• çərşənbə, 24 Aprel, 00:02
  • Baku Bakı 14°C

“Bir ailəm var” min ailəyə dəyər Reportaj Fotolar

03.12.13 11:26 17982
“Bir ailəm var” min ailəyə dəyər Reportaj Fotolar
Ötən gün “Xəzər” televiziyasının ən reytinqli serialı olan “Bir ailəm var” ailəsinin qonağı olduq. Çəkiliş prosesi bitdikdən sonra serialın əsas qəhrəmanlarına yaxınlaşıb obrazlarını xarakterizə edərək söhbət etdik.
Düşünürdüm ki, serialın bir bölümünü çəkmək üçün ən azı 1 həftə zaman lazımdır. Ancaq vəziyyət heç də belə deyilmiş. Deməli böyük bir məkan 4-5 hissəyə bölünüb. Həmin məkanda ofis, iş yeri, ev kimi səhnələr çəkilir. Çəkilişlər də bir neçə həftəyə deyil, professional aktyorların ifasında bir neçə saata ərsəyə gəlir. Serialda baş verən hadisələrin bu məkanda yaradılması ilk baxışdan inandırıcı gəlməsə də, gördüklərimizə inanmaq məcburiyyətində idik.
Hadisələrin bir qismi bizə də yansıyır
Çəkilişə ara verib istirahət edən serialın baş rejissoru Rüfət Şahbazova bir neçə sualla müraciət etdik. Rejissor gələn bölümlərdə tamaşaçıları maraqlı hadisələrin gözlədiyini və serialda gərginliklərin daha da artacağını söylədi: “Serialın ssenarisində çox ağır səhnələr var. Aktyorlar ssenariyə uyğun olaraq həmin vəziyyətə uyğunlaşmağa çalışırlar. Bu asan məsələ deyil. Ssenarinin ağırlığı çəkiliş zamanı yaradıcı kollektivə də təsir edir. Sitqomda elə idi ki, bir mövzu dairəsində hadisələr baş verir və həmin bölümdə sona çatırdı. Orada deyib gülərək bölümü çəkmək daha asan idi. Bu serial isə dram janrında olduğu üçün bir az üzərində ağırlıq var. Orada baş verən hadisələr istər-istəməz bizim iş rejimimizə də təsir edir. Serialı çəkərkən o ab-havaya özümüzü o qədər aludə edirik ki, hadisələrin bir qismi bizə də yansıyır”.
Rejissor ekran qarşısında əyləşən tamaşaçıların, xüsusilə də qadınların daha çox qalmaqallı hadisələr baş verən süjet xətti izləmək istədiklərini söylədi: “Serialın çəkilişlərinə başlayarkən obrazlara gərgin hadisələr əlavə etmədik. Hadisələri normal fonda cərəyan etdirməyə çalışdıq. Gördük ki, belə olan halda izləyicilərimiz gözlədiyimizdən də azdır. Ondan sonra ssenaridə dəyişikliklər etdik. Belə ki, hadisələri gərginləşdirdikdən sonra tamaşaçılarımızın sayı artmağa başladı. Bu gün ekran qarşısında əyləşən tamaşaçılar daha çox gərgin, dinamik hadisələrə baxmaq istəyir. Müşahidələrimiz nəticəsində öyrəndik ki, qadınlar arasında olan söhbətlər onların seriala marağını daha çox artırır. İndi hər kəs bizdən soruşur ki, bundan sonra hadisələr necə cərəyan edəcək? Artıq aktyorlara da demişik ki, ssenari haqqında tamaşaçılara öncədən məlumat verməsinlər. Hadisələr gərginləşdikcə tamaşaçılar daha çox intizarda qalırlar”.
Rüfət Şahbazov çəkiliş zamanı maraqlı hadisələrin baş verməsindən və kamera arxasında yaşadıqları çətinliklərdən də danışdı: “Serialın mövzusu dram üzərində qurulduğu üçün kamera arxasında əvvəlki kimi çox da deyib-gülə bilmirik. Hərdən deyib-gülməyimiz olsa da, buna çox imkan yaratmırıq ki, çəkilişə təsir etməsin. Ancaq çəkiliş zamanı maraqlı hadisələr də olur. Belə ki, ötən seriyaların birində iki aktyor arasında dava oldu. Ssenariyə görə, aktyorun biri maşına minib gedir və maşın digər aktyorun yanından ötüb keçməlidir. Çəkiliş zamanı maşın digər aktyora dəydi. Həmin hadisəni görsək də, çəkilişi saxlamadıq. Çəkiliş bitəndən sonra aktyora yaxınlaşdıqda, gördük ki, ayağı doğurdan da möhkəm əzilib. Əgər biz ssenaridə hadisəni bu şəkildə canlandırmaq istəsəydik yəqin ki, kaskadyorlardan faydalanardıq. İşin texniki tərəflərini ona uyğun şəkildə qurardıq. Təsadüfən olmuş bir hadisə kimi çox təbii alındı. Hadisə baş verən zaman çox qorxdum, amma bildim ki, bu kadr bir də alınmayacaq”.
“Oğlum məni qısqanır”
Xalq artisti Həmidə Ömərova ilə çəkilişə hazırlaşarkən görüşdük. Həmidə xanıma yaxınlaşıb serialda qəddar ana rolunun öhdəsindən necə gəldiyini soruşduq. Xalq artisti serialın yaradıcı heyətindən razı olduğunu, onlarla işləməkdən mənəvi zövq aldığını söylədi: “Əsmər obrazı mənim yaradıcılığımda oynadığım ilk böyük dramatik xarakterdir. Canlandırdığım Əsmər xanım çox güclü və mərd qadındır. O, istədiyinə nail olmağı bacarır. Əsmər istəyir ki, ailəsini bir yerə yığsın. Əslində mən onun istəyinə haqq qazandırıram. Hər bir aktrisa belə bir obraz yaratmaq arzusundadır. Düzünü desəm, əvvəl bu serialda iştirak etmək istəmirdim. Çünki bu obrazın mənfi xüsusiyyətləri çoxdur. Rüfət Şahbazov mənim bu serialda iştirak etməyim üçün çox böyük qətiyyət göstərdi. Yaxşı ki, bu serialda iştirak etdim və yaradıcı heyətlə tanış oldum”.
Həmidə Ömərova çəkiliş olmayan günlər “Bir ailəm var” serialının yaradıcı heyəti üçün darıxdığını və öz ailəsinin onu qısqandığını söylədi: “Hərdən evdə övladımın üzərinə səsimi qaldıranda, oğlum mənə “sən Əsmər deyilsən” deyib xəbərdarlıq edir (gülür). Ümumiyyətlə, həyatda Əsmərin xarakterinin tam əksi olan bir insanam. Çevrəmdəki insanlar bunu yaxşı bilirlər. Mən hər şeyi mülayimliklə, sakit həll etməyə üstünlük verirəm. Xarakterimdə kəskinlik yoxdur. Bununla belə, bu obrazı sevirəm. Əgər Əsməri sevməsəydim, yəqin ki, obrazı yarada bilməzdim. Oğlum da mənə qısqanclıqla yanaşır. Söyləyir ki, sən o ailəni məndən çox isdəyirsən. Mən də deyirəm ki, mənim bir ailəm var. Mənim “Bir ailəm var” serialındakı ailəm mənim yaradıcı ailəmdir”.
“Qorxma, vur deyirəm”
Serialda Nazlı rolunu canlandıran Rada Nəsibova qəmgin, keçmişinin yaddaşında acı xatirələrlə qalmasını xatırlayıb bədbin hisslərə qapılan bir obrazı oynayır. Rada serialın bütün bölümlərində daim gözüyaşlı olduğunu söylədi: “Nazlı VVAQ-da işləyən, həyatda bəxti gətirməyən xanımdır. Münaqişə nəticəsində onun ailəsi dağılıb. Hadisələrdən görünür ki, yaxın bölümlərin birində onun taleyinə kimsə çıxacaq. Bəxti üzünə gülmək istəyir, ancaq keçmiş həyat yoldaşı buna imkan vermir. Gələcəkdə hadisələr necə cərəyan edəcək, onu bilmirik”.
Aktrisa canlandırdığı obrazın real həyatda ona yaşatdığı hiss və həyəcan, gərginliyin təsirindən çətinliklə çıxdığını söylədi: “Bütün bölümlərdə Nazlı ağlayır, keçmiş həyatı yadına düşür. Keçmiş həyatındakı hadisələrdə döyülür, söyülür və təhqir olunur. “Qaynana” serialı komediya üzərində qurulmuşdu, həmin serialın kamera arxasında daima deyib-gülürdük. Burada vəziyyət başqa cürdür. İstər-istəməz yaratdığım obrazın aurası mənə təsir edir. Bundan əvvəlki serailda kamera arxasında çox gülməli, maraqlı hadisələr baş verirdi. Bu serialda isə rejissor bizə kamera arxasında əylənməyi, danışıb-gülməyi məsləhət görmür, çünki bunun seriala birbaşa təsiri olur. Kamera arxasında da o hadisələri yaşayırıq ki, “action” deyiləndə həmin vəziyyətdə olaq”.
Rada Nəsibova serialda həyat yoldaşının onu döyməsi səhnəsində aktyorun onu vurmağa çəkindiyini, əl qaldırmaq istəmədiyini qeyd etdi: “O səhnələrdə aktyora “arxayın ol, rahat ol, vur” deyirəm. Aktrisa həmin kadrdan sonra ağrıları bir müddət hiss etdiyini, sonra bir-birilərindən üzr istədiklərini söylədi.
Əməkdar artist Eşən Rüstəmov serialda əsas obrazlardan biri olan Sərxanı canlandırır. Aktyorun sözlərinə görə, serialın ağır süjet xətti olduğu üçün çəkilişlər zamanı hər kəs ciddi mimikada olmağa məcburdur: “Sərxan çalışır ki, ailəsini anasına qəbul etdirsin. O, bunun üçün daim mübarizə aparır. Tamaşaçılar serialın növbəti bölümünü izlədikcə hadisələrin daha da gərginləşdiyini görəcəklər. Ssenarinin özü çox ağır və konfliktlidir. Ona görə də aktyorların həmişə “yük”lə gəzməsi çətindir. Ancaq buna baxmayaraq, biz zarafat etməyə, deyib-gülməyə vaxt tapırıq” (gülür).
“Mən pis insan deyiləm”
Maral obrazının qəhrəmanı Sonaxanım Əliyevə çəkildiyi seriallarda mənfi obraz qəhrəmanı olmasına aydınlıq gətirdi. Aktrisanın sözlərinə görə, əslində həyatda heç də pis insan deyil: “Nəyə görə hər zaman mənfi obraz rolu aldığımı özüm də bilmirəm. Rejissorlar məndə mənfi obraza xas olan nəyisə görürlər. Ümumiyyətlə, hər bir insanın müsbət cəhətləri çox olsa da, mənfi cəhətləri də var. Mənə elə gəlir ki, rejissorlar mimikamda mənfi obrazın xarakteristikasını görürlər ki, həmin rolları da mənə həvalə edirlər. Mən Maral obrazından heç də narazı deyiləm. Obrazın pisi-yaxşısı olmur. Bütün obrazlar gözəldir, yaratdığım bütün obrazları sevirəm”.
Alina rolunu canlandıran Anastasiya Nesterenko serialda rus gəlinini canlandırdığı üçün məmnun olduğunu, kamera arxasında maraqlı hadisələr yaşadığını söylədi: “Hazırda Azərbaycanda əcnəbi gəlinlərin qayınana ilə yola getməsi böyük problemlərdən birinə çevrilib. Bilirəm ki, burada çoxlu xarici gəlinlər var. Bu gün üçün ən aktual mövzulardan biridir. Düşünürəm ki, tamaşaçılar üçün bu problemin həlli maraqlıdır”.
Serialın yaradıcı heyəti ilə söhbətdən sonra növbəti hissənin çəkiliş məkanı hazırlandı. Beləcə, aktyorlar çəkilişə davam etməyə başladılar. Ehmalca rejissorun yanında dayanıb, hadisələri izləməyə başladıq. Rejissor aktrisa Radaya göstəriş verən kimi, aktrisa yaxın bir adamını itirmiş kimi için-için ağlamağa başladı. Rüfət Şahbazovdan “bunu necə etdiniz” deyə soruşduqda, rejissor bizə yarızarafat “Radanın gözəl obraza girmə qabiliyyəti var. Sanki duyğularına toxunan bir düyməsi var, ona dəyən kimi ağlamağa başlayır” - dedi.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər