• cümə, 29 Mart, 15:53
  • Baku Bakı 14°C

Bilginin gücü

25.11.17 09:45 10505
Bilginin gücü
Öyrənmək özü mərhələli proses olduğundan, ona yanaşma da pillələrə bölündü: əvvəlcə şübhə, sonra maraq, daha sonra tədqiqat, təsəvvürlər və bilgi formalaşdı. Çılpaq həqiqət buradan ortaya çıxdı. Hansı ixtisasa sahib olmasından asılı olmayaraq, fərdin özünü təsdiqləməsinin yeganə meyarı bilgi və dünyagörüşü oldu.
Tutaq ki, klassik yanaşmalarda canlı varlıqların arasındakı fərqlər bir neçə mərhələlər üzərində izah olunur. İnsanın heyvandan əsas fərqi kimi şüur sayılırdı. Amma 1950-ci illərdən sonrakı dövrə məxsus olan fəlsəfədə insanın heyvandan fərqi faydalılıq prinsipləri ilə izah olundu və nəhayət, kosmik yaradılış nəzəriyyələri formalaşdı. Bundan başqa, heyvan ətrafdakı gözəlliklərdən zövq almaq iqtidarında deyil, insan isə ətrafın gözəlliyini anlaya bilir. Buna görə, Şpenqler və bir çox tarix fəlsəfəçisi insanın heyvanla fərqlərinin izahında estetik meyarları da ön plana çəkdi.
Bilgi və gerçəklik bir-biriylə daha sıx bağlıdır, amma sənət və duyğular arasında arasıkəsilməz əlaqə mövcuddur. Məşhur rəssam Vinsent Van Qoqun "Sent Reminin zeytun ağacları” tablosu haqqında Maurisyo Pradines yazır: "Optikanın mövzusu işıq, akustikanın mövzusu isə özgür səsdir. Eləcə də sənət üçün mövzu reallıq və qeyri-reallıqdır. Van Qoqun bu tablosunu seyr edəndə gerçək zeytun bağında aldığım hissdən fərqli bir duyğuyla yükləndim. Gerçək zeytun ağacı məni ən yaxşı halda onları seyr etməyə və ağac altında yaxşı bir nahar yuxusuna dəvət edir, amma bu rəsm zirvəsi məndə daha artıq hisslər yaratdı”.
Bilgi sənətdən fərqli olaraq, sadəcə hisslərə köklənmir, bilginin dayandığı nöqtə ağıl və təfəkkürdür. Sənət də bunlardan uzaq deyil, nəzərə alaq ki, estetika tənqidçilərinin bir çoxu heykəltəraşlığı riyaziyyat, ədəbiyyatı isə fizika orqanizmi kimi yararlı hesab edir, bu sahələr arasında ağlasığmaz analogiyalar aparır. İncəsənətin hisslərə yönəlməsi həm də onunla bağlıdır ki, bilgidən fərqli olaraq, sənət üçün əbədilik eqosu həmişə labüddür. Yaradıcı insanlar özlərindən sonra nəsə saxlamaq və tarixin kandarından öz adını içəri daxil etmək istəyirlər. Elm isə heç vaxt əbədiyyət arzulamır, o uzaqbaşı, insanın ömrünü uzatmağa çalışır. Amma elm anlayır ki, əbədiyyət dünyanın nizamına və yer kürəsinin varlığına da təhlükədir. Düzdür, indi bəzi qeyri-rasional elm adamları insanı ölümdən xilas etməyin yollarını axtarmağa cəhdlər edir, amma ciddi elmi kluarlar heç vaxt bu məntiqsiz cəhdləri dəstəkləməyəcək.
Bilgi kollektiv şüurun məhsuludur, təkin irəli sürdüyü fikirlərin mütləq ümumi müzakirəsini tələb edir. Amma sənət daha fərdi bir anlayışdır. Kloud Bernard deyirdi: sənət mənəm, elm isə biz. İki kimyaçı eyni hadisənin tədqiqatında qətiyyən ortaq fikrə gələ bilməz, amma elmin və bilginin məqsədi də onlar arasındakı ziddiyyəti həll edib, daha yararlı olanı kütləyə təqdim etməkdən ibarətdir. Amma sənətdəki ziddiyyətlərdən heç vaxt ortaq nəticə tələb olunmur, olunsa belə, bu çox anormal mənzərə yarada bilər. Eyni hadisəni müxtəlif formalarda çəkən iki karikaturaçının baxışları eyni bir nöqtəyə cəmləşməlidir deyə bir tələb irəli sürmək incəsənətin məğzinə ziddir. O, tamı hissələrə ayıraraq, onun üçün maraqlı olan nəticəyə çatmaqda hər bir hadisənin komponentini öyrənməyi vasitə bilər. Elm insanı həyatdan mexanikaya keçməyi həmişə sevir. Sənət adamı isə hadisələrə yanaşmada sintez metodundan istifadə edir. O, hadisələrin bütövlüyünə hörmət edir, hissələri birləşdirərək vahid bir görüntü platforması yaratmağa nail olur.
banner

Oxşar Xəbərlər