Bilik Fondu maarifləndirici tədbirlər keçirəcək
Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamını əsas tutan Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunda bu yönümdə keşiriləcək
maarifləndirici tədbirlərin müzakirəsi olub.
Bilik
Fondunun rəhbərliyi və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Fondun
lektorlar qrupunun üzvü, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının
müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova özünün tədqiqat
sahələrindən biri olan "Azərbaycan dövlətçilik tarixi” mövzusunda söhbət
aparıb. Bildirilib ki, bü günkü müstəqil Azərbaycan Respublikası 1918-ci ildə təşəkkül
tapan və cəmi 23 ay fəaliyyət göstərməsinə rəğmən dövləçilik özülünü qoyan
cümhuriyyətimizin tarixi varisidir.
Alim
1917-18-ci illərdə Azərbaycanda yaranmış tarixi vəziyyətdən başlayaraq, 1920-ci
ilin aprelində ölkəmizin bolşevik Rusiyasının işğalına məruz qalmasına qədər
tarixi prosesi təsvir edib: "1918-ci ildə Mudros müqaviləsinə əsasən Birinci
Dünya müharibəsində məğlub olmuş Osmanlı dövləti öz qoşunlarını Cənubi
Qafqazdan çıxarmaq məcburiyyətində qalır. 16 noyabr 1918-ci ildə artıq qalib
ingilis qüvvələri müttəfiq qoşunların komandanlığı adı ilə Bakıya daxil olurlar.
Azərbaycan milli qüvvələri öz ordularını Bakıdan çıxarmalı idilər. Və gələn
ingilis qüvvələri, başda general Tomson olmaqla, Azərbaycan hökumətini tanımır,
onu türklərin intriqasından yaranmış bir hakimiyyət hesab edir, Azərbaycan
bayrağını bütün binalardan endirir və bu ərazini Rusiya
dövlətinin parçası olaraq görürdülər. Belə bir vəziyyətdə Azərbaycan hökuməti
öz siyasətini ortaya qoyur, ingilislərlə əməkdaşlıq etməyə razılıq verir, ABŞ
prezidenti Vilsona onun prinsiplərindən çıxış edərək, müraciət edirlər. Eyni
zamanda, sivil və hüquqi dövlət qurmaq yönündə aktiv fəaliyyətə başlayır.
Hakimiyyətin legitimliyini təsdiqləmək üçün Azərbaycan Milli Şurası noyabrda
yenidən bərpa edilir, noyabrın 20-də Azərbaycan parlamentinin açılması haqqında
qanun qəbul olunur” - deyə tarixi gedişata aydınlıq gətirən alim sonradan həmin
proseslərdə cümhuriyyətə xain çıxan qüvvələrdən də söhbət açıb.
Sonda
Cümhuriyyətin 100 illiyi ilə əlaqədar keçiriləcək maarifləndirici tədbirlər barədə
fikir mübadiləsi aparılıb.
Tarixçi
alimlə baş tutmuş görüşdə Fondun Cümhuriyyət ilində görəcəyi işlərlə, keçirəcəyi
tədbirlərlə bağlı müzakirələr aparıb. Qərara alınıb ki, Bilik Fondunun
"Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun fəaliyyət planına Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı forma və məzmun baxımından rəngarəng
maarifləndirici tədbirlər – elmi seminarlar və dəyirmi masalar, müzakirələr və
təqdimatlar, bilik yarışmaları və elmi turlar daxil edilsin.