• cümə, 19 Aprel, 15:40
  • Baku Bakı 25°C

Bilməyə-bilməyə, bilirmiş kimi görünməyin aqibəti

24.05.19 15:36 848
Bilməyə-bilməyə, bilirmiş kimi görünməyin aqibəti
Adam o vaxt gülünc, rəzil duruma düşür ki, bilmədiyi məsələ barədə danışır. Özü də "mütəxəssis” kimi danışır. Və bu məsəldən az-çox xəbərdar olanlar, nəyin necə olduğunu bilənlər şaqqanaq çəkib gülürlər.Əli Kərimli adlı "siyasətçi” də bu günlərdə bilmədiyi məsələ haqqında danışıb. Amma özünü elə göstərib ki, guya bilir. Bu məsələni bilənlər də Əli Kərimlinin "biliyinə” heyran olub uğunurlar gülməkdən. Əli Kərimli deyib ki, "Arsenal” və "Çelsi” UEFA-nın onlara ayırdığı biletlərin yarısını sata bilməyərək geri qaytarıblar. Əli Kərimli bunu Bakıda hotellərin qiymətinin baha olması, viza almağın çətinliyi ilə əlaqələndirib.
Bilənlər bilir, biz bilməyə-bilməyə bildiyini güman edən Əli Kərimli üçün bəzi məqamlara aydınlıq gətirək. Aydınlıq gətirək ki, bəlkə bundan sonra bildi.Əvvəlcə viza məsələsi barədə. Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun təşkili və keçirilməsi ilə bağlı ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə sərəncam imzalayıb.Sərəncama əsasən, UEFA Avropa Liqasının 2019-cu ildə Bakıda keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) rəsmi dəvət məktubunu və ya UEFA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənədi, yaxud final matçına bilet və ya biletin əldə olunmasını təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mayın 15-dən iyunun 1-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər. Sənədə əsasən, Xarici İşlər Nazirliyinə final oyunu ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısına uyğun olaraq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UEFA-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək tapşırılıb. Bunu bildinizmi, Əli Kərimli? Və bilməyə-bilməyə, bildiyinizi güman etdiyinizi də bildinizmi?

UEFA hər bir kluba 6 min bilet ayırmışdı. Ancaq bu o demək deyildi ki, Azərbaycan paytaxtına cəmisi 12 min ingilis azarkeşi gələcək.Yox, Əli Kərimli, bu biletlər komandalara şəxsən verilir ki, fan-klublarının üzvlərinə satsın. Və bu biletlərin heç də həmişə hamısı satılmır. Finalın Bakıda, Kiyevdə, Parisdə və ya Madriddə keçirilməsindən asılı olmayaraq. Həmişə fan-klublar üçün ayrılmış biletlərin müəyyən qismi geri qaytarılır.Ancaq bu o demək deyil ki, o biletlər satılmır. Yox, satılır. Dünyanın təxminən 100 ölkəsindən "Çelsi” və Arsenal” azarkeşləri Bakıdakı final oyununa bilet əldə ediblər. Yəni hər şey Əli Kərimlinin "bildiyi” kimi deyil, Bakıya 25-30 min arası azarkeşin gəlməsi gözlənilir. UEFA-nın klublara ayırdığı biletdən 2 dəfə, klubların fan-klub üzvlərinə satdıqları biletlərdən 4 dəfə çox azarkeş. Onlar kimlərdir, Əli Kərimli?Üstəlik, "Arsenal” və "Çelsi” azarkeşləri Bakıdakı otellərin qiymətindən yox, biletlərin qiymətindən narazılıq ediblər. Burda isə Azərbaycan hakimiyyətinin heç bir günahı yoxdur. Vallah, billah, biletin qiymətini UEFA müəyyənləşdirir.
Yeri gəlmişkən, bir məsələni də deyək, Əli Kərimli bilsin, çünki bir ildən sonra bilməyə-bilməyə bu barədə də yazacaq.2020-ci ildə baş tutacaq Avropa çempionatının oyunları üçün ən ucuz bilet Bakıda keçiriləcək qarşılaşmalar üçündür. Ən baha bilet isə Londonda keçiriləcək oyun üçün. İngilislər qiymətlərin baha olmasına görə indidən narazılıq edirlər. Amma buna görə Azərbaycan hakimiyyətini, heç İngiltərənin kraliçasını və ya baş nazirini də ittiham etmirlər. UEFA-nı günahlandırırlar. Çünki ingilislər Əli Kərimli deyillər, bilirlər ki, biletin qiymətini kraliça və ya Tereza Mey yox, UEFA müəyyənləşdirir. Əli Kərimli, bil ha, Avropa çempionatı FİFA yox, UEFA- nın bayrağı altında keçirilir. Bir ildən sonra bu məsələdə də səhvə yol verəcəyinə əmin olduğumuz üçün xatırlatdım ey.
İndi də gələk otellərin qiymətinin baha olması məsələsinə. Bazar qanunlarından xəbərsiz olan Kərimli bunun da günahını Azərbaycan hakimiyyətində görür. "Madriddə 100 funt-sterlinqə olan otellər indi 2700 funt-sterlinqə yüksəlib. Bu, ağlasığmazdır. Azarkeşlər üçün çox təəssüflənirəm”.Əli Kərimli, Yurgen Kloppu tanıyırsan? Yox, "Barselona”nın baş məşqçisi deyil. Çempionlar Liqasının yarımfinalında "Barselona”ya qalib gələrək finala adlayan "Liverpul”un baş məşqçisidir. Madriddə qiymətin fantastik həddə yüksəldiyini deyib, azarkeşlərə görə təəssüflənən də odur. Bakıdakı finaldan 2 gün sonra Madriddə Çempionlar Liqasının son qarşılaşmasında "Liverpul” "Tottenhem”lə üz-üzə gələcək.
Oxuyun və bilin ki, artıq Madriddə otellərin, icarəyə verilən şəxsi mənzillərin qiymətləri fantastik həddə yüksəlib. Bunu bazar qanunları formalaşdırır ey, Əli Kərimli. Bunu bilmək üçün iqtisadçı, mühasib, nə bilim, bazarkom, kolxoz sədri olmağa ehtiyac yoxdur axı. Bunu bilmək bilik deyil. Bu, adi məntiqdir.

İndi sizin deməyinizdən belə çıxır ki, İspaniyada otellər hakimiyyətin monopoliyasında olduğu üçün qiymətlər qalxıb? Bəlkə, otellər İspaniya hakimiyyətinin yox, kralının monopoliyasındadır? Bunu bir dəqiqləşdirin. Bəlkə, dəqiqləşdirərkən məlum olacaq ki, Madriddə otellərin qiymətinin qalxmasının da baiskarı Azərbaycan hakimiyyətidir?

Əli Kərimli, axı, məcbur deyildi ki, futbol haqqında yazasınız. Axı, insanın bilmədiyi məsələ haqqında bilirmiş kimi danışması onu ağıllı yox, axmaq obrazında göstərir cəmiyyətə. Yəni bunu da bilmirsiniz? Yoxsa, bilməyə-bilməyə elə bilirsiniz ki, bilirsiniz?
F.ABASOĞLU
banner

Oxşar Xəbərlər