• cümə, 29 Mart, 11:36
  • Baku Bakı 5°C

Biləsuvar rayonundakı böyük inkişaf göz önündədir

02.10.13 13:17 8166
Biləsuvar rayonundakı böyük inkişaf göz önündədir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 10 illik hakimiyyəti dövründə ölkəmiz daha da inkişaf edərək regionun ən qudrətli dövlətinə çevrildi. Məhz aparılan düzgün sosial-iqtisadi islahatların nəticəsidir ki, bu gün regionlarımızda belə, dünyada analoqu olmayan iri həcmli layihələr həyata keçirilir, vətəndaşlarımızın sosial şəraiti durmadan yaxşılaşır, on minlərlə iş yerləri yaradılır.
Regionların inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi Biləsuvar rayonunda da son illər böyük işlər görülüb, təhsil, səhiyyə müəssisələrinin, inzibati binalarının, yeni yolların tikintisi və əsaslı təmiri aparılıb, su və kanalizasiya sisteminin çəkilişi davam etdirilib. Rayon mərkəzində ərazisi 1.7 hektar olan Heydər Əliyev parkı müasir üslubda yenidən qurulub və parkın ərazisində ümummilli liderin abidə kompleksi ucaldılıb. Burada Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı üçün müasir avadanlıqlarla təchiz edilmiş yeni inzibati binalar inşa olunub. Biləsuvar şəhərinin H.Əliyev, M.İbrahimov və Nizami küçələri yüksək səviyyədə təmir edilib, yeni yaşıllıq zolaqları salınıb və işıqlandırma sistemi quraşdırılıb.
Ölkə başçısının təhsilə göstərdiyi qayğı və diqqətin nəticəsidir ki, regionlarda da bu sahədə ciddi irəliləyişlər əldə olunub, yeni-yeni təhsil ocaqları istifadəyə verilib. Ümumiyyətlə son on ildə rayonda 9 yeni məktəb binası tikilib, 4 məktəb yüksək səviyyədə əsaslı təmir olunub. Hazırda Amankənd, Aşağı Cürəli və Xırmandalı kənd tam orta məktəbləri üçün yeni binalar inşa olunur, 1176 şagird yerlik Ağalıkənd tam orta məktəbinin isə əsaslı təmiri başa çatmaq üzrədir. Şəhər 2 saylı, Zəhmətabad kənd uşaq bağçaları üçün 2 mərtəbəli yeni binalar inşa edilib, şəhər 1 saylı bağça isə yenidən qurulub. Rayonda səhiyyə ocaqlarının maddi-texniki bazası da ilbəil möhkəmlənir. Artıq 6 kənddə müasir tələblərə cavab verən yeni səhiyyə ocaqları tikilib istifadəyə verilib ki, bu da kəndlərimizdə tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 4 sentyabrda rayona səfəri çərçivəsində Mərkəzi xəstəxananın vəziyyəti ilə maraqlanıb və 07 sentyabr 2013-cü il tarixli “Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı əsaslı təmir işlərinə başlanması, tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb. Hazırda xəstəxananın tikintisi ilə bağlı işlərə başlanılıb.
Ümumiyyətlə ölkə başçısı cənab İlham Əliyevin regionlarin inkişafına göstərdiyi diqqət və qayğı onun rayonlara səfərlərində və bu səfərlərdən sonra imzaladığı sərəncamlarda öz əksini tapır. Son İllərdə təkcə Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə cənab Prezident bir neçə sərəncam imzalayıb. Belə ki, prezidentin 2006-cı il tarixli və 2012-ci il tarixli Sərəncamları ilə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 5,7 milyon manat vəsait ayrılıb. 2012-ci ildə ayrılmış 5,2 milyon manat vəsait 17 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə avtomobil yolunun tikintisinə xərclənib və yüksək keyfiyyətli asfalt-beton örtük yol tikilərək istifadəyə verilib. 2006-cı ildə ayrılmış 500 min manat vəsait isə şəhərin yenidən qurulmasına və daxili yollarının asfaltlaşdırılmasına xərclənib. Prezident İlham Əliyevin 10 avqust 2013-cü il tarixli “Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.
Bundan əlavə, cənab İlham Əliyevin 07 sentyabr 2013-cü il tarixli “Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə on min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat və 07 sentyabr 2013-cü il tarixli “Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ” Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb. Tikinti işlərinə başlanılması üçün hazırlıqlar aparılır. Rayonda yol tikintilərinin aparılması və qonşu rayonların asfalt-beton örtüyü ilə təmin edilməsi məqsədilə saatlıq gücü 380 ton olan asfalt-beton zavodu tikilib istifadəyə verilib.
Son illər ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi və əhalinin məşğulluğu baxımından kənd təsərrüfatının xüsusi əhəmiyyətini nəzərə alaraq aqrar sahəyə dövlət dəstəyi davam etdirilib. Biləsuvar rayonunda da kənd təsərrüfatının inkişaf etdirilməsində yeni texnologiyanın yaradılmasına ciddi fikir verilir. Rayonda maddi-texniki resurslara olan tələbatı ödəmək üçün yeni kənd təsərrüfatı texnikaları alınıb və Aqrolizinq üçün yeni bina inşa olunub. Səmədabad kəndi ərazisində pambıq emalı zavodunun inşaasına başlanılıb, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istixana və soyuducu anbar kompleksləri tikilib. Məhz görülmüş bu işlərin nəticəsidir ki, son 10 ildə rayonda 21559 yeni iş yeri yaradılıb ki, bunun da 16879-u daimi iş yerləridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi uğurlu sosial–iqtisadi kursa uyğun olaraq bu gün Biləsuvar rayonunda ardıcıl surətdə tikinti, abadlıq və yenidənqurma işləri davam etdirilir. Ölkə başçısı 4 sentyabr 2013-cü il tarixdə rayona səfəri zamanı görülmüş bu işlərdən məmnun olduğunu bildirərək rayon sakinləri ilə görüşündə qeyd edib: “Mən Biləsuvarda dəfələrlə olmuşam. Əvvəlki dövrlərdə də, prezidentlik dövrümdə də olmuşam. Bu, mənim Prezident kimi dördüncü səfərimdir. Burada gedən abadlıq-quruculuq işləri əlbəttə ki, məni sevindirir. İndiki Biləsuvar əvvəlki ilə müqayisəedilməz dərəcədə inkişaf edibdir. Gözəl şəhər yaradılıbdır. Gözəl binalar tikilir, küçələr abadlaşıb. Bax, bu meydan yeni tikilib. Yəni, hər şey etmək mümkündür. Gözəl Heydər Əliyev Mərkəzi, icra hakimiyyətinin yeni binası, park. Yəni, hər şey insanlar üçün edilir. Bizim şəhərlərimiz deyə bilərəm ki, sürətlə abadlaşır, yeni görkəm alır. İnsanların rahatlığı üçün işlər görülür. Əvvəlki dövrdə də Biləsuvarda müxtəlif layihələr icra edilmişdir. Olimpiya Mərkəzi, məktəblər tikilmişdir, zavodlar işə salınmışdır, iş yerləri açılmışdır. Kənd yolları tikilmişdir. İki böyük kənd yolu layihəsi icra edilir. Qazlaşdırma dediyim kimi, 90 faizdir, 100 faizə çatacaqdır. İçməli su şəhəri tam əhatə edəcəkdir, kəndlərə də çəkiləcəkdir. Budur bizim bugünkü reallıqlarımız. Biləsuvarın timsalında biz regionların inkişafını, dövlət siyasətinin nəticələrini görürük.”
Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkə başçısının Biləsuvar rayonunda aparılan bu işlərə verdiyi yüksək qiyməti bu gün bəzi mətbuat orqanları və saytlar həzm edə bilmir, hec bir həqiqətə söykənməyən, qərəzli məlumatlar yayaraq özlərini reklam etməyə, bu eybəcər yolla oxucu toplamağa çalışırlar. Lakin bu qısqanclığın bircə adı var ki, o da öz peşəsini bilməmək, jurnalistikadan uzaq olan bəzi insanların bu sahədə çalışmalarıdır. Bütün bunlara baxmayaraq, Biləsuvar rayonu respublikamızın digər rayonları kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daima inkişaf edəcək və yeni-yeni uğurlara imza atmaqda davam edəcək.
Əli Əliyev,
Biləsuvar şəhər 4 saylı tam orta məktəbin direktoru

banner

Oxşar Xəbərlər