• çərşənbə axşamı, 19 mart, 09:31
  • Baku Bakı 8°C

Bilik Fondu 20 Yanvar şəhidlərini yad etdi

19.01.18 17:36 753
Bilik Fondu 20 Yanvar şəhidlərini yad etdi
Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış, təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş 1990-cı ilin 20 yanvar cinayəti artıq 28 ildir ki tariximizdə həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi yer alır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Təcavüz nəticəsində Bakıda 134 mülki vətəndaş öldürüldü, 600-dən çox adam yaralandı. Yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlı 20 Yanvar faciəsini mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə qarşı yönəldilmiş qanlı cinayət kimi xatırlayır, hər il bu faciənin ildönümündə şəhidlərimizin müqəddəs ruhunu yad edir.
Qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən Ümummilli lider Heydər Əliyevbu amansız cinayətiSovet İttifaqı tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz kimi dəyərləndirdi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər keçirib. Fondun icraçı direktoru Oktay Səmədov gənc nəslə Yanvar hadisələri barədə geniş məlumat verməklə yanaşı, ölkəmizdə təhsil alan xarici vətəndaşlara da Azərbaycanın müstəqillik mücadiləsi yolundan və bu yolda verilən qurbanlardan, bütövlükdə Azərbaycan gerçəklərindən danışmağın vacibliyini vurğulayıb.
20 Yanvar faciəsinə həsr olunuş tədbir Bilik Fondu və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə Universitetdə keçirilib. Tədbirdə "20 Yanvar - müstəqilliyimizin bərpasına gedən yol” mövzusunda məruzə ilə çıxış edən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev bildirib ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə növbəti tədbir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) əcnəbi tələbələrin iştirakı ilə keçirilib. Fondun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov, ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli əcnəbi tələbələrə Azərbaycan xalqının milli azadlıq hərəkatı, həmin dövrün siyasi vəziyyəti və xalqın mübarizəsi haqqında məlumat veriblər. Çıxışlarda 20 Yanvar günü milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın silahlı təcavüz nəticəsində qətlə yetirildiyi bildirilib.
Yasamal Heydər Əliyev Mərkəzində AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin "20 yanvar müstəqillik yolunun başlanğıcı” adlı mühazirəsi təşkil olunub. Tədbirdə Fondun "Gənc jurnalistlər” Klubunun, "Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri, Pedaqoji Kollecin, Humanitar Kollecin tələbələri və Yasamal məktəbliləri iştirak ediblər. Könül Bünyadzadə 20 yanvar şəhidi ailəsinin üzvü olaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun insanlığa yaraşmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən, günahsız insanların müxtəlif silahlarla qətlə yetirilməsindən söhbət açıb, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını bildirib.
Ümumxalq Hüzn günü ilə əlaqədar Fondun mühazirəçisi, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva Bakı şəhəri Suraxanı rayonu 232 nömrəli tam orta məktəbin, İnformasiya təminatı sektorunun müdiri, dosent Xatirə Hüseynova Bakı Humanitar Kollecinin müəllim və şagird kollektivləri ilə görüşüblər.
Fondun mətbuat katibi Ceyhun Musaoğlunun Masallı rayon Heydər Əliyev Mərkəzində, Astara Pedaqoji Kollecində, Lənkəran Dövlət Universitetində "1990-ci il 20 yanvar hadisələri Azərbaycan mətbuatında" mövzusunda mühazirələri təşkil olunub. "Səhər", "Bakı", "Kommunist", "Azərbaycan gəncləri", "Bakinskiy raboçi" qəzetlərinin 1990-cı il 15-25 yanvar tarixli saylarında əksini tapan yazıların mahiyətindən söz açan Fond nümayəndəsi dinc əhali üzərinə basqın edərək, dəhşətli qətliam həyata keçirən sovet silahlılarının vəhşilikləri barədə dünyanı məlumatlandıran Azərbaycan mətbuatının qəhrəmanlıq nümayiş etdirdiyini deyib.
Bilik Fondunun Astara Bilik Evi və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Astara şəhər 2 nömrəli tam orta məktəbində "20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədovanın açıq dərsi təşkil olunub.
Faciənin ildönümü ərəfəsində Bilik Fondunun yerli nümayəndələrinin təşkilatçılığı ilə Qax, Oğuz, Şəmkir, Nardaran, Astara, İsmayıllı, Qarabağ, Ağdaş, Ağstafa Bilik Evlərində məktəblilərin, yerli ziyalıların iştirakı ilə toplantılar keçirilib. "Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı olan məktəblərdə Qanlı Yanvar hadisələrinə həsr edilmiş xüsusi dərslər aparılıb, sinif divar qəzetləri 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilib, tariximizin bu şanlı səhifəsini əks etdirən guşələr tərtib edilib, şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgilər təşkil olunub.
banner

Oxşar Xəbərlər