• cümə, 26 Aprel, 08:37
  • Baku Bakı 12°C

Binəqədidə binadakı yanğınla bağlı məhkəmədə şahidlər dindirilib

27.10.16 19:19 744
Binəqədidə binadakı yanğınla bağlı məhkəmədə şahidlər dindirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ağasəlim Cəfərov ifadə verib. O, hadisə nəticəsində mənzilinin pəncərələrinin yandığını, dəymiş ziyanın dövlət tərəfindən ödənildiyini, hər hansı tələbinin olmadığını deyib.
Daha sonra iclasda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Elçin Əbilov, Anar Hacıyev, Asif Əhmədov şahid qismində ifadə veriblər. Onlar hadisə yerinə gələn zaman yanğınsöndürənlərin yanğını söndürməyə çalışdıqlarının şahidi olduqlarını, binadan adamları təxliyə etdiklərini deyiblər. E. Əbilov vəkillərin sualına cavab olaraq deyib ki, həmin bina yanğın təhlükəsizlik standartlarına uyğun tikilmədiyi üçün xilasetmə zamanı çətinliklə üzləşiblər: "Pilləkənlər dar, binanın şüşələri isə qalın idi. Mən şüşələri qırdım ki, tüstü bayıra çıxsın. Bu zaman əlim kəsildi".
Daha sonra iclasda digər şahidlər dindirilib. Proses oktyabrın 31-də davam edəcək.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
banner

Oxşar Xəbərlər