• cümə axşamı, 18 aprel, 05:00
  • Baku Bakı 15°C

Bir-birini tamamlayan cütlük – Ailə

23.09.14 12:33 15809
Bir-birini tamamlayan cütlük – Ailə
Tural Yusifov: ““Kişiyəm, mənim dediyim olmalıdır” tipajı yaradan ailəyə Allah xoşbəxtlik nəsib etmir”

Səma Abiyeva: “Turalla birgə mənən böyüdük, ailə qurduq, bir-birimizə uyğunlaşdıq və bununla da bütövləndik”

Hər bir ailənin xoşbəxt olmasının, ailəni idarə etməsinin, ailədə mehribanlıq, firavanlıq yaratmasının bir sirri var. Onların sirri bir-biriylə düz, halal yaşayamaqdan keçir. Düşünürlər ki, həyat yoldaşından gizlənməyə başlayıb harama baş qoşacaq, yalan danışacaqsansa, o zaman ailədə xoşbəxtlik olmayacaq. Rubrikamızın bu dəfəki qonaqları 8 ildir eyni həyatı bölüşən 106.3 Fm radiosunda “Avtostop” verilişinin aparıcısı, “994 Production”nın rəhbəri DJ Tural Yusifov və radio aparıcı, eləcə də analar.az saytının baş redaktoru Səma Abiyevadır. Qeyd edək ki, hər ikisi birlikdə 106.3 Fm-də həm də “Avtobaz” verilişinin aparıcılarıdır. Əvvəlcə cütlüyün tanışlıq tarixçəsinə nəzər salaq.
Telefon danışıqları görüşə çevrilir
Tanışlıqları yaradıcı bir mühitdə baş tutub. Həmin vaxt Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi 20 yaşlı Tural Suraxanı rayonu üzrə Şən və Hazırcavablar Klubunun kapitanı, ssernaristi idi. 16 yaşlı Səma isə orta məktəbin 10-cu sinifində oxuyurdu. Hər ikisi eyni rayonda, eyni qəsəbədə yaşasalar da, bir-birlərini tanımırdılar. Əksər məktəblilər kimi rayonlarının Şən və Hazırcavablar Klubunun oyunları Səma üçün də maraqlı idi və bu klubun daimi izləyicilərindən sayılırdı. Növbəti oyunlarının vaxtını bilib həm özü, həm də sinif yoldaşlarına bilet almaq üçün klubun kapitanına müraciət edir və Tural oyunların vaxtı və yeri haqqında məlumat vermək üçün Səmanın nömrəsini alır. Sonra da söz verdiyi kimi, zəng edib oyunların hansı zalda keçiriləcəyi barədə məlumat verir. Beləliklə, bilet üçün bir-birləri ilə əlaqə saxlamaları aralarında isti münasibətlərin yaranmasına səbəb olur. Başa düşürlər ki, maraq dairələri eynidir, bir-birlərinə enerji ötürə bilirlər. Buna görə telefon söhbətləri görüşə çevrilir.
“Dedim, mən də onun kimi savadlı olmalıyam”
Səma deyir ki, Turala telefon nömrəsini verəndə məqsəddə və üfüqdə sevgi deyilən bir şey yox idi: “O yaşda təbii ki, hamı ali təhsili barədə fikirləşir. Tural da tələbə idi. Onun intellektual səviyyəsi, universitet tələbəsi olması, yaradıcılığa meyilliliyi, hətta müəyyən müddət “Melange” rep qrupunda oxuması məndə maraq oyatdı. Tural həyatımda mayak rolunu oynadı. Onun ümidlərini doğrultmaq, onun kimi olmaq üçün dedim ki, mütləq ali təhsil almalı, mən də onun kimi savadlı olmalıyam”.
Tural Səmaya qədər həyatını ayrı cür yaşasa da, Səmadan sonra hər şeyin dəyişdiyini düşünür: “Səma ilə tanışlığımız, evliliyimiz Allahın bir qismətidir. Biz bir-birimizi tamamlayırıq. Yəqin ki, Allahın sevimli bəndəsi olmuşam ki, qarşıma düzgün, yaxşı adam çıxıb”.
Evlilik qərarına gəlincə, Tural deyir ki, o, işləyib maaş alandan sonra buna qərar veriblər: “Universiteti bitirdim, hərbi xidmətə getdim, qayıdandan sonra ANS-də işləyib əmək haqqı almağa başladım. Yalnız bundan sonra qərarlaşdırdm ki, bir ay bizə yetəcək qədər maaş qazanıramsa, evlənib ailəmi saxlaya bilərəm. Beləliklə, 24 yaşımda evlənməyə qərar verdim”.
Səmanın fikrincə, ailələrinin möhkəm olmasına səbəb tez ailə qurduqlarından birlikdə böyümələridir: “Bəziləri üçün bu, mənfi bir haldır. Çünki tez ailə quran cütlüklərin çoxu hələ tam yetkinləşməmələri səbəbindən kapriz edir, dolanmırlar. Amma biz Turalla birgə böyüyərək, ailə quraraq bir-birimizə uyğunlaşdıq, əskiklərimizi düzəltməyə çalışdıq. Ən əsası isə həmişə maraqlarımız eyni olub”.
Qısqanclığın aparıcı etdiyi DJ
Səma Turalla bağlı maraqlı bir sirri də açdı. Deməyəsən, tarix fakültəsinin məzunu məhz gələcək həyat yoldaşının jurnalistikaya meylliliyi səbəbindən özü də incəsənət sahəsini seçib: “Əslində Tural incəsənətə meylli olsa da, tarix fakültəsinin məzunu kimi kabinet adamı olmaq üçün imkanı var idi. Amma əsl azərbaycanlı kişisinin düşüncəsi ilə mənim jurnalistikaya sevgimi qısqancıqla qəbul etdi, dedi, “Hövsanda yaşayırıq, oradakı adamlar hər şeyi ehtiyatla qarşılayırlar, deyəcəklər ki, filankəsin yoldaşı işə neçədə getdi, evə neçədə gəldi, televiziyada çalışır. Buna görə narahatam”. Amma bu sahədə karyera qurmaq üçün inad göstərdiyimi görüb belə bir optimal variant düşündü ki, o da jurnalistikada fəaliyyət göstərəcək və biz birlikdə çalışacağıq. Beləliklə, mənim sayəmdə radiomuz Tural kimi bir aparıcı qazandı”.
Mübahisə zamanı kim “od”, kim “su” olur?
Etiraf edək ki, mübahisə bütün ailələrin qaçılmaz bir tərəfidir. Mübahisəsiz ailəni təsəvvür etmək mümkün də deyil. Belə hallarda müsahiblərimizdən hansı “od”, hansı “su” olur?
Turalın sözlərinə görə, xanımı çox çılğın və emosionaldır: “Mən də emosional olmuşam, amma klassik güləşlə məşğul olduğuma görə bu xüsusiyyətimə qalib gələ bilmişəm. Emosional olduğum zaman müəllimim mənə psixoloji yardım göstərir, emosionallığın məğlubiyyətə gətirib çıxara biləcəyini deyirdi. Bilirəm ki, nə qədər çılğın, emosional olsan, bu, sənin məğlubiyyətindir. Səmada çılğınlıq var idi. Hadisələrə mən nə qədər təmkinlə yanaşırdımsa, Səma bir o qədər çılğın yanaşırdı. Amma ailədəki mübahisələr zamanla yoluna qoyulan bir şeydir. Biz ana-atamla yaşadığımıza görə onların da həyat təcrübəsindən yararlandıq”.
Səma da etiraf edir ki, mübahisə zamanı o, od olanda, çox vaxt Tural su olub: “Amma bu gündən sonra nəsə olanda, mən istəyərəm ki, mən su olum. Bəziləri deyir ki, valideynlərlə yaşamaq problem törədir, yəni gənc ailənin həyatına müdaxilə edirlər. Əvvəl mən də elə fikirləşirdim. Turalın valideynləri mənə deyəndə ki, bunu etmə, Tural əsəbiləşə bilər. Mən qadın hüquqlarından danışırdım, deyirdim ki, axı mən haqlıyam. Amma sonra başa düşürdüm ki, onlar düz deyirlər. Çətin məqamlarda Turalın valideynləri gözləmədiyim halda mənim yanımda oldular. Mənim üçün kəşf oldu ki, valideynlər övladlarının həyatına müdaxilə deyil, dəstək olurlar”.
Ailənin idarəçiliyi kollektiv işdir
Büdcənin kim tərəfindən idarə olunmasına gəlincə, Tural deyir ki, Səma ailələrinin maliyyə naziridir: “Ailə büdcəsini Səma idarə edir. Mən bədxərcəm. Ya mənim, ya Səmanın nədənsə sadəcə xoşumuz gəlsə, o qarşımda durmasa ki, bunu alma, mən həmin şeyi mütləq alacağam. Məsələn, Səmaya heç vaxt telefon almırıq, daha doğrusu, özü istəmir, təkidlərimə baxmayaraq, o, mənim köhnə telefonlarımı istifadə edir”.
Ailənin idarə olunması isə Turalın sözlərinə görə, kollektiv işdir: “Mənim 2-ci sinifdə oxuyan oğlum Önər məsələnin müzakirəsi zamanı elə bir ağıllı fikir söyləyə bilər ki, onun dediyi ilə gedərik. Ümumiyyətlə, nəsə edəndə ortaq məxrəcə gəlirik”.
Uşaq kiçik yaşlarından nəfsini idarə edə bilirsə...

Müsahiblərimiz 7 yaşlı övladlarını tərbiyə etmələri barədə də danışdılar. Tural deyir ki, oğlanlarına tərbiyə vermək əsasən anasının boynuna düşür: “Amma oğlumuzu tam demokratik şəraitdə böyüdürük. Hər şeyi ona izah etməyə çalışırıq ki, bu, nəyə görə pis, nəyə görə yaxşıdır. Məsələn, bütün uşaqların dadlı içkilərə həvəsi olduğu halda, Önərin həvəsi yoxdur. Çünki Səma onu elə öyrədib ki, o, başa düşür ki, ziyandır və buna görə bu cür içkilərə yaxın durmur. Nə istəyirsiniz edin, nə ona kolbasa, nə yoqurt, nə hormonu dəyişdirilmiş meyvə yedizdirə bilməzsiniz. Etika, insanlarla davranış və s. məsələlərin hamısını anasından götürüb. Mən oğluma yalnız konstruktur yığmaqda, idmanda, futbolda, üzgüçülükdə, velosiped sürməkdə, özünü müdafiədə, boksda kömək edə bilərəm.”.
Daxilində gizli mühafizəkarlıq olduğunu deyən Səmanın sözlərinə görə, buna görə Önər ondan daha çox ehtiyat edir: “Mən hər şeyin üstündə əsirəm, onun qidalanmasına xüsusilə fikir verirəm. Düşünürəm ki, bu gün Önərə hansı qidanın ziyan, hansının xeyirli olduğunu başa salmasam, sabah o, siqaretə, içkiyə, başqa şeylərə keçəcək. Əgər uşaq kiçik yaşlarından nəfsini idarə edə bilirsə, demək, böyüyəndə bu, daha asan olacaq”.
“Kişiyəm, mənim dediyim olmalıdır”

Xoşbəxtliklərinin sirrinə gəlincə, Tural burada insan faktorundan əlavə, həm Allahın, həm də valideynlərin rizasının olduğu düşüncəsindədir: “Mən materialist olmadığıma görə hər bir situasiyanı Allahın işi kimi qiymətləndirirəm. Fikrimcə, xoşbəxt olmaq istəyirsənsə, hər şeydə bir riza olmalıdır. Əgər sən həyat yoldaşınla düz, halal yaşayacaqsansa, o zaman xoşbəxt olacaqsan. Yox, gizlənməyə başlayıb harama baş qoşacaq, yalan danışacaq, həyat yoldaşınla kobud davranacaqsansa, o zaman o ailədə xoşbəxtlik olmayacaq. Düşünürəm ki, kişi səhv edəndə, üzr istəməyi bacarmalıdır. “Kişiyəm, mənim dediyim olmalıdır” tipajı yaradanda, Allah da o ailəyə xoşbəxtlik nəsib etmir”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər