• cümə axşamı, 25 aprel, 13:08
  • Baku Bakı 23°C

Binəqədidəki yanğınla bağlı məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilib

25.10.16 19:35 1229
Binəqədidəki yanğınla bağlı məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.SİA-nın məlumatına görə, Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri dinlənilib.

Şahid qismində ilk olaraq ifadə verən Vəliyev Emin Əkbər oğlu deyib ki, "Qlobal Stone” MMC barədə məlumatlı olub: "Bizim iştirakımız ancaq Binəqədidə hadisə baş verən zaman nümunələri götürüb "Dərnəgül boru zavodu” QSC-nin laboratoriyasına təqdim etmək olub. 3 minə yaxın nümunə göndərilmişdi”.

Hüquq müdafiəçisi Məzahir Şahmarov şahidə sual verib ki, "Dərnəgül boru zavodu” QSC-nin laboratoriyasının rəhbərinin kim olduğunu soruşsa da, o tanımadığı deyib. O bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında "AzSert” MMC-də Qeyri-ərzaq məhsullarının sertifikatlaşdırılması sektorunda ekspert-auditor vəzifəsində işləyir, xidməti vəzifələrində sektorun aparıcı eksperti Ovçu Qürbətova tabedir və vəzifəsi sonuncunun göstərişləri əsasında istehsal obyektlərindən nümunələri götürərək sınaqların keçirilməsi üçün müvafiq laboratoriyalara təqdim etməkdən ibarətdir.

O.Qürbətovun göstərişinə əsasən, o, 2012-ci ilin noyabr ayında "Qlobal Stone” MMC-nin Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən istehsal obyektinə gedib poliuretan məhsullarından nümunə götürərək onları "Dərnəgül boru zavodu” QSC-nin labaratoriya müdiri Ağacavad Məmmədova təqdim edib. Həmin poliuretan məhsullrının odadavamlılığı hər hansı bir avadanlıqla deyil, açıq od mənbəyi ilə yandırılaraq yoxlanılıb və bununla da çətin yanan olduğu müəyyənləşdirilib. Qeyd olunan sınağın nəticələrinə dair protokol onun tərəfindən də imzalanıb. 2014-cü ildə də "Qlobal Stone” MMC tərəfindən istehsal olunan poliuretan məhsullarından nümunələr götürərək Memarlıq və İnşaat Universitetinin nəzdində Elmi-tədqiqat və sınaq laboratoriyasına təqdim edib. "Qlobal Stone” MMC tərəfindən istehsal olunan poliuretan məhsullarına dair 26 noyabr 2012-ci il tarixli 01 №-li sertifikatlaşdırma sınaqları protokolu, sertifikatlaşdırma qərarının məqsədəmüvafiq hesab edilməsinə dair həmin tarixdə tərtib edilmiş məktublarda E.Vəliyev adının qarşısındakı imzalar ona məxsusdur və onun tərəfindən icra edilib.

Halbuki ibtidai istintaqa ifadəsi zamanı O.Qürbətov bildirib ki, Ağacavad Məmmədovun rəhbərlik etdiyi laboratoriya müstəqil hüquqi şəxs deyil və yalnız üçkünc möhürə, daha doğrusu, ştampa malikdir, həmin üçkünc möhürü də vurmaq olardı. Ağacavada yalnız sınaqları keçirməyi təklif edib, başqa xahişi olmayıb. Sınağın keçirilməsinə dair qərar yalnız «Global Stone» MMC-dən nümunələr götürülməsi üçün tərtib edilsə də, «Dərnəgül boru zavodu» QSC-nə təqdim edilməyib, yalnız laboratoriya müdiri olmuş Məmmədov Ağacavad Hacı oğluna göstərilib.

Digər şahid Ceyhun Nəsrullayev nitqində qeyd edib ki, hadisə baş verən zaman Binəqədi ərazisində Post Pastrul Xidmətinin əməkdaşı olduğu üçün orada xidmət aparıb: "Bir anda hər yerin tüstüyə büründüyünün şahidi oldum. Ərazidə olan avtomobilləri tez zamanda evakuasiya etməyə başladıq. Səhər 11 radələrindən orada idim. İlk yanğın ərazidə yerləşən "Qadın məsləhətxanası”nın binasının üstündə yarandı”.

Digər şahid qismində dindirilmiş Yusifov İsrail Yusif oğlu ifadəsində bildirib ki, onun işi ancaq akkreditasiya olunmamış laboratoriyalarda aparılmış sınaqlarda iştirak edərək sınaq protokolunu imzalamaqdan ibarət olub, hansı laboratoriya akkreditasiya olunubsa, həmin laboratoriyada keçirilən sınaqda müvafiq qurumun təmsilçisi kimi onun iştirakına ehtiyac olmayıb.

Dövlət ittihamçısı Fərid Nağıyev ondan sınaq zamanı nə qədər nümunə götürdüyünü soruşub. O isə cavabında 4-5 ədəd nümunə götürdüyünü dilə gətirib.

İ.Yusifov Ağacavad Məmmədovla da orada tanış olduğunu bildirib: "Amma mən həmin poliuretan məhsullarının odadavamlılığının yoxlanılması prosesində iştirak etmədim”.

Daha sonra şahidlərdən Vüqar Əliyev ifadə verib. O, diqqətə çatdırıb ki, zalda olan təqsirləndirilən şəxslərdən heç birini tanımır: "Mən Fövqəladə Hallar Nazirliyinin əməkdaşıyam. Həmin hadisə baş verən zaman idarədə həyəcan siqnalı verildi. Əraziyə çatan kimi avtomobilləri oradan evakuasiya etdik. Daha sonra insanları xilas etməyə çalışırdıq. Aşağıya düşəndə isə məlum oldu ki, kimsə özünü yuxarı mərtəbədən atıb. Səhər saat 12 radələrindən axşama kimi orda idik”.

Sonuncu şahid, PPX-nın əməkdaşı Emin Məmmədov deyib ki, o da təqdirləndirilən şəxslərdən heç kimi tanımır: "Biz hadisə baş verən zaman həmin ərazidə sürücülərə protokol yazırdıq. Sonra gördük ki, hər yeri duman bürüdü. Tez zamanda idarəyə və FHN-ə xəbər etdik. Daha sonra ərazidə işləyən insanları oradan kənarlaşdırmağa başladıq”.

Şahidlərin ifadələri dinlənildikdən sonra hakim növbəti məhkəmə prosesini oktyabrın 27-si saat 10-30-a təyin edib.
banner

Oxşar Xəbərlər