir sıra ciddi və çətin yalan detektorunda keçirilən testlərdən sonra matrosun Qlen Makdaffi olduğu təsdiqlənir. Lakin bu da tam isbat olunmur. Çünki digər namizəd də Corc Mendos da matros olduğunu isbat edə bilir. İndiyə kimi dənizçinin şəxsiyyəti tam müəyyən edilməyib. Bəlkə də, bu sirlər fotonun daha da məşhurlaşmasına səbəb oldu.
Alfred bu fotodan sonra adını əsl fotoqraflar siyahısına sala bilib. Bir çox fotoqrafiya universitetləri onun adına "ən yaxşı foto” müsabiqələri təsis ediblər. Alfred fotonun uğurunu belə izah edirdi: "Matros tünd geyimdə idi, tibb bacısı isə bəyaz. Bu kontrast fotoya inanılmaz gözəllik verib”. Məşhur və ikonik fotonun çəkildiyi Leica IIIa fotoaparatı isə 2013-cü ildə keçirilən hərracda 114 min avroya satılıb. "Tayms skverdə öpüş” adı ilə tarixə düşən foto əsl qələbənin rəmzinə çevrilib.

Günel Eminli

banner

Oxşar Xəbərlər