Bir əsrlik tarixə sahib orqan
Hər bir dövlətin
müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər ilk növbədə qanunların
aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi
keyfiyyətindən və ədalət mühakiməsinin beynəlxalq tələblərə
uyğunlaşdırılmasından asılıdır. Ümumi qayğı və məsuliyyət predmeti kimi, sivil
dövlətlərdə nəzərdən keçirilən bu meyarlar hüquqi dövlət quruculuğu yolu ilə
inamla irəliləyərək ciddi uğurlar qazanan müstəqil Azərbaycan üçün də hər zaman
prioritetdir. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın tələbi
ilə hakimiyyətə qayıtdıqdan sonra respublikada qanunun aliliyinin təmin
olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını
özünün başlıca fəaliyyət prinsiplərindən elan etmiş, bu ali məqsədlərin
gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim
diqqətdə saxlamışdır. 12 noyabr 1995-ci
il tarixdə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası
hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbinə uyğun
olan məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq
orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə ciddi
təminat yaratmışdır. Prokurorluq orqanlarının, qanunçuluğun və hüquq
normalarının etibarlı təminatı olaraq nüfuzlu təsisat kimi yenidən
təkmilləşdirilərək fəaliyyətini yeni dövrün tələbləri səviyyəsində qurması məhz
Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi islahatlar nəticəsində
mümkün olmuşdur. Ulu öndərin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr
ayının 1-i respublikada prokurorluq işçilərinin peşə bayramı günü elan
olunmuşdur.
Azərbaycan Xalq
Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı
Dairə Məhkəməsinin tərkibində yaradılaraq əsası qoyulmuş milli prokurorluq
orqanları məhkəmə sistemində fəaliyyət göstərmişdir. Azərbaycan Xalq
Cümhuriyyətinin süquta uğraması ilə öz işini dayandıran milli prokurorluq
orqanları keçmiş sovetlər dönəmində sinfi dövlət maraqlarına xidmət etmiş,
geniş səlahiyyətlərə malik olan prokurorluq orqanlarının fəaliyyəti uzun illər
ərzində hakimiyyət bölgüsü prinsipi ilə uzlaşdırılmamışdır. Yalnız Ulu Öndər
Heydər Əliyevin zəngin idarəetmə təcrübəsi ilə həyata keçirdiyi dövlət
quruculuğu prosesi nəticəsində hər bir dövlət qurumunun, o cümlədən
prokurorluğun dövlət idarəetmə mexanizmində yeri və rolu dəqiq müəyyən
edilmişdir.
Ölkəmiz ikinci
dəfə müstəqilliyini qazandıqdan sonra - 1991-1992-ci və 1993-cü ilin birinci
yarısını əhatə edən dövr ərzində Azərbaycan dövləti siyasi və iqtisadi
tənəzzül, separatçı meyllərin güclənməsi və vətəndaş müharibəsi,
müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üzləşmiş və həmin vaxtı öz işini
qanun çərçivəsində qura bilməyən prokurorluq, cinayətkarlığın, insanların hüquq
və azadlıqlarının kütləvi şəkildə pozulması hallarının qarşısını ala bilmirdi.
Yalnız ümummilli
liderimiz Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra
həyata keçirilən təxirəsalınmaz və qətiyyətli tədbirlər sayəsində ölkəmizdə
dövlət çevrilişi cəhdləri, vətəndaş müharibəsi və separatizm təhlükəsi aradan
qaldırılmış, cinayətkarlığa qarşı barışmaz mübarizə elan edilməklə,
ictimai-siyasi sabitlik əldə edilmiş, demokratik hüquqi dövlət quruculuğu
prosesinə başlanılmış, Azərbaycan Prokurorluğunun öz xalqının və müstəqil
dövlətçiliyin maraqlarına xidmət edən
qurum kimi formalaşmışdır.
Xalqımızın
ümummilli liderinin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq
islahatları sayəsində Azərbaycan Prokurorluğunun fəaliyyətində əsaslı dönüş
yaradılmış, prokurorluğa qarşı tələbkarlığın artırılması, kadr korpusunun
sağlamlaşdırılması və əməkdaşların məsuliyyət hissinin artırılması təmin
edilmiş, prokurorluğun maddi-texniki təminatının daha da möhkəmləndirilməsi
istiqamətində böyük işlər görülmüşdür.
26 aprel 2000-ci
il tarixdə ümumilli lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər
işçiləri ilə tarixi görüşündən sonra həyata keçirilən məqsədyönlü tədbirlər
sayəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişiklikləri
aparılmış, demokratik mahiyyətdə tam yenidən formalaşdırılmışdır. Müşavirədən
sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara start
verilmiş, ulu öndərin proqram xarakterli çıxışından irəli gələn tövsiyələr
çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətləri
müəyyənləşdirilmişdir. Prokurorluğun səlahiyyətləri və fəaliyyət istiqamətləri
ilə yanaşı, onun yeni strukturu hazırlanmış, dövrün tələblərindən irəli gələrək
bir sıra yeni idarələr, şöbələr yaradılmışdır. Ötən müddətdə qanunçuluq, hər
kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki və hüquqi şəxslərin
hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik, faktlara
əsaslanma, vahidlik, mərkəzləşmə, siyasi bitərəflik bu gün prokurorluğun
fəaliyyətinin əsas prinsiplərini təşkil etmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də prokurorluq
orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Dövlət səviyyəsində və ölkə
başçısının dəstəyi ilə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin
nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu yeni tələblər müstəvisində
səmərəli fəaliyyəti üçün
təkmilləşdirilmiş normativ hüquqi bazası olan, demokratik məzmunlu fəaliyyət
prinsipləri və iş metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına
çevrilmişdir. Şəffaf və ədalətli prosedurlar əsasında kadr tərkibini mütəmadi
olaraq yeniləşdirən prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət
hissi artırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları
dərhal aradan qaldırmağa təminat verən nəzarət mexanizmi yaradılmışdır.
Prokurorluq
orqanlarının müasir məzmunda yeniləşməsi işində dövlət başçısı cənab İlham
Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Prokurorluğun fəaliyyətinin
müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın təsdiq
edilməsinin müstəsna əhəmiyyəti olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində
yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq
sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması,
cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə
orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində
müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş
informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının
müdafiəsində peşəkarlığın artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi,
habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və
prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması, «Prokurorluq
haqqında» qanunla müəyyənləşdirilmiş istiqamətlər üzrə fəaliyyətin daha da
təkmilləşdirilməsi sahəsində xeyli işlər görülmüşdür.
Qeyd olunmalıdır
ki, ölkəmizdə həm respublika miqyasında,
həm də ayrı-ayrı regionlar səviyyəsində sosial-iqtisadi inkişaf daha da
sürətləndirilmiş, yeni yüksəliş dövrünü yaşayan Azərbaycan iqtisadi inkişaf
göstəricilərinə görə dünyada ön mövqelərə çıxmış, demokratik və hüquqi dövlətimizin
iqtisadi qüdrəti daha da artırılmaqla, ölkə həyatının bütün sahələrində sürətli
irəliləyişlərlə səciyyələnən və xalqımızın həyat səviyyəsinin əhəmiyyətli
dərəcədə yüksəlməsi ilə nəticələnən göstəricilərə nail olunmuş, dünya
dövlətləri birliyinə daha sıx inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu
əhəmiyyətli dərəcədə artmışdır.
Müasir dövrdə
hər bir cəmiyyətdə müşahidə edilən korrupsiya xarakterli cinayətlərə qarşı
ölkəmizdə elan olunmuş barışmaz mübarizə dövlət başçısının siyasi iradəsidir.
"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun tətbiq edilməsi barədə
2004-cü il 3 mart tarixli sərəncamla Azərbaycan Respublikasının Baş prokuroru
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması korrupsiyaya qarşı
mübarizəni Baş Prokurorluğun fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi
müəyyənləşdirmiş, bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizənin
aparılmasına şərait yaratmışdır. Həmçinin "Dövlət və bələdiyyə əmlakının
və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara
qarşı mübarizənin gücləndirilməsi haqqında" 22 iyun 2009-cu il tarixli
fərmanla dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, bələdiyyələrin
vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik,
istifadə və sərəncam verilməsi və s. halların obyektiv yoxlanılmasının təmini
ilə əlaqədar prokurorluq orqanlarının da qarşısında mühüm vəzifələr
qoyulmuşdur.
Ümumilikdə,
"Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq
işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları
işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında",
"Prokurorluğun rəsmi emblemi haqqında" və digər qanunvericilik
aktlarının qəbul edilməsi, normativ sənədlərin təsdiq edilməsi prokurorluğun
fəaliyyətinin hüquqi tənzimlənməsi prosesinin beynəlxalq standartlara
uyğunlaşdırılması baxımından əhəmiyyətli olmuşdur.
Prokurorluq
orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü
tədbirlər davam etdirilməklə, kadrların şəffaf və obyektiv meyarlar əsasında
seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilə dərin biliyə malik yüksək
ixtisaslı gənc hüquqşünaslar hesabına
mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülməklə,
prokurorluğun kadr tərkibinin 66 faizini təşkil etmişdir.
Prokurorluğun hər bir əməkdaşı dövlət
səviyyəsində göstərilən etimadın məsuliyyətini dərindən dərk etməklə, işlərini
müasir tələblər səviyyəsində qurmaq, prokurorluqda formalaşmış sağlam iş
mühitini daha da möhkəmləndirmək, cəmiyyətdə prokurorluğa artan ictimai etimadı
qoruyub saxlamaq üçün bütün qüvvələrini səfərbərliyə almışdır. Öz peşə
bayramını qeyd edən prokurorluq orqanları bundan sonra da ölkəmizdəki mütərəqqi
islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, digər dövlət
təsisatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin
maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və
vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak
edəcəklər.
Pərviz İbayev
Bakı şəhəri,
Nizami rayon prokuroru,
baş ədliyyə
müşaviri