• çərşənbə, 24 Aprel, 10:47
  • Baku Bakı 13°C

Binəqədi rayonu - mətbuatın gözü ilə

18.07.13 10:15 5351
Binəqədi rayonu - mətbuatın gözü ilə
Binəqədi Bakı şəhərinin inzibati ərazisinə daxil olan 11 rayondan biridir. Hazırda Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, Sulutəpə və 28 May kimi qəsəbələri, 4 böyük mikrorayonu, geniş yaşayış məntəqələrini birləşdirən bu rayonun ərazisində 300 min nəfərə yaxın əhali yaşayır.
Binəqədi hələ sovet dövründən sənayeləşmiş rayon hesab olunub. Bu gün də rayonda “Binəqədi Oil Company”, “Bot” MMC, B.Sərdarov adına Maşınqayırma Zavodu, “Bakı Poladtökmə” ATSC, “FAB Boya”, “Bilfa Boya” və sair kimi şirkətlər, Koka Kola Botler, Lider Kola, “Pepsi Kola” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir. Bütünlükdə bu müəssisələrdə minlərlə insan çalışır.
Bakının şimal-qərbində yerləşən, bəzi coğrafi özəllikləri ilə seçilən rayon bu gün böyük tikinti meydanını xatırladır. Son illər təkcə paytaxt üçün deyil, ümumən respublika əhəmiyyətli qlobal yol-nəqliyyat, infrastruktur layihələrinin gerçəkləşdirilməsi bu rayonla xeyli dərəcədə bağlıdır. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamları əsasında rayonda bir sıra yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin inşasını xüsusi xatırlatmaq lazımdır. Hələ 2006-cı ildə dövlət başçısının iştirakı ilə Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən yol ötürücünün, Tbilisi prospektində “20 Yanvar” dairəsindən başlayan yol ötürücüsünün, Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində, habelə Biləcəri qəsəbəsində tikilmiş yeni körpülərin təntənəli açılış mərasimləri keçirilib. Həmin il Prezident İlham Əliyev məşhur rumın bəstəkarı G.Eneskunun rayonda ucaldılmış abidəsinin açılış mərasimində də iştirak edib.
2007-ci ildə dövlət başçısı həmçinin, Xırdalan-Binəqədi və Biləcəri-Binəqədi avtomobil yolunun açılış mərasimində iştirak edərək görülən işləri müsbət qiymətləndirib. 2008-ci ildə isə dövlət başçısı görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın adını daşıyan parkda, habelə Bakı Metropoliteninin “Nəsimi” və “Azadlıq prospekti” stansiyalarında aparılan işlərlə tanış olmaq üçün Binəqədi rayonuna gəlib. Həmin il Prezident İlham Əliyev metronun “Nəsimi” stansiyasının açılış mərasimində iştirak edib. Dövlət başçısının ətraf ərazinin də abadlaşdırılması ilə bağlı verdiyi tapşırığa müvafiq olaraq “Nəsimi” stansiyasının açılışı ərəfəsində S.Məmmədova küçəsində səliqə-sahman yaradılıb, 4 binanın fasadı zövqlə təmir olunub, həmin ərazi rayonun görməli yerlərindən birinə çevrilib. Prezident İlham Əliyev rayonda Bakı Beynəlxalq Avtovağzal kompleksinin, Bakı Tennis Akademiyasının, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış kompleksinin, metronun “Azadlıq prospekti” stansiyasının, habelə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən yol qovşağının, Azadlıq prospektində yeni tikilmiş yerüstü piyada keçidinin açılış mərasimlərində iştirak edib. Bütün bunlar, istifadəyə verilmiş sosial-infrastruktur obyektləri, ilk növbədə, rayon sakinlərinin firavan və rahat yaşayışına xidmət edib.
Binəqədi rayonunda respublika əhəmiyyətli infrastruktur layihələri də uğurla həyata keçirilir. Buna misal olaraq, Bakı Dairəvi Avtomobil yolunun Binəqədi hissəsinin çəkilişini, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində tikilmiş yol qovşağının 3-cü növbəsini, Sumqayıt şosesində inşa edilən yerüstü piyada keçidini, 7-ci mikrorayonda Bakı Metropoliteninin yeni stansiyasını, vaqonların daim işlək vəziyyətdə saxlanılmasını və istifadəyə yararlığının uzunmüddətli olmasını təmin etmək məqsədilə Depo stansiyasını, eləcə də Biləcəridə metronun yeni stansiyasının tikintisini göstərmək olar.
2010-cu ildə isə dövlət başçısı iki dəfə Binəqədi rayonunda olub, Mərkəzi Seçki Komissiyasının və Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binalarının açılışını bildirən lenti kəsib. 2011-ci ildə Prezident İlham Əliyev Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işləri ilə tanış olub. Parkda modern üslubda layihələndirilmiş Heydər Əliyev Mərkəzinin tikilməsinə başlanılıb. Ölkə başçısı 2012-ci il 30 dekabr tarixdə növbəti dəfə Binəqədi rayonuna gələrək, burada inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısı inşaat sahəsini gəzib, tikintinin gedişi ilə maraqlanıb, müvafiq tapşırıqlarını verib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı da Binəqədi rayonunun Xocasən qəsəbəsində tikilib istifadəyə verilib. Ölkə başçısı bu ali təhsil ocağı üçün inşa edilmiş binanın açılışda iştirak edib.
Cari ildə də Azərbaycan Prezidenti Binəqədi rayonuna gələrək Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının və Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binalarının açılışında iştirak edib. Bununla yanaşı, dövlət başçısı Binəqədi rayonunda yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə də tanış olub. Bütün bunlar ölkə başçısının paytaxt şəhərimizə, o cümlədən Binəqədi rayonuna göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə, ötən müddət ərzində rayonda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alaraq, Binəqədi rayonunun simasını xeyli dəyişib. Bu günə kimi 6 yeni park salınıb, ikisi əsaslı təmir edilib, 24 yeni mədəni-kütləvi tədbirlər evi sakinlərin istifadəsinə verilib. Rayonda 166 kilometr yol asfaltlanıb, 127 min kvadratmetrlik fasad işləri görülüb. Ekoloji tarazlığın təmin edilməsi məqsədilə 10 minə yaxın yeni ağac, 120 minə yaxın çiçək və bəzək kolu əkilib, 76 min kvadratmetrlik çəmənlik salınıb. Azadlıq prospekti boyunca yerləşən binaların fasadları müasir üslubda üzlənib, işıqlandırılıb, Bakı-Sumqayıt avtomagistralının rayon ərazisindən keçən hissəsinin hər iki tərəfi milli ornamentli landşaft memarlığı elementlərindən istifadə olunmaqla yenidən qurulub, Binəqədi və Biləcəri qəsəbələrində daxili və qəsəbələrarası yollar genişləndirilib.
Xüsusi olaraq, Bakının Şimal istiqamətində magistral yolun Binəqədi ərazisindəki hissəsinin hər iki tərəfinin abadlaşdırılması üzərində dayanmaq yerinə düşər. Burada gözəl xiyaban və parkların, yaşıllıqların salınması rayonun yeni rəhbərliyinin təşəbbüsü əsasında həyata keçirilib və ümumilikdə paytaxt sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Hazırda şəhərin şimal istiqamətində hərəkət edən hər bir vətəndaş qısa müddətdə necə böyük və uğurlu bir layihənin reallaşdırıldığının fərqindədir. Ekoloji tarazlığı təmin etmək məqsədilə Bakı-Sumqayıt şosesi istiqamətində, Biləcəri qəsəbəsində eniş yolunda və şosenin sağ və sol hissəsində sakinlərin rahatlığını və səs baryerini təmin etmək məqsədilə istinad divarları tikilib. Eyni zamanda, torpaqdan ibarət istinad divarları yaşıllaşdırılıb. Yol boyunca salınmış yaşıllıqlar, əkilmiş dekorativ kol və ağaclar, bir sözlə, landşaft memarlığı insanların zövqünü oxşayır, onlarda razılıq doğurur. Müvafiq işlər şose boyu Bakı avtovağzalı, 1 May yaşayış massivi, Ekologiya postu, körpü və yol keçidlərinin ətrafında və digər ərazilərdə də davam etdirilib. Şosenin başlanğıcı 7 metr diametrində saat kompleksi və digər memarlıq elementləri ilə zənginləşdirilib. Binəqədi rayonu Sulutəpə yaşayış massivində sahəsi 2,6 ha olan yeni parkın salınması üçün hazırlıq işləri tamamlanıb və yaxın vaxtlarda işlərə başlanılması planlaşdırılıb. Gələcək layihələrdə isə Böyük Şorun, Xocasən gölünün, Binəqədi qəsəbəsində İdman Kompleksinin qarşısındakı göllərin təmizlənməsi və burada yaşıllıqların, parkların salınması da nəzərdə tutulub. Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazidən yol genişlənməsi ilə başlanacaq abadlıq işlərinə dair layihə, əlillər üçün yol və sair də mütəxəssislər tərəfindən hazırlanıb, ümumi planlaşdırma işləri başa çatdırılıb. Gələcək aylarda bu layihənin də reallaşdırılmasının şahidi olacağıq.
Görülən işlərlə paralel olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun 6, 7, 8, 9-cu mikrorayon, eləcə də Rəsulzadə, Biləcəri və Binəqədi qəsəbə sakinləri ilə mütəmadi görüşü keçirilib, vətəndaşların üzləşdiyi problemlər, onların təklifləri dinlənilib. Həmçinin, vətəndaşlara elektron xidmətlərin göstərilməsi, idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrində də strateji layihələr həyata keçirilib. Artıq rayon icra hakimiyyətində avtomatlaşdırılmış informasiya sistemi yaradılıb. Bu sistemin geniş imkanları sayəsində real vaxt rejimində elektron qaydada sənədlərin qəbulu, onların yoxlanılması, çatışmazlıqların aşkar edilməsi və qiymətləndirilməsi həyata keçirilir. Yeni sistemdə dörd - kargüzarlıq, kadr, ev təsərrüfatları və sosial iqtisadi təhlil altsistemləri fəaliyyət göstərir. Rayon icra hakimiyyətində, həmçinin onlayn video qəbul da yaradılıb. Bu da sakinlərə imkan verir ki, binaya gəlmədən qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları maraqlandıran məsələlərlə bağlı rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa video əlaqə yarada bilsinlər.
Sadalanan faktları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Azərbaycanın müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Bakının Binəqədi rayonunda daha qabarıq görünür. Dövlət başçısı İlham Əliyevin sərəncam və göstərişləri əsasında bu rayonda həyata keçirilən quruculuq işləri, ilk növbədə, paytaxtın inkişaf strategiyasına uyğun aparılır. Tikilən, təmir olunan yaşayış və inzibati binalar, sosial-iaşə obyektləri, salınan park və xiyabanlar paytaxtımızın simasına xüsusi yaraşıq verir, müasirləşən şəhərimizin memarlıq quruluşuna əlavə çalarlar qatır. Eyni zamanda, insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına, asudə vaxtlarının səmərəli keçməsinə xidmət edir.
Rufik İSMAYILOV
Yazı Binəqədi Rayon İcra Hakimiyyətinin 22 iyul Milli Mətbuat Günü münasibətilə elan etdiyi müsabiqəyə təqdim olunur.
banner

Oxşar Xəbərlər