• cümə, 29 Mart, 19:40
  • Baku Bakı 14°C

Bir az peşəkarlıq, bir az da əziyyət… - müsahibə

03.02.14 10:12 6675
Bir az peşəkarlıq, bir az da əziyyət… - müsahibə
Bir neçə il bundan öncə rejissorlar teatrda, efirdə gənc nəslin nümayəndələrini əli çıraqla axtardıqlarını söyləyirdilər. Gənc nəsil fəaliyyətə teatrda başlayıb, yalnız ahıl yaşlara çatana yaxın efirlərə yol tapırdı. Bu gün isə vəziyyət bir qədər başqadır. Səhnəyə ayaq açar-açmaz gənclər televiziyalarda çəkilən seriallarda, reklamlarda rol alaraq tez də məşhurluq qazanırlar. Əvvəllər türk seriallarının qəhrəmanlarını özlərinə ideal hesab edən gənclərimiz indi isə yerli gənc aktyorlarımıza baxıb, onlara pərəstiş etməyə başlayıblar. Artıq öz filmlərimizin süjeti və aktyorlarımızın oyununu müzakirə edilir.
Bu gün gənclər arasında səhnədə və filmlərdə yaratdığı obrazlarına görə ən çox sevilən aktrisamızdan biri Asya Atakişiyevadır. Şən, utancaq və çox səmimi xüsusiyyətləri ilə yaşıdları arasında sevilən Asya Atakişiyevanı «Gənclik qəzeti»nin ilk qonağı seçməyimiz də bu hörmətin nəticəsidir.
- Rejissorluğu qurtardığın halda niyə aktrisa kimi çalışırsan?
- Bunun maraqlı tarixçəsi var. Bakıda çox sadə ailədə doğulmuşam. Valideynlərim sənət adamları deyillər, onlar başqa sahədə çalışırlar. 7 nömrəli məktəbi bitirmişəm, özü də məktəbdə əlaçı olmuşam. Uşaqlıqdan teatra böyük marağım vardı. Kiçik yaşlarımdan elə bir ayağım Dövlət Gənclər Teatrında qalmışdı. (Gülür)
Əməkdar incəsənət xadimi, aktyor və rejissor mərhum Hüseynağa Atakişiyev əmim idi. Tez-tez onun quruluş verdiyi tamaşalara gedirdim, amma aktrisa olmaq fikrində deyildim. Atam məndəki bu həvəsi görüb, söylədi ki, səni aparacam Hüseynağa müəllimin yanına, qoy səni universitetə hazırlaşdırsın. Mən də rejissorluğa hazırlaşdım, həmin il də instituta qəbul olundum. Naibə Rəcəbovadan dərs aldım. 4-cü kursda oxuyanda gəldim Hüseynağa müəllimin yanına ki, burda işləmək istəyirəm. Dedi ki, sən çoxdan gəlməli idin, başla ərizə yazmağa. Elə bildim ki, məni rejissor köməkçisi götürəcək. Bir də gördüm ərizənin üstünü yazdı ki, aktrisa ştatına götürülsün. “Nə aktrisa?” deyə təəccübləndim. Elə qətiyyətlə “hə, aktrisa” dedi ki, mən ikinci kəlməni deməyə daha lüzum görmədim. Çox keçmədi ki, teatrda yeni hazırlanan tamaşada baş rola dəvət aldım. Hüseynağa müəllimin üslubu elə idi, yəni birinci baş rol verib etimad göstərirdi, sonra birdən epizodik rol verirdi, daha sonra yenidən baş rol verirdi. Bu qayda ilə səhnəyə gələn gənc aktyorları sınayırdı və onları yetişdirirdi. İlk baş rolum Nicat Kazımovun quruluşunda “Yatmış gözəl” tamaşası oldu. Təbii ki, bir az həyəcanlı idim. İştirak etmədiyim tamaşalara oturub baxır, onları beynimdə təhlil etməyə çalışırdım. Sonra Hüseynağa müəllim rəhmətə getdi. Sanki Gənclər Teatrı da onunla birgə öldü. Yəni orada iş zəif getməyə başladı. Gənclər teatrı Gənc Tamaşaçılar Teatrına birləşdiriləndən sonra burda əsasən uşaq və gənc tamaşalarda oynadım, əsasən da Nicat Kazımovun quruluş verdiyi tamaşalarda. “Yatmış gözəl” tamaşasından sonra deyəsən rejissorların diqqətini cəlb etdim. Daha sonra “Mənim ağ göyərçinim”də Turan, “Mən səni sevirəm”də Nazlı rolları ilə səhnəyə çıxdım. “Göyçək Fatma” da həmin vaxtların tamaşasıdır. Bu rollardan sonra bir gün Cülyettanı oynamaq zamanı gəlib çıxdı.
- Beləcə sən məşhurlaşdın...
- Bəli... Ancaq mən özümü məşhur hesab etmirəm. Mənim hələ ki, öyrənmək, inkişaf etmək vaxtımdır. Ona görə “məşhuram” və ya “kifayət qədər tanınıram” kimi sözlər işlədə bilmərəm. Məndən də böyük sənətkarlar var, onların qarşısında mən hələ özümü peşəkar, məşhur aktrisa saymıram.
- Gənclər Teatrında fəaliyyətə başlasan da, daha çox teatrınız Gənc Tamaşaçılar Teatrına birləşəndən sonra tanındın. Yəni, bir teatrın aktrisası başqasında parladı. Bu uğuru necə izah edərsən?
- Bizim aktyorlar həmişə deyirlər ki, aramızdan ən cəld tərpənən sən oldun. Birləşəndən sonra ilk dəfə Bəhram Osmanov mənə rol verəndə çaşqınlıq içərisində idim. Sonra Cənnət xanım da, Nicat Kazımov da, Vaqif Əsədov da mənə tamaşalarında rollar verdilər. Yəqin bəxtim gətirib. Bilirsiniz, mən həmişə çalışqan olmuşam. Rejissorların tapşırıqlarını can-başla yerinə yetirmişəm. Saatlarla məşq zalından çıxmırdım. Nicat müəllim mənə deyir ki, sən hikkəlisən. Çalışıb məqsədimə çatıram.
- Aktrisalar həmişə zirvədə olmaq haqqında düşünür...
- Xalqı tərəfindən sevilmiş, yaratdığı obraz dillər əzbəri olan bir aktrisa olmaq mənə kifayət edir. Daha yüksəklərdə gözüm yoxdur. İşimi düzgün həyata keçirim, sevilim - bu məni qane edir. Öz ölkəmin sevimlisi olmaq mənə hər şeydən önəmlidir.
- Yaşın az olmasına baxmayaraq böyük uğurlar əldə etmisən. Bu uğurları kimə borclusan?
- Mən deməzdim ki, böyük uğur əldə etmişəm. Düşünürəm ki, görəcəyim işlər hələ qabaqdadır. Hazırda həm teatrda oynayır, həm də seriallarda çəkilirəm. Obrazlarımın maraqlı və təbii alınması üçün gecə-gündüz çalışıram. Özümü, daşıdığım ismi doğrultmağa çalışıram. Aktrisalıq mənim sənətimdir. Bunun üçün də mən əlimdən gələni etməyə, ortalığa nəsə qoymağa çalışıram ki, gələcəkdə onun bəhrəsini görə bilim. Uğurlarıma görə isə öz iradəmə və müəllimlərimə borcluyam.
- Səncə bu gün yaşlı nəslin nümayəndələri gənc aktyorlara dəstək olurlarmı?
- Əlbəttə, olurlar. Bilirsiniz necədir, bu sənəti sevib gələn, onun üçün canını qoyan hər bir gənc nəsə bir nailiyyət əldə edir. Bu sənət bir az peşəkarlıq, bir az da əziyyət tələb edir. Rejissor görür ki, sən bu obrazı yaratmaq üçün dəridən qabıqdan çıxırsan sənə başqa bir rolu həvalə edir.
- Gənc nəsli təmsil edən aktrisa kimi, gənclər öhdələrinə düşən məsuliyyəti dərk edərək onu lazımınca qiymətləndirirmi?
- Məncə, indiki gənclərdə istedad, həvəs, bacarıq var. Onların aralarında istedadlarını göstərə bilən gənclər də yetərincədir. Çox uzağa getməyib, deyim ki, aktrisası olduğum Gənc Tamaşaçılar Teatrında çox güclü gənc aktyor və aktrisalar var.
- Həm teatrda, həm televiziyada, həm də serialda iştirak edirsən. Bütün bu işləri necə çatdırırsan?
- Əvvəllər özüm “görəsən, çatdıra biləcəyəm bütün bunları” deyə şübhə edirdim. Televiziyaların birində də əsgərlər haqqında veriliş aparıram. Düzdür, bu veriliş də komik xarakter daşıyır. Amma bu kollektivdən də çox xoşum gəlir, yaxşıdır ki, bu verilişin çəkilişi həftənin bir günü olur. Demək olar ki, çətinliklə də olsa, hamısını çatdırıram. Bütün günü qaçıram (gülür). Belə olmayanda da elə bilirəm ki, nə isə çatışmır. Ən xoşuma gəlməyən cəhət gecikməkdir. Şükürlər olsun ki, gecikmirəm.
- Maraqlıdır, ekran arxasında, real həyatda Asya insan kimi necədir?
- Səmimi, mehriban, mülayim bir insanam. Elə deyərdim ki, necə görünürəmsə, həyatda da eləyəm. Yalan danışmağı uşaqlıdan xoşlamamışam. Mənə görə ən böyük biclik düzlükdür. Ona görə hər zaman sözün düzünü deyirəm.
Qeyd : Müsahibəyə başlamamışdan öncə Asya Atakişiyeva bizdən şəxsi həyatla bağlı sual verməməyimiz xahiş etdi. Biz də sözümüzə əməl etdik.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər