• cümə, 29 Mart, 14:58
  • Baku Bakı 14°C

Bir-biri üçün yaranmışlar- AİLƏ

31.03.17 11:30 6338
Bir-biri üçün yaranmışlar- AİLƏ
Səmimi ailədir. Bir-birlərinin mənfi xüsusiyyətlərinə gülərək keçməyi bacarırlar. Deyirlər ki, "od” olub adi məsələni qlobal problemə çevirsələr də, sonda hər ikisi "su” olub odu yatışdırmağı bacarır. Elə onları bir-birinə sevdirən də məhz bu xüsusiyyətləridir.
"Ailə” rubrikamızın budəfəki qonaqları "Space” televiziyasının xəbərlər proqramının aparıcısı Leyli Namiqqızı və həyat yoldaşı Milli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini Cəlal Nağıyevdir.
Qeyd edək ki, müsahiblərimizin iki oğlu var.
Həmişə olduğu kimi, bu dəfə də tanışlıq tarixçəsindən başlayırıq.
Cütlüyümüzü birləşdirən məkan Bakı Dövlət Universiteti olub. Leyli universitetin jurnalistika fakültəsində, Cəlal isə kimya fakültəsində təhsil alıb. 2005-ci ildə tanış olsalar da, 4 il sevgili münasibətində olublar. Zaman-zaman "ayrılıqlar” yaşansa da, münasibətlərin sonu evliliklə yekunlaşıb. Leyli deyir ki, bəlkə də, mübahisə və ayrılıqları onları bir-birinə qovuşdurub: "Mübahisələrimiz çox olurdu. Hətta bir neçə dəfə ayrılıq məqamları da olmuşdu. Bir müddət münasibətimizə ara verib təhsilimizlə məşğul olduq. Sonra gördük ki, biz bir-birimiz üçün yaranmışıq. 4 illik tanışlıqdan sonra evləndik”.

Qadınlar güclü kişiləri sevir

Leyli deyir ki, hələ sevgili vaxtından Cəlalın onu tərk etməyəcəyinə, hər zaman qol-qanad gərəcəyinə əmin olub. Onun sözlərinə görə, sevgilisinin zəhmətkeş, vicdanlı olması onun həyat yoldaşı olmasına kifayət edib: "Yoldaşım zəhmətkeş insandır. Ətrafda, işdə, cəmiyyətdə çox insanlarla qarşılaşırıq. Hər zaman kənarda gördüyüm ailə başçıları ilə Cəlalı müqayisə edirdim. Hələ sevgili vaxtı başa düşürdüm ki, bu insan mənə dayaq olacaq və biz həyatda birgə addımlayacağıq. Qadınlar istər mənəvi, istərsə də fiziki cəhətdən güclü kişiləri sevirlər. Mən inanırdım ki, bu insan mənim üçün hər şey edə bilər. Cəlal fikirləşmədən hər işin altına əlini qoyur. O, hər işin öhdəsindən gələ biləcək insandır. Qadınlar kişidəki bu xüsusiyyətlərə önəm verməlidirlər. Zəhmətkeş, ailəcanlı olmağı, savadı məni özünə cəlb etdi. Mən hələ sevgili olanda bilirdim ki, o, məni heç vaxt tək qoymayacaq. Əminəm ki, yoldaşımın yanında büdrəməyəcəm, çünki büdrədiyim zaman məni qaldıra biləcək gücdədir”.

Leyli də bütün qadınlar kimi danışır

Cəlal isə Leylinin bir qadın kimi mərdliyini sevib: "Leylinin mərd xüsusiyyətləri çoxdur. O da bütün qadınlar kimi danışır. Düzdür, kişilər çox danışan xanımları istəmirlər, amma danışmayanda da narahat olurlar. Leyli də əndazəsində danışır. Problem olanda danışması normaldır (Gülür.A.Ə). Davalarımız çox olur. Amma bir-birimizi çox yaxşı başa düşüb, anlaşırıq. İstənilən fikir ayrılığını sonda danışaraq həll edirik. Bu, Leylini həyat yoldaşı kimi seçməyim üçün kifayət edir”.

Evlilikqabağı reklam...

Tərəflərinin mənfi xüsusiyyətlərinə gəldikdə isə cütlüyümüzün səmimi etirafları ilə qarşılaşırıq. Cəlal Leylinin yemək bişirə bilməməsindən şikayətlənir: "Leyli yemək bişirə bilmir. Evlilikdən qabaq özünü ailəcanlı, hər şeyi bacaran kimi göstərirdi. Evlənəndən sonra gördüm ki, bu məsələlərin bəziləri azalır. Anlayırsan ki, bu sadəcə evlilikqabağı reklamdır”.

Yoldaşım 5 qayınanaya dəyər

Leyli etirazını bildirir: "Düzdür, mən qayınanasız evdə yaşayıram, amma yoldaşım 5 qayınanaya dəyər. Çünki hər şeyə qarışır, xüsusən də mətbəxə. Yeməyin duzu belədir, filan ərzağı qatmamısan... Cəlal qəbul etmək istəmir ki, bizim yeməklərimiz onun bişirdiyi yeməklərdən dadlıdır. Bizdə Qarabağ mətbəxidir, onlar aran zonasındandır. Özünə də deyirəm ki, bizim mətbəx sizin mətbəxdən dadlıdır, ola bilməz sizinkilər güclü olsun. Bunu özü də bilir, amma buna baxmayaraq, danışır”.

Heç kim öz ayranına turş demir

Cəlal: "Yaxşı bir atalar sözümüz var "heç kim öz ayranına turş demir”. Leyli xanım da elə bilir ki, onun bişirdiyi yeməklər dadlıdır. Doğrudur, bizim evdə dadlı yeməklər bişirilir. Amma bu, Leyli tərəfindən olmur. Leylinin anası çox dadlı yeməklər bişirir. Leyli sadəcə müəyyən ərzaqları qazana atıb qaynadır. Bu, yemək bişirmək deyil, ac qalmamaq üçün nəsə etməkdir. Leyli düşünür ki, Qarabağ mətbəxi dadlıdır, amma mən Qarabağ mətbəxini sevmirəm. Bizim qida rasionumuzda balıq önəmli yer tutur, amma Leyligildə bu, belə deyil”.

Anam məni tənbəl böyüdüb

Leyli deyir ki, Cəlal bacarsa da, ev işlərində ona kömək etmir: "Düzdür, anam məni tənbəl böyüdüb. Ailə qurana qədər hər işimi anam edirdi. Mən yemək bişirməyi ailə qurandan sonra öyrəndim. Amma düşünürəm ki, yaxşı bişirirəm. Kefim istəyəndə qəşəng edə bilirəm. Yoldaşımın əlindən hər iş gəlir, sadəcə olaraq etmir. Özü tək qalsa, yemək də bişirər, amma etmir. Elə kişi var ki, çay süzməyi belə bacarmır. Amma Cəlal bacarsa da, əgər mən evdəyəmsə, heç vaxt durub özünə çay süzməz. Kim istəməz ki, yoldaşı ona kömək etməsin? Amma kişilərin mətbəxi bilməsi yaxşı deyil. Yoldaşım mətbəxi bilir deyə, işlərimə qarışır, bilməsəydi yaxşı olardı”.

Heç kim ideal deyil

Xüsusilə mətbəxə görə, tez-tez mübahisələri olsa da, Leylidüşünür ki, ailədə xoşbəxtliyin səbəbi yaranan problemi yoluna qoymaqdır: "Heç kim ideal deyil. Hər ikimizin mənfi xüsusiyyətləri var. Qadın və kişi ailədə mənfilikləri qurban verməyi bacarmalıdır. Ailədə ən böyük xoşbəxtlik qadınla kişinin bir-birini anlamasıdır. Düzdür, xoşbəxtlikdə sevgi də, hörmət də, pul da böyük rol oynayır. Söz-söhbətsiz ailə yoxdur. Bizim də ailəmiz çox sözlü-söhbətli olub. Amma müsbət tərəfimiz odur ki, kompromisə getməyi bacarırıq”.

"Oğlan zəhmətə alışdırılaraq böyüdülməlidir”

Uşaqların tərbiyəsinə gəldikdə isə, müsahiblərimiz düşünür ki, oğlan uşağı qıza nisbətən çətinliyə və zəhmətə alışdırılaraq böyüdülməlidir: "Oğlan uşağını böyüdən zaman onu mütləq zəhmətə alışdırmaq lazımdır. Zəhmətə alışan oğlanın gələcəyi də var. O, həm yaxşı vətəndaş, həm yaxşı oğul, həm
də yaxşı ər olacaq. Zəhmət çəkən insan qazandığı pulun da qədrini bilir. Belə insanlara həmişə yaşıl işıq var. Bundan əlavə, uşağın tərbiyəsində təhsil mühüm rol oynayır. Düşünürəm ki, yaxşı təhsil alan insan hansısa şərəfsizlik və yaxud cinayət törədə bilməz. Bizdə yoldaşım icazə vermir uşaqlara avtomat, tapança kimi oyuncaqlar alınsın. Bir dəfə hədiyyə gətirildi, onda da oynamağa qətiyyən icazə vermədi. İki oğlum var, heç birinin belə oyuncağı yoxdur. Uşaqlıqdan tapançaya yox, kitaba öyrəşdiririk”.
Cəlal: "Yaponlar deyir ki, tərbiyə ana bətnindən başlamalıdır. Xüsusən mənim düşüncəm odur ki, oğlan uşağı sərt şəkildə böyüdülməlidir. Ona lazım olduğundan artıq pul verməməlisən. Qənaət etməyi öyrətməlisən. Məsələn, uşağa 10 manat lazımdırsa, 5 manat veririk ki, qoy digər 5 manata görə özü əziyyət çəksin. Bu, onun tərbiyəsində də rol oynayacaq”.

"Övladın dünyaya gəlməsi sevgini bölmür”

Bəzi insanlar, xüsusilə də gənclər düşünür ki, evlilik məhəbbəti öldürür. Cəlal bu fikirlərin əleyhinədir. Deyir ki, ailənə verdiyin məhəbbət sevgili olduğun illərdəki məhəbbətdən də ülvidir: "Evlənəndən sonra məhəbbət azalmır, sadəcə, formasını dəyişir. Əvvəl bu sevgi çılğın gənclik hissələri idisə, evlənəndən sonra ailə duyğularına çevrilir. Düşünürəm ki, ailədə yaşanan hisslər daha ülvidir, nəinki gənclikdə olan sevgi. Hətta, övladın dünyaya gəlməsi sevgini bölmür, əksinə, qadınını daha çox sevirsən. Çünki övladının anasıdır”.
Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər