Bir bəstəkarın vətənpərvərlik mövqeyi
"Dağlarda yaşayan insan evini daşdan tikir, meşədə yaşayan isə, təbii ki, ağacdan.Bizbəstəkarlar da,
yaradıcılığımızda bizi əhatəedən xalq
musiqimizdən bacarıqla istifadəetməliyik”.
Qara Qarayev
Tarixin
səhifələrini vərəqləyərkən, görürük ki, Azərbaycanın
keşməkeşli tarixi yolu öz enişli və yoxuşlu səmti ilə çox fərqlidir. Azərbaycan
qədim mədəniyyət ölkəsidir. Xalqımızın istedadı və yaradıcılıq qüdrəti
"Kitabi-Dədə Qorqud", "Oğuznamə", "Koroğlu" və
bir çox başqa epik abidələrdə təcəssüm edib. Bu əsrarəngiz məmləkət
filosofların, alimlərin, şairlərin, memarların, musiqiçilərin, rəssamların vətənidir.
Qara Qarayevin sonucu tələbəsi
Müstəqillik dövründə mədəniyyət
və incəsənətə ciddi münasibət formalaşıb. 1991-ci ildən bu günə qədər incəsənətimizə
nəzər salsaq, görərik ki, məhz müstəqilliyimizin qığılcımları bəstəkarların yaradıcılığında
qeyri-adi obraz təcəssümü gənclərin vətənpərvər tərbiyəsinə böyük təsir göstərmiş
və əsərlərin obraz genişliyi məhz haqq-ədalətin təntənəsini əks etdirir. Belə bəstəkarlardan
biri də Cəlal Abbasovdur. Respublikanın xalq artisti, professor Əşrəf Abbasovun
şəcərəsinin bu günə qədər öləziməmış şöləsinin ləyaqətli varisi, geniş
erudisiyaya malik bir şəxsiyyət, pedaqoq, etnomusiqişünas, əməkdar incəsənət
xadimi, BMT mükafatı laureatı və 35 illik yaradıcılıq təcrübəsinə malik C.Abbasov müasir yazı texnikası ilə Azərbaycan
musiqi mədəniyyətində xüsusi yer tutmuşdur. 1957-ci il may ayının 8-də Əşrəf Abbasovun ocağında yenicə doğulmuş bir
oğlan uşağının səsi ucaldı ki, o uşaq sonradan görkəmli Azərbaycan bəstəkarı,
xalq artisti, professor Ə.Abbasovun nəsil şəcərəsinin layiqli davamçısı oldu.
Eyni zamanda, həyat C.Abbasova bir bəxşiş də etmişdir. O, uşaqlıqdan yaradıcı
bir atmosferdə böyüməklə yanaşı, həm də
bu sənətə yiyələnmə dövründə Azərbaycanın tanınmış bəstəkarı Qara Qarayevin tələbəsi
və taleyin hökmü ilə sonuncu məzunu olmuşdur. C.Abbasov öz yaradıcılığında
Q.Qarayev və Ə.Abbasovun bəstəkarlıq məktəbini bir bulağın iki gözü kimi bir məcrada
birləşdirərək, indiyədək öz mənəvi, tarixi missiyasını ləyaqətlə daşıyır. Bu fikirlərlə yanaşı, hər bir bəstəkarın
yaradıcılığında xüsusi bir rol oynayan soykökü ilə bağlılığı da mühüm rol
oynayır. C.Abbasovun soykökü yurdumuzun gözəl diyarı olan Qarabağın tarixi bir
məkanı Şuşa ilə bağlıdır. Bildiyimiz kimi, Şuşa Azərbaycanın ən nəğməkar guşəsi
olmuş və burada vaxtaşırı keçirilən ədəbi-musiqili məclislərdə məşhur şairlər,
xanəndələr, çalğıçılar iştirak edərdilər. Bu ab-hava, xalq musiqisinə dərin
maraq bəstəkarın damarlarından süzülərək, onun əsərlərində öz əksini tapmışdır.
Bu da bizə bəstəkarın yaradıcı simasında musiqi duyumunun milli özünəməxsusluğu
ilə fərqlənməsi və bu millilik üzərində öz novator ideyalarının qurulması bərədə
söz açmağa imkan verir. C.Abbasovun
yaradıcılığına nəzər salsaq, görərik ki, onun obraz dairəsi çox genişdir. Tarixdə
elə bir mütərəqqi yaradıcı insan təsəvvür
etmək mümkün deyildir ki, o, sinəsində boya-başa çatdığı, laylası ilə uyuduğu,
oxşaması ilə oyandığı müqəddəs torpağını, vətənini ən əziz neməti kimi tərənnüm
etməmiş olsun. Bax, beləcə, vətən-torpaq vurğunu C.Abbasov da bütün baş verən
hadisələri yüksək səviyyədə tərənnüm etmişdir. Onun «İf I jould see you again…» (Səni bir daha görə
bilsəydim…) sərlövhəli IV simfoniyası, qarışıq xor üçün yazılmış «Mərdlik» kantatası,
«Biz vətəni sevirik!», Şəhriyar qəsidəsi (Qalx anam Azərbaycan!) mahnıları və s. bu kimi vətənpərvərlik ruhunda yazılmış
əsərlər bütün bu deyilənlərin sübutudur. Bütün bu adı çəkilən əsərlər məhz yaradıcı
şəxsin musiqi təfəkkürünün bəhrəsi kimi mənalandırıla bilər. O dövrdə baş verən
proseslərə rəssamlar öz rəsm şəkilləri, şairlər öz şerləri, bəstəkarlar isə öz musiqi
əsərləri ilə münasibətlərini bildirirdilər. Yəni bəstəkar o dövrə münasibətini, xalqına məhəbbətini, düşmənə
mövqeyini, öz duyumunu əsərləri ilə göstərməyə
nail olur. İndi isə hər əsər haqqında qısaca da olsa söhbət açaq.
İgid oğul düşmənə yalvarıb, boyun əyməz
Beləliklə, C.Abbasovun Şuşaya
həsr etdiyi «İf I jould see you again…» (Səni bir daha görə bilsəydim…) sərlövhəli IV simfoniyasına və tariximizi əks etdirən «Mərdlik»
kantatasına nəzər salaq. Müşayiətsiz
qarışıq xor üçün yazılmış «Mərdlik» kantatasının I hissəsi qəhrəmanlıq bayatıları,
II hissəsi «Kitabi-Dədə Qorqud»dan, III hissə isə «Koroğlu” eposundan olan parçalar
əsasında yazılıb. Bəstəkarın bayatılara müraciəti də təsadüfi deyildir. Çünki,
bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli
işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə,
ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir. Burada bəstəkarın, alətlərdən
ən kamili olan insan səsinin onu nə dərəcədə cəlb etməsinin şahidi oluruq. I
hissə "İgid oğul düşmənə yalvarıb, boyun əyməz” adlanır. Bayatı 7 hecalı 4
misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Bəstəkar
burada xorun musiqi təcəssümündə məhz bu prinsipi saxlamışdır. Yəni xorun ifası
ciddi faktura ilə başlayar və ancaq III
misrada bəstəkar melodik gedişdə sərbəstliyə yol verərək, III misranı səslər
arasında paylaşdırır. Burada bəstəkar maraqlı bir üsuldan yararlanıb. Kitabi-Dədə
Qorquddan istifadə edərək, ifa üslubunda Dədə Qorqudun hekayət danışdığını təcəssüm
etmək üçün ancaq ifanın bir səsdə olması və qalan səslərin fon olaraq sazda səslənməsi
effektini yaradır. Sonuncu hissə Koroğlu dastanından "Qoç Koroğlu, qılınc götür
dəstinə!” adlanır. Burada bəstəkar mərd igid oğullarımızın obrazını yaradaraq,
bütün səslərdə dolğun səs tembri ilə fərqlənir və məhz bu hissədə o Koroğlunun
at üzərində olan obrazını yaradaraq musiqidəki çərək notların ardıcıl səslənməsi
ilə atın nalından çıxan qığılcımları təcəssüm edir.
Səni bir daha görə bilsəydim…
Digər əsər yenə də
xalqımızın tarixində ağrılı-acılı yer tutan Şuşa ilə bağlıdır. Bu bəstəkarın
yuxarıda qeyd olunan IV simfoniyasıdır. Bildiyimiz kimi simfoniya proqramlıdır.
Bu əsərin timsalında biz əminliklə deyə bilərik ki, C.Abbasovun simfoniyaları klassik
simfoniya kanonlarından uzaqdır. Bu fakt özünü əsərin özünəxas konsepsiyasında təcəssüm
edir. Məhz əsərin Şuşaya həsr olunması və Şuşanın hər bir vətəndaşın qəlbində ağrılı-acılı
bir problem olmasını bir daha bariz şəkildə vurğulamaq müəllifin qarşısında yeni
üfüqlər açmışdır. Bununla da bəstəkar əsərdə instrumental teatrın elementlərindən
istifadə edir. Bu da ona bütün bu faciəni yaşamış insan taleyini hər bir ifaçı alət
vasitəsi ilə təcəssüm etməyə imkan yaradır. Əsər çox sakit şəkildə, simlilərın
pizzikato ifası ilə başlanır. Belə bir ifa bizdə insanların qorxu və təlatümünü
təcəssüm edir. Sonradan bütün alətlər yığılaraq birlikdə ifa edirlər. Hər bir alət
çox sərbəst və ardıcıl olaraq səhnəyə daxil olur, bir-birini müşayiət etməklə yanaşı,
həm də bir-biri ilə sıx ünsiyyətə girir.
Bu da bir daha xalqımızın çətin bir vəziyyətdə bir-birinə arxa durması ideologiyasını
tam mənada təcəssümdür. 7-ci nömrədən başlayaraq, zərb aləti ritm mürəkkəbliyi
ilə bütün bu atmosferi gərginləşdirməyə başlayır. 10-cu nömrədə nəfəsli alətlər
musiqiyə yeni rəng qatır və əsərin protaqonisti (əsas personajlarından biri) qaboy
aləti bir çox düşmənlər tərəfindən basqınlara məruz qalan xalqı əks edərək,
düşməni təcəssüm edən mis nəfəsli və zərb
alətlərinin təzyiqinə davam gətirməyib, nalə çəkə-çəkə zalı tərk edir. 13-cü
nömrədən başlayaraq, bəstəkar tufandan sonra bir sakitlik yaradaraq, nəfəsli alətlər
arasında dialoq qurur. Bu dialoqun nəticəsi kimi bütün nəfəsli alətlər bir yerə
toplaşaraq ostinato şəklində müxtəlif ritmlərdə ifa edirlər. Bu da xaos
yaradır. Sonda çembalonun sərt səslənən akkordları bu xaosun sona yetməsi kimi
qiymətləndirilə bilər. Beləliklə, bəstəkar sırf bir xalqın başına gələnləri
obraz cəhətcə alətlərin timsalında verərək, dinləyici önündə canlandırır. 23-cü nömrədə bütün orkestr həm simlilər, həm
də nəfəslilər pianonun arpedcio tipli fakturasını təkrar edərək, bir-biri ilə
sual-cavab yaradaraq, xalqın həyəcanını təcəssüm etdirir. Bu gərginliyi artıran
nəfəsli alətlər 47, 48, 49, 50-ci nömrələrdə həlledici zərbələrini vuraraq son
51-ci nömrədə səhnədən gedirlər. Bundan
sonra simli alətlər səhnəni tərk edir. Səhnəyə
yeni personaj - orqan daxil olur. Məhz bu
ilahi səslənməsi olan alətin müdaxiləsi sakitlik bəxş etməyə nail olacağı təəssüratını
yaradır. Bu alətin ilahi səslənməsi insanın özündən qüvvətli bir varlığa - Allaha
ümidini təcəssüm etdirir. Lakin bu da çox
çəkmir, uzaqdan qitaranın ifasında «Bayatı-Şiraz»ın sədaları eşidilir. Maraqlıdır
ki, bu muğamın bir səs üzərində «axsaq ritmli» pulsasiyasını sonda valtornanın son
«ah»ı bir daha təsdiq edir. Şuşada baş verən
hadisələri bəstəkar üslub özəllikləri ilə qələmə alır. Beləliklə, bəstəkar
müasir yazı texnikası ilə xalqımızın tarixində dərin iz buraxmış hadisələri
özünəməxsus şəkildə təcəssüm etməklə yanaşı, həm də öz münasibətini
bildirmişdir. "Bu əsərdə ağrılı-acılı hisslərimi-əcdadlarımın vətəni Şuşanın
taleyini, mənə əziz olan insanların həyatdan köçməsini əks etdirməyə
çalışmışam. Lakin simfoniyanın məzmunu daha genişdir – yəni bu həm də arzu və
ümidlə dolu gələcəyə bir baxışdır” – deyə müəllif öz fikirlərini izah edir. Bəstəkar
janrın sərhədlərini aşaraq əsəri bir tərəfdən proqramlı simfoniya janrı, digər tərəfdən
isə öz teatral tərtibatına görə, teatral
səhnə elementləri ilə zənginləşdirmişdir.
Nəticə olaraq qeyd etməliyəm ki, bütün bu qeyd olunan əsərlər bəstəkarın yaradıcılıq məhsulu kimi o
dövr gerçəkliyini əhatə edir və əsl sənətkar – vətəndaş mövqeyini bir daha nümayiş
etdirərək, müstəqilliyimizin ilk illərində bizim bu sınaqlardan şərəflə çıxmağımızın
parlaq sübutudur. Cəlal Abbasovun və digər bəstəkarların vətənpərvərlik ruhunda
yazdığı musiqi əsərləri geniş mənada Azərbaycan xalqının əsrlər boyu azadlığı uğrunda
real mübarizəni əks etdirən və gələcək nəsil üçün zamanın süzgəcindən keçən silinməyən
abidələrdir.
Lətifəxanım Əliyeva,
Azərbaycan Bəstəkarlarİttifaqının
üzvü,
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru,
Dosent