• cümə, 19 Aprel, 10:02
  • Baku Bakı 13°C

Bir ailədə 4 qız - Fotolar

05.08.17 09:00 4594
Bir ailədə 4 qız - Fotolar
"4-cü qızım olan vaxt yoldaşım xəstəxanada deyildi. Sonra məni görməyə gəlmişdi. Həkimə dedim ki, yoldaşım çöldə gözləyir, gedin ona qızı olduğunu deyin. Dedi, mən ona 4-cü uşağının da qız olduğunu deyə bilmərəm. Nə qədər desəm də ki, bizim ailədə qız-oğlan ayrı-seçkiliyi yoxdur, getmədi. Bir də gördük ki, yoldaşım özü gəldi. Deyir ki, ay həkim, niyə gəlib şad xəbəri vermirsiniz? Dedi "yenə qızınız olub” deyə bilmədim. Yoldaşım dedi ki, o mənim balamdır, qız-oğlan olmasının nə fərqi?” Bunu bizə 4 qızı olan ana Tükəzban Xəlilova nəql etdi.

"...övlad qızıl üzükdür, kimin barmağına keçər, kiminə yox”

63 yaşlı Tükəzban xanım Hüsniyyə, Qəmər, Şamama və Nigar adlı 4 qız anasıdır. O deyir ki, hər dəfə qız olanda evdə toy-bayram olub, nəinki "Bu dəfə də oğlan olmadı” məyusluğu: "Bizim evdə qız-oğlan ayrı-seçkiliyi olmayıb. Ona görə bilmirəm ailədə bunu necə edirlər?! Nəinki yoldaşım, onun ailəsi də qızlarımı çox istəyirdilər. Hər dəfə qızım olanda qaynanam qurban kəsirdi. 4-ü üçün də kəsib. Qaynanam deyirdi ki, övlad qızıl üzükdür, kimin barmağına keçər, kiminə yox. Yoldaşım deyirdi ki, Allahdan dörd övlad istəmişəm, onu da verib. Oğlan-qız fərq etməz. Gəlin getdiyim ailə diqqətcil, başadüşən, mehriban idi”.

Həm ata, həm ana...

Lakin Tükəzban xanımın həyat yoldaşı avtomobil qəzasında dünyasını dəyişir. Bu zaman qızlardan böyüyünün 13, kiçiyinin isə 6 yaşı olur. Bundan sonra isə o, uşaqlara həm ata, həm də ana olur: "90-cı illərdə itirdik onu, dəhşətli dövr idi. Yoldaşım həmişə mənə deyirdi ki, uşaqları qoru. Düzü, o, sağ olanda bunu niyə dediyini bilmirdim. Amma həyatda olmayanda başa düşdüm. O, rəhmətə gedəndə uşaqlar balaca idi. Onları evə yığa bilmirdim. Deyirdilər ki, atamız yoxdur, evə gəlmək istəmirik. Uzun müddətdən sonra mən bunun öhdəsindən gəldim. Asan iş yoxdur, dolanışıqda əziyyətimiz yoxuydu, valideynlərim, baldızlarım kömək edirdilər. Qızlar da tələbkar deyildilər. Amma bunlara baxmayaraq, gecəm-gündüzüm yoxuydu, uşaqların geyimlərini yuyub-ütüləmək, bazarlıq etmək, yemək hazırlamaq, uşaqları təhsildən qalmasınlar deyə, dərsə aparıb-gətirmək, üstəlik də işləyib pul qazanmaq çətin idi”.

"Qızlarımın təhsilli olması mənim üçün önəmli idi”

Çətinliklə olsa da, onların öhdəsindən gəlir, qızları təhsildən yayınmır: "Mən özüm də təhsil alıb, işləyəndən sonra ailə qurmuşam. Qızlarımın təhsilli olması da mənim üçün önəmli idi. Qəmər Latın Amerikasına təhsil almaq üçün gedəndə çox adam dedi ki, qız uşağının başqa ölkədə nə işi var? Amma mən onun getməyinə maneə yox, əstək oldum. Uşaqlarım balaca olanda yoldaşım deyirdi ki, onlar dünyanın harasında təhsil alsalar, gedib özüm onlara qulluq edəcəm. Hələ onda 1988-ci il idi. Deyirdim ki, paltarlarını da yuyacaqsan? Deyirdi ki, hə, qızlarım yaxşı təhsil alsınlar deyə, hər işlərini görəcəm. Şükür ki, qızlarımız da təhsilə meyilli oldular, orta məktəbdə yaxşı oxuyurdular, ali təhsil də aldılar. İndi böyük televiziyada aparıcı işləyir. İkinci qızım Qəmər həkimdir. Üçüncü qızım böyük banklardan birində aparıcı mütəxəssisdir. Balaca Nigar isə başqa bir bankda baş mühasibdir”.

"Deyirdilər ki, qızları versən, işin, xərcin azalar”

Orta məktəbi hələ bitirməmiş qızlarına görə qapısını döyən elçilər çox olur. Hətta "qızları ərə ver getsin, işin yüngülləsin” deyə məsləhət verənlər də az olmur: "Bəzən deyirdilər ki, qızları versən, işin, xərcin azalar. Amma deyirdim ki, onlar mənə ağırlıq etmirlər. Hamısı ali təhsil alıb işə başlayandan sonra ailə qurdular. Bircə Qəmər hələ evlənməyib, o da ixtisasında təkmilləşməyə çox vaxt sərf etdi. Universiteti burda bitirdi, internanı keçdi, Latın Amerikasında rezidentura oxudu. Sonra Hindistana, Kolumbiyaya getdi. İndi artıq burada çalışır”.

"Qadının, qızın cəmiyyətdə itməməsi çox vacibdir”

Tükəzban xanımla görüşümüzdə ikinci qızı Azərbaycanın göz çəpliyi üzrə ən güclü cərrahlarından biri olan həkim-oftalmoloq Qəmər Əliyeva da iştirak edirdi. Qəmər xanım deyir ki, ailədə onlara qadının təhsilli olması, öz ayağı üstündə durmağı bacarması aşılanıb: "Atam həmişə deyirdi ki, qız uşağının təhsili olmalıdır. Anamı evlənmək üçün seçəndə təhsilinə də fikir verib. Anamdan da biz təhsilin önəmi, öz ayağı üstə durmağın vacibliyi ilə bağlı məsləhətləri eşitmişdik. Anam Azərbaycan Dövlət Pedaqoji Universitetdə laboratoriya müdiri işləyir. O öz ayağı üstə durmağı bacaran bir qadın olmasaydı, atam rəhmətə gedəndən sonra bizi necə böyüdərdi axı? Düzdür, qohumlar kömək edib, amma qadının, qızın cəmiyyətdə itməməsi çox vacibdir. Onun üçün də təhsilli olmalı, öz ayağı üstə durmalıdır”.

"Böyüyəndən sonra bacılarımı daha çox sevirəm

Anasının qızların çox olmasından şikayəti olmasa da, Qəmər xanım 4 bacının bir evdə böyüməyinin çətin olduğunu deyir: "Çünki sözün həqiqi mənasında çətindir. Bacılıq duyğularımız böyüyəndən sonra yaranır. Balaca vaxtı yola getmək çətin olur. Bizdə böyük bacımızın üstünə çox yük düşüb. Düzdür, analıq funksiyasının bir hissəsi onun üstündə olub. Amma yeni şeylərin hamısı birinci ona alınır, icazə birinci növbədə böyük bacıya verilir, bəzən sən ondan icazə almaq məcburiyyətində qalırsan. Səhər durub görürsən ki, paltarını biri geyinib gedib. Bacılarla bir evdə yaşamaq çox çətindir. Onlar ailə quranda çox sevindim ki, şkaf tək mənə qalır, hər şeyi tək istifadə edirəm (gülür). Böyüyəndən sonra bacılarımı daha çox sevirəm. Çünki hər biri mənim ən yaxın rəfiqələrimdi. Böyük bacım isə anam kimi əzizdir”.

"4 qızım olsa, çox gözəl şəkildə baxaram”

Qəmər xanım da uşaq vaxtı evdə heç vaxt oğlan-qız ayrı seçkiliyinin olmadığını deyir. Amma indi düşünür ki, özündən böyük qardaşının olmasını istəyərdi: "Atam sağ olsaydı, bəlkə o haqda heç düşünməzdim də. Atam olmayanda düşünürdüm ki, evdə kişinin olması da lazımdır. Bacılarım yeni ailə quranda çox çətinlik çəkirdilər. Əks cinslə münasibəti evdə çox görməməyimiz çətinlik yaradırdı. Böyük qardaş istəmişəm, balaca yox. Mənim də 4 qızım olsa, çox gözəl şəkildə baxaram. Mənim üçün uşağın cinsinin önəmi yoxdur. Həkim kimi yanaşsaq, sağlam, valideyn kimi düşünsək, tərbiyəli, məsuliyyətli olsunlar”.

"Qız gözəllikdir, anadır, həyatdır”

Bir müddət öncə Respublika Perinatal Mərkəzdə ana ölümü hadisəsi baş vermişdi. Mərkəzin direktoru, Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova açıqlamasından ümumi bir qənaətə gəlmək olar ki, ana öz həyatını bir oğul dünyaya gətirmək üçün qurban verib: "36 həftəlik hamiləlik dövründə uşağın baş gəlişi ilə bizə müraciət edən qadını patologiya şöbəsinə yerləşdirdik. Bir sutka ərzində həmin qadın müayinələrdən keçirildi və hamiləliyi sonlandırmaq barədə qərar qəbul edildi. Bu, qadının 8-ci hamiləliyi idi. Belə ki, həmin qadının bundan əvvəl 5 doğuşu olub. 5 doğuşdan 2 qız, 3 oğlan dünyaya gətirib. Oğlan uşaqları doğuşdan sonra ölüb. Bundan əlavə ananın 3-dən artıq uzun müddətlik, yəni 12 həftədən böyük abortları qeydə alınıb. Qız uşaqları olduğu üçün abort etdirib. Axırıncı abortdan sonra fəsadlaşma olduğundan həkimlər ona hamilə qalmağı qadağan ediblər. Buna baxmayaraq, qadın hamilə qalıb. Oğlan olduğu üçün hamiləliyi 36-cı həftəsinə qədər davam etdirib”.

Bu haqda da Tükəzban xanımla söhbət etdik. Müzakirə uzun olsa da, onun ümumiləşdirilmiş fikri belə oldu: "Övlad şirindir, qız və ya oğlan olmasının fərqi olmadan. Qız gözəllikdir, anadır, həyatdır. Qızlarıma baxdıqca zövq alıram, indiyə qədər çəkdiyim bütün əziyyəti onlar mənə unutdurublar. Onların xoşbəxtliyi məni də xoşbəxt edir. "Kaş bir oğlum olardı” demirəm. Xoşbəxt ana və nənəyəm. 5 nəvəm var, 4-ü oğlandır, 1-i qız. Amma qız nəvələrimin çox olmasını istəyirəm”.

Aygün Asimqızı

Yazı Niderland Krallığı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən icra olunan "Uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması” adlı pilot layihəsi çərçivəsində müsabiqəyə təqdim olunur.

banner

Oxşar Xəbərlər