• cümə, 19 Aprel, 09:40
  • Baku Bakı 13°C

Binəqədi rayonunda işgüzar forum keçirilib

15.07.15 16:01 1526
Binəqədi rayonunda işgüzar forum keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum bu gün Binəqədi rayonunda keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Binəqədidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının, plastik qapı-pəncərə, üzlük daş, corab və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 3100-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 111 milyon manatdan çox güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 7100-ə yaxın çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1079 investisiya layihəsinin maliyyələşdirilməsinə 249,2 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 28 sahibkarlıq subyektinə 7,5 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, çörək, mebel istehsalı, heyvandarlıq, istixana təsərrüfatının yaradılması, üzümçülük və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ildə 30 min ton PVC tərkibli yarımfabrikatların istehsal etmək gücündə olan tikinti materialların istehsalı müəssisəsinə baxış keçirilib. Ümumilikdə, son illər tikinti materiallarının istehsalı ilə bağlı yeni texnologiyalara əsaslanan 21 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilib. Artıq bu müəssisələrdən 18-i istifadəyə verilib.

banner

Oxşar Xəbərlər