AZE | RUS | ENG |


Bir filmin 75 illik izi ilə - Fotolar

Bir filmin 75 illik izi ilə - Fotolar
"Səbuhi"dən "Sübhün səfiri"nə qədər

Bakı kinostudiyasının əməkdaşları 1940-cı ilə böyük həvəs və ruh yüksəkliyi ilə sənətdə yeni axtarışlarla qədəm qoydular. Yeni forma və ifadə vasitələri bu axtarışların əsasını təşkil edirdi. Müharibə ərəfəsində Bakı kinostudiyasında bir-neçə bədii film, o cümlədən böyük Azərbaycan maarifçisi, dramaturqu və filosofu Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyətindən bəhs edən "Səbuhi” kino əsəri istehsala buraxılmışdı. "Yeni horizont” filminin çəkilişləri artıq başa çatdırılmışdı.
 
Heydər Əliyev: "O dövrə görə çox gözəl film yaranmışdır”
 
Müharibə başlanarkən tarixi-bioqrafik   janrda olan "Səbuhi”  filminin çəkilişləri hələ davam edirdi. Bu janrda filmin bizim kinostudiyada meydana gəlməsi təsadüfi deyildi. O dövrdə Sovet İttifaqının demək olar ki, bütün kinostudiyalarında vətənpərvərlik, xalqlar dostluğu mövzusunda, tarixi şəxsiyyətlər, tanınmış adamlar haqqında filmlər çəkilirdi.Filmin ssenarisini görkəmli ədəbiyyat tarixçisi, Axundov yaradıcılığının tədqiqatçısı Mikayıl Rəfili yazmışdır.
 
Filmdə qəhrəmanın həyatı və fəaliyyəti ilə bağlı çoxlu faktlardan istifadə olunub: onun 1834-cü ildə Tiflisə gəlməsi, o vaxtkı Zaqafqaziyanın qabaqcıl adamları və sürgündə olan rus dekabristləri ilə yaxınlaşması, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi vəzifəsində çalışması, mütərəqqi rus və Qərbi Avropa ədəbiyyatını, ictimai-fəlsəfi fikrini öyrənməsi, evlənməsi, ərəb əlifbasının latın qrafikası ilə əvəz olunması üçün mübarizə aparması və s. hadisələr ekranda öz əksini tapmışdır.

Ümummilli lider Heydər Əliyev bu filmlə bağlı belə bir ifadə işlətmişdir: "Ola bilər ki, bu gün bizim tənqidçilər desinlər ki, filmin burası belə, orası elədir, amma o dövrə görə çox gözəl film yaranmışdır”. Çox haqlı fikirdir. Məsələ burasındadır ki, filmdə bir sıra maraqlı səhnələr olsa da, bütövlükdə əsər dramaturji həllini tapa bilməyib. Elə ona görə də əsərin baş qəhrəmanı olan M.F.Axundzadənin (akt. İsmayıl Dağıstanlı) xarakteri tam açılmayıb. 

Bununla belə, filmdə tamaşaçıları vətənpərvər olmağa səsləyən səhnələr az deyil. Ekranda pis güzarandan cana doymuş və öz hüququları uğrunda mübarizəyə qalxmış kəndlilərin jandarmlar tərəfindən silah gücünə susdurulması təsvir olunmuşdur.  İri planda göstərilir ki, kəndlilərin ön cərgəsində  güllələnmiş balaca uşağın sıxılmış ovcunda daş qalmışdır. Ustalıqla lentə alınmış bu epizoda həyəcansız baxmaq olmur. Ana ölmüş balasını qucağına alıb fəryad edir…   

Tamaşaçı ilə birgə bu dəhşətli səhnəni seyr edən Səbuhi azadlığa gedən çıxış yolunu incəsənətdə aramağı qərara alır.

Belə bir təsirli epizodla biz Səbuhinin ərəb əlifbasının dəyişdirilməsi layihəsi ilə Türkiyəyə gedib, divan qarşısında çıxış etməsində rastlaşırıq. Donmuş simalar, sərt və şübhəli baxışlar. Kinokameranın obyektivi bir-bir bu qoca simaları bizə göstərdikcə, Səbuhi ilə birlikdə  həyəcan keçirir, narahat oluruq.
Tarixdən bizə məlum olan Axundzadə ilə filmdəki Səbuhi arasındakı fərq birincinin xeyrinə olsa da, ümumiyyətlə, Mirzə Fətəli Axun­dov haqqında bədii filmin çəkilməsi müsbət haldır.

 

Tələb: rus ziyalılarının təsiri aydın göstərilsin 
 
Filmdə sovet ideologiyasının tələblərinə tam cavab verən müxtəlif məsələlərlə qarşılaşırıq. Misal üçün, sovet hökuməti ölkədə 20-30-cu illərdə bütün dinlərə qarşı geniş miqyasda kampaniya təşkil etmişdi. Bu məsələdə ədəbiyyat və incəsənətdən təbliğat vasitəsi kimi istifadə edirdi. Bu baxımdan kinematoqrafiya onun əlində güclü silah idi. O vaxtlar ölkənin müxtəlif studiyalarında "Mollanın üçüncü arvadı” ("Sovkino”), "Müharibə Allahı” (Gürcüstan), "Müqəddəsin qızı” (Özbəkistan), "Canlı Allah” (Tacikistan; bu filmdə komsomolçu rolunda azərbaycanlı rejissor Muxtar Dadaşov çəkilmişdir) və s. bu kimi dinə qarşı çevrilmiş filmlər çəkilirdi. Bakıda lentə alınmış "Bismillah” bədii filmindən də İslam dini əleyhinə istifadə olunmuşdu. Halbuki bu film fırıldaqçı mollanın iç üzünü açıb göstərməyi qarşısına məqsəd qoymuşdu.

"Səbuhi” filmində müəlliflər dinə qarşı nifrətlərini açıq-aşkar bildirərək,  Səbuhinin dili ilə Şeyx Əliyə de­yirlər: "Mən sənin Quranına inanmıram, mən sənin şəriətinə inanmıram”. Qəribə orasıdır ki, bu sözləri qəhrəmanın adından rejissor Amo Beknazarov deyir. Həmin o Beknazarov ki,  erməni filmlərinin birində ona türk əsgəri rolunda oynamaq təklif olunanda o, bundan qəti şəkildə imtina etmişdi.

Bu filmin ikinci rejissoru Rza Təhmasib, baş operatoru Dmitri Feldman, ikinci operatoru Əsgər İsmayılov, bəstəkarı Tofiq Quliyev, geyim rəssamı İsmayıl Axundovdur.

Rejissor Rza Təhmasibin "Unuda bilmədiklərim” xatirələrindən məlum olur ki, onun şəxsi arxivində Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığından bəhs edən iki ədəbi ssenari saxlanılır. "Səbuhi” ssenarisini Mikayıl Rəfili, "Xalqın şairi” ssenarisini isə Hüseyn Mehdi yazmışdır. 
 
Onlardan M.Rəfilinin ssenarisi əsasında eyni adlı film çəkilmişdir. Hətta ssenari Moskvada qəbul edilərkən, müəllifə məsləhət görülmüşdü ki, M.F.Axundzadənin Bestyjev-Marlinski və Tiflisdə sürgündə olan başqa dekabristlərlə olan səhnələri artırılsın, mütəfəkkir dramaturqun fomalaşmasında rus ziyalılarının təsiri aydın göstərilsin.
 
Erməni Beknazarovun şikayət məktubunda nə yazılmışdı? 
 
Filmin çəkilişi iki rejissora Rza Təhmasibə və Amo Beknazarova tapşırılmışdı. İş burasındadır ki, bizim kinostudiyada milliyyətcə erməni olan A.Beknazarov bacarıqlı rejissor hesab olunduğu üçün bir neçə filmimizin, o cümlədən - "Vulkan üzərində ev (1928) və "Sevil” (1929) ekran əsərlərinin də quruluşu ona həvalə olunmuşdu. Hətta rejissor Səməd Mərdanov vaxtsız vəfat etdiyinə görə, onun "Kəndlilər” filminin (1939) montajını da A.Beknazarov etmişdi.


A.Beknazarov SSRİ Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri üzrə Komitənin sədri İ.Bolşakova Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovdan  şikayət məktubunda (27 fevral 1941-ci il) yazmışdır: "Yoldaş Abbasov ən yaxşı rəssamlardan olan V.Adeni fabrikdən kənarlaşdırmışdır. "Səbuhi” filmi üzrə eskizlər hazırlanması vaxtı gələndə mən rəssamsız qaldım.

Studiyada qrimçi yox idi. Yerevan kinostudiyasının direktoru yoldaş Ovanisyanla razılaşmaya görə biz aktyor sınaqlarını keçirmək və qrimi qurmaq üçün Yerevandan qrimçini çağırmalı idik. Bu da baş tutmadı (çünki bizim studiyada G.Parisaşvili kimi təcrübəli qrim üzrə rəssam var idi – A.K.).

Komitənin (Moskva nəzərdə tutulur – A.K.) əmrinə əsasən yoldaş Təhmasib II rejissor təyin olunmuşdur. Komitənin əsasnaməsinə əsasən II rejissorlar quruluşa görə qonorar almırlar. Yoldaş Abbasov bildirdi ki, yoldaş Təhmasib II rejissor deyil, sənin kimi quruluşçu rejissordur. Mən etiraz etdim. Dedim ki, mənə II quruluşçu rejissor lazım deyil. 18 film çəkmişəm. Hamısının da quruluşunu özüm vermişəm. 

Yoldaş Abbasov dedi: "Kimin quruluşçu rejissor olması burada deyil, Bakıda həll olunacaq. Siz yerli rejissorların qiymətini verə bilmirsiniz, onları saymırsınız. Bakıda bu məsələləri həll edəcək partiya və hökumət var.”


Yoldaş Abbasov məni demaqoqluqda günahlandırdı. Mən Moskvada sübut edirdim ki, Səbuhi roluna çəkilməyə Bakıda aktyorlar yoxdur.

"Səbuhi” filmində rus rollarından başqa bütün aktyorlar azərbaycanlılardır. Təkcə Tubu obrazından savayı. Bu rola nə studiyanın direktoru Abbasov, nə studiyanın aktyor şöbəsinin müdiri, nə də II rejissor yoldaş Təhmasib bir nəfər də olsun namizəd irəli sürməmişlər.

Yaranmış vəziyyətlə əlaqədar mən "Səbuhi” filmi üzərində çalışmağımın səmərəli olacağına əmin deyiləm. Ona görə də sizin təşkilati nəticə çıxarmağınızı xahiş edirəm”.

Bütün bunlardan başqa "Səbuhi” filminin quruluşu ilə bağlı A.Beknazarova çatacaq qonorarın Bakı kinostudiyasının rəhbərliyi tərəfindən tənzimlənməsi rejissorun etirazına səbəb olmuşdur. Çünki erməni rejissoru Bakıda işləyərkən, yüksək qonorar almağa adət etmişdi. Bu dəfə isə daş qayaya rast gəlmişdi.

 
 
Məhşər ayağına Rza Təhmasibi çəkirdilər
 
Çəkiliş meydanında bu iki  rejissorun dünyagörüşü, düşüncə tərzi, adət-ənənə, kolorit və başqa məsələlərlə əlaqədar etdikləri mübahisələrdən nə studiya rəhbərliyinin, nə də "yuxarı” təşkilatların xəbəri yox idi. Amma bu təşkilatları kiçik bir məsələ qane etməyəndə məhşər ayağına Rza Təhmasibi çəkirdilər. Çünki o, milli kadr idi.

R.Təhmasibin qızı Tamilla xanım xatirələrində yazır ki, günlərin birində görkəmli jurnalist Adil Əfəndiyev bizə qonaq gəlmişdi: "1970-ci ilin bir payız axşamı idi. Televiziya ilə həmin axşam "Səbuhi” filmi nümayiş etdirilirdi.


Film qurtarandan sonra bir müddət heç kim danışmadı. Sükutu Adil əfəndi pozdu:
 - Film mənə təsir etdi, əvvəl də görmüşdüm. Ancaq indi diqqətlə baxdım. Rza, gözəl film çəkmisən, sağ ol. 
- Adil, bilirsən, bu film üstündə başım nə qədər çəkib. İlahi, adama nə qədər mane olarlar. Kim necə bacarırdısa, nə qədər gücü çatırdısa. 

Atam başını əlləri arasına alıb "xatirələrə” daldı. Sonra gülümsünüb çayı qabağına çəkdi. Bir gün çəkiliş vaxtı qəribə əhvalat oldu. Bir epizodda Mirzə Fətəlinin arvadı Tubu ağlamalı idi. Leyla Cavanşirova  (Bədirbəyli – A.K.) ağlaya bilmirdi. Nə qədər çalışdıqsa, bir şey çıxmadı. Çəkilişi dayandırdım. Elan etdim ki, bu gün çəkiliş aparmayacağıq. Ancaq gizlicə göstəriş verdim ki, heç kim yerindən tərpənməsin, aparat hazır vəziyyətdə olsun, əmrimi gözləsinlər. Özüm isə bir tərəfdə arxayın durmuş Leylaya yaxınlaşdım. Bilirdim ki, uzun müddətdir oğlundan ayrı düşüb və çox darıxır. Odur ki, dedim: "Sabah, ya o birisi gün icazə verərəm, gedərsən, oğlunu görərsən. Elə bunu demişdim ki, Leylanın göz yaşları sel kimi axmağa başladı. Mən də "Motor”  deyə qışqırdım. Bu epizod çox təbii və inandırıcı alındı...”
 
Ümumiyyətlə, filmin iştirakçıları - İsmayıl  Dağıstanlı  (Mirzə Fətəli Axundzadə − "Səbuhi”), Leyla Cavanşirova (Tubu), Kazım Ziya (Şeyx Əli), Hüseynqulu Sarabski (Aşıq Səttar), Ağadadaş Qurbanov (Abbasqulu ağa Bakıxanov), Ələsgər Şərifov (Mirzə Şəfi), Möhsün Sənani (Vano), İsmayıl Əfəndiyev (Rza), Əli Qurbanov (Ağalarov),  Rüstəm Kazımov (Şeyxülislam), Mustafa  Mərdanov (akademiya rəisi) və başqa aktyorlar gözəl  ansambl təşkil etmişdilər.


Bir neçə il bundan əvvəl böyük dramaturq Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi təntənəli şəkildə keçirildi. Yubileyin keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalamışdı. Sərəncamda deyilirdi ki, bütün həyatı boyu doğma vətənin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır...

Sərəncama əsasən, C.Cabbarllı adına "Azərbaycanfilm” kinostudiyasında böyük yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin  həyat və yaradıcılığına həsr olunmuş "Sübhün səfiri” adlı tammetrajlı bədii film də (quruluşçu rejissor Ramiz Həsənoğlu, ssenarin müəllifi Anar) çəkilib ekranlarda nümayiş etdirilmişdir.
 
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi
  
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6864
GBP 1 İngilis funt sterlinqi 2.3097
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6438
SEK 1 İsveç kronu 0.2135
EUR 1 Avro 2.0342
CHF 1 İsveçrə frankı 1.7578
USD 1 ABŞ dolları 1.7008