• şənbə, 20 Aprel, 00:21
  • Baku Bakı 15°C

Bir başqa Nəsimi - Fotolar

15.10.19 10:53 1459
Bir başqa Nəsimi - Fotolar
Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.Məhz bu səbəbdəndir ki, bu ili böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi kimi qeyd edir, keçirilən tədbirlərlə il ərzində onu xatırlayır və xatırlamağa da davam edirik. Mədəni hadisələrdən biri də incəsənət sahəsində yeganə canlı sənət növü olan teatrlardır. Ötən mövsüm Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Nəsimi” baleti nümayiş olunmuşdu. Bu dəfə isə Bakı Bələdiyyə Teatrında "Nəsimi” tamaşası hazırlanır.

İsa Hüseynovun "Məşhər” romanı əsasında yeni səhnə redaksiyasının müəllifi dramaturq Çingiz Ələsgərlidir. Biz də teatrın yaradıcı heyəti və quruluşçu rejissorundan tamaşanın hansı mərhələdə olduğunu, tamaşaçılara nə zaman təqdim olunacağını xəbər aldıq.


Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov deyir ki, "Nəsimi” tamaşasının timsalında tamaşaçılar fərqli bir Nəsimi ilə tanış olacaqlar. Çünki bu dəfə Nəsimini hürufiliyin təbliğatçısı kimi deyil, bir şəxsiyyət və hansı insani keyfiyyətlərini özündə xarakterizə edən biri kimi daha yaxından tanımış olacağıq: "Bakı Bələdiyyə Teatrı olaraq yeni mövsümdə nümayiş etdiyimiz ilk yeni tamaşa "Nəsimi” olacaq. Artıq tamaşanın son məşqləri gedir. İsa Hüseynovun "Məşhər” romanı əsasında dəyərli teatrşünasımız Çingiz Ələsgərlinin yazdığı "Nəsimi” pyesini əsas götürmüşük. Romandan bəzi hissələri çıxararaq tamaşaçılara fərqli Nəsimini təqdim etməyə çalışmışıq. Elə məqamlara toxunmağa çalışmışıq ki, həmin səhnələr "Nəsimi” filmində olmasın. Bu tamaşanı tarixi mənbə kimi deyil, baxımlı, maraqlı bir tamaşa kimi hazırlamağa cəhd etdik. "Nəsimi”nin özü bədii əsər olduğu üçün tarixi əsaslara çox az üstünlük verdik. Əsərin konfliktini gücləndirmək üçün müxtəlif üsullardan istifadə etdik”.


Rejissor qeyd edir ki, tamaşada Nəsiminin əsas bədii fəlsəfəsinin nəinki xalqa, eyni zamanda hökmdarlara belə təsirsiz ötüşmədiyi qabardılır: "Çalışdım ki, tamaşada Teymurla Nəsiminin görüş səhnəsində aydın şəkildə görünsün ki, sonda Teymur özü Nəsimiyə inanır. O, Nəsiminin fikirlərini sual şəklində təkrarlayır. Bu da o deməkdir ki, Teymur hardasa Nəsiminin fikirlərini, insanın Tanrıya yaxınlığını qəbul edir. Əmir Teymur kimi bir xaqanda müəyyən cücərtilər baş qaldırır. Bütün bunlar fəlsəfi fikirlərdir. Bu fəlsəfə hər zaman yaşayır və yaşayacaq da. Ümumiyyətlə hesab edirəm ki, Nəsimi ilə bağlı yazılan romanlarda onun bir insan kimi təbliğatı çox az olub. Sadəcə olaraq Nəsimi filmi ilə məhdudlaşmışıq. Ancaq romanda çox böyük fikirlər var. Biz Nəsiminin ideyalarını özümüzdən gələn nəsillərə, böyük kütləyə çatdırmalıyıq və bunun üçün də Bakı Bələdiyyə Teatrı olaraq repertuarımızda böyük şairimizi təbliğ etmək qərarına gəldik”.

40 ildir ki, teatrda çalışdığını və bu zamana qədər teatrlarımızda fəlsəfi dram janrında tamaşa ilə rastlaşmadığını bildirən M.Fərzəlibəyov deyir ki, bu əsər bədii-fəlsəfi dram janrında hazırlanıb: "Çalışmışıq ki, Nəsiminin bütün fikirlərini tamaşaçılara olduğu kimi çatdıraq. Əsas ideya ondan ibarətdir ki, insanın Tanrıya yaxınlığını, Nəsiminin bu fikirlərinin bütün insanların, hətta dünyada ən mürəkkəb xaqanların belə fikirlərini dəyişməyə qadir olmasını açıq şəkildə hiss etdirək. Tamaşanın premyerasının oktyabrın sonları, noyabrın ilk həftəsində olacağı gözlənilir. Bilirsiniz ki, Bakı Bələdiyyə Teatrının özünün binası yoxdur. Ona görə biz tamaşalarımızı müxtəlif teatrların binasını icazəyə götürərək nümayiş etdiririk. Demək olar ki, bütün teatrların səhnəsinə yaxından bələdəm. Bələdiyyə teatrının rəhbərindən xahiş etmişəm ki, bu tamaşanın premyerasını Akademik Milli Dram Teatrında göstərək”.

Səhnə əsərinin müəllifi, dramaturq, teatrşünas Çingiz Ələsgərli isə deyir ki, ona belə bir əsəri səhnələşdirmək təklifi xalq artisti Mərahim Fərzəlibəyovdan gəlib: "Biz İsa Hüseynovun "Məşhər” romanı əsasında və romandan başqa əldə etdiyimiz mənbələrə də müraciət edərək "Nəsimi” pyesini ərsəyə gətirdik. Bu tamaşada Nəsimini həm insan, həm şair, həm də bir sevgili kimi tamaşaçılara göstərməyə çalışdıq. Bir sözlə, burada onun bütün insani keyfiyyətlərini daha çox üzə çıxarmağa çalışdım. Şərq aləmində Nəsiminin tanınması, Azərbaycana məxsus olması bizim üçün əsasdır. Bütün şərq dünyasında hər bir millət çalışır ki, Nəsiminin özünə aid etsin. Amma Nəsimi azərbaycanlıdır. Mən də bir çox mənbələri araşdırdım, əsas kimi İsa Hüseynova müraciət etdim və onun qəzəllərindən istifadə etdik. Sırf etik janrında olan bir tamaşadır. "Nəsimi” tamaşasını izləyən tamaşaçılar adət etdiyimiz "Nəsimi” filmindən fərqli bir ssenari və süjet xətti görəcəklər. Bu tamaşa ilə onun bizim əsrə qədər gəlib çatan yaradıcılığını önə çəkməyə çalışdıq. Yetişməkdə olan nəslə onu da çatdıracağıq ki, belə bir şairimiz olub və o, qeyri-adi şəxsiyyət olub”.

Dramaturq qeyd edir ki, bu əsəri "Nəsimi” filmi ilə müqayisə etmək heç də doğru deyil: "Bu tamaşa ilə bizim məşhur "Nəsimi” filmini kölgədə qoymaq kimi fikrimiz yoxdur. Film çox möhtəşəm çəkilib. Ancaq biz də bu tamaşa ilə öz versiyamızı irəli sürdük. Mənə elə gəlir ki, bu, tamaşaçıları maraqlandıra bilər. "Nəsimi” tamaşası Nəsimiyə fərqli bir baxış bucağıdır. Hər kəsin öz Nəsimisi var. Belə ki, dahi Azərbaycan şairinin zəngin yaradıcılığı ilə tanış olduqdan sonra insanların təxəyyülündə bir Nəsimi formalaşıb. Biz isə Nəsiminin daha çox insani keyfiyyətlərini və yaradıcılığını önə çəkdik. Mənə elə gəlir ki, bu heç də pis alınmayıb. Təbii ki, son sözü premyeradan sonra tamaşaçılar deyəcək. Filmdəkindən fərqli olaraq, tamaşanın sonunda da Nəsiminin dərisi soyulmayacaq”.

Tamaşada Fatma obrazının müəllifi Hüsniyə Mürvətova deyir ki, hazırda tamaşanın gərgin məşqləri gedir: "Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi dahi Azərbaycan şairi Nəsiminin həyatından və onun yaradıcılıq prosesindən bəhs edən maraqlı bir tamaşa üzərində çalışır. Mən bu tamaşada Fatma obrazını canlandırıram. Fatma obrazı sizin filmdə gördüyünüz Fatma ilə eynilik təşkil etmir. Bu tamaşa filmdən çox fərqlidir. Siz fərqli bir Fatma görəcəksiniz. Saatyarımlıq tamaşadır, inanıram ki, bu zaman çərçivəsində bizim tamaşadan böyük zövq alacaqsınız”.
Tamaşada Zəhra obrazını canlandıran aktrisa Zülfiyə Qurbanova ötən mövsümün sonlarına yaxın tamaşanın məşqlərinə başladığını, indi isə "Nəsimi”ni fərqli şəkildə təqdim etmək üçün həyəcan hissi keçirdiklərini bildirdi: "Mövsüm başlayandan hər gün məşqlər edirik. Çox gözəl bir tamaşa ərsəyə gəlib. Həm komanda, həm də rejissor olaraq sərasər çalışırıq. Çox gözəl yaradıcılıq prosesinə şahidlik edirik. Artıq tamaşanın kostyumları seçilib. Tamaşanın broşurlarının üz qabığı üçün şəkillər çəkilib, musiqilər seçilib. Artıq tamaşanın premyerasına son günlər qaldığı üçün özümüz də səbirsizliklə o günü gözləyirik”.

Zülfiyyə xanım əlavə etdi ki, onun canlandırdığı Zəhra ssenariyə sonradan əlavə olunub: "Mən burada Zəhra obrazını canlandırıram. Zəhra sonradan əlavə olunmuş maraqlı bir obrazdır. Zəhra Nəsimini sevir, ona pərəstiş edir, mərd, cəfakeş, döyüşkən xarakterli bir qızdır. Zəhra çox gözəl bir obrazdır, aktrisa olaraq bu obrazı sevərək canlandıracam. Düzdür, mən əsərdə başdan sona qədər iştirak etmirəm, ancaq inanıram ki, bu obrazım da mənə uğur gətirəcək. Səhnəyə çox az çıxsam da, düşünürəm ki, yaddaqalan obraz olacaq. Çalışacağıq ki, bu tamaşa ilə mərhum sənətkarımız Amaliya Pənahovanın ümidlərini doğruldaq. Onun adına layiq keyfiyyətli bir tamaşa ilə tamaşaçıların görüşünə gələcəyik”.

Məlumat üçün bildirək ki, tamaşada rolları teatrın istedadlı aktyorları canlandırır: Nəsimi – Tural Əhməd, Fatma - Hüsniyyə Mürvətova, Zəhra - Zülfiyyə Qurbanova, Əzra - Ülviyyə Rza, Əmir Teymur - İlqar Musayev, Şeyx Əzəm - İsmayıl Atakişiyev, Həmzə - Əhməd Salahov, İbrahim şah - Rafiq İbrahimov, Gövhərşah – Toğrul Rza, Fəzlullah Nəimi – Aydın Əliyev, Yusif – Mehman Abdullayev. Tamaşanın rəssamı İlham Elxanoğludur. Bizə isə tamaşanın premyerasını gözləmək qalır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər