• cümə, 19 Aprel, 12:29
  • Baku Bakı 25°C

Biometrik pasportu saxtalaşdırmaq mümkün deyil Araşdırma

04.09.13 09:41 6154
Biometrik pasportu saxtalaşdırmaq mümkün deyil Araşdırma
Biometrik informasiya texnologiyaları əsasında hazırlanan yeni nəsil şəxsiyyət vəsiqəsinin ilk nümunəsi Prezident İlham Əliyevə təqdim edilib. Bununla da ölkəmizdə yeni nəsil biometrik pasportların verilməsinə başlanılıb.
Qeyd edək ki, dövlət başçısının 2007-ci il 13 fevral tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı"nın, həmçinin "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" 2012-ci il 17 iyul tarixli 686 nömrəli Fərmanın tələblərinin vaxtında təmin edilməsi məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. Şəxsiyyəti təsdiq edən sənədlərin verilməsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilib. O cümlədən, ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri, spesifikasiyası və nümunələri ölkə rəhbərinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanı ilə təsdiq edilib. Şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən ibarət İşçi Qrupu yaradılıb, bu sahədə beynəlxalq səviyyədə tanınmış şirkətlərin təcrübəsi və əldə olunan nailiyyətlər öyrənilib, pasportların təsviri və spesifikasiyası hazırlanıb. Ümumvətəndaş pasportlarının hazırlanması və verilməsi məqsədilə 9 regional mərkəz yaradılıb.
Məcburi biometrik xarakteristika
Qeyd edək ki, biometrik pasportlar ümumvətəndaş pasportunu əvəzləyəcək. Əgər kiminsə ümumvətəndaş pasportu varsa, həmin şəxs pasportun müddəti başa çatanadək xarici ölkələrə səfərlərində ondan istifadə edə biləcək. Pasportu dəyişdiriləndə isə, həmin vətəndaşa biometrik pasport veriləcək.
Bəs biometrik pasportun üstünlükləri nədən ibarətdir? Qeyd edək ki, biometrik pasportda sənədin sahibi ilə bağlı daha çox və dolğun informasiya yer alacaq. Sadəcə, həmin informasiyaların çoxu xaricdən görünməzdir və yalnız məlumatlar xüsusi aparatla oxuna bilir. İlk baxışda adi pasportlara oxşayan biometrik pasportların üz qabığında biometrik pasport loqosu yer alır. Biometrik pasport loqosu bütün aeroportlarda və tranzit portlarda biometrik pasportlar üçün xüsusi oxuyucu qurğularla təchiz edilmiş sərhəd nəzarəti keçidlərində göstərilməlidir. Belə ki, bu loqo biometrik pasportlar üçün beynəlxalq işarədir və pasportun xüsusi çipə malik olduğunu təsdiqləyir. Çipdə pasport haqqında məlumatlar və pasport sahibinin biometrik məlumatları saxlanır. Çip pasportun üz qabığında, birinci səhifədə və ya digər səhifələrində yerləşdirilə bilər. Mikroçipə daxil edilən bütün məlumat pasportu verən təşkilatın elektron imzası ilə təsdiqlənəcək.
Biometrik pasportlara keçid üçün əsasən biometrik xarakteristikalardan istifadə olunur. Elmi tədqiqatlarda və praktik tətbiqlərdə sınaqdan çıxarılmış biometrik xarakteristikalara barmaq izi, gözün torlu və qüzehli qişaları, sifət şəkli, əlin həndəsəsi, ovucun şəkli, bədənin qoxusu, qulaqların forması, termoqramlar, DNT, səs, əl imzası, dodaqların hərəkəti, klaviatura xətti, yeriş və s. aiddir.
Sərhədi keçəndə
Mütəxəssislərin fikrincə, informasiya təhlükəsizliyi riskləri artdıqca, şəxslərin təhlükəsiz autentifikasiyası texnologiyalarına ehtiyac da kəskinləşir. Mütəxəssislər hesab edir ki, biometrik pasportlar saxta sənədlərlə sərhədi keçmək niyyətində olan şəxslərin qarşısının alınması üçün yeni texnologiyadır. Belə ki, bu pasportlar biometrik xarakteristikalara əsaslandığı üçün saxtalaşdırmaq çətindir. Burada şəxsin başqa fərdi məlumatlarla sənəd alması imkanı aradan götürülür, toplanan informasiyanın dəqiqliyi təmin olunur. Biometrik pasportlar şəxsiyyətin avtomatik identifikasiyası, miqrasiyaya sürətli nəzarət, sərhədlərin daha yaxşı mühafizəsi və təhlükəsizlik kimi üstünlüklərə malikdir.
Ümumilikdə biometrik pasportlar milli təhlükəsizlik sistemini təkmilləşdirəcək, sərhədi keçən şəxslərin daha dəqiq identifikasiyasına xidmət edəcək. Sərhədi keçərkən səyahətçilər öz pasportlarını xüsusi skaynerlərə yerləşdirəcəklər və bu qurğu çipdəki məlumatların birinci səhifədəki verilənlər ilə eyni olduğunu yoxlayacaq. Daha sonra əgər çipdə barmaq izləri də saxlanırsa, səyahətçi barmaqlarını barmaq izi skaynerinə qoyacaq və çipdə saxlanan barmaq izlərinin qurğuda alınan barmaq izləri ilə eyni olduğu yoxlanacaq. Belə ki, biometrik texnologiyalar insanların şəffaf və təhlükəsiz, rahat həyat sürməsi üçün bir başlanğıc olacaq.
Miqrantlara Hüquqi Yardım İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev hesab edir ki, biometrik pasportların hazırlanması əsasən Beynəlxalq Mülki Aviasiya Təşkilatının, dövlət sərhədlərinin qorunması istiqamətində tələblərə əsasən gündəmə gəlib. Belə ki, hələ 2005-ci ildə İCAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) və BMT-nin üzvü olan 188 ölkə 2010-cu ilin aprelin 1-dən gec olmayaraq bu pasportlara keçməyi planlaşdırıb. İCAO-ın tələblərinə görə, mikroçipə adi pasportların 1-ci vərəqində olan informasiya və pasportda olan fotoşəkil daxil ediləcək. Bu, məcburi biometrik xarakteristikadır. 2-ci mərhələdə ölkələrin seçimindən asılı olaraq barmaq izləri, gözün qüzehli qişası daxil edilə bilər. Avropa İttifaqı ölkələri 2007-ci ildən biopasportların verilməsinin 2-ci nəslinə keçiblər və indi artıq hər əldəki şəhadət barmağın surətini daxil edirlər. Gələcəkdə ola bilər ki, gözün qüzehli qişasını da bu sıraya daxil etsinlər: “Biometrik pasport Azərbaycanda ilk dəfədir tətbiq olunur. Bu pasportların üstünlüyü ondan ibarətdir ki, bu sənədlərin saxtalaşdırılması, başqalarının adına çıxarılması mümkünsüzdür”.
İB rəhbərinin sözlərinə görə, biometrik pasportda onun sahibi haqqında bütün məlumatlar, o cümlədən gözlərinin rəngi, əl və barmaq izləri, qulaqlarının quruluşu, sifət cizgiləri və s. məlumatlar əks olunacaq: “Bu baxımdan biometrik pasportlar Azərbaycan üçün çox zəruridir». Ə.Əliyevin sözlərinə görə, bütün vətəndaşlar biometrik pasportlarla tam təmin olunandan sonra hazırda vətəndaşların şəxsiyyətini təsdiq edən sənəd tədricən qüvvədən düşəcək. Belə ki, proses 2014-cü ilin sonuna qədər başa çatmalıdır.
10 manatdan 160 manatadək
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət” mərkəzindən mətbuata verilən məlumata görə, biometrik pasportların verilməsi üçün müraciətlər hələ qəbul olunmasa da, pasportların verilməsi üçün tələb olunan sənədlərin siyahısı və s. aydın olduqdan sonra, vətəndaşların biometrik pasportlarla bağlı müraciətləri qəbul ediləcək. Biometrik pasportlar üçün ödəniləcək rüsum da artıq bəllidir. Belə ki, 1 yaşınadək uşaqlara biometrik pasportlar 10 iş günü ərzində verilirsə, 10 manat, 5 iş günü ərzində 20 manat, 1 iş günü ərzində 40 manat rüsum ödənilir. 1 yaşdan 3 yaşadək uşaqlar üçün isə biometrik pasportlar 10 iş günü ərzində verilirsə 20 manat, 5 iş günü ərzində 40 manat, 1 gün ərzində verilirsə 80 manat rüsum ödənilir. 3 yaşdan 18 yaşadək uşaqlar üçün biometrik pasportlar 10 iş günü ərzində verilirsə 30 manat, 5 iş günü ərzində 60 manat, 1 iş günü ərzində isə 120 manat rüsum ödənilir. 18 yaşdan yuxarı vətəndaşlar üçün isə biometrik pasportlar 10 iş günü ərzində verilərsə 40 manat, 5 iş günü ərzində 80 manat, 1 iş günü ərzində 160 manat rüsum tələb olunur. Belə ki, ölkə vətəndaşları ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq on, beş və bir iş günü ərzində ümumvətəndaş pasportları ilə təmin oluna biləcəklər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər