• cümə axşamı, 28 mart, 23:48
  • Baku Bakı 13°C

Binəqədi rayonunda vətəndaşlara nümunəvi xidmət

06.02.14 14:20 2010
Binəqədi rayonunda vətəndaşlara nümunəvi xidmət
Rayon icra hakimiyyətləri arasında ilk dəfə olaraq Binəqədi rayonunda yaradılan “Sakinlərin Müraciət Xidməti-1646”-nın yaranmasından 1 il ötür. 3 iyul 2013-cü il tarixdə Prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmirdən sonra açılışı zamanı İcra Hakimiyyətində sakinlərin müraciəti üçün yaradılmış “1646” xidməti ilə də tanış olub.
Bildirilib ki, sakinlər icra hakimiyyətinə gəlmədən müraciətlərini daha çevik və operativ şəkildə telefonla çatdıra və məlumat ala bilərlər. “1646” xidməti bütün mobil operatorlardan və stasionar telefonlardan eyni vaxtda 30 zəngi qəbul edir. Xidmətə daxil olan icra hakimiyyətinin vəzifə və səlahiyyətlərinə aid müraciətlər qanunvericilik bazası üzrə “Sual-cavab” blokuna əsasən cavablandırılır. Yaradılan şərait rayon icra hakimiyyətində “elektron hökumət”in bir çox elementlərinin reallaşdırılmasına imkan verir.
2013-cü ilin 6 fevral tarixindən fəaliyyətə başlayan xidmət rayon sakinlərinin su, qaz, işıq, yol problemlərinin həlli istiqamətində atılmış çox mütərəqqi lahiyələrdən biridir. Xidmətin ən böyük və ən əsas üstünlüklərindən biri də hökumət orqanının hesabatlılığını və korrupsiyaya qarşı mübarizədə əhalinin rolunu artıraraq rayonun yerli struktur orqanlarının məsuliyyət hissini gücləndirməsi, mübahisələrin həllinə və əhalinin informasiya əldə etmək imkanlarının genişlənməsinə verdiyi töhfədir. Artıq rayon sakinləri üzləşdikləri problemlərin həlli üçün yalnız bir ünvana müraciət edirlər. Həmin müraciətlər qeydə alınır və “bir pəncərə” prinsipi üzrə həllini tapır. Bu, sakinlərin fərdi xərclərinin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın və onların rahatlığının təmin edilməsinə imkan verir. Bundan əlavə artıq xidmətin internet səhifəsi də fəaliyyət göstərir. Rayon sakinləri birbaşa online rejimdə internet üzərindən xidmətə öz müraciətlərini edə bilər və onları maraqlandıran suallara cavab ala bilərlər. Həmçinin SMX-1646-nın sms xidməti fəaliyyət göstərir. Şikayət xidmət tərəfindən qeydiyyata alınan zaman avtomatik şikayət barədə məlumat aidiyyəti qurumun rəhbərinin mobil telefonuna sms daxil olur. Bununla da şikayətlərin daha operativ həll edilməsi təmin edilir.
Binəqədi Rayon İcra Hakimiyyətindən “Kaspi”yə bildirilib ki, 2013-cü il ərzində vətəndaşlar tərəfindən Sakinlərin Müraciət Xidmətinə 18 min 937 müraciət daxil olub. Bu müraciətlərin 14964-ü birbaşa cavablandırılıb, 58 müraciət üzrə sual vərəqəsi tərtib edilib, 3951 müraciət üzrə şikayət vərəqəsi qeydiyyata alınıb. Bundan əlavə xidmət səviyyəsi 97,2 faiz, icraçılıq səviyyəsi 96,9 faiz təşkil edib.
Şikayət xarakterli 3951 müraciətin 3828 və ya 96,9 faizinin icrası təmin edilib, o cümlədən 3169 və ya 82,8 faizi tam həll olunub, 42 və ya 1,1 faizi qismən həll edilib, 617 şikayət və ya 16,1 faizinə müvafiq izahat verilib.
Sakinlərin Müraciət Xidmətinə daxil olmuş birbaşa cavablandırılmış müraciətlərin ümumi təhlili göstərib ki, onların əksəriyyəti məlumatlandırma və maarifləndirici xarakter daşıyıb.
Vətəndaşların şikayət xarakterli müraciətlərinin təhlilinə gəldikdə isə onların 1136-sı və ya 28,7 faizi su-kanalizasiya, 802-i və ya 20,8 faizi qaz təchizatı, 491-i və ya 12,4 faizi istilik təchizatı, 320-si və ya 8,2 faizi lift problemləri, 234-ü və ya 5,9 faizi elektrik təchizatı, 202-si və ya 5,2 faizi yolların yararsız olması, 177-i və ya 4,4 faizi zibil və tullantılar ilə əlaqədar, 589-u və ya 14,9 faizi isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub. Ötən il ərzində sakinlərin xidmət haqqında məlumatlılığı artdıqca daxil olan müraciətlərin də sayı artıb. Belə ki, daxil olmuş müraciətlərin aylar və rüblər üzrə təhlilinə əsasən 1-ci rüb üzrə birbaşa cavablandırılmış zənglərin sayı 1967, orta günlük zənglərin sayı 62, şikayət vərəqəsi isə 662 olduğu halda ilin sonunda 4-cü rüb üzrə bu rəqəmlər birbaşa cavablandırılmış zənglər üzrə 6159 – ilin əvvəlinə nisbətən 3 dəfə çox, orta günlük zənglərin sayı 99, qeydiyyata alınmış şikayət vərəqələrinin sayı isə 1511 olub.
Sakinlərin Müraciət Xidmətinə daxil olmuş müraciətlərin ərazi üzrə təhlilinə gədikdə isə 1saylı nümayəndəlik üzrə (7 və 8-ci mikrorayonlar) 1492, Biləcəri qəsəbəsi üzrə 626, Binəqədi qəsəbəsi üzrə 556, 2 saylı nümayəndəlik üzrə 447, Xocasən qəsəbəsi üzrə 259, 28 may qəsəbəsi üzrə isə 14 şikayət xarakterli müraciət qeydiyyata alınıb.
Qeyd edək ki, 1646 nömrəsinə edilən bütün zənglər xidmətin səviyyəsinin ölçülməsi məqsədilə avtomatik rejimdə qeydə alınır və lent yazısında yaddaşda saxlanılır. Hər hansı mübahisəli məsələ meydana çıxdığı zaman həmin lent yazısına qulaq asmaq mümkündür. Sakinlərin Müraciət Xidmətinin 1646 nömrəsinə stasionar telefonlardan edilən zənglər ödənişsizdir. Bu xidmətin fəaliyyətində operativlik, nəzakətlilik və məsuliyyət əsas yer tutur. Vətəndaşlara göstərilən xidmət proqram təminatı yüklənmiş informasiya texnoıogiyaları vasitəsilə reallaşdırılır, mübahisələrin həllini və əhalinin müvafiq informasiya əldə etməsini sürətləndirir. Telefon xidməti zamanı daxil olan zənglərin, verilən məlumatların və göstərilən xidmətlərin qeydiyyatı aparılır. Məhz bunun nəticəsidir ki, hazırda rayon icra hakimiyyəti rəhbərliyində yerli strukturların fəaliyyətinə nəzarət daha da güclənib.
Xatırladaq ki, Binəqədi Rayon İcra Hakmiyyətində fəaliyyət göstərən Sakinlərin Müraciət Xidmətinin başlıca məqsədi vətəndaş müraciətlərinin müasir tələblərə uyğun operativ cavablandırılması, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsi, vətəndaşların icra hakimiyyətinə gəlmədən onları narahat edən problemlərin bir telefon zəngi vasitəsilə həll edilməsi, beləliklə dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına nail olmaqdır.
banner

Oxşar Xəbərlər