
Qrup yoldaşı, dost, sevgili və ailə – Ailə
Gənclik qəzeti
26 Aprel 2019, 11:00
1417
Nazim Xəliloğlu:
"Səmimi idi, hərəkətləri, jest-mimikaları ilə özünü sevdirməyi bacarırdı”
Yasəmən
Quliyeva: "Hara gedirəmsə, deyirəm ki, kaş Nazim yanımda olsun, rahat olum”
Qrup
yoldaşı, sonra da dost olublar. Lakin o vaxtlar heç biri sevgili olacaqlarını
düşünməyiblər. Zamanla isə isə münasibətlərinin forması dəyişir. Bu gün artıq 5
ildir ki, ailəlidirlər.
Bu dəfə
"Ailə” rubrikamızın qonaqları ARB
televiziyasının redaktoru Nazim Xəliloğlu və həyat yoldaşı ARB TV "Aranfilm Yaradıcılıq Mərkəzi"ndə ssenari müəllifi kimi çalışan Yasəmən Quliyevadır.
Qrup
yoldaşı olublar, bir-birlərini də elə o vaxtdan tanıyırlar. Nazim deyir ki, əvvəllər
heç vaxt Yasəmənlə sevgili olacağını düşünməyib: "İkimiz də Mədəniyyət və İncəsənət
Universitetinin ssenarist ixtisasında oxuyurduq. İlk vaxtlar heç qrup yoldaşı
olaraq da yaxın münasibətimiz olmayıb. Dərsdə ixtisasımıza uyğun olaraq, bizə
müxtəlif tapşırıqlar verilirdi, ona uyğun ssenari yazırdıq. Bir dəfə Yasəmən
bir yazı yazmışdı, bütün qrupu təəccübləndirmişdi. O vaxt onu bir az kəşf etmiş
oldum. Sonra zamanla dostlaşdıq, 2 il dostluq etdikdən sonra da sevgili olduq.
Əvvəllər heç sevgili olacağımızı düşünməzdim. Çünki qızlarla görüşə gedəndə
geyimimlə bağlı hər şeyin qaydasında olub-olmadığını soruşurdum, o da kömək
edirdi. "Saçını belə etsən, daha qəşəng görünərsən” deyirdi. Yəni mənə belə məsləhətlər
verən adam idi. Amma dostluğun axırına birinci çıxan da o oldu. Təklifi birinci
o vermişdi (Gülür)”.
Yasəmən
də bu dostluğun sevgiyə çevriləcəyini fikirləşmirmiş. İlk təklifin ondan gəlməsinin
səbəbkarı isə Nazimin davranışları olub: "Bir dəfə də Nazim dərs üçün
"Badamgöz” adlı hekayə yazmışdı. O yazı ilə də mən onu daha yaxşı tanıdım.
Dostlaşdıq, amma sevgili olacağımızı heç düşünmürdüm. Sonra münasibətimiz elə həddə
çatmışdı ki, hara getsəm, maraqlanırdı. O vaxt bir-birimizə "dostik” deyirdik.
Mənə deyirdi ki, dostik, bu gün hara gedəcəksən? Deyirdim ki, teatra. Teatra
gedəndə onu teatrın qarşısında görürdüm. "Nə var, niyə gəlibsən?” kimi sual beynimdə olurdu. 3 dəfə, 5 dəfə,
axırda düşündüm ki, bu, niyə belə edir? Mən də hisslərimi gizlədən deyiləm.
Hardasa, 3-cü kursun sonu idi, dedim ki, nə məsələdir, dostsan, bilim dostuq,
sevgilimsən, bilim sevgilimsən... O da fikrini dedi (gülür)”.
Nazim
deyir ki, Yasəmən tələbə vaxtı ona dadlı kekslər bişirib gətirirmiş, amma evlənəndən
sonra onu görməyib: "Deməli, dost olduğumuz vaxtlarda tez-tez yumru kekslər
bişirib gətirirdi, "özüm bişirmişəm, evdə yeyərsən” deyirdi. Çox dadlı olurdu,
xoşuma gəlirdi. Yasəmənə qarşı fikrimin dəyişməsində o kekslər də rol
oynamışdı, amma evlənəndən sonra o keksləri görmürəm. Oğlanlara məsləhət görürəm
ki, belə şeylərə aldanmasınlar (gülür).

"Qazandığım pullar xonçalara gedirdi”
Universiteti
bitirəndən sonra Nazim hərbi xidmətə gedir, qayıtdıqdan sonra nişanlanırlar. 3
il nişanlı qalırlar. Azərbaycanda ailələr uzun müddət nişanlı qalmağı məsləhət
görmürlər. Bu mövzuda Nazimin də ürəyi dolu idi: "Dalaşa-dalaşa keçirdik
(gülür). Maksimum dərəcədə az nişanlı qalmaq lazımdır. Qazandığım pullar
xonçalara gedirdi. Çox bərbad adətdir. Heç Yasəmənin valideynləri xonça
aparmağımızı istəmirdilər, amma böyüklərimiz deyirdilər ki, yaxşı deyil,
aparmalıyıq”.
Yasəmən
isə sevgililik müddətinin çox olmasının tərəfdarıdır: "Nişanlılıq müddəti odur
ki, cütlüklər bir-birini daha yaxşı tanısın. Amma bizdə nişan qaytarılırsa, bu,
faciə kimi qəbul edilir. Ona görə, tez nişanlanmaqdansa, sevgili müddətini çox
saxlamaq yaxşıdır”.

"Yeməyimi yedimsə, divanda uzanmalıyam”
Evləndikdən
sonra Yasəməni Nazimlə bağlı təəccübləndirən məqamlar olub: "Düzdür, çox şey təsəvvürümdə
olduğu kimi qaldı, amma bəzi xüsusiyyətləri məni qıcıqlandırırdı. Məsələn, işdən
ondan bir saat gec gəlirdimsə, otağa girəndə görürdüm ki, stolun üstündə 6-7
fincan var. Birinci dəfə elə bildim ki, qonaq gəlib. Sonra məlum oldu ki, hər dəfə
çay içəndə başqa fincan götürür. "Birinci içdiyin fincanı yaxala, sonra yenə
onda iç” deyirdim. Deyirdi ki, belə öyrəşmişəm. Corabın bir tayı bir otaqda
olurdu, o biri tayı başqa otaqda. İndi bir az düzəlib”.
Nazim
deyir ki, ana rahatlığına öyrəşən adam olduğu üçün o, belə şeyləri qəbul edə
bilmirmiş: "Axı analar oğlanlarına baxdığı kimi, həyat yoldaşları onlara baxmır
(gülür). Yemək yeyəndən sonra boşqabı aparıb mətbəxə qoymaq nədir? Yeməyimi
yedimsə, divanda uzanmalıyam. Mamam yığışdırırdı. Sonra artıq gördüm ki, iki nəfərlik
həyat başqadır, müəyyən qədər o komfortdan əl çəkməlisən”.
Evləndikdən
sonra isə Nazim həyat yoldaşının necə qayğıkeş olduğunu görüb: "Bir müəllimimiz
var idi, həmişə deyirdi ki, eyni yaşda olan qızla oğlan arasında 10 yaş fərq
olur. Bizim də bir yaş fərqimiz var. Evləndikdən sonra gördüm ki, o, məndən bir
neçə yaş böyükdür. Bəzən mübahisəli məqam olurdu, inciyirdi, amma mən
"haqlıyam” deyib dirəşirdim. Müəyyən zaman keçdikdən sonra haqsız olduğumu başa
düşürdüm. Ailənin nə demək olduğunu dərk etmək üçün mənə bir müddət vaxt lazım
oldu, ancaq o, artıq dərk etmişdi”.

"Mənə indiyə kimi "bunu geyinmə” deməyib”
"Ailədə
biri od olanda biri su olmalıdır” deyirlər. Yasəmən bildirdi ki, əvvəllər ikisi
də od olublar, indi ikisi də sudur: "İkimiz də od idik, sonra gördük ki, iki
odla heç nə etmək olmur və ikimiz də su olduq. Artıq hadisələrə yanaşmamız dəyişib.
Əvvəllər problem etdiyimiz nüanslara indi başqa cür baxırıq. Hətta küsəndə bəzən
Nazimin səhvi olsa belə, barışmaq üçün mən addım atmışam, o isə hərəkətindən
utanıb”.
Bir-birini
bəyənməklərinə səbəb olan xüsusiyyətlərə gəlincə, Nazim, xanımının səmimiliyini
daha çox sevib: "Səmimi idi, hərəkətləri, jest-mimikaları ilə özünü sevdirməyi
bacarırdı. Kişilər elə şeylərə bir az uyumlu olur. Çəkiciliyi var. Sonra artıq
digər xüsusiyyətlərini kəşf etməyə başladım. Çox vaxt "sevmək, sevmək” deyirlər,
amma mənə elə gəlir ki, biz Yasəmənlə bir-birimizi sevməmişik. Sevmək ailə
qurmaq üçün kifayət deyil. Ailə üçün daha köklü xüsusiyyətlər lazımdır. Ömrünün
sonuna qədər bir adamla yola çıxmaq asan deyil. Mən Yasəməndə o yolu davam
etdirmək üçün lazım olan xüsusiyyətləri gördüm, bəyəndim”.
Yasəmən
isə Nazimin yanında rahat olduğunu dedi və bu, seçimində böyük rol oynayıb:
"Nazimin yanında rahat oluram. Universitet vaxtı hara getsəm, yanımda olmasını
istəyirdim. Bu gün də belədir. Bəzən kimsə deyir ki, kaş, həyat yoldaşım toya
getməsin, rahat olum. Amma mən hara gedirəmsə, deyirəm ki, kaş Nazim yanıma olsun,
rahat olum. İnsan var "onu eləmə”, "bunu eləmə”, "onu geyinmə”, "bunu geyinmə”,
kimi o qədər "olmaz”ları olur ki. Nazimdə bu, yoxdur. Deyir ki, sən özün hər
şeyin sərhədini bilirsən. Mənə indiyə kimi "bunu geyinmə” deməyib. Yaraşmadığı
halda deyib, amma qadağa kimi yox”.
Nazim
deyir ki, rahatlığın qarşılığını xanımından görür: "Bəzən oğlanlar evlənəndə
dostları "səni də itirdik” deyirlər. Çünki ailə qurandan sonra qayğılar artır,
saatlarla dost məclisində vaxt keçirmək heç də alınmır. Məndə bu cəhətdən çox
rahatdır. Dostlarım deyirlər ki, subay vaxtınla indi fərqlənmir. Yasəməndə "niyə?”
sualları yoxdur. Mən yazıram ki, bu gün dostlarla görüşəcəyəm, evə gec gələcəyəm,
"oldu” yazır. Arada lazım olanda təbii ki yığır, amma dalbadal zəng vurub "hardasan?”
sualını vermir”.

"Ağır yeməkləri bizim üçün anam bişirib göndərir”
Ailənin
mətbəxindən söhbət edək. Yasəmən yemək bişirməyi sevməsə də, Nazim bu cəhətdən
çox həvəslidir. Bəyin əlinin duzu da var, amma di gəl ki, xanım onun mətbəxə
keçməsinin ona baha başa gəldiyini deyir: "Duz qabından duz götürüb qazana
tökübsə, iki qabın arasındakı məsafə ancaq duz olur. Sarıkök götürdüyü qaşığı
çay dəsmalının üstünə qoyur. Belə misallar çoxdur. Yemək əla olur, amma yeməkdən
sonra 3 saat mətbəxi yığışdırıram. Ağır yeməkləri bizim üçün anam bişirib göndərir.
Qalan vaxtlar Nazimlə ikimiz idarə edirik”.
Nazim
deyir ki, televiziyada işləməsəydi, aşpaz olardı: "Yemək bişirməyi sevirəm. Ona
görə, imkan olan kimi mətbəxə keçirəm. Amma Yasəmənin də bacarığı yaxşıdır”.
"Vətəndaş nikahı ilə yaşamaq daha yaxşıdır”
5 ildir
evlidirlər. Hər ikisi yaradıcı adamdır. Nazim deyir ki, məişət qayğıları incəsənət
adamlarını yaradıcılıqdan uzaqlaşdıra bilir: "Biz hansısa Avropa ölkəsində
yaşasaydıq, nişanlanmaq, evlənmək kimi məcburiyyətimiz olmasaydı, bir yerdə yaşayardıq,
uşaq məsələsini bir az daha yuxarı yaşlara keçirərdik, yaradıcılığımızla məşğul
olardıq. Ailə quranda artıq üzərinə böyük yük götürmüş olursan. Bu, xanımın mənə,
ya mənim ona yük olmağım anlamına gəlmir. Amma Azərbaycanda ailə qurmaq üçün
pul yığmalı, 300-400 nəfərlik toy etməli, sonra sən toyuna gələnlərin toyuna
getməlisən, sonra uşaq olur, filankəs uşağına ad günü edib çağırır, sən də bunu
etməlisən və s. Bu kimi şeylər adamı yaradıcılıqdan uzaqlaşdırır. Uşaq müəyyən
bir müddətdən sonra olsa, daha yaxşı olar. Bu bazar günü ancaq evdə oturduq,
yemək bişirdik, evi yığışdırdıq, uşaqla oyandıq. Biz yazı yaza, hansısa kitab
oxuya, hansısa filmə baxa bilərdik, amma qayğılar bunlara vaxt ayırmağa imkan vermir.
Mən, müəyyən qədər bu kimi şeylərə vaxt ayıra bilirəmsə, Yasəməndə heç alınmır.
Çünki o, uşaqla daha çox vaxt keçirir”.
Yasəmən
də yaradıcı adamların gec evlənməyinin tərəfdarıdır: "Rejimim elədir ki, səhər
işə gedirəm, qayıdandan sonra ancaq ev işləri görürəm, uşaqla məşğul oluram. O
yatandan sonra Nazim bir-iki saat kitab oxuya bilirsə də, mən o qədər yorğun
oluram ki, onu da edə bilmirəm. Yaradıcı insanlar yaxşı olar ki, bizdəki kimi,
o ailədən qurmasınlar. Əvvələ qayıtsaq, yenə Nazimlə evlənərdim. Ondan
yaxşısını düşünmürəm, amma həddindən artıq məişətləşirəm. Bu proses bir neçə il
gec olsa, məncə, yenə də heç nə itirməzdik. Qızıma görə 3 il analıq məzuniyyətində
oldum, Nazim deyirdi ki, çox geri düşürsən”.
Nazim
deyir ki, həyat yoldaşı 3 il çalışmadığı müddətdə onların söhbət mövzusu da dəyişib:
"3 il müddətində söhbətimiz ancaq uşağın qarnının ağrımağından, yeməyindən və
s. olurdu. Mən onun işinə qayıtmağını istəyirdim. İndi gələndə, gördüyü işlərdən,
ünsiyyətdə olduğu adamlardan, çəkdikləri filmdəki hansısa detallardan danışır.
Bu, yaxşı bir şeydir. Mən Qərb insanlarını başa düşürəm, 40 yaşdan sonra
ata-ana olurlar. Məncə, yaradıcılığa vaxt sərf etmək üçün bu, normaldır. O
baxımdan, vətəndaş nikahı ilə yaşamaq daha yaxşıdır”.

"Uşaqdır” deyib qeyri-ciddi yanaşmırıq”
Amma həm
də yaradıcılıqlarının ən böyük zirvəsi 4 yaşlı qızları Nilufəri hesab edirlər.
O, dünyaya gələndən sonra həyatlarının başqa yöndə dəyişdiyini dilə gətirdilər.
Nazim deyir ki, özü üçün ideallaşdırılmış bir qız böyütmək istəyir: "Çalışıram
ki düz olsun, var-dövlətin, vəzifənin qarşılığında ədaləti tapdalamasın. Sərbəst
təxəyyüldə biri olmasını, mənimlə dost olmasını istəyirəm. Böyüdüyündə, sevgilisinin
olduğunu gəlib mənə rahatlıqla desin.
Cəmiyyətimizdə
kişilərin qadınlara yanaşması məni çox da qane etmir. Ona görə, özüm üçün
ideallaşdırılmış bir qız böyütmək istəyirəm. Travma alan, kişiləri pisləyən
qadınlardan olmasın, əksinə, elələri ilə qarşılaşanda atasını misal çəkib, daha
yaxşı bir örnək kimi danışsın. Bizdə qadını namus-qeyrət meyarı ilə ölçürlər,
amma mən onun vətənə faydalı fərd olmasını istəyirəm. Qadının bacarığına baxmaq
lazımdır, şəxsi həyatı, onunla bağlı fikir demək üçün meyar olmamalıdır. Məsələn,
onun 5 dəfə də sevgilisi olsa, mən ona heç vaxt qarışmaram. Şəxsiyyətin meyarı
cinsi həyatla ölçülməməlidir. Çalışdığımız qədər, cəmiyyətə faydalı övlad
böyütmək istəyirik”.
Yasəmən
isə bildirdi ki, qızlarının seçiminə hər zaman önəm verirlər: "Biz şəxsiyyət
böyütmək istəyirik. "Uşaqdır” deyib qeyri-ciddi yanaşmırıq. Ona fərd kimi
yanaşırıq. Hansı paltarı geyinmək istədiyini, hansı restorana getmək istədiyini
ondan soruşuruq. Restoranda yemək seçimi edəndə belə, onun istəyini nəzərə
alırıq”.

"Dediyim dedikdir” deməklə ailə olmur”
Sonda
ailəni möhkəm edən səbəblərdən danışdılar. Yasəmən, güzəştə getməyin çox vacib
amil olduğunu vurğuladı: "Dediyim dedikdir” deməklə ailə olmur. Bəzən ailələr
niyə dağılır? Oturub problemi müzakirə edə bilmirlər. Səhv olub, hər iki tərəf
oturub danışanda sonra görürsən ki, heç elə də böyük problem deyil. Maraq dairəsinin
eyni olması da önəmlidir. Fikirlər üst-üstə düşməlidir. Bir də kişi "qadındır,
evdə otursun” deməməlidir. Kişi qarşısındakına qadın yox, şəxsiyyət kimi
baxmalıdır”.
Nazim isə
qarşındakını səhvləri ilə qəbul etməyin önəmli olduğunu qeyd etdi: "Qarşındakı
insanı səhvləri ilə qəbul etməlisən. Bu zaman daha rahat olar. Cütlüklər
maksimum dərəcədə güzəştə getməli, qarşı tərəfin daha yüksəkdə olduğunu düşünməlidirlər.
Qalan problemlər o yüksəkliyə gəlib çatmamalıdır. Bizim aramızda elə problemlər
olub ki, çox cütlüklər həmin vaxt yollarını ayırardılar, amma biz bunu etməmişik.
Bir-birimizi çox istəmək bizi bir yerdə saxlayıb”.
Aygün
Asimqızı


Digər xəbərlər