AZE | RUS | ENG |

Bilik Fondu Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib

Bilik Fondu Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib
Azərbaycan Prezidenti yanında Bilik Fondu "İl boyu bilik” proqramına uyğun olaraq, 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paytaxtda və bölgələrdə silsilə tədbirlər təşkil edib.
Bilik Fondundan Trend-ə verilən məlumata görə, tədbirlər Fondun yerli nümayəndələri və Bilik evləri rəhbərlərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.
Dövlət Bayrağı Günü ərəfəsində Astara şəhər 1 və 5 nömrəli, Şiyəkəran kənd 2 nömrəli tam orta məktəblərin, yerli Pedaqoji Kollecin müəllim və şagird kollektivi müxtəlif günlərdə rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Mərkəzin direktoru Kübra Səmədova qonaqlara Ulu öndərin fəaliyyətini əks etdirən fotolar və sənədlər barədə məlumat verib.
Rayon İcra Hakimiyyətinin İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov, Kollecin müəllimi Xanımnisə İsayeva, orta məktəblərin müəllimləri – Lalə Məmmədli, Aysel Abizadə, Dilarə Hüseynova, Sürəyya Nəsirova, Ayla İmamverdiyeva, Yusif Əlizadə, Gülnur Abdullayeva, Bəhruz Hüseynli, Mərkəzin bələdçisi Cəmalə Məmmədova çıxışlarında milli bayrağımızın özündə müqəddəs dəyərləri əks etdirdiyini vurğulayıblar.
Mərkəz fondunun baş mühafizi Elza Kazımova "Azərbaycan bayrağı – milli qürurumuz, kimliyimiz, vüqarımızdır” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyin əsas atributlarından olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul edilib.
Tədbir iştirakçıları Astara Bilik Evinin "Toxuculuq” və "Rəssamlıq” dərnəkləri üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən "dəyirmi masa”da şəhərin 6 məktəbinin və Texniki təbiət təmayüllü liseyin şagird və müəllim kollektivi iştirak edib.
Fondun rayon üzrə nümayəndəsi Anar Rzayev tədbiri açaraq, bayrağın hər bir dövlət üçün bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğunu söyləyib. Qeyd edilib ki, azərbaycanlılar dövlət bayrağını müqəddəs bilir, millətin, xalqın qeyrət rəmzi kimi xarakterizə edirlər.
Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında gerçəkləşən tədbiri müəssisənin direktoru, Bilik Fondunun rayon üzrə nümayəndəsi Kəmalə Hüseynova açaraq, bayrağımızın yaranma tarixindən, üzərində olan rənglərin mənalarından danışıb. Körpələr evinin uşaqları şeirlər söyləyib, mahnılar oxuyublar. Sonda sənədli film nümayiş olunub.

Eyni məzmunlu tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetində də (AMİU) təşkil olunub. İnşaat fakültəsinin dekanı, professor Hikmət Məmmədov tədbiri açaraq, bildirib ki, ləyaqət simvolu olan milli bayrağı uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur.
Bilik Fondunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva Fondun maarifçilik fəaliyyətindən söz açıb. O, "Sülhün göyərçini, savaşın qartalı” olan üçrəngli, ay-ulduzlu bayrağımızı milli dəyər kimi səciyyələndirərək, dövlət atributuna dərin ehtiram göstərməyin vətəndaşlıq borcu olduğunu söyləyib.
ADPU-nun professoru, tarix üzrə elmlər doktoru Xəqani Məmmədov "Dövlət atributlarımız” mövzusunda mühazirə ilə çıxış edib. Bildirib ki, bayraqlarda ideoloji, siyasi, sosial-sinfi, dini, milli və digər ideyalar daha ümumiləşmiş formada öz təcəssümünü tapır. Tədqiqatçı alim Azərbaycan tarxinin ən qədim dövrlərindən müasir dövrümüzə qədər istifadə olunan bayraqları əhatəli şəkildə şərh edib. Sonda X.Məmmədov Ümummilli liderimiz Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini hər sahədə uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın milli dövlət atributlarını uca tutduğunu və konkret addımları ilə bu ruhu cəmiyyətə aşıladığını xüsusi vurğulayıb.
Tədbirdə Fondun "Tariximizi öytrənək və öyrədək” Gənclər Klubunun üzvləri də iştirak ediblər.
Bayram ərəfəsində Fondun "Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçıları olan Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi və Qobustan şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında "Bayrağımız - qürurumuzdur” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Qobustan məktəbinin direktoru Əlibəy Abduləzizov tədbiri açaraq, dövlət bayrağının xalqa qürur yaşatdığını bildirib. İlk 4 yerə layiq görülən inşaların müəlliflərinə Bilik Fondunun diplomları, 12 iştirakçıya isə tərifnamələr verilib.
Mükafatları qaliblərə Qobustan rayon təhsil şöbəsinin müdir əvəzi Ənvər Qayıbov, Fondun aparıcı məsləhətçisi Elvin Hətəmov, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin direktoru, Fondun rayon üzrə nümayəndəsi Gülnurə Babaşova təqdim ediblər.
Fondun təşkilatçılığı ilə Xaçmaz şəhər M.Məmmədov adına 4 nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr olunan tədbirdə Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla "Dövlət atributlarımız və məktəblilərin vətənpərvərlik tərbiyəsi” mövzusunda, Şəmkir rayonu Heydər Əliyev Mərkəzində yerli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cavanşir Pirverdiyev "100 yaşlı bayrağımız” mövzusunda mühazirələr söyləyiblər.
Bilik Fondunun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov Ərmənət kənd tam orta məktəbində "Bayrağımız qürur mənbəyimizdir” mövzusunda çıxışında məktəblilərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımıza böyük məhəbbətlə yanaşmağın vacibliyini vurğulayıb.
Bilik Fondunun Qarabağ, Ağstafa Regional, Nardaran, İsmayıllı, Qax, Oğuz, Ağsu, Ağdaş Bilik evləri, Abşeron, Siyəzən, Quba, Ağdam, Tərtər, Göyçay, Şirvan, Mingəçevir, Neftçala, Qazax və digər bölgələr üzrə nümayəndələri də 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə maarifləndirici görüş, "dəyirmi masa”, sərgi, təqdimat və mühazirələr təşkil ediblər.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN