• cümə axşamı, 25 aprel, 03:56
  • Baku Bakı 19°C

Binəqədinin yağış gölləri

07.11.14 10:38 1946
Binəqədinin yağış gölləri
Son illər paytaxt Bakının bir çox rayonları kimi Binəqədi də geniş tikinti-quruculuq, abadlıq meydanına çevrilib. Rayon ərazisindəki bir sıra yaşayış məntəqələrində yeni sosial obyektlər, piyadaların təhlükəsizliyi üçün yeraltı və yerüstü keçidlər istifadəyə verilib, park və xiyabanlar salınıb, məhəllədaxili və magistral yollar təmir edilib, insanlar arasında müxtəlif maarifləndirmə işləri görülüb. Lakin təəssüflər olsun ki, rayon ərazisində illərdir özünü göstərən bir problem bu günə kimi həllini tapmayıb. Söhbət Rəsulzadə-Binəqədi, Binəqədi-Mehdiabad yolunda yaşanan problemdən gedir.
Belə ki, dayanmadan saatlarla yağış yağan kimi, sözügedən yollar keçilməz dəryaya çevrilir. Yağış sularının axıdılması üçün infrastruktur lazımi səviyyədə olmadığından, həmin yolun Binəqədi DYP-sinin, Poladtökmə Zavodunun, Müvəqqəti saxlama təcridxanasının qarşısından keçən hissəsində böyük su gölməçələri yaranır. Bu isə avtomobillərin sözügedən ərazidə hərəkətini məhdudlaşdırır, saatlarla tıxacın yaranmasına, oradakı obyekt və evlərin çirkab suları ilə dolmasına səbəb olur. Piyadaların həmin ərazidə avtomobildən istifadə etmədən hərəkəti isə ümumiyyətlə mümkün olmur. Bir neçə gün bundan öncəki yağış Binəqədi sakinlərinə, eləcə də bu rayon ərazisindən keçib gedənlərə eyni mənzərəni təkrar yaşatdı.
Qeyd olunan problemin nədən qaynaqlandığını, bunun qarşısını almaq istiqamətində bu günə kimi hansı tədbirlər görüldüyünü və ya planlaşdırıldığını öyrənmək üçün Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova həmin ərazidəki problemin kökündə duran məsələnin su və kanalizasiya xətlərinin tamamilə sıradan çıxması ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, həmin xətlər tamamilə yenidən qurulmalı, yenilənməlidir: “Bu prosesin həllində ilk növbədə aidiyyəti dövlət qurumu iştirak etməlidir. İcra hakimiyyəti bu məsələdə heç bir halda birbaşa aidiyyəti dövlət qurumu deyil. Buna birbaşa cavabdeh olan dövlət qurumu öz işini görəndən sonra biz yolun asfalt örtüyünü yeniləyər və digər öz üzərimizə düşən işləri görə bilərik. Təbii ki, sözügedən məsələni biz də həmin dövlət qurumu qarşısında qaldırmışıq. Əgər bu problem sistemli şəkildə öz həllini tapmasa, orada görülən işlər müsbət effekt verməyəcək”.
Binəqədi rayon Su Kanal Departamentinin rəisi Əhliman Mansurov isə həmin ərazidə yağış yağarkən üzə çıxan problemin aradan qaldırılması üçün bu günədək bir sıra işlərin görüldüyünü söylədi. O, konkret olaraq Binəqədi DYP-sinin yanında çirkab sularını çəkmək üçün yeni nasosxana tikildiyini, bu nasosxana vasitəsilə suyun çəkilərək Hövsana ötürüldüyünü dedi: “Sadəcə, bu dəfə yağış yağan zaman elektrik enerjisinin kəsilməsi həmin ərazidə çirkab sularının toplanmasına səbəb oldu. Biləcəri, Xırdalan və Binəqədi yolunda kanalizasiya şəbəkəsinin olmaması da yağış yağarkən ərazidə böyük su gölməçələrinin yaranmasına səbəb olur. Amma hazırda Sulutəpə-Lökbatan istiqamətində yeraltı tunel qazılır, yeni kanalizasiya şəbəkəsi qurulur. Sözügedən iş başa çatdırılandan sonra kanalizasiya suları həmin şəbəkəyə ötürüləcək ki, bu da qeyd edilən ərazidə müşahidə olunan problemin aradan qalxmasına səbəb olacaq”.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı qeyd edilən ərazidəki problemin bir neçə məsələ ilə əlaqədar olduğunu söylədi: “Bəzən jurnalistlər deyirlər ki, “Azərsu” nə üçün yollarda yağış barmaqlığı tikmir. Əslində “Azərsu” yağış barmaqlığı, su-drenaj xətləri tikmir. Bütün bu kimi işlər yol infrastrukturudur. Onlar yol salınanda, təmir olunanda görülməli işlərdir. Biz sadəcə, həmin yağış barmaqlıqlarını, su xətlərini istismar edir, onların təmizliyinə diqqət yetirir, tutulmasının qarşısını alırıq. Binəqədi rayonunda adıçəkilən ərazilərdə yağış zamanı suyun yığılmasına da səbəb orada drenaj sisteminin, yağış barmaqlıqlarının olmamasıdır. Digər bir səbəb vaxtilə ərazidəki böyük göllərin qurudulması, yerində həyət evlərinin, obyekt və sairlərin inşasıdır. Tikinti aparılan həmin yerlərdə qrunt suları həddən artıq çoxalıb. Yağış yağan kimi qrunt suları da yola çıxır. Ən nəhayət, Biləcərinin aşağı hissəsində xeyli həyət evləri tikilib ki, həmin ərazidə də kanalizasiya sistemi yoxdur. Hər kəs çirkab suları küçəyə axıdır. Bu sular da yağış suları ilə birləşib böyük gölməçələr yaradır”.
A.Cəbrayıllı bütün bunların aradan qaldırılması üçün “Azərsu” ASC tərəfindən Xocahəsən-Binəqədi-Xırdalan tunel layihəsinin həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, Xocahəsəndən Xırdalan, Qafqaz Universiteti, Binəqədi rayonundakı Poladtökmə Zavodunun yanına kimi bu tunel uzanacaq. Onun sözlərinə görə, işlər tam başa çatanda bu şəbəkə kənd Binəqədinin də yağış və çirkab sularını götürəcək, Lökbatan qəsəbəsi yaxınlığında inşa olunan çirkab sutəmizləyici qurğuya axıdacaq: “Artıq ötən ildən tikinti işlərinə başlanılıb. Xocahəsən-Sulutəpə istiqamətində tunelin tikintisi yekunlaşmaq üzrədir. Növbəti mərhələdə biz ikiqollu tunel açacağıq. Bu qolların biri Xırdalan, digəri Binəqədi istiqamətinə gedəcək. Layihə tam yekunlaşandan sonra bütün problemlər də öz həllini tapacaq. Bizim planlarımıza görə, qarşıdakı 2 il ərzində bütün bu proseslər yekunlaşmalıdır”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər