• cümə axşamı, 28 mart, 12:37
  • Baku Bakı 16°C

Bioloji müxtəlifliyin, milliliyin mühafizə olunduğu ünvanlar - Fotolar

15.05.18 10:00 1260
Bioloji müxtəlifliyin, milliliyin mühafizə olunduğu ünvanlar - Fotolar
Muzeylər XXI əsrdə qlobal iqtisadiyyat və ətraf mühit sahəsində baş verən yeniləşmələrin qarşılıqlı kəsişmə nöqtəsindədir. Onlar mədəniyyətin qorunduğu və bioloji müxtəlifliyin, milliliyin ciddi mühafizə olunduğu ünvanlardır. Muzeylərdə tarixi özündə əks etdirən maraqlı faktlara - eksponatlara rast gəlirik. Bu, köhnəlik, gerilik nümunəsi deyil, əksinə, müasirlik və gələcək arasında bir körpü olaraq, milli-mənəvi dəyərlərin saxlanc mənbəyidir.

Hər il 18 may tarixi dünya mədəni ictimaiyyəti tərəfindən "Beynəlxalq Muzeylər Günü” kimi qeyd olunur. Belə qərar 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında qəbul olunmuşdur. 1977-ci ildən etibarən isə bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün muzeylərdə "açıq qapı” elan edilir və hər bir kəsin muzey tamaşaçısına çevrilmək imkanı yaranır. Dünya muzeylərinin fəaliyyətini əlaqələndirmək üçün YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası fəaliyyət göstərir. Onun tərkibinə dövlətlərin milli muzey komitələri daxildir. 1993-cü ildə Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin təsis edilməsi və Milli Komitənin rəsmi qaydada Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvlüyünə qəbul edilməsi, muzeylərimizin həyatında baş vermiş əlamətdar hadisədir. Azərbaycanın bir sıra maddi-mədəniyyət abidələri dünyanın məşhur muzeylərinin (Ermitaj, Britaniya muzeyi, Luvr, Metropoliten və s.) daimi eksponatıdır.

Hər il olduğu kimi bu il də Beynəlxalq Muzeylər Günü müəyyən bir deviz altında qeyd olunur ki, bu ilki deviz "Muzeylər hipperəlaqələr epoxasında: yeni insanlar, yeni yanaşmalar” adlanır. Bu isə cəmiyyətlə muzeylər arasında daha sıx iş birliyinin yaranmasına, muzeylərin fəaliyyətinin cəmiyyətin tələblərinə müvafiq qurulmasına, maddi və qeyri-maddi mədəni irsin qorunub saxlanılması və təbliğində cəmiyyətin funksiyasının genişləndirilməsinə xidmət edir.

Muzeylərin sələfləri e.ə. 16-cı əsrdə Kritdə, e.ə. 13-12 əsrlərdə Çində, e.ə. 7-ci əsrdə Nineviyada, əsasən saraylarda sənədlər, şəhadətnamələr və estetik qiymətə malik əşyalar kompleksi şəklində, həmçinin e.ə. 3-cü əsrdə Qədim Yunanıstanda, Romada (məbədlərin və bəzi şəxslərin kolleksiyaları) meydana gəlmişdir. Azərbaycanda ilk muzey - Tarix muzeyi 1920-ci ilin mayında Bakıda açılmışdır. 1970-80-ci illərdə təkcə Bakıda 7 ev-muzeyi, 8 tarix-ölkəşünaslıq muzeyi, döyüş şöhrəti muzeyi yaradılmışdır. Görkəmli partiya, dövlət, ədəbiyyat və incəsənət xadimlərinin ev-muzeyləri və xatirə muzeylərinin geniş şəbəkəsi yaradılmışdır. Azərbaycanda ilk belə muzey 1938-ci ildə Şəki şəhərində M.F.Axundovun evində açılmışdır.

Böyük şəxsiyyətlər heç zaman unudulmur, yaddaşlardan silinmir. Lakin muzeylər bu yaddaşın daha da möhkəmlənməsini, gələcək nəslə layiqincə ötürülməsini təmin edir. Bu baxımdan Üzeyir Hacıbəylinin ev muzeyini qeyd etmək yerinə düşər. 1975-ci il 20 noyabr tarixində o zaman Azərbaycan Kommunist Partiyasının I katibi vəzifəsində çalışan Heydər Əliyevin yaxından köməyi və səyi nəticəsində Bakıda, Şamil Əzizbəyov küçəsi ev 67-da, bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı evdə muzey təşkil olundu

Dahi bəstəkarın mənalı və zəngin həyat yolunu böyük məhəbbətlə əks etdirən ev-muzeyi də bütün muzeylər kimi mayın 18-də "açıq qapı” elan edir, və tamaşaçılarının görüşünə XX əsrin əvvəllərində çap olunmuş notlar sərgisi ilə gəlir. Ümidvarıq ki, Beynəlxalq Muzeylər Günü muzeyə gələn tamaşaçılar üçün maraqlı, mənalı və unudulmaz bir gecəyə çevriləcək. Gəlin, muzeylərə biganə yanaşmayaq, hər zaman onların fəal tamaşaçıları olaq. Azərbaycanda fəaliyyət göstərən bütün muzeylərdə çalışan əməkdaşları bu bayram münasibəti ilə təbrik edir, işlərində böyük uğurlara nail olmalarını arzu edirik.
Bəyim Dadaşova,
Üzeyir Hacıbəylinin Ev Muzeyininkiçik elmi işçisi

banner

Oxşar Xəbərlər