• şənbə, 20 Aprel, 08:46
  • Baku Bakı 14°C

Bilik Fondu ilk hesabatını verdi

18.09.14 19:19 1720
Bilik Fondu ilk hesabatını verdi
“Bilik Fondu dünyada gedən qloballaşma şəraitində ölkə əhalisinin biliyinin artırılmasını, maariflənməsini qarşıya məqsəd qoyub. Bizim əsas işimiz əhali ilədir silahımız isə sözdür». Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ilk mətbuat konfransında səsləndi. Fondun yaranma zərurətindən danışan icraçı direktor Oqtay Səmədov bunu ölkə başçısının elmə, təhsilə böyük diqqət göstərməsi ilə əlaqələndirib.
Belə ki, Bilik Fondunun yaradılması həmin qayğının təzahürüdür. «Bu gün cəmiyyətdə biliklərə yiyələnməkdə müəyyən boşluqlar var. Bu, hər bir cəmiyyətdə var. Dövlət siyasəti də bu gün təbii sərvətlərin insan kapitalına çevrilməsinə yönəlib. Bilik Fondu bu istiqamətdə ciddi addımlar atmaq niyyətindədir. Yəni keyfiyyət baxımından, neft kapitalının insan kapitalına çevrilməsində Bilik Fondu mühüm rol oynaya bilər». Qeyd edildi ki, Bilik Fondunun rayonlar üzrə 75 nümayəndəsi təyin olunub və qurum fəaliyyətini həmin nümayəndələrlə əlaqəli qürur. Belə ki, gələcəkdə fondun yerlərdə filialları, xarici ölkələrdə nümayəndəlikləri açılacaq. Bundan əlavə, yaxın günlərdə fondun bülleteni dərc olunacaq, dövrü mətbu orqanı olan elmi-kütləvi dərgi işıq üzü görəcək.
Qurumun məqsədləri haqqında danışan icraçı direktor Bilik Fondunun elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində işlər həyata keçirəcəyini bildirdi. O.Səmədov yarandığı dörd ay ərzində fondun imza atdığı işlərdən danışaraq qeyd etdi ki, vətəndaşlarımızın müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi inkişafının təmin olunması üçün tədbirlərin həyata keçirilməsi, onların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verilməsi Bilik Fondunun vəzifələrinə daxildir: “Fəaliyyətimizdə sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, Azərbaycan tarixi və mədəniyyəti təbliğ edilir. Ölkəmizin dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparılır, beynəlxalq, regional və ölkədaxili proseslər öyrənilərək ictimaiyyətə çatdırılır”. İlkin mərhələdə fondda ölkədaxili layihələr sektorunun formalaşdığını bildirən icraçı direktor artıq müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırdı. O.Səmədovun bildirdiyinə görə, fondun «İlboyu bilik» proqramı çərçivəsində həyata keçirilən layihələri ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, layihə əsasən bölgə əhalisinin, o cümlədən məktəblərin maariflənməsində müstəsna rol oynayıb. “Bu sırada «Qardaşlaşmış məktəblər» layihəsini xüsusi vurğulamalıyıq. Bu layihə ölkəmizin müxtəlif bölgələrində olan 20 məktəbi qardaşlaşdırıb, onların arasında qardaşlaşma sazişi imzalanıb. Hər rayonda iki gün davam edən tədbirlər şagirdlərin biliklərinin, dünyagörüşlərinin artırılması, ölkələrini daha yaxından tanımaları üçün böyük fayda verib”. Sentyabrın 15-də qurumun ekspert-alimləri, xarici ölkə səfirləri 70-ə qədər məktəbdə «Azərbaycan bu gün və sabah» mövzusunda mühazirə deyiblər. Fondun monitorinq qrupunun ilkin araşdırmasından məlum olub ki, mühazirələr həm məktəb kollektivi, həm də rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. İcraçı direktorunu bildirdiyinə görə, proses bütün məktəbləri əhatə edənə qədər davamlı olacaq: «Bu, bir bölgədə yaşayan məktəblilərin digər bir bölgədə yaşayan məktəblilərlə tanışlığı, eyni zamanda, gənclər arasında dostluq münasibətlərinin qurlmasıdır”.
İcraçı direktor xaricdən ölkəmizə alimlərin dəvət olunması ilə bağlı həyata keçirilən «Dünya elmi Azərbaycanda” və “Azərbaycan elmi xaricdə» adlı layihə çərçivəsində artıq Rusiya, Türkiyə, Ukrayna, Latviya, Bolqarıstan, Macarıstan, Almaniya, Misir və s. ölkələrdən təkliflər aldıqlarını bildirdi: «Bu ölkələrdə müəyyən qurumlar var ki, biliyin artırılması istiqamətində bizimlə əməkdaşlıq etmək istəyirlər. Həmçinin, bizim xaricdə kifayət qədər azərbaycanlı alimlərimiz var. Onlarla sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətindəyik. Eyni zamanda, azərbaycanlı alimlərin xarici ölkələrə səfərini təşkil etməyi düşünürük».
Bilik Fondunun həyata keçirdiyi «Dini abidələrdə tarixin izləri» layihəsindən söhbət açan icraçı direktorun sözlərinə görə, layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, o cümlədən müəyyən bərpa işləri aparılacaq.
O.Səmədov fondun təhsilin inkişafına, xüsusən orta məktəblərə təkcə intellektual baxımdan deyil, həm də maddi-texniki baxımdan dəstək verəcəklərini bildirdi: «Gəncə və Goranboy məktəblərində olarkən onlar öz kitabxanalarının zənginləşməsi ilə bağlı müraciət etdilər. Onların dərsliklərə, lüğətlərə ehtiyacı var. Bugünkü Azərbaycan gəncliyi ingilis, rus dilinə meyllidir. Bilik Fondu müxtəlif ali məktəblərlə, kitabxanalarla əlaqə qurub vasitəçi olaraq onlara müxtəlif ədəbiyyatla bağlı müraciət edəcək. Sorğu əsasında müəyyənləşdirəcəyik ki, məktəblərdə hansı kitablara ehtiyac var və fondlardan əldə etdiyimiz kitabları onlara ünvanlayacağıq». İcraçı direktor ölkədəki məscidlərdə də kitabxanaların yaradılacağı haqqında məlumat verdi: “Biz istəyirik ki, insanlar məscidlərə təkcə ibadət yeri kimi baxmasınlar, həm də orada müəyyən ədəbiyyat oxusunlar”.
Bilik Fondunun həmçinin jurnalistlərlə birlikdə yeni layihəyə başlayacağını bildirən icraçı direktorun sözlərinə görə, gələcəkdə jurnalistlər jurnalistika fakültəsinə qəbul olunmaq istəyənlərə istiqamət verəcək: “Məlumdur ki, şagirdlər tədris ilinin son iki ilində qəbul imtahanına hazırlaşır, bu zaman da yazı bacarıqlarını itirir. Gələcəkdə jurnalist olmaq istəyən abituriyentlərə jurnalistlər dərs keçəcək. Bu dərslərin Bilik Fondunda təşkil edilməsi planlaşdırılır. Filoloqlar onlara essenin yazılış qaydaları, forması və s. barədə məlumat verəcək”. Gələcəkdə jurnalistika peşəsinə yiyələnənlər içərisində bizim yetirmələrimizin olması böyük şərəfdir”.
İcraçı direktor həmçinin fondun Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə layihələrindən danışaraq bu çərçivədə internet televiziyanın və Azərbaycanın ayrı-ayrı bölgələrində interaktiv distant mühazirələrin təşkil ediləcəyini bildirdi.
Fondun büdcəsi haqqında məlumat verən O.Səmədov layihələrə büdcədən vəsait ayrıldığını və hazırkı büdcənin 1 milyon manat təşkil etdiyini bildirdi: “Fond ilkin mərhələdə büdcədən maliyyələşir. Yaxın gələcəkdə nizamnaməyə uyğun olaraq fondun öz büdcəsi formalaşacaq. «Biz sahibkarlıq fəaliyyəti göstərə, qrant ala bilərik. O cümlədən, Azərbaycanda və ya xaricdə yaşayan insanlardan ianələr ola bilər”.
Fondun aparat rəhbəri, professor Rafael Həsənov AMEA-ının “Gənc alimlər dərnəyi” ilə əməkdaşlığın qurulması ilə bağlı həyata keçiriləcək layihə, qurumun aparıcı əməkdaşı Qismət yaradıcılığın bütün sahələrini əhatə edəcək “Yaradıcılıq layihələri” haqqında məlumat verdi.
Qeyd edildi ki, fond həmçinin «Auditoriya+», «İstad və şəyird», «Docendo discimus», «Epizod» və başqa layihələrə də start verəcək.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər