Binəqədi rayon məktəblərində Bilik günü qeyd olunub - Fotolar
Ötən gün Binəqədi rayonunun
ümumtəhsil məktəblərində də "15 sentyabr – Bilik günü” və yeni dərs ilinin
başlanması münasibətilə bayram tədbirləri keçirilib.
Məktəbliləri təbrik etmək üçün 246 saylı tam orta məktəbdə
keçirilən bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin
İsgəndərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov,
Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Dövlət Təhlükəsizlik
Xidmətinin Binəqədi Rayon şöbəsinin rəisi Polad Abdullayev, 246 saylı məktəb-liseyin
derektoru Almaz Bayramova, professor Əjdər Ağayev, azyaşlılardan ibarət "Dilbərim”
rəqs qrupu, 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin rəqs qrupu, məktəbin müəllim və şagird
heyəti iştirak edib.
Öncə 246 saylı məktəb-liseyin derektoru Almaz
Bayramova şagirdləri, müəllimləri və qonaqları salamlayıb. Çıxış edən Bakı şəhəri
üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və professor Əjdər Ağayev təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin
dövlət başçısı cənab İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək
inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını
vurğulayıblar.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
Xaləddin İsgəndərov çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn
və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Rayon
İcra Hakimiyyətinin başçısı ötən tədris ilinin də Binəqədi rayonu üçün uğurlu
olduğunu diqqətə çatdırıb, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən
90 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini
vurğulayıb. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının
dayandığını bildirib.
Sonra azyaşlılardan ibarət "Dilbərim” rəqs qrupu,
26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin
rəqs qrupu, 3-cü sinif şagirdi Aysel Bektaşin çıxış edib,
məktəblilərin ifasında şeir dinlənilib.
Tədbirin ardınca Binəqədi Rayon İcra Hakimiyyətinin
başçısı Xaləddin İsgəndərov və qonaqlar "Sağlam təhsil” layihəsi əsasında
yaradılmış sinif otağına, həmçinin Şahmat məktəbinin nəzdində fəaliyyət göstərən
Şahmat sinfinə baxış keçirib, məktəbdə yardılmış şəraitlə tanış olublar.