AZE | RUS | ENG |


Bilərziyi tax, maşınını təhlükəsiz sür

Bilərziyi tax, maşınını təhlükəsiz sür
Sürücülərin təhlükəsizliyi üçün nəzərdə tutulan yeni qurğuya münasibət birmənalı deyil

Hər il yollarda sürücülərin sükan arxasında yorulması səbəbindən 300 mindən çox qəza baş verir. Sürücülərin sükan arxasında yuxulaması qəzaların təqribən 25 faizində faciəli nəticələrə səbəb olur. Trend-in məlumatına görə, məhz bu səbəbdən Latviyanın "Creative Mode” şirkəti "STEER” bilərziyi layihəsini həyata keçirmək qərarına gəlib.

Kiçikölçülü qurğu sürücülərin yorulma zamanı yuxulamalarının qarşısını alaraq özlərinin və ətrafdakı insanların həyatını avtomobil qəzası təhlükəsindən qorumağa imkan verəcək.

Trend ola biləcək bilərzik real vaxt rejimində sürücünün ürək döyüntüsünü və dərisinin elektrik keçiricilik qabiliyyətini monitorinq edən 15 ötürücü ilə təchiz edilib. Qurğu sürücünün yorğunluğunun onun həyatı üçün təhlükəli səviyyəyə çatmasını müəyyənləşdirən zaman bilərzik onun əlinə az miqdarda elektrik enerjisi ötürəcək. Bu, insanı yuxudan ayıltmağa və ona özünə gəlməyə kömək edəcək. Cərəyan zərbəsindən sonra orqanizmdə serotonin, noradrenalin və kortizol səviyyəsi yüksəlir, yuxu hormonu melatonin isə əksinə, azalır.

"STEER” qurğusu sürücünün orqanizminin vəziyyətini daim izləyərək onu təhlükədən qoruyacaq. Akkumulyatoru bir dəfə enerji ilə doldurmaqla bilərzikdən 2 həftə istifadə etmək mümkündür.

Bu kimi yeni texniki avadanlıqların yol qəzalarına necə təsir edəcəyini və sürücülərin buna münasibətini öyrənməyə çalışdıq.

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı düşünür ki, bu layihənin həyata keçirilməsi müəyyən qədər də olsa yol qəzalarını azaldacaq: "Məncə, hər bir texniki yeniliyin faydası var. Yuxulama prosesi başlayanda artıq sürücü hər şeyi unudur və istər-istəməz idarəetməni itirir. Bilərzik həmin an sürücünü silkələyib ayılda bilər. Amma bunu da deyim ki, ağıllı, təfəkkürlü insan həm öz həyatını, həm də başqalarının həyatını bilərziyə həvalə edirsə, həmin şəxsdən nə isə gözləməyə dəyməz. Sürücü az da olsa yorğunluq hiss edən kimi dərhal maşını kənara çəkib saxlamalıdır. Yəni nə baş verməsindən, hara getməsindən asılı olmayaraq sükan arxasında oturan şəxs daşıdığı məsuliyyəti dərk etməlidir. Həyatda sağ qalmağın yeganə yolu qoyulan qaydalara əməl etməkdir. Bilərzikdir, göz muncuğudur, bəzi dini yönümlü əşyalardır ki, bəzi insanlar bunlardan istifadə edərək qorunmağa çalışırlar. Amma bunlar sonrakı işdir. Təbii ki, mən insanların dini inanclarına, fikirlərinə toxunmaq istəmirəm. Hər kəsin düşüncəsinə hörmətlə yanaşıram. Sadəcə, demək istədiyim budur ki, sağ qalmaq üçün ilk olaraq yol hərəkəti qaydalarını bilmək və onlara riayət etmək lazımdır”. 

Müsahibimiz dedi ki, bu kimi yeni texniki avadanlıqlar ilk satışa çıxdığı dövrdə baha olur: "Yeni kəşf olunan texnologiyalar ilk dövrlər baha olur. Hər kəs ondan istifadə edə bilmir. Amma hələ ki, o bilərzik Latviyada yaradılır.  O, Azərbaycana gəlib çıxana kimi el dili ilə desək, "Çin variantı” burda daha tez yayılacaq.  Və onun nə dərəcədə güvənilir olacağına isə heç kim zəmanət verə bilməz. Qardaş ölkə Türkiyədə çox sanballı, maarifləndirici videolar hazırlayırlar. Orada bu cür qəzaları törədənlərə "trafik canavarı” deyirlər. Onların çox gözəl devizi var. "Trafik kurallarına uyalım, uymayanları uyaralım”. Bu deviz mənim beynimə həkk olunub. Məncə, bu kimi təbliğat işlər bizdə də görülməlidir”. 

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirir ki, hazırda dünyanın bəzi ölkələrində yol qəzalarından qorunmaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir: "Yeni aparatlar, texniki avadanlıqlar yaradılır. Düşünürəm ki, bu cihazların müsbət nəticələri olar. Amma insanın yuxuya getməsinin hansısa başqa bir səbəbi də ola bilər. Ona görə də, insan yalnız bilərziyə güvənməməli, həkim müayinəsinə də getməlidir. Birmənalı şəkildə deyə bilərəm ki, insan həm özünün, həm də başqalarının taleyini bir bilərziyin ümidinə buraxmamalıdır. Çünki bu, cihazdır. İstənilən vaxt xarab ola bilər. Bundan başqa, bu, elektrik ötürən cihazdır. Həmin cihaz ola bilər ki, insanın maşın sürərkən yatmamağı üçün istifadə edilir. Amma onu heç kim bilmir ki, cihazın insan beyninə hansı əks təsirləri, ziyanları var. Mən düşünürəm ki, sükan arxasında oturan şəxslər daha çox özlərinə güvənməlidirlər. Və yol hərəkəti qaydalarına məsuliyyətli şəkildə əməl etməlidirlər”. 

Məsələ ilə bağlı sürücülərin də fikrini öyrəndik. Sürücü Elnur Qurbanlı bu kimi cihazlardan istifadəyə tamamilə qarşı olduğunu bildirdi: "Mən heç vaxt elə texniki avadanlıqlardan istifadə etmərəm. Sürücülük elə bir işdir ki, yorğunluq və yuxu gələn zaman maşını bir kənara çəkib 10 dəqiqə belə olsa gözünü yumub, yatmalısan. O bilərzik enerji ötürürsə, ola bilsin ki, başqa orqanlar üçün təhlükə yaratsın. Onun insan sağlamlığına necə təsir edəcəyini kim bilir? Məncə, bu, birbaşa insan sağlamlığına müdaxilədir. Qiyməti də çox güman ki, kasıb təbəqənin cibinə uyğun olmayacaq. Maşından uzun müddətli istifadə edənlər sərnişin daşımasını həyata keçirən sürücülərdir. Və inanmıram ki, belə sürücülərin bilərziyi almağa maddi imkanı olsun”. 
 
Günel Azadə 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002