• cümə, 19 Aprel, 14:42
  • Baku Bakı 25°C

Binəli Yıldırım: “Bakı-Tiflis-Qars layihəsini gündəmə gətirəndə heç kim buna inanmırdı”

14.03.18 19:22 1286
Binəli Yıldırım: “Bakı-Tiflis-Qars layihəsini gündəmə gətirəndə heç kim buna inanmırdı”
Türkiyənin baş naziri Binəli YıldırımınAPA-ya eksklüziv müsahibəsi
- Azərbaycan-Türkiyə əlaqələri Azərbaycan müstəqilik qazandığı dönəmdən bu yana uzun illərdir sürətlə inkişaf etməkdədir. Əlaqələrin bugünkü durumunu necə dəyərləndirə bilərsiniz?

- Bu gün Azərbaycanda, qardaş ölkədəyik. Mərhum prezident Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Həqiqətən də 81 milyon türk millətinin azərbaycanlı qardaşlarını ayrı görmədiyi iki dövlətik. Azərbaycan müstəqilliyini elan edəndə onun müstəqilliyini ilk tanıyan, ilk diplomatik münasibətlər quran ölkəyik. O gündən bəri Azərbaycanın yaxşı və pis günündə də həmişə birlikdə olduq. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimiz oldu. Gündən-günə əlaqələrimiz inkişaf edir. Bir çox layihələri həm Türkiyədə, həm də Azərbaycanda gerçəkləşdiririk. Türk iş adamlarının, Azərbaycanda yatırımlarının miqdarı 10 milyard dollardan çoxdur. Eyni şəkildə, Azərbaycanın Türkiyədə yatırdığı investisiyanın miqdarı 10 milyarddan artıqdır, SOCAR-ın böyük investisiyası var. Bundan başqa, turizm və bir çox sahələrdə investisiyalar qoyulub. Təbii ki, Qafqaz regionunda güclü Azərbaycan və güclü Türkiyənin olması bu bölgənin, burada yaşayan insanların təhlükəsizliyi, rifahı, təhlükəsizliyi deməkdir. Çox şükür, hər gün öncəki gündən daha yaxşı durumdayıq.

- Türkiyə bu gün dünyadakı məsələlərin həllində rol oynayan aparıcı qüvvəyə çevrilib. Rusiya və İranla birlikdəSuriyaməsələsinin həlli istiqamətində işlər aparılır. Türkiyə bu məsələnin həllini necə görür? Bu problemin həllində ABŞ-ın iştirak etdiyi formatla qüvvələrinin birləşdirilməsi nə dərəcədə mümkündür?

-SuriyaTürkiyə üçün bir çox ölkədən daha önəmlidir. ÇünkiSuriyaTürkiyə ilə 911 km hüdudu olan bir qonşu ölkədir. Son 7 ildir Suriyada təəssüf ki, boşluq var. Vətəndaş müharibəsi gedir. Buna görə 10 milyondan çox insan canını qurtarmaq üçün qaçqın vəziyyətindədir. Türkiyədə 7 ildir 3,5 milyondan çox suriyalı yaşayır. Biz onlara ev sahibliyi edirik, çörəyimizi bölüşürük.Suriyaməsələsinin həlli hər kəsdən və hər şeydən əvvəl Türkiyə üçün önəmlidir. Buna görə də Türkiyə İran və Rusiya ilə birlikdə bu məsələnin həlli üçün təşəbbüs irəli sürüb, səylər göstərir. Atəşkəsin qalıcı olması vəBMT-nin nəzarəti altında Cenevrədə qalıcı həllin tapılması üçün öncülük edirik.Suriyaməsələsinə bir çox ölkə cəlb olunub, sayları 70-dən çoxdur. Hər kəs Suriyada nizamlanma üçün çalışır, amma həqiqi mənada həll üçün çalışanları axtarsan, Türkiyədən başqa düz əməllisi yoxdur.Suriyabizim üçün önəmlidir. Çünki bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir. Türkiyəyə qarşı hər cür terror fəaliyyəti hakimiyyət boşluğu səbəbi ilə buradan gəlir. İŞİD terror hücumları, PKK, onunSuriyaqolu PYD/YPG, hamısı Türkiyəyə təhdiddir. Bizim Türkiyə olaraq Suriyanın bir qarşı torpağında gözümüz yoxdur. İstəyirik ki, bu bölgədən ölkəmizə qarşı təhdid yox olsun, terror fəaliyyətləri tamamilə dayandırılsın. Bunun üçün də Afrində terrora qarşı əməliyyat aparırıq. Burada PKK, PYD, YPG və İŞİD var. Bütün bunlara qarşı mübarizə aparırıq. 7 ay ərzində bu bölgədən Türkiyəyə raket atışları, terror hücumları minə yaxın olub. Bu? milli təhlükəsizlik, orada yaşayan vətəndaşlarımızın can, mal təhlükəsizliyi məsələsidir. Buna bizim etinasız qalmağımız gözlənilə bilməz. İçəridə lazım gələrsə, içəridə, çöldə lazım gələrsə, çöldə terrorun izini buraxmayaraq bu mübarizəni aparırıq. 50 gündən çox vaxt keçib. Addım-addım o torpaqlardakı terroristlər təmizlənir. Nəhayət, Afrin mərkəzi də mühasirəyə alınıb. Bu əməliyyatın niyə 50 gün davam etməsini soruşanlar var. Biz başqaları kimi sivil, teкrorçu demədən bomba atmırıq. Bunu deyən ölkələrin keçmişinə baxdıqda çox ciddi sivil qətliamları var. Sivillə terroristi bir-birindən ayıraraq bu əməliyyatı aparırıq. Bu da zaman alır. Hətta bizim də itkilərimiz olur. Bizim əsgərlərimiz və AzadSuriyaOrdusunun əsgərləri şəhid olur. Buna baxmayaraq, diqqətlə irəliləyirik. Yoxsa bombanı necə gəldi atarsan. Bu bizim işimiz deyil, bizdə belə bir anlayış yoxdur. "İnsanı yaşat ki, dövlət yaşasın” anlayışını rəhbər tuturuq. Dostlarımızın bölgədəki fəaliyyəti bizi narahat edir. Terror təşkilatı ilə əməkdaşlıq edib, başqa terror təşkilatını yox etmək kimi yanlışlığa yol verənNATOölkələri var. Bunların tez bir zamanda bu səhvdən geri dönməsini gözləyirik.

- Türkiyə-ABŞ münasibətlərində ciddi gərginlik müşahidə olunurdu. Sonradan Menbiçlə bağlı uzlaşma əldə edildi. Dünən isə ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu istefaya göndərdi və Milli Kəşfiyyat İdarəsinin rəhbəri Mark Pompeonu bu vəzifəyə təyin etdi. Bu istefa iki ölkə arasında əlaqələrə necə təsir edəcək?

- Bundan sonra ABŞ-la əlaqələrin necə davam edəcəyi tamamilə ABŞ-dan asılıdır. Türkiyənin qırmızı cizgiləri bəllidir. Terrora qarşı mübarizədə arxasında Amerika da olsa, fərq etməz, lazım olanı edəcəyik. Amerika Türkiyədə demokratik quruluşu silah gücü ilə dəyişməyə qalxan FETO təşkilatının başçısına sahib çıxmamalı və bizə təhvil verməlidir. Amerika Türkiyə ilə dostdursa, bizim Amerikadan gözləntimiz budur. Bizim üçün ciddi təhdid olan terrora qarşı qəti mövqe ortaya qoymalı və terrorçularla əməkdaşlıqdan geri çəkilməlidir. Türk xalqının da müsbət qənaətini qazanacaq addımlar atmalıdır. Türkiyə-ABŞ əlaqələri şəxslərlə bağlı deyil. Biri gələr, biri gedər. Prinsiplər önəmlidir. Bu prinsiplər əlaqələrin gələcəyini müəyyən edəcək. Türkiyə bölgədə sabitliyi, sülhü təmsil edir. Türkiyənin olmadığı yerdə o bölgədə xaos, qarışıqlıq, terror daha da artar, davam edər. Biz İranla da, İraqla da qonşuyuq.Suriyailə də qonşuyuq. Qafqazda Gürcüstan, Azərbaycan, Ermənistan kimi qonşularımız var. Qonşularımızla yaxşı əlaqələr qurmaq, dostları artırmaq, düşmənlərimizi azaltmaq istəyirik. Amma kimsə bizim ölkəyə göz dikərsə, pis əməllər bəsləyərsə, bunu da cavabsız buraxmarıq. Daha əvvəl Mayk Pompeo Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edəndə Türkiyəyə gəldi, görüşdük. Çox da məhsuldar görüş oldu. İndi fəaliyyətini görəcəyik və buna uyğun lazım olanı edəcəyik.

- Azərbaycan hər zaman Dağlıq Qarabağa mövzusunda Türkiyənin tam dəstəyini alıb. Münaqişə ilə bağlı mövcud format var, lakin münaqişə başlayandan bu günə kimi həlli istiqamətdə heç bir konkret addım atılmayıb. Türkiyə bu problemin həllini necə görür?

- Dağlıq Qarabağ məsələsi qanayan yaradır. Burada Azərbaycanın tamamilə haqlı olduğunu bütün millətlər,BMT,ATƏTkimi təşkilatlar qəbul edir. Guya həll etməyə də çalışırlar. Amma heç bir halda irəliləyiş əldə olunmur. Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyon qaçqın yerindən-yurdundan didərgin düşüb. Təbii ki, bunun belə davam etməsi mümkün deyil, heç kim bunu istəyə bilməz. Bu yaxınlarda Türkiyəyə Azərbaycan və Gürcüstan parlamentindən millət vəkilləri gəldilər,Xocalıqətliamının ildönümü münasibətilə rəsm sərgisi açıldı. Bu, ibrətamiz bir şeydir. O qətliamı, vəhşiliyi gördükdə ömür boyu unutmaq mümkün deyil. Biz əvvəl-axır Dağlıq Qarabağ məsələsinin, Azərbaycanın haqlı davasının ən yaxşı şəkildə həllinə inanırıq. Bura Azərbaycanın ərazisidir, Azərbaycanın ərazi bütövlüyünə daxildir. Bunu hər kəs qəbul edir. Hüquqi həll əvvəl-axır olacaq. Türkiyə hər zaman Azərbaycanla bərabərdir. Bu məsələnin həlli tək Azərbaycan və Ermənistan arasındakı məsələnin həlli anlamına gəlmir. Bütün bölgənin stabilliyi və təhlükəsizliyi üçün önəmli bir məsələdir.

- Türkiyə və Azərbaycan arasında çox mühüm layihələr həyata keçirilir.Bakı-Tbilisi-Ceyhan,Bakı-Tbilisi-Ərzurum,TANAPkəmərlərindən sonraBakı-Tbilisi-Qarslayihəsini nümunə göstərə bilərik. Bu layihə ilə bağlı ən yaxşı dəyəri siz verə bilərsiniz. Bu layihənin Türkiyə-Azərbaycan əlaqələrində müsbət yöndə nə kimi əhəmiyyəti ola bilər?

- Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, "Şahdəniz”, Bakı-Tiflis-Qars vəTANAPregional layihələrdir və bu layihələr sadəcə Türkiyə və Azərbaycanla əlaqəli deyil. Sadəcə, Gürcüstandan da keçmir, eyni zamanda Çindən bu tərəfə Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, bu bölgəni Qafqaz vasitəsilə Türkiyəyə, Türkiyə üzərindən Balkanlara və Avropaya bağlayan, həm enerji təhlükəsizliyi baxımından, həm nəqliyyat, tarixi İpək Yolunun yenidən həyata keçirilməsi baxımında mühüm layihədir. Bakı-Tiflis-Qars layihəsinin mənim üçün xüsusi əhəmiyyəti var. Nazir olduğum dövrdə bu layihəni gündəmə gətirdim. O zaman heç kim bu layihəyə inanmadı, hər kəs dodaq büzdü, gülümsədi, amma mübarizə apardıq, təslim olmadıq. PrezidentlərRəcəb Tayyib Ərdoğanvə İlham Əliyevin tapşırıqlarına əsasən və Gürcüstan tərəfi də razı salınmaqla, bu layihə başladı. Uzun çəkdi, qarşıya çıxan bir çox əngəllərə rəğmən, layihəni sonunda tamamladıq. Bir sözlə, bir xəyalın gerçəkləşməsi hər kəs üçün önəmlidir və mənim üçün də xüsusi mənası var.

- Son olaraq, Azərbaycan xalqına mesajınızı öyrənmək istərdik.

- Azərbaycanda mənə sual verirlər ki, Türkiyə Afrində mübarizə aparır, bununla bağlı nə deyirsiniz? Yaşlı, gənc, qadın, kişi, hər kəs "Biz də gedib Afrində Türkiyənin yanında mübariz apararıq” deyirlər. Azərbaycana gəlmək bizim üçün xoşbəxtlikdir. Burda özümüzü evimizdə hiss edirik. Eyni dildə danışırıq, eyni ənənələrimiz var. Bir sözlə, mən dost, qardaş Azərbaycan millətinə Türkiyədəki 81 milyon qardaşlarının salamlarını çatdırıram. 11 apreldə prezident seçkilərinin qardaş Azərbaycan üçün xeyirli olmasını diləyirəm. Bu fürsəti mənə verdiyiniz üçünAPAagentliyi olaraq sizə təşəkkür edirəm.
banner

Oxşar Xəbərlər