• cümə axşamı, 18 aprel, 10:46
  • Baku Bakı 12°C

Bir ailənin iki QƏHRƏMANI - FOTOLAR

13.02.21 09:00 2079
Bir ailənin iki QƏHRƏMANI - FOTOLAR
Biri şəhid, biri qazi olan Əsgərov qardaşları beş medalla təltif olunublar
 
Ermənistan silahlı qüvvələrinin ötən ilin iyul ayında Tovuz rayonunun Ağdam kəndi ilə sərhəd ərazidə təxribatlar törətməsi, nəticədə general Polad Həşimov və digər bir neçə hərbçimizin şəhid olması bütün Azərbaycan xalqının hiddətinə səbəb oldu. Əlində silah tutmağı bacaran, ürəyi Vətən eşqi ilə döyünən, yüksək vətənpərvərlik ruhuna sahib olan hər kəs Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarələrinə axışdı. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin çağırışına səs verən hər bir azərbaycanlı könüllü şəkildə Orduya yazıldı, düşmənə qarşı döyüşməyə, torpaqlarımızı işğaldan azad etməyə hazır olduğunu nümayiş etdirdi. Həmin vaxt bir ailədən bir neçə nəfərin Silahlı Qüvvələrdə könüllü xidmətə yazılması kimi faktlar oldu. Hətta Vətən Müharibəsinin gedişində də biz belə faktlara rast gəldik. Ata iki oğlu ilə, qardaşlar, xalaoğlu, əmioğlu və digər qohumluq əlaqəsi olan şəxslər çiyin-çiyinə verib erməni işğalçılarına qarşı birgə döyüşdülər. Belə nümunələrdən biri də Əsgərov qardaşlarıdır. Bir ailənin iki gənc üzvü - İlkin Rauf oğlu Əsgərov və Elçin Rauf oğlu Əsgərov Vətən Müharibəsində iştirak edib, erməni qəsbkarlarına qarşı rəşadətlə döyüşüblər.
 
 
Pulemyotçu əsgər
 
İlkin Əsgərov 6 sentyabr 2000-ci ildə Gəncə şəhərində anadan olub. 2007-2018-ci illərdə Gəncə şəhərindəki 11 saylı orta məktəbdə təhsil alıb. 2018-ci ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Silahlı Qüvvələrin Beyləqan rayonundakı "N” saylı hərbi hissəsində, hava hücumundan müdafiə bölməsində xidmət edib. 2020-ci ilin aprel ayında Ordudan tərxis olunub. Ermənistan silahlı birləşmələrinin iyul təxribatı onun düşmənə qəzəbini, kinini daha da artırıb. Azərbaycan Prezidentinin çağırışına səs verərək könüllü şəkildə səfərbərliyə yazılıb, təkrar hərbiyə cəlb olunmaq barədə istəyini bildirib. 2020-ci il sentyabrın 27-də düşmən hücumunun qarşısının alınması, Ordumuzun bütün cəbhəboyu əks hücuma keçməsindən 2 gün sonra İlkin Əsgərov müharibəyə yollanıb. Pulemyotçu İlkin düşmənin onlarla canlı qüvvəsini məhv edib, döyüşçü yoldaşlarına atəş dəstəyi verərək bölmələrimizin irəliləməsində, yeni-yeni yüksəkliklərin, mövqelərin ələ keçirilməsinə mühüm rol oynayıb.
 
 
Bütün döyüşlərdə ürəklə vuruşub
 
İlkinin bacısı Əsmətel Nəcəfovanın qəzetimizə söylədiyinə görə, İlkin ona təhkim olunan pulemyotla düşmənə göz açmağa imkan verməyib, tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlib, qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalıb: "Qardaşım İlkin tərbiyəli, təbiətcə sakit, dostcanlı, qorxmaz, cəsur oğlan idi. Universitetə qəbul olmasa da, dərslərini daim yaxşı oxuyurdu. Məntiqi, mənimsəmə, öyrənmə qabiliyyəti yüksək idi. Bu xarakterini həm əsgərlikdə, həm də döyüşlərdə də göstərmişdi. Əsgərlik illərində komandanlıq ondan daim razılıq edirdi. Vətən Müharibəsində də özünü bu cür göstərib. Özü bizimlə danışanda döyüşlər barədə nə isə demirdi. Yalnız bizə təskinlik verirdi ki, hər şey yaxşıdır, narahat olmayın, ermənilər bizim qabağımızdan qaçırlar, torpaqlarımızı azad edirik və sair. Amma onunla birlikdə düşmənə qarşı vuruşan əsgər yoldaşları bizə deyirdi ki, İlkin bütün döyüşlərdə daim özünü irəli atıb, ürəklə vuruşub. Hər bir əmri dəqiqliklə yerinə yetirib”.
 
 
İlkini tanıyan hər kəs onunla qürur duyur
 
Şəhid bacısının sözlərinə görə, hətta elə vaxtlar olub ki, düşmən mövqelərinə qəfil basqın təşkil edilib və çox yaxın məsafədən atışıblar. Belə döyüşlərdə İlkin qorxmazlığı, cəsurluğu ilə çox fərqlənib: "Bunları bizə döyüş yoldaşları danışıb. Döyüşlərin birində hərbçi yoldaşı Röyal Hüseynov ağır yaralanıb. İlkin öz həyatını təhlükəyə ataraq onu güllə yağışı altından çıxarıb, həyatını xilas edib, vaxtında həkimə çatdırıb. Bunu bizə sonradan Röyal özü danışdı. Həyatını qardaşıma borclu olduğunu söylədi. İlkin Şuşa istiqamətindəki döyüşlərdə də iştirak edib. Bu, onun son döyüşü olub. Hərbçi yoldaşlarının söylədiyinə görə, döyüşün gedişində düşmənin atdığı minaatan mərmisi İlkinin yaxınlığına düşüb və partlayış nəticəsində ətrafa səpələnən qəlpə onun başını ağır yaralayıb. Nəticədə o, şəhidlik zirvəsinə ucalıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla qardaşım İlkin Əsgərov ölümündən sonra "Cəsur döyüşçü”, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Nəinki ailəmiz, eləcə də İlkini tanıyan hər kəs onunla qürur duyur, fəxr edir. O, öz qəhrəmanlığı, şücaəti və ölməzliyi ilə hamımızın başını uca edib”.
 
 
Qalib Ordunun qəhrəman əsgəri - qazisi
 
Şəhid bacısı Əsmətel xanım hazırda hərbi xidmətdə olan kiçik qardaşı Elçindən də söhbət açdı. Bildirdi ki, Vətən Müharibəsi başlayanda Elçin əsgərlikdə olduğundan, döyüşlərə qatılıb: "Kiçik qardaşım Elçin 8 mart 2001-ci ildə Gəncə şəhərində anadan olub. 2008-2019-cu illərdə Gəncə şəhərindəki 9 saylı orta məktəbdə təhsil alıb. 2020-ci ilin aprel ayında hərbi xidmətə yollanıb. Beyləqan rayonundakı "N” saylı hərbi hissədə xidmət etməyə başlayıb. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda bir çox hərbi qulluqçular kimi qardaşım Elçin də könüllü olaraq döyüşlərə qatılıb. Artilleriyaçı kimi Füzulinin, Xocavəndin yaşayış məntəqələrinin işğalçılardan azad edilməsi əməliyyatlarında iştirak edib. Döyüşlərdə başından yüngül qəlpə yarası alıb. Onun hospitalda qalmaq, arxa cəbhəyə qayıtmaq şansı olsa da, bundan imtina edib, tezliklə döyüşlərə, ön cəbhəyə qayıdıb. Azərbaycan Prezidentinin imzaladığı sərəncamlarla Vətən borcunu ləyaqətlə yerinə yetirdiyinə görə, kiçik qardaşım Elçin də "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Elçin hal-hazırda müddətli hərbi xidmətini Beyləqan rayonundakı "N” saylı hərbi hissədə davam etdirir. Elçinin qalib Ordunun qəhrəman əsgəri, qazisi kimi evimizə dönəcəyi günü səbirsizliklə gözləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Biz onların Vətən və xalq qarşısındakı xidmətlərini heç zaman unutmayacağıq”.
 
Rufik İSMAYILOV
 

 
 
banner

Oxşar Xəbərlər