• çərşənbə, 24 Aprel, 19:21
  • Baku Bakı 23°C

Bir-birimizin gözlərinə sevgiylə baxa bilməyimiz çox gözəldir

29.07.15 14:13 2332
Bir-birimizin gözlərinə sevgiylə baxa bilməyimiz çox gözəldir
Artıq üç il idir ki, Türkiyənin tanınmış sənətçilərindən olan Hande Yenerlə Demet Akalının davası gündəmdən düşmürdü. Onların münasibəti məhəllə söyüşlərindən tutmuş, məhkəməyə qədər yol almışdı. Ötən həftə isə ifaçıların barış xəbərləri yayıldı. Bu xəbər onların fanatlarını çox təəccübləndirdi. Hazırda iki yaxın rəfiqə olan Hande Yenerlə Demet Akalın “Hürriyyet” qəzetinə verdikləri müsahibədə duet oxuyacaqlarını qeyd ediblər. Artıq müsahibə verməyə belə birlikdə gedən yaxın rəfiqələr açıqlamalarında daha böyük layihələrə imza atacaqlarını bildiriblər.
- Gözəl xanımlar, siz hər kəsin gözü önündə Kenan Erçetingözün proqramında barışdınız. Ondan əvvəl barışmaq üçün heç addım atdınızmı?

Hande Yener: Mən Demetdən əvvəl ilk addımı atmışdım. Belə ki, jurnalistlər məndən Demet haqqında soruşanda onun barəsində gözəl sözlər deyirdim. İçimdə ona qarşı olan neqativ hisslər yox olmuşdu. Hətta bir radio proqramında məndən soruşmuşdular ki, “Əgər Demet sizdən mahnı istəsə, hazırlayarsınızmı?”. Mən isə cavabında Demetə qarşı heç bir pis duyğularımın qalmadığını bildirmişdim. Bunu eşidən Demet də mənə zəng edib, həqiqətən də ona mahnı yazıb-yazmayacağımı soruşdu.
Demet Akalın: Əslində bizim uzun sürən bir dostluğumuz vardı. Üç ilimiz çox gərgin keçdi, amma artıq barışdıq. Ötən ay Kenan Doğulu ilə bir təyyarədə uçurduq. O mənə dedi ki, “İkiniz də möhtəşəmsiniz. Birlikdə gözəl layihə hazırlaya bilərsiniz”.
Hande Yener: Artıq sevənlərimizlə işimizdəki gözəl enerjini paylaşmaq istəyirik. Demet mənə hər dəfə söz atanda, arada gözəl sözlər də deyirdi (gülür).
- Necə yəni?

Hande Yener: Misal üçün, hər dəfə deyirdi ki, “mən “Romeo” mahnısını çox sevirəm, amma biz qadınlar hər zaman beləyik”. Nəticədə ikimiz də öz yaradıcılığımızda böyük uğur qazanmışıq. O mənim rəqibim olsa da, mahnılarımın sevildiyini çəkinmədən dilə gətirirdi. İçimizdəki pis enerji yox olana qədər bir araya gəlmədik, gəlməməliydik də. İndi ona görə barışmışıq ki, içimizdə bir-birimizə qarşı neqativ hisslər yoxdur. Bir-birimizin gözlərinin içinə belə sevgiylə baxa bilməyimiz çox gözəldir.
- Aranızda baş verən bu qədər söz-söhbətdən sonra bir araya gəlməyiniz heç də birmənalı qarşılanmadı. Hər kəs bunu reklam kimi qəbul etdi.

Hande Yener: Əminəm ki, bizim birgə layihələrimiz hər kəsin könlünü oxşayacaq. İnsanları öz problemlərimizlə pis auraya saldıq. İndi isə onları əyləndirmək istəyirik. Həyatda düşmən olmaq çox asandır. Ancaq dostluq qədər çətin heç nə yoxdur. Bu çətinliyin də öhdəsindən birlikdə gəldik. İnsanlar da bu vəziyyəti qəbul etməlidirlər. Bizi sevən insanlar münasibətimizi reklam olaraq qəbul etməməlidir. 10 ildir ki musiqi ilə məşğulam. Hər zaman yanımda olan, mənə həyəcan verən bir dosta ehtiyacım olub. Həmin insanla bərabər duet oxumaq istəyirdim. Heç zaman ağlıma belə gəlməzdi ki, bu insan Demet olacaq. Çünki ona qarşı o qədər kinli idim ki, belə bir layihə heç ağlımın ucundan da keçmirdi.
Demet Akalın: Heç zaman özümüzü reklam etmək kimi bir planımız olmayıb. Çünki bizim buna ehtiyacımız yoxdur.
Hande Yener: Mahnılarımız tez bir zamanda hitə çevrilir. Bizim boş reklama ehtiyacımız belə yoxdur. İnsanlardan xahiş edirəm ki, bu dostluğu reklam kimi qəbul etməsin. Əslində reklam da edə bilərik. Reklam etmək ayıb deyil, sənətdə olan iki ifaçı üçün bu, normal hadisədir. Nə qədər çox oxunuruqsa, bu, bizim reklamımız üçün bir o qədər yaxşıdır (gülür). Bizim pis xüsusiyyətlərimizi bir çox insanlar gördü, ona görə düşündük ki, insanlara yaxşı tərəflərimizi də göstərək.
Demet Akalın: Hazırda albom hazırlayırıq. Sevilən mahnılarımızdan birinə klip çəkdirəcəyik. Birlikdə konsert turlarına çıxacağıq. Ona görə insanlardan xahiş edirəm ki, həyəcanımızı öldürməsinlər.
- Maraqlıdır, bir-birinizə qarşı böyük nifrət sizdə haradan idi? Bu müharibəyə ilk olaraq kim başlamışdı?

Demet Akalın: Üç-dörd il bundan öncə mən “İlin ən yaxşı estrada müğənnisi” adını aldım. O zaman Hande nə üçün mənim o mükafatı aldığımı, arabesk ifaçısının belə mükafata layiq görülə bilməyəcəyini demişdi. Bu söz mənə çox təsir etmişdi. Ondan sonra Handeni əllərimlə boğmaq istəyirdim. Bu işlərin ən maraqlısı orasındadır ki, biz dünya turuna çıxmağa hazırlaşırdıq, ancaq məhkəməmiz hələ də davam edirdi...
Hande Yener: Mən o ərəfələrdə həyatımda nələrisə dəyişmək istəyirdim. İşlərim çox çətinliklə alınırdı. O zamanlar “sənin musiqilərini insanlar anlamaz” deyib, fanatlarımı tənqid edirdilər. İnsanlar yeniliyi dəstəkləmək yerinə, nə üçün belə bir şey etdiyimi soruşur, köhnə mahnılarımı ifa etməyimi məsləhət görürdülər. Bu söz-söhbətlər mənim psixologiyama təsirsiz ötüşmürdü. Sərtləşməyə, agressivləşməyə başladım. Çalışdığm şirkətlə ayrı, fanatlarımla, hətta ailəmlə belə ayrı-ayrılqda savaşırdım. Jurnalistlər də həmin ərəfədə yaxınlaşıb, “rəqibiniz mükafat aldı” deyəndə əsəbiləşdim. O zaman belə bildirmişdim ki, Demet mənim rəqibim deyil. Əslində mən o sözü demək istəməmişdim. Amma Demet kadrları izləyib, artıq məndən incimişdi. Sonra onun qəlbi qırıldı. Mən də bu müharibədə özümü tənha hiss etdiyim üçün bir çox insanla məhkəməlik oldum. Vəziyyətimi izah etməyə çalışarkən çevrəmdəki insanların qəlbini qırmağa başladım.
Demet Akalın: Belə olan halda deyirdilər ki, guya biz öncədən danışıb vuruşuruq ki, reytinq qazanaq. İnsanların sözlərinə görə, biz kamera önündə dalaşıb, kənarda gizlin-gizlin görüşürük...
Hande Yener: O qədər professional olsaydıq, indi seriallarda oynayardıq.
- Bəs, necə oldu ki, barışdınız?
Demet Akalın: Hiss etdim ki, onun mənə qarşı heç bir pis bir niyyəti yoxdur. Zaman hər şeyin dərmanıdır. Anam hər zaman deyirdi ki, “Bu qızla işin olmasın”. Bizim barışmağımız xəbərinə ən çox sevinən anam oldu. Kenan Erçetingöz məni proqrama çağırdı, amma mən o verilişə telefonla bağlandım. Hande eşitdiklərinə inanmayıb “Məni həqiqətənmi sevirsən?” dedi.
Hande Yener: Əvvəllər Demeti saxta, səmimiyyətdən uzaq biri kimi tanıyırdım. Həyata baxışım dəyişdi. İndi onsuz bir günüm belə keçmir.
Demet Akalın: Təsəvvür edin ki, evlənmə təklifi aldığım gün ona zəng etdim.
- Bir-birinizin dostluğu üçün çoxmu darıxmışdınız?
Demet Akalın: Əlbəttə, mənim dərd ortağım idi. Hətta onun çiyinlərində ağlayırdım. Heç zaman onun səmimiyyətinə şübhə belə etməmişəm.
- Birlikdə ifa edəcəyiniz yeni mahnı hansı üslubda olacaq?
Hande Yener: Hazırda mahnı üzərində məşqlər gedir. Bu, bir sürprizdir. Demetlə birlikdə konsert də verəcəyik.
- Dost olarkən çox əylənirdiniz, yoxsa dalaşarkən?
Hande Yener: Barışmaqdan çox həzz aldıq. Hərdən gülmək üçün keçmişdən, düşmən olduğumuz o günlərdən danışırıq.
Demet Akalın: Artıq pis şeylər geridə qaldı.
- Barışıq xəbəri ən çox kimi sevindirdi?
Demet Akalın: Modelyerim Süleyman Demirel mənə nə zaman Hande Yener deyirdisə, ona əsəbləşirdim. O bizim barışdığımızı eşidəndə çox sevindi.
Hande Yener: Mənim də dostlarımdan “Nəhayət ki, Demet Akalını da dinləyə biləcəyik” deyənlər oldu.
- Hande xanım, barmağınızda nişan üzüyü var. Yoxsa bizdən xəbərsiz evlənmisiniz?
Hande Yener: Xeyr, gizlicə evlənmədim. Demet məndən daha cəld tərpəndi.
Demet Akalın: Hande uzun müddətdir ki, Kadir Doğulu ilə bərabərdir.
- Toyunuzu nə üçün tez-təlsik etməyə çalışırsınız?
Demet Akalın: Evlənməyimin əsas səbəbi sevgilimin məni çox azad buraxmağıdır. O çox rahat insandır. Hətta səhnəyə çıxanda geyimlərimə belə qarışmır, mahnılarımı bilmir. Mən evli olduğum insanla sevgili olmaq istəyirəm.
- Demet xanım, hamilə olduğunuz üçün ailə qurduğunuz söylənilir.
Demet Akalın: Ola bilməz. Hələ ki Hande ilə konsert turları düşünürük. Hande mənimlə hərdən zarafat edir, deyirdi ki, “Konsert vaxtı səhnəyə gec çıxsan, deyəcəm ki, Demetin içəridə ürəyi bulanır” (gülürlər).
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər