• cümə, 29 Mart, 14:17
  • Baku Bakı 14°C

“Bir dəfə zirvəni gördünsə, səni oradan heç kim ayıra bilməz” - Fotolar

23.07.19 11:00 30806
“Bir dəfə zirvəni gördünsə, səni oradan heç kim ayıra bilməz” - Fotolar
Təhlükə, risk, esktrim onun üçün zövqdür. Dağları o qədər sevir ki, danışanda həyəcandan dili-dodağı quruyur. Düşünür ki, ölüm riski olsa belə, hər bir insan ömründə bir dəfə də olsa, zirvə yolçuluğuna çıxmalı və bunun həzzini yaşamalıdır.Müsahibimiz alpinist Qərib Tağızadədir. Bakıda, Binə kəndində anadan olub. 121 saylı məktəbi bitirdikdən sonra Sankt-Peterburqda Mülki Aviasiya Akademiyasında təhsil alıb. Hazırda əcnəbi şirkətdə Rope Accesdir (Rope Acces neft-qaz sahələrində əl çatmayan yerlərə ip vasitəsilə çatanlara deyilir). Həmsöhbətimiz öz işində ən yüksək - 3-cü səviyyəyə gəlib və dünyanın ən nüfuzlu sertifikatı olan Irata sertifikatını alıb.

- Qərib bəy, alpinizmə marağınız necə yaranıb? Dağ sevgisini necə kəşf etdiniz?
- Adrenalini sevirəm. Əslində, çalışdığım sahə də riski sevir. Hobbimlə birlikdə ikiqat təhlükə yaşayıram. Alpinizm işlədiyim yerdən daha təhlükəlidir. Dağçı Nurlan Xudazarovla bir yerdə böyümüşük. O, dağ turizmi ilə məşğul olurdu. 2014-cü ildə mən də ona qoşuldum və ilk dağ macəram başladı. Təsəvvür edin, dağda istifadə etdiyim geyim, paltarlar mənim deyildi. Hər şey çox narahat idi. Ciddi dərəcədə əziyyət çəkdim. Mexaniki olaraq kampa gec çatdığım üçün Nurlan da mənimlə gec çatdı. Orada hamı çadırlarını qurmuşdu. Bizə düz yer çatmadı. Nurlan məcbur olub əyri yerdə çadır qurdu. Yataq kisəsi deyilən bir geyim var ki, yatanda soyuq olmasın deyə içinə giririk. O zaman əl-qol işləmir. Adam özünü bələkdə olmuş kimi hiss edir. Yer düz olmasa, baş aşağıdadırsa, ayaqlar adamın üstünə gəlir. Səhərə qədər soxulcan kimi dırmanırdım. Bütün gecəni çadırda mübarizə apardım. Özümə söz verdim ki, bir də dağa gəlməyəcəyəm. Ayaqlarımın ağrısı 10 gün çəkdi. Amma ağrı keçəndən sonra Nurlana yazdım ki, yenə də dağ istəyirəm. O yol məni Elbrusa qədər apardı.

- Özünüz də vurğuladınız ki, hər zaman təhlükəli işlərlə məşğul olmusunuz. Təhlükəni sevirsiniz, ya bu bir daxili tələbatdır?
- Yəqin ki, bu mənim psixoloji strukturumdan asılıdır. Loru dildə desək, "Allah, Allah” deyərək edəcəyim işləri sevirəm. Ekstrim, risk etmək mənim üçün zövqdür. Məncə, bu xasiyyətdir. Ailəm də bu xasiyyətimə bələddir və məni dəstəkləyir. 3 nəfər dostlarımız dünyasını dəyişəndə, atam sadəcə bir söz dedi ki, ehtiyatlı ol və çox risk etmə. Ailəm elə bilir ki, mən 1B marşrutu ilə hərəkət edirəm. 1B dırmanaraq deyil, daha düz yolda yeriyərək qalxmaqdır. Amma evdə bilmirlər ki, ən risklilərini edirəm. Dağla bağlı hər şeyi sevirəm. Amma məni daha çox cəlb edən ekstrimdir. Onlar mənə həyəcan verir. Yaşadığımı hiss edirəm. Dağlarla bağlı ən çox sevdiyim nüans isə Azərbaycan bayrağını zirvələrə sancmaqdır. Bayrağa çox bağlıyam. Heç vaxt demirəm ki, Azərbaycan bayrağı zirvələrə yaraşır. Zirvələr Azərbaycan bayrağına yaraşır və bizdən bunu tələb edir. Biz də onu qaldırırıq.

- Dağdan danışanda həyəcanlanırsınız. O sevgini bizə necə izah edə bilərsiniz?
- Dağlar tam başqa və ciddi dərəcədə çətin aləmdir. Heç nəyə oxşamır və izahı yoxdur. Şəhərdən çıxırsan, dağa yollanırsan. İlk olaraq, hamıdan uzaq olursan. İnternet olmur, zəng gəlmir. Yanında yalnız ekspedisiya yoldaşların olur. Dağa gedərkən heç kim əmin deyil ki, zirvəni başa vuracaq. Amma istər böyük, istər kiçik zirvələrin özünəməxsus qəribə hissləri var. İnsan nə qədər yorğun olsa da, zirvəyə çatır, o yorğunluq yox olur. Hətta 2 dəqiqə dayanmaq imkanın olsa belə... Və o həzzi heç nə ilə əvəz etmək mümkün deyil. Dağa gedən insan ciddi hazırlaşır və əziyyət çəkir. Zirvəyə çıxanda bütün əziyyətlərinin bəhrəsini görürsən. Ölüm riski o qədər çoxdur ki... Böyük risk altında getdiyini bilə-bilə gedirsən. Dağ xəstəliyi deyə bir xəstəlik var. Dağçılar bu xəstəliyə tutulur. Dostlarım var ki, deyir, gecə 3-də oyanıram, ayaqlarım sızıldayır, dağa getmək istəyirəm. Bir dəfə zirvəni gördünsə, səni oradan heç kim ayıra bilməz. Dağın havasını, təbiətini, 12 saat ərzində dəyişə bilən fəsillərini sevirəm. Çox soyuq havada gecə 2-də oyanıb yola düşməyi sevirəm. Əziyyətdir, amma nəticəsi çox gözəldir.

- Hansı dağlarda olmusunuz?
- Kiçik Qafqaz dağlarından 3 dəfə Kəpəzdə olmuşam. 2 dəfə Qoşqarın zivəsinə qalxmışam. İlk qalxdığım zirvə Xızıda Dübrar dağı olub. 3 dəfə Heydər zirvəsində, Şahdağ, Bazardüzü, Tufan, Çingiz zirvələrində olmuşam. İranda Taftan dağına (4000 metr), Savalana (4811 metr), Demavendə səyahət etmişəm. 2018-ci ilin avqust ayında isə, Avropanın və Qafqazın ən yüksək zirvəsi olan Elbrusa (5642 metr) qalxmaq qismət oldu.

- Sevginizi elə gözəl ifadə etdiniz ki, alpinist olmaq istədim. Amma dağlar həm də vəhşi heyvanların məkanıdır axı... Bir az da başınıza gələn təhlükəli hadisələrdən danışaq.
- Hündür dağlarda saatlarla zirvəyə doğru yol gedirsən. Çox qatı duman və pis hava insan ölümünə səbəb ola bilər. Məşhur türk alpinist Tunç Fındık deyir ki, dağa qalxanda sanki başınızı şirin ağzına salmısınız və dua edirsiniz ki, ağzını bağlamasın. Dağlarda fiziki və psixoloji hazırlıqla yanaşı, şans da lazımdır. Ən çətini isə vəhşi heyvanlardır. Əsasən payız aylarında səhər yuxudan oyanıb, çadırların yaxınlığında canavar sürüsü, ayı, qaban izləri görmüşük. Amma inanın, yırtıcı heyvanlardan daha çox dağ keçiləri təhlükəlidir. Onlar insanı təhlükə kimi görürlər və başımıza daş salmağa çalışırlar. Uçurumun kənarında dayanır, ayaqları ilə qaya parçalarını aşağı atırlar. Savalan dağının 3600 metrdə yerləşən Base kampı ayıları ilə məşhurdur. Boyları çox kiçikdir, amma yanlarında balaları olanda aqressiv olurlar. 2018-ci ilin iyununda yanında iki balası olan ayı zibil qutularını eşələmək üçün kampa gəldi. İranlı fotoqraf qız ayı balasının şəklini çəkmək istədi və bu, faciə ilə nəticələndi. Ayı qızı parçalayaraq 40-50 metr sürüdü... Amma nə qədər təhlükəli olsa da, mən dağlardakı gözəllikləri çəkməyi və paylaşmağı sevirəm. Zənnimcə, hər kəs ömründə bir dəfə də olsa, o zirvə yolçuluğuna çıxmalı və zirvə həzzini yaşamalıdır.

- Bəzən dağa gedən xanımları qınayırlar. Yəqin ki, komandanızda xanımlar olub. Onların potensialını necə qiymətləndirirsiniz?
- Qızlar bəzən oğlanlardan daha inadcıl və əzmkar olurlar. Mənim dostum Zəhra 10 gün əvvəl Avropanın ən yüksək zirvəsi Elbrusdan qayıdıb. Günay Muradova uşaq həkimidir və ilk cəhdində Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzünə qalxdı. Dağlarda hamıya yer var. Əzmkarlıq, dözümlülük təkcə kişilərə xas xüsusiyyət deyil ki... Düzdür, qadınlar daha incə, zərif varlıqlardır. Amma onlar istəyəndə içlərindən, sözün yaxşı mənasında canavar çıxa bilər. Sadəcə çox ehtiyatlı olmaq lazımdır. Dağın gözəlliyindən danışdıq, amma dağın üzü dönəndə, eynilə dəniz kimi vəhşiləşir. Təbiət böyük qüvvədir, onun önündə heç bir canlı dayana bilməz.
Aygün ƏZİZ




banner

Oxşar Xəbərlər