• cümə, 29 Mart, 17:47
  • Baku Bakı 14°C

Binəqədi şosesində hərəkət bərpa olundu

23.11.17 12:05 2429
Binəqədi şosesində hərəkət bərpa olundu
Noyabrın 22-də gecə saatlarından etibarən təmirə bağlanan Binəqədi şosesində avtomobillərin hərəkəti bərpa olunub.
Bu barədə Trend-ə "Azəravtoyol” ASC-dən məlumat verilib.
Qurumdan bildirilib ki, yol boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb: "Bundan sonra təmir-tikinti işləri hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. O cümlədən, asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də".
Binəqədi şosesində yenidənqurma işləri 2 mərhələ üzrə aparılır. Yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metr olacaq.
Yenidənqurma işlərinin 1-ci mərhələsində şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb, ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını alınıb.
Bundan başqa, intensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədi ilə 4-cü qapı küçəsi ilə kəsişmədə və "4 yol” deyilən ərazidə tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş kanalların suyunun Binəqədi şosesinin altından ötürülməsini təmin edən və ötürmə qabiliyyətini itirmiş köhnə borular yeniləri ilə əvəzlənib. Ümumilikdə, 5 nöqtədə 8 yeni borunun tikintisi, 2-nin isə təmiri aparılıb. Boruların uzunluqları yerlərdən asılı olaraq 25-35 metrdir, diametrləri isə 800 və 1200 mm-dir. Boruların üstü 18 metr uzunluğunda və 6.5 metr enində monolit-betonla örtülüb.
Yol boyu yeni 2.8 km uzunluğunda yağış kollektoru və 2 böyük həcmli kollektor quyular inşa edilib. Yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsi məqsədi ilə yolun hər bir istiqaməti üzrə 300 mm-lik drenaj borular çəkilib və yağış barmaqlıqları quraşdırılıb.
Hazırda 2-ci mərhələ çərçivəsində bundan sonra avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 6 yerdə "cib”li dayanacaqlar tikilir, vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər bir tərəfdə 1.5 metr enində yeni piyada səkiləri inşa olunur, kənarlarına isə 4600 paqon-metr yeni səki daşları düzülür. Buna paralel olaraq, yola sonuncu qat asphalt-beton örtüyünün döşənməsi işləri də davam etdiriləcək. Ümumilikdə isə, yolun 40 min m2-dən çox hissəsinin asfaltlanması planlaşdırılır. Bundan başqa, yolun hər bir tərəfində yeni işıq dirəklərinin quraşdırılması da nəzərdə tutulub.
Bütün işlər "Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
banner

Oxşar Xəbərlər