• cümə axşamı, 25 aprel, 15:15
  • Baku Bakı 23°C

Bir əsrlik tarixə sahib orqan

12.09.18 09:15 732
Bir əsrlik tarixə sahib orqan
Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər ilk növbədə qanunların aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən və ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından asılıdır. Ümumi qayğı və məsuliyyət predmeti kimi, sivil dövlətlərdə nəzərdən keçirilən bu meyarlar hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyərək ciddi uğurlar qazanan müstəqil Azərbaycan üçün də hər zaman prioritetdir. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlamışdır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbinə uyğun olan məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə ciddi təminat yaratmışdır. Prokurorluq orqanlarının, qanunçuluğun və hüquq normalarının etibarlı təminatı olaraq nüfuzlu təsisat kimi yenidən təkmilləşdirilərək fəaliyyətini yeni dövrün tələbləri səviyyəsində qurması məhz Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur. Ulu öndərin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikada prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılaraq əsası qoyulmuş milli prokurorluq orqanları məhkəmə sistemində fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə öz işini dayandıran milli prokurorluq orqanları keçmiş sovetlər dönəmində sinfi dövlət maraqlarına xidmət etmiş, geniş səlahiyyətlərə malik olan prokurorluq orqanlarının fəaliyyəti uzun illər ərzində hakimiyyət bölgüsü prinsipi ilə uzlaşdırılmamışdır. Yalnız Ulu Öndər Heydər Əliyevin zəngin idarəetmə təcrübəsi ilə həyata keçirdiyi dövlət quruculuğu prosesi nəticəsində hər bir dövlət qurumunun, o cümlədən prokurorluğun dövlət idarəetmə mexanizmində yeri və rolu dəqiq müəyyən edilmişdir.
Ölkəmiz ikinci dəfə müstəqilliyini qazandıqdan sonra - 1991-1992-ci və 1993-cü ilin birinci yarısını əhatə edən dövr ərzində Azərbaycan dövləti siyasi və iqtisadi tənəzzül, separatçı meyllərin güclənməsi və vətəndaş müharibəsi, müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üzləşmiş və həmin vaxtı öz işini qanun çərçivəsində qura bilməyən prokurorluq, cinayətkarlığın, insanların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması hallarının qarşısını ala bilmirdi.
Yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən təxirəsalınmaz və qətiyyətli tədbirlər sayəsində ölkəmizdə dövlət çevrilişi cəhdləri, vətəndaş müharibəsi və separatizm təhlükəsi aradan qaldırılmış, cinayətkarlığa qarşı barışmaz mübarizə elan edilməklə, ictimai-siyasi sabitlik əldə edilmiş, demokratik hüquqi dövlət quruculuğu prosesinə başlanılmış, Azərbaycan Prokurorluğunun öz xalqının və müstəqil dövlətçiliyin maraqlarına xidmət edən qurum kimi formalaşmışdır.
Xalqımızın ümummilli liderinin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları sayəsində Azərbaycan Prokurorluğunun fəaliyyətində əsaslı dönüş yaradılmış, prokurorluğa qarşı tələbkarlığın artırılması, kadr korpusunun sağlamlaşdırılması və əməkdaşların məsuliyyət hissinin artırılması təmin edilmiş, prokurorluğun maddi-texniki təminatının daha da möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür.
26 aprel 2000-ci il tarixdə ümumilli lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə tarixi görüşündən sonra həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişiklikləri aparılmış, demokratik mahiyyətdə tam yenidən formalaşdırılmışdır. Müşavirədən sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara start verilmiş, ulu öndərin proqram xarakterli çıxışından irəli gələn tövsiyələr çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Prokurorluğun səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yanaşı, onun yeni strukturu hazırlanmış, dövrün tələblərindən irəli gələrək bir sıra yeni idarələr, şöbələr yaradılmışdır. Ötən müddətdə qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki və hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik, faktlara əsaslanma, vahidlik, mərkəzləşmə, siyasi bitərəflik bu gün prokurorluğun fəaliyyətinin əsas prinsiplərini təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Dövlət səviyyəsində və ölkə başçısının dəstəyi ilə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu yeni tələblər müstəvisində səmərəli fəaliyyəti üçün təkmilləşdirilmiş normativ hüquqi bazası olan, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilmişdir. Şəffaf və ədalətli prosedurlar əsasında kadr tərkibini mütəmadi olaraq yeniləşdirən prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları dərhal aradan qaldırmağa təminat verən nəzarət mexanizmi yaradılmışdır.
Prokurorluq orqanlarının müasir məzmunda yeniləşməsi işində dövlət başçısı cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsinin müstəsna əhəmiyyəti olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması, «Prokurorluq haqqında» qanunla müəyyənləşdirilmiş istiqamətlər üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi sahəsində xeyli işlər görülmüşdür.
Qeyd olunmalıdır ki, ölkəmizdə həm respublika miqyasında, həm də ayrı-ayrı regionlar səviyyəsində sosial-iqtisadi inkişaf daha da sürətləndirilmiş, yeni yüksəliş dövrünü yaşayan Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə dünyada ön mövqelərə çıxmış, demokratik və hüquqi dövlətimizin iqtisadi qüdrəti daha da artırılmaqla, ölkə həyatının bütün sahələrində sürətli irəliləyişlərlə səciyyələnən və xalqımızın həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə nəticələnən göstəricilərə nail olunmuş, dünya dövlətləri birliyinə daha sıx inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır.
Müasir dövrdə hər bir cəmiyyətdə müşahidə edilən korrupsiya xarakterli cinayətlərə qarşı ölkəmizdə elan olunmuş barışmaz mübarizə dövlət başçısının siyasi iradəsidir. "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun tətbiq edilməsi barədə 2004-cü il 3 mart tarixli sərəncamla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması korrupsiyaya qarşı mübarizəni Baş Prokurorluğun fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmiş, bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizənin aparılmasına şərait yaratmışdır. Həmçinin "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 22 iyun 2009-cu il tarixli fərmanla dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi və s. halların obyektiv yoxlanılmasının təmini ilə əlaqədar prokurorluq orqanlarının da qarşısında mühüm vəzifələr qoyulmuşdur.
Ümumilikdə, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" və digər qanunvericilik aktlarının qəbul edilməsi, normativ sənədlərin təsdiq edilməsi prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əhəmiyyətli olmuşdur.
Prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilməklə, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilə dərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülməklə, prokurorluğun kadr tərkibinin 66 faizini təşkil etmişdir.
Prokurorluğun hər bir əməkdaşı dövlət səviyyəsində göstərilən etimadın məsuliyyətini dərindən dərk etməklə, işlərini müasir tələblər səviyyəsində qurmaq, prokurorluqda formalaşmış sağlam iş mühitini daha da möhkəmləndirmək, cəmiyyətdə prokurorluğa artan ictimai etimadı qoruyub saxlamaq üçün bütün qüvvələrini səfərbərliyə almışdır. Öz peşə bayramını qeyd edən prokurorluq orqanları bundan sonra da ölkəmizdəki mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, digər dövlət təsisatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcəklər.
Pərviz İbayev
Bakı şəhəri, Nizami rayon prokuroru,
baş ədliyyə müşaviri
banner

Oxşar Xəbərlər