AZE | RUS | ENG |

Bir-birinə güvəni xoşbəxtlik çeşməsi olan ailə - Ailə

Bir-birinə güvəni xoşbəxtlik çeşməsi olan ailə - Ailə
Fidan Rüstəmova: “Bir münasibətdə zərrə qədər inamsızlıq varsa, həmişə ailəni narahat edəcək” Sərxan Rüstəmov: “Kişi və ya qadın işdən çıxıb evə getmək istəmirsə, demək ki, nə isə problem var”

Belə bir deyim var: "O, insanı tanrı taleyinə yazıbsa, onu səndən heç kim ayıra bilməz. Hər nə olursa-olsun əvvəl-axır onunla qarşılaşıb həyat yolunda bir addımlayacaqsan”. Rubrikamızın budəfəki qonaqlarının da tanışlıqları belə olub. Müsahibimiz vlogger Sərxan Rüstəmov və həyat yoldaşı Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının xor kapellasının xor artisti Fidan Rüstəmovadır.
 
Hər ikisi Qax rayonundandır, tanışlıqları hələ məktəb illərindən başlayıb. 9-cu sinifdən sonra Fidan təhsil üçün Bakıya gəlsə də, tətillərdə rayona gedəndə bir-birlərini görürdülər. Düzdür, həmin dövrdə ciddi bir sevgi münasibəti olmayıb. Realda başlayan əlaqə yavaş-yavaş virtuala keçir. Həm eyni rayondan olmaları, həm də orta məktəbdən olan əlaqələri onların münasibətinin davam etməsinə səbəb olub. Beləcə, zaman öz sözünü deyərək Sərxanla Fidanın bir-birini tanımasına, onların yaxınlaşmasına şərait yaradıb. Artıq 3 ildir ki, evlidirlər və Məhəmmədəmin adında iki yaşlı bir övladları var.
 
 

Bir insanı tanrı qismətimizə yazmayıbsa...
 
Cütlüyümüzlə söhbət zamanı iki insanın ailə qurması üçün bir-birini nə qədər müddətə və necə tanımalı olduğunu soruşduq. Hər ikisi tanışlıq müddətini uzatmağın tərəfdarı olmadıqlarını dedilər. Alın yazısına, qismətə inanan Fidan bildirir ki, əgər bir insanı tanrı sənin qismətinə yazıbsa, onunla əvvəl-axır münasibətin alınır: "Bəzən cütlüklər uzun müddət bir-birilərini tanımağa çalışırlar. Amma bunun üçün elə də uzun müddət lazım olduğunu düşünmürəm. Əksinə, zamanın uzanması tərəfləri bezdirə, münasibəti maraqsızlaşdıra bilər. Həm də ki, bir insanı tanrı qismətimizə yazmayıbsa, nə qədər müddət danışıb tanımağa çalışsaq da, həmin münasibət evliliklə bitməz. Evlilik çox böyük məsuliyyət tələb edən işdir. Nə çox tələsmək, nə də çox uzatmaq olar.  Elə bizim münasibətimizdə də tanışlıq müddəti nə çox uzun, nə də çox qısa oldu. Ciddi münasibətə başladıqdan il yarım sonra evləndik”.
 
Sərxan isə düşünür ki, bir insanı tanımaq üçün onunla birlikdə zaman keçirməlisən: "İnsanı tanımaq üçün konkret bir zaman kəsiyi göstərmək mümkün deyil. Heç kim deyə bilməz ki, bu qədər müddətə bir insanı tanımaq olar. Çünki insanlar özlərini olduqları kimi göstərmirlər. Gərək həmin insanla birlikdə zaman keçirəsən, onun düşüncələrini, həyata baxışını öyrənəsən. Və hansısa bir məqamda qarşı tərəf öz xarakterini büruzə verir. Bunun üçün elə də uzun zamana ehtiyac yoxdur. Məncə, qarşındakı insanı tanıdıqdan sonra bütün mənfi və müsbət keyfiyyətləri ilə qəbul edirsənsə, zamanı uzatmadan evlənə bilərsən”.
 

 
Zamanla kimisə dəyişə biləcəyimizi düşünməməliyik
 
Müsbət və mənfi keyfiyyətlərdən danışmışkən, görəsən cütlüyümüz bir-birində hansı mənfilikləri müşahidə edib? Maraqlısı budur ki, hər ikisi qarşı tərəfin iş ucbatından bir-birlərinə zaman ayırmadığından şikayətləndilər.

Fidan düşünür ki, ideal insan yoxdur, hər kəsin mənfi xüsusiyyətləri ola bilər. Əsas olan bütün bunları bilərək ailə qurmaqdır: "Əlbəttə, hamımızın özünə görə mənfilikləri var. Heç mən də ideal deyiləm. Bəzi kiçik nüanslara görə münasibətin müqəddəratını həll etmək doğru olmaz. Və biz zamanla kimisə dəyişə biləcəyimizi düşünməməliyik. Bəzi cütlüklər evlilikdən sonra qarşı tərəfin mənfi saydığı xüsusiyyətlərini dəyişmək istəyir. Amma bu heç düzgün deyil. İnsanı gərək olduğu kimi qəbul edəsən. Kimisə dəyişməyə çalışmaq hər iki tərəfi üzməkdən başqa bir işə yaramaz. Sərxanda isə mənfi deməzdim, amma xoşuma gəlməyən cəhət evdə olanda kompüterdə və telefonda daha çox zaman keçirməsidir. Bunun işlə əlaqəli olduğunu bilsəm də, yenə də istəyirəm ki, özünü ancaq ailəmizə həsr etsin”.
 
Sərxan deyir ki, Fidan ev işlərinə daha çox zaman ayırır, özünü çox yorur: "Əslində, bu, bütün Azərbaycan xanımlarına xas olan xüsusiyyətdir. Yeni evləndiyimiz dönəmlərdə daha çox mətbəx işləri ilə məşğul olurdu. Yavaş-yavaş artıq hər şey qaydasına düşür. Oğlumuz dünyaya gələndən sonra daha çox onunla zaman keçirir. Onun yaxşı tərbiyə alması, bir şəxsiyyət kimi yetişməsi üçün əlindən gələni edir”.
 

 
İlk olaraq özümüzü tərbiyələndirməliyik
 
Onlardan valideyn kimi bir-birlərini necə qiymətləndirdiklərini,  uşaqlarının tərbiyəsində nələrə önəm verdiklərini soruşdum. 

Fidan, Sərxanın çox yaxşı ata olduğunu, bu istiqamətdə bilmədiklərini oxuyaraq öyrənməyə çalışdığını deyir: "Biz bacardığımız qədər övladımızı yaxşı yetişdirməyə çalışırıq. Bir valideyn kimi Sərxandan çox məmnunam. Ətrafımızda övladlarına məsuliyyətsiz yanaşan digər valideynləri görəndə Sərxana olan sevgim, hörmətim daha da artır. Bəzi valideynlər övladlarına etinasız yanaşırlar. Onlara lazımı qayğını göstərmirlər, övladları ilə vaxt keçirmirlər. Təəssüf ki, bunun onlar üçün gələcəkdə problemlər yaradacağını anlamırlar. Mən deyə bilmərəm ki, biz uşaq tərbiyəsinə aid hər şeyi bilirik. Amma buna baxmayaraq, durmadan bu mövzuda çoxlu mütaliə, araşdırma edirik. Yəni, hər şeyi bağçadan, məktəbdən gözləmək olmaz. Tərbiyə ilk olaraq evdən-valideynlərdən alınır. Uşağı dinləmək, ona bir fərd kimi yanaşmaq lazımdır. Övladımızın yaxşı tərbiyəyə sahib olmağını istəyiriksə, ilk olaraq özümüzü tərbiyələndirməliyik”.
 
Sərxan da bu mövzuda həyat yoldaşından çox razı olduğunu deyir: "Fidan bu tip məsələlərə çox həssas yanaşır. Həm öz adıma, həm də övladımın adına çox sevinirəm ki, onun belə anası var. Çünki Fidan daima nə isə öyrənməyə çalışır. Övladımızın yaxşı yetişməsi üçün pedaqoqların fikirlərini öyrənir, kitablar oxuyur. Təsəvvür edin, hətta, oxuya bilməyəndə belə, qulaqcıqlarla bu mövzuda olan videolara qulaq asır. Və ən əsası, digər valideynlərin də bundan faydalanması üçün öyrəndiklərini sosial şəbəkədə paylaşır”.
 
 

Həftədə bir-iki dəfə dostlarla da görüşmək lazımdır
 
Bəziləri evliliyin insanın sosial həyatını öldürdüyünü, azadlığını əlindən aldığını düşünür. Cütlüyümüz evliliyin onların sosial həyatına necə təsir etməsindən da danışdı.

Fidan deyir ki, Sərxana qədər bu fikrə inananlardan olub. Amma zamanla bu düşüncəm dəyişdi: "Məncə, bu məsələdə qarşındakı insanın sənə nə dərəcədə güvənməsi, inamı, mədəni səviyyəsi böyük önəm daşıyır. Mən şəxsən Sərxan sayəsində sosial şəbəkədə aktiv olmuşam. Sərxan mənə özümdən də çox inanır. Eləcə də, mən. Sərxanın ətrafında kifayət qədər xanım dostları var. Qətiyyən ağlıma gəlməz ki, Sərxan orda xoşagəlməz nə isə edə bilər. Mən ona çox güvənirəm, bu güvən mənim xoşbəxtlik çeşməmdir. Güvənmək, rahat yaşam deməkdir. Bir münasibətdə zərrə qədər inamsızlıq varsa, həmişə ailəni narahat edəcək”.
 
"Əlbəttə, evlilik müəyyən qədər də olsa, insanın həyatını məhdudlaşdırır” deyən Sərxan bildirir ki, ailə quran insan subay həyatındakı kimi rahat ola bilməz: "Heç kim "evləndim və həyatımda dəyişiklik olmadı” deyə bilməz. Bu həm kişiyə, həm də qadına aiddir. Ailə quran insan bunun məsuliyyətini dərk etməli, subay həyatındakı bəzi rahatlıqlarına məhdudiyyətlər qoymalıdır. Məsələn, mən subay vaxtı evə giriş-çıxış saatlarıma, qidalanmağıma elə də fikir verən deyildim. Amma evləndikdən sonra özümdə ciddi bir məsuliyyət hiss edirəm. İşlərimi elə qaydasına salıram ki, vaxtında evdə olum. Düşünürəm ki, ailəsinə, xanımına hörmət edən hər bir kişi bu cür nüanslara xüsusi yanaşmalıdır. Əlbəttə, həftədə bir-iki dəfə dostlarla da görüşmək lazımdır. Amma bunların hamısını qaydasında və məcrasında etməklə. Fərqi yoxdur, kişi və ya qadın işdən çıxıb evə getmək istəmirsə, demək ki, nə isə problem var”. 
 

 
Problemin nədən qaynaqlandığını bilməlidirlər
 
Hamımızın da bildiyi kimi, küsüşmək ailə həyatının "vazkeçilməz” nüanslarındandır. Məqamından və zamanından asılı olmayaraq, bəzən fikirlər üst-üstə düşməyə bilər. Bu zaman istər-istəməz küsülülük, inciklik yaranır. Görəsən, cütlüyümüz hansı məqamlarda küsür, yaranmış problemi necə həll edirlər, barışmaq üçün ilk addımı kim atır?
 
Fidan çox həssas biri olduğunu, azacıq diqqətsizlikdən tez küsdüyünü bildirir: "Özüm insanlara qarşı diqqətsiz ola bilmirəm. Hər məsələyə həssas yanaşıram. Ona görə, eyni münasibəti özümə qarşı da gözləyirəm. Sərxan tam istədiyim biridir. Məni çox yaxşı anlayır. Təbii, bəzi məqamlarda incik düşdüyümüz olur, amma çox küsülü qala bilmirik. Hər ikimiz barışmaq üçün məqam axtarırıq. Sərxanla küsülü olanda, heç bir işi görə bilmirəm, fikrim dağınıq olur. Və yaranmış problemi çox zaman uşaq yatdıqdan sonra müzakirə yolu ilə həll edirik”. 
 
Sualı Sərxan bəyə ünvanlayan zaman gülərək "təbii ki, barışmaq üçün ilk addımı mən atıram” deyir: "Biz çox küsülü qala bilmirik. Maksimum yarım gün küsülü oluruq. Bacardığımız qədər aradakı problemi danışaraq həll etməyə çalışırıq. Bu məqamlarda güzəştə getmək, qarşı tərəfi anlamaq lazımdır. Ən əsası, problemin nədən qaynaqlandığını bilməlidirlər. Hazırda gənc ailələrdə yaranan problemlərin əksəriyyətinin səbəbi maddiyatdır. Düşünürəm ki, əgər bir məsələ pulla həll olunursa, elə ciddi problem deyil”. 
 
Günel Azadə
 



 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000