Bilik Fondu fəaliyyətini daha da təkmilləşdirmək niyyətindədir
Prezident yanında Bilik Fondu Prezident İlham Əliyevin 2014-cü il 7
may tarixli Fərmanı ilə yaradılıb. Ötən illər ərzində fond əhəmiyyətli uğurlara
imza atıb, onun həyata keçirdiyi ölkədaxili və beynəlxalq layihələr böyük
maraqla qarşılanıb.Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun AZƏRTAC-a məxsusi
müsahibəsində bu qurumun fəaliyyətindən, gördüyü işlərdən bəhs olunur. Həmin
müsahibəni təqdim edirik:
- Oktay müəllim, ötən ilin yekunlarına nəzər salanda ölkədə qazanılan
nailiyyətləri necə dəyərləndirərdiniz? Yola saldığımız 2017-ci il yaddaşınızda
hansı uğurlarla qaldı?
- 2017-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında
özünəməxsusluğu və rəngarəngliyi ilə yadda qaldı. Uğurla həyata keçirilən
düşünülmüş iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafı istiqamətində
atılan ciddi addımlar, ölkə daxilində ictimai-siyasi sabitliyin qorunması və
digər amillər iqtisadiyyatımızı müasir dünyada mövcud olan və hər bir dövlət
üçün təhlükə yaradan qlobal risklərdən qorumağa imkan verdi.
İqtisadi sahədə əldə olunan uğurların təməlində Prezident İlham
Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində ölkədə ötən ilin əvvəlindən
həyata keçirilməyə başlayan iqtisadi islahatlar dayanır. 2017-ci ilin ilk
günlərindən iqtisadiyyatın əsas 11 sektorunu əhatə edən Strateji Yol
xəritələrinin həyata keçirilməsinə başlanılıb, ölkəmiz dinamik və davamlı
inkişaf yoluna qədəm qoyub."Cənub Qaz Dəhlizi”nin tərkib hissələri - TANAP və TAP qaz boru
kəmərlərinin inşası layihəsinin uğurla davam etdirilməsi, "Azəri-Çıraq-Günəşli”
neft yataqlar blokunun işlənilməsinin 2050-ci ilədək uzadılması,
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi, iki milyard ton neft
hasilatına nail olunması və müxtəlif bölgələrdə iri sənaye müəssisələrinin
fəaliyyətə başlaması ölkəmizin iqtisadi həyatında yaşanmış ən əlamətdar
hadisələrdir.Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik
Hesabatı”nda reytinqdə iki pillə irəliləyərək 35-ci yerdə, "Dünya Bankı”
tərəfindən hazırlanmış hesabatda 190 ölkə arasında 57-ci mövqedə qərarlaşması,
həmçinin Avropa və Mərkəzi Asiya regionunda ən islahatçı üç ölkədən biri kimi
qəbul olunması ölkəmizin iqtisadi uğurlarının dünya miqyasında tanınmasının
parlaq göstəricisidir.Bu gün Azərbaycanın beynəlxalq nüfuzu kifayət qədər yüksəkdir.
Ölkəmizin müasir dünyanın aktual problemlərinin müzakirə olunduğu məkana
çevrilməsi, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın
dünya ölkələri sırasında geosiyasi əhəmiyyətinin durmadan artığını göstərir.
Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzrə
danışıqlara başlanılması, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu,
dövlətimizin başçısının BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının
açılışında dərin məzmunlu nitqi ötən ilin yaddaqalan hadisələrindəndir.Ötən ilin fevralında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın
Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi dövlətçiliyin
möhkəmlənməsi, idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində atılan
mühüm addım oldu.Prezident İlham Əliyevin erməni işğalından azad edilmiş Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən kəndə
qayıdan əhali üçün yaşayış evlərinin, məktəb binasının, Şuşa məscidinə bənzər
dini məbədin inşası, müvafiq infrastrukturun yaradılması ötən ilin doğma
torpaqlarımıza "Böyük qayıdış”ın başlanğıcından xəbər verən mühüm tarixi
hadisəsinə çevrildi."İslam Həmrəyliyi İli”ndə xalqımızın milli mənəvi və dini dəyərlərinə
yüksək qiymət verdiyi, ölkəmizin dini tolerantlığın nümunəsi olduğu bir daha
bütün bəşər əhlinə bəlli oldu. Dünyanın 54 ölkəsini təmsil edən 3 mindən çox
idmançını bir araya gətirmiş, 1 milyarddan artıq tamaşaçı tərəfindən izlənilmiş
IV İslam Həmrəyliyi Oyunları istər bütün regionda, istərsə də beynəlxalq
miqyasda Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi.Azərbaycanın ötən ildə əldə etdiyi nailiyyətlər 2018-ci ilin ölkəmiz
üçün daha da uğurlu olacağını deməyə əsas verir.
- "İslam Həmrəyliyi İli”ndə
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyəti nədən
ibarət oldu?
- "İslam Həmrəyliyi İli”ndə Bilik Fondu ölkə əhalisinin elmi-texniki,
siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması,
milli mənəvi dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin
mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərib. Fondun
76 şəhər və rayon nümayəndəsi yerli əhalinin maarifləndirilməsi ilə bağlı bir
sıra tədbirlərin təşəbbüskarları və təşkilatçıları olub, mühazirə və təlimlərin
müasir tələblərə uyğun keçirilməsini təmin ediblər. Fondun dəstəyi ilə Qax,
Oğuz, Şəmkir, İsmayıllı rayonlarında və Bakı şəhərinin Nardaran qəsəbəsində
fəaliyyət göstərən bilik evlərində aktual mövzularda mühazirə, təlim, müzakirə
və təqdimatlar, tanınmış elm adamları, mədəniyyət xadimləri ilə görüşlər,
"dəyirmi masa”lar, ödənişsiz təlim kursları təşkil edilib, dərnəklər yaradılıb.
2017-ci ildə Tərtər, Astara, Ağdaş və Ağstafa rayonlarında bilik evləri
fəaliyyətə başlayıb. Hazırda bilik evlərində "Kompüter texnologiyaları və
kargüzarlıq işi”, "İngilis dili”, "Rus dili”, "Ədəbi yaradıcılıq”, "Toxuculuq”,
"Rəssamlıq” və "Bələdçilik” üzrə təlim kursları və dərnəklər fəaliyyət
göstərir.Bilik Fondu "İslam Həmrəyliyi İli” ilə əlaqədar respublika və
beynəlxalq səviyyəli 9 elmi-praktik konfransın təşkilatçısı olub, ölkənin
müxtəlif bölgələrində və xaricdə 200-dək mühazirə təşkil edib.15 sentyabr – Bilik günündə ölkənin bütün bölgələri əhatə olunmaqla
61 orta, 33 orta ixtisas, 15 ali təhsil müəssisəsində, Heydər Əliyev
mərkəzləri, mədəniyyət və gənclər evlərində alim, tədqiqatçı və
mütəxəssislərin, Milli Məclisin deputatlarının iştirakı ilə 120 mühazirə
keçirilib. Tədbirlərdən 14.000-dən çox dinləyici faydalanıb.Bir çox təhsil müəssisələrində IV İslam Həmrəyliyi Oyunları ilə bağlı
təqdimatlar keçirilib, könüllülər hazırlığı məqsədilə ərəb dili üzrə təlimlər
təşkil edilib. Fondun Rus Pravoslav kilsəsində Azərbaycan dili üzrə ödənişsiz
təlim kursları da "İslam Həmrəyliyi İli”ndə ölkəmizdə tolerantlıq ənənələrinin
möhkəmlənməsi və multikultural mühitin zənginləşməsinə xidmət göstərən addım
kimi dəyərləndirilə bilər. Hazırda Bakı şəhərindəki kilsələrdə, "Sodrujestvo”
İctimai Birliyində, Qəbələ rayonunun Nic qəsəbəsindəki "Cotari” Alban-Udi
kilsəsində etnik qrupların 100-dən çox nümayəndəsinə dövlət dili tədris olunur.
- Bu gün ictimaiyyətin
məlumatlandırılması üzrə məqsədyönlü proses kimi anlaşılan maarifləndirmə Bilik
Fondunun başlıca missiyasıdır. Əhalinin hansı sahələr üzrə maarifləndirilməsinə
xüsusi diqqət yetirilib və bu növ fəaliyyətin statistik təsviri barədə nə
deyərdiniz?
- Prezident İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və
bundan irəli gələn məsələlər haqqında 2016-cı il 16 mart tarixli Sərəncamının
şərhi, bu sahədə görülmüş işlərin təbliği ilə əlaqədar əhali arasında
maarifləndirmə işinin gücləndirilməsi məqsədilə ölkənin müxtəlif bölgələrində
mühazirələr təşkil edilib. Milli Məclisin deputatları və Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) alimləri şəhər və rayonların Heydər Əliyev mərkəzlərində,
kənd təsərrüfatı və sənaye müəssisələrində müvafiq mövzularda mühazirələrlə
çıxış ediblər.
Dövlətin daxili və xarici siyasətinin mahiyyətinin əhaliyə
çatdırılması, ideoloji işin təkmilləşdirilməsinə dəstək verilməsi məqsədilə
Bilik Fondu ötən ilin təkcə iyun ayında respublikanın 23 şəhər və rayonu əhatə
olunmaqla 22 Heydər Əliyev Mərkəzində, 18 ali və orta təhsil müəssisəsində, 4
elm və mədəniyyət ocağında "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” və
"İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında
silsilə mühazirələr təşkil edib. Tədbirlərin nəticəsi olaraq, "Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun lektoriyası” silsiləsindən
ilk mühazirələr toplusu nəşr edilib və növbəti buraxılış çapa hazırlanıb.2017-ci ildə Bilik Fondu tərəfindən respublikanın müxtəlif
bölgələrində ümumilikdə 417 mühazirə və 46 təlim təşkil edilib. Geniş coğrafi
ərazidə əhalinin müxtəlif təbəqələrini və sosial qrupları əhatə edən
mühazirələr şəhər və rayonlarda fəaliyyət göstərən dövlət idarə və
təşkilatlarında, elm və mədəniyyət, orta və ali təhsil müəssisələrində
dinlənilib.AMEA-nın institutları və müvafiq qurumlarının əməkdaşları tərəfindən
100, ali məktəblərin müəllimləri tərəfindən 72, Milli Məclisin deputatları
tərəfindən 27, digər təşkilat və müəssisələrdə çalışan mütəxəssislər tərəfindən
188, xarici ölkə alimləri və tədqiqatçıları tərəfindən 30 mühazirə keçirilib."Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Portuqaliya, Litva,
İndoneziya, Misir alimlərinin mühazirələrini yerli tədqiqatçılar və gənclər
xüsusi maraqla qarşılayıblar. Rusiyalı tarixçi və siyasi analitik Oleq
Kuznetsovun Şəmkir, Mingəçevir, Gəncə və Naftalan şəhərlərində mühazirələri,
"XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının,
Xocalı soyqırımının Rusiya Dumasında tanınması məqsədilə hazırladığı
petisiyanın təqdimatları təşkil olunub.Fondun təşkil etdiyi mühazirələrə ümumilikdə 300-dən çox alim və
tədqiqatçı, təhsil, mədəniyyət və səhiyyə işçisi, tanınmış ziyalılar cəlb
olunublar.
- Bilik Fondu yarandığı
gündən maraqlı bir layihəyə - "Qardaşlaşmış məktəblər” layihəsinə imza atıb.
Fondun bu layihəsi davamlıdırmı?
- Prezident İlham Əliyevin yeniyetmə və gənclərin yüksək
vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət və qayğı ilə yanaşması
ölkədə bir çox layihələrin gerçəkləşməsinə böyük təkan verir. Dövlət başçısının
təşəbbüsü ilə həyata keçirilən "Ölkəmizi tanıyaq” layihəsi Bilik Fondunun
maarifləndirici fəaliyyətinin daha geniş təşkilinə şərait yaradıb. Fondun
"Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində il ərzində respublikanın 11 və
xarici ölkələrin 3 orta təhsil müəssisəsi arasında əlaqələr qurulub.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və
"İslam Həmrəyliyi İli”nə həsr edilmiş "Bir günəşin zərrəsiyik” II Beynəlxalq
Şagird Konfransı çərçivəsində 4 ölkənin 7 təhsil ocağı arasında "Qardaşlaşma
sazişi” imzalanıb. Layihədə iştirak edən məktəblərin sayı 60-a çatıb. Hazırda
orta-ixtisas və peşə təhsili müəssisələrində, eləcə də ali məktəblərdə təhsil
alan gənclər arasında "bilik körpüsü”nün yaradılmasını nəzərdə tutan eyniadlı
layihə üzərində işləyirik.
- Gənclərin elmi
biliklərinin artırılmasında mütaliənin rolu danılmazdır. Kitabın təbliği
istiqamətində fondun gördüyü işlər barədə nə deyərdiniz?
- Bilik Fondu uşaq, yeniyetmə və gənclərdə mütaliəyə "Kitab – bilik
mənbəyidir” anlamına uyğun münasibətin formalaşmasını vacib hesab edir.
İnformasiya əldə edilməsində yeni texnologiyalara meyillilik heç də intellektin
çap məhsulu olan kitaba ənənəvi münasibəti dəyişməməlidir. Bilikli insan
kapitalının formalaşdığı cəmiyyətdə elmi və bədii ədəbiyyatla ünsiyyət xüsusi
əhəmiyyətə malikdir. Bilik Fondunun bütün proqram və layihələrində kitab həm
maarifləndirmə vasitəsi, həm də birbaşa iştirakçıdır. Fond həyata keçirdiyi
tədbirlər çərçivəsində minlərlə kitabı müəssisə və təşkilatlara hədiyyə edib,
bilik yarışmaları və intellektual müsabiqə qaliblərini kitablarla
mükafatlandırıb.Bilik günü ərəfəsində 1000 nüsxədən çox kitab Cocuq Mərcanlı kənd
məktəbinə hədiyyə edilib. Elmi və bədii ədəbiyyat nümunələrindən ibarət hədiyyə
dəsti Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti
Muzeyinə təqdim edilib.Fondun "İmzalı görüş” layihəsi çərçivəsində gənc oxucuların bir çox
tanınmış yazıçılarla görüşləri təşkil olunub.İlin sonunda bir sıra təhsil müəssisələrində yeniyetmə və gənclərin
kitaba və mütaliəyə maraq dərəcəsinin, onlara oxu mədəniyyətinin aşılanması
yollarının müəyyənləşdirilməsi məqsədilə sosioloji anket sorğusuna başlanılıb.
Sorğuda 5.000-dək məktəbli və tələbənin iştirakı nəzərdə tutulub.
- Bilik Fondu
maarifləndirici proqram və layihələrin icrasında hansı qurumlarla sıx
əməkdaşlıq edir?
- Əhalinin tibbi maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği
istiqamətində həyata keçirilən tədbirlər Səhiyyə Nazirliyinin İctimai Səhiyyə
və İslahatlar Mərkəzi ilə birgə təşkil olunur. "Hüquqi maarifləndirmə”
proqramının icrasında AMEA-nın hüquqşünas alimlərinin, Milli Məclisin hüquq
siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin, Konstitusiya Məhkəməsi
əməkdaşlarının köməyindən istifadə edirik. "Sabahın alimləri” VI Respublika
müsabiqəsinin təşkilində Təhsil Nazirliyi, orta məktəb müəllimləri və təhsil
işçiləri arasında "Ən yaxşı yazı” müsabiqəsinin keçirilməsində "Azərbaycan
müəllimi” qəzeti ilə əməkdaşlıq etmişik.Fondun "Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasında
Milli Televiziya və Radio Şurası kömək göstərib, "Xəzər TV” MMC, "Lider TV”
MMC, "ARB” Media Qrupunun "ARB 24”
(Tovuz) və "Kəpəz TV” yayım şirkətlərində AMEA-nın Dilçilik İnstitutu, Bakı
Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
alim və müəllimlərinin, eləcə də praktik jurnalistlərin təlimləri üçün şərait
yaradıb.Bu günlərdə Bakı Dövlət Universiteti ilə əməkdaşlıq haqqında saziş
imzaladıq. Bu nüfuzlu elm və təhsil ocağının 100 illiyi ərəfəsində birgə
tədbirlər təşkil etmək niyyətindəyik.
- Bilik Fondunun beynəlxalq
əlaqələrinin möhkəmlənməsində nə kimi irəliləyişlər var?
- Müxtəlif mövzularda beynəlxalq elmi konfransların, yerli alimlərin
ölkə xaricində mühazirələrinin təşkili, xarici ölkələrdən alim və
tədqiqatçıların lektoriyalara cəlb olunması, Azərbaycan tarixinin, elm və
mədəniyyətinin xaricdə, dünya elminin Azərbaycanda təbliği istiqamətində bir
sıra tədbirlər həyata keçirilib.Cənubi Koreya, Sudan, Misir Ərəb Respublikası, Ukrayna, Latviya,
Hindistan və İndoneziyanın Azərbaycandakı səfirləri fondun qonağı olub, təmsil
etdikləri ölkələrin tanınmış alim və tədqiqatçılarının fondun layihələrində
iştirakı, elm və təhsil mərkəzləri ilə əlaqələrin qurulması məsələlərini
müzakirə ediblər.İordaniyanın Kral Akademiyasının direktoru Rim Masiri, Litva Universitetinin
professoru Vidas Kavaliauskas, İraq Respublikasının uşaq yazarı Casim Muhammed
Salih, Türkiyənin 29 Mayis Universitetinin professoru Tayyar Altıkulaç, Misir
Milli Kitabxanası və Arxivlərinin müdiri Əhməd Seyyid Muhəmməd Şövki Bilik
Fondunda kollektivlə görüşüb, əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi
aparıblar.Bilik Fonduna Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin A.Puşkin
adına Dövlət Rus Dili İnstitutunun "Puşkin İnstitutu” Tərəfdaşlıq Şəbəkəsinin
həqiqi üzvlüyünü təsdiqləyən sertifikatı təqdim edilib.
- Elmi bilikləri təbliğ
edən Bilik Fondunun əsas hədəfi gənclərdir. Onların intellektual səviyyəsinin
yüksəldilməsi, məşğulluğunun təmin edilməsinə dəstək göstərilməsi, asudə
vaxtlarının səmərəli təşkili yönümündə hansı işlər görülür?
- Bilik Fondu gənclərin elmi biliklərinin artırılması, vətənpərvərlik
və dövlətçilik ruhunda tərbiyə olunması işinə xüsusi diqqətlə yanaşır. Mühazirə
və təlimlər, film nümayişləri, kitab təqdimatları, ziyalılarla görüşlər
keçirilən auditoriyalarda gənclərimiz böyük üstünlük təşkil edirlər. Bu gün
Bilik Fondunda tələbə gəncləri bir araya gətirən "Tariximizi öyrənək və
öyrədək” Gənclər Klubu, "Gənc jurnalistlər” və "Diplomatlar” klubları fəaliyyət
göstərir, bilik evlərində yerli gənclər üçün müxtəlif ixtisas və peşələr üzrə
təlim kursları, dərnəklər təşkil olunur, istedadlı və yaradıcı gənclərin üzə
çıxarılması məqsədilə bilik müsabiqələri keçirilir, tələbələr fondda istehsalat
təcrübəsinə göndərilirlər.
- Yeni təqvim ilində Bilik Fondunun fəaliyyətində hansı yeniliklər
gözlənilir?
- Bilik Fondu əhalinin maarifləndirilməsi ilə bağlı qarşısına
qoyulmuş vəzifələrin icrası istiqamətində fəaliyyətini daha da təkmilləşdirmək
əzmindədir. Mühazirə və təlimlərin coğrafiyasının yerlərdən daxil olan
müraciətlər və keçirilən sosioloji sorğular əsasında genişləndirilməsi, mövzu
rəngarəngliyinin təmin edilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə
aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin
ictimaiyyətə çatdırılması məqsədilə keçirilən maarifləndirici tədbirlərin
keyfiyyətinin yüksəldilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi,
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi, Azərbaycan Ordusunun
yaradılmasının 100 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci
ildönümü ilə əlaqədar ölkənin bütün bölgələri əhatə olunmaqla silsilə
mühazirələrin, "dəyirmi masa” və seminarların, kitab təqdimatları, sərgi,
müsabiqə və bilik yarışmalarının təşkili, bilik evləri şəbəkəsinin
genişləndirilməsi, Azərbaycan həqiqətlərini əks etdirən nəşrlərin, elmi-kütləvi
ədəbiyyat nümunələrinin hazırlanması işinə, müvafiq mövzularda sənədli
filmlərin və sosialyönümlü videoçarxların çəkilişinə yaxından dəstək
göstərilməsi, maarifləndirici fəaliyyətin sosial sifariş əsasında daha da təkmilləşdirilməsi
məqsədilə Sosioloji Sorğu Mərkəzinin yaradılması gündəmdə duran məsələlərdir.Ölkə Prezidentinin əhalinin maarifləndirilməsi, müxtəlif elm sahələri
üzrə biliklərinin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi
dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin
ictimaiyyətə çatdırılması ilə bağlı verdiyi tapşırıqları layiqincə yerinə
yetirmək Bilik Fondu əməkdaşlarının və fondun ətrafında toplaşan elm
adamlarının, maarifçi ziyalıların həm vəzifə, həm də vətəndaşlıq borcudur.