• şənbə, 20 Aprel, 00:08
  • Baku Bakı 15°C

“Bığlarım mənə uğur gətirdi” - Şou-biznes

01.05.15 06:31 2529
“Bığlarım mənə uğur gətirdi” - Şou-biznes
“Gənclik qəzeti”-nin bu həftəki qonağı aktyor, şoumen, aparıcı Şəhriyar Əbilovdur. Tez bir zamanda məşhurlaşan gənc şoumen bizimlə söhbətində uğurunun sirrini açıqladı.
- Sizcə, gündəmdə qalmaq üçün nə etmək lazımdır?
- Əgər aparıcı tanınmış bir ulduz olmaq istəyirsə, maraqlı layihələr ərsəyə gətirib, insanların könlünü qazanmalıdır. Ondan sonra bir qədər fasilə vermək lazımdır. Uzunmüddətli layihə ilə tamaşaçını yormaq, iyrəndirmək olmaz. Əgər efirə çıxırsansa, çox maraqlı, diqqət çəkə bilən layihələrlə gündəmdə olmalısan. Bir müddət “partladırsan”, sonra fasilə edirsən. Həmin fasilə ərəfəsində axtarışda olmalı və insanların marağını cəlb edə biləcək başqa proyektlər hazırlamalısan.
- Deyirlər ki, Şəhriyar Əbilov “Bığ-şou” ilə daha çox tanındı. Bu fikirlərlə razısınızmı?
- Əlbəttə. Əvvəllər “Qəfəs” realiti şousunda iştirak edirdim. Bu, məni bir müddət gündəmdə saxladı. Ondan sonra “ATV səhər”də aparıcı oldum. Daha sonra “Böyük səhnə” layihəsində iştirak etdim. Bu layihə yaradıcılıq həyatımda ən keyfiyyətli və böyük həcmli proyekt oldu. Sadəcə olaraq tamaşaçı o layihə üçün tam olaraq hazır deyildi. Orada biz Avropanın diqqət mərkəzində olan “Eurovision” mahnı müsabiqəsi üçün Azərbaycandan gedəcək olan iştirakçının seçim turlarını etmişdik və həmin layihədə Fərid Məmmədov birincilik əldə etmişdi. Bu layihə çox keyfiyyətli və peşəkar komandanın iştirakı ilə ərsəyə gəlmişdi. Ancaq buna baxmayaraq, həmin layihə tutmadı. Yəni reytinq vermədi. Daha sonra “Ford boyard”da iştirak etdim və mənim komandam orada birincilik qazandı. Son dönəmlər isə “Bığ-şou” daha çox diqqət cəlb etdi. Çünki verilişin adı insanların maraq dairəsində idi. Hər kəs soruşurdu ki, bu “Bığ” nə deməkdir? “Bığ” həm milli, həm də xarici bir ad idi. “Bığ” sözü indi imicdir, amma əvvəllər status idi. İngilis dilində “Big” sözündən götürülmüşdü. Mənası böyük deməkdir.
- Sizi daim efirlərdə bığlı gördüyümüz üçün hesab etdik ki, verilişin adı da buradan qaynaqlanır.
- Bığlarım mənə çox uğur gətirdi. Hər kəs deyirdi ki, bığlarını qırx. Hesab edirəm ki, bığ məndə artıq bir imic yaradıb.
- Bu gün efirlərdə şou verişləri çoxalıb. Demək olar ki, bu tip verilişlər intellektual verilişləri sıradan çıxarıb.
- Əfsuslar olsun ki, bu, belədir. İnsanlarımız əylənməyi daha çox sevir, nəinki düşünməyi. Ona görə də məcburən şou verilişləri hazırlanır ki, reytinq gətirsin. Reytinq sponsor gətirir. Özəl kanallar da sponsorla dolanır. Böyük xərc çəkib intellektual veriliş hazırlayanda, o, reytinq gətirmir. Mən deyirəm ki, eybi yox, reytinqə işləməyək, ancaq insanların düşüncə tərzini dəyişək. Hesab edirəm ki, aparıcı, telekanal müəllim, tamaşaçı isə onun şagirdi olmalıdır. Çox vaxt mənə gülürlər. Ancaq bu, faktdır, həqiqətdir. Aparıcılıq etdiyim verilişlərdə çalışmışam ki, bu səviyyəni qoruyum. Sonuncu dəfə “Oyuncaq” verilişində aparıcılıq edirdim. Bu veriliş sırf sağlam ailə üzərində qurulmuşdu. Bu layihədə ana, ata və uşaq iştirak edirdi. Çox zaman deyirdilər ki, uşağı gətirək, ancaq valideynlər gəlməyəcək, ya da kiminsə həyat yoldaşı yoxdur, uşağın atası layihədə iştirak edə bilməyəcək. Başa düşürəm, həyatda hər cür problemlərlə üzləşə bilərsiniz. Ancaq mən bu layihədə yalnız sağlam ailəni təbliğ edirəm. Həmin verilişdə 90 faiz bağçalardan götürülmüş oyunlarla 3-5 yaşında uşaqların məntiqini inkişaf etdirməyə yer vermişdik. Uşaqların intellektini artırmaq üçün bu çox faydalı bir layihə idi. Hesab edirəm ki, “Oyuncaq” Azərbaycan tarixində uşaqlara xeyir gətirə biləcək ən faydalı veriliş idi. Verilişin sponsoru olmadığı üçün onu dayandırdıq. Bu gün sponsorlar daha çox qalmaqallı verilişlərə tərəf yönəlirlər. Harada ağlaşma, söz-söhbət varsa, ora daha çox reytinq toplayır.
- Reytinq dalınca qaçmaq nə qədər önəmlidir?
- Özəl kanalları qınamıram. Onlar ona görə reytinq dalınca qaçırlar ki, işçilərini dolandırmaq üçün maaş verməlidirlər. Onlar sponsorlardan aldıqları pulla maaş verirlər. O da olmayanda bəs necə dolansınlar? Ona görə bu cür verilişlərin olması məcburidir.
- Bir aktyor kimi də sizi yeni çəkilən filmlərdə görürük. Sizin ifanızda yeni film izləyə biləcəyikmi?
- Son dönəmlər Azərbaycanda yeni-yeni bədii filmlər çəkilməyə başlayır. Baxmayaraq ki, bir-birinin ardınca çəkilən filmlərin əksəriyyəti uğursuz oldu. Ancaq “Xoxan” filmi bizə böyük uğur gətirdi. Biz yenə də çalışırıq ki, yeni filmlər ortaya qoyaq, tamaşaçılar yeni bir izləyici mərhələsinə keçsinlər. Hazırda bir neçə film təklifi almışam. Hələ ki təklifləri dəyərləndirirəm. Edilən təkliflərə ehtiyatla yanaşıram. Çünki çəkilən bütün filmlərə razılıq versəm, ucuzlaşacağam və onların arasında məhv olacağam. Belə olan halda mənə tamaşaçı marağı da itəcək. Ona görə də ehtiyatla yanaşıram. Uyğun zamanı gözləyirəm.
- Şəhriyar Əbilovun uğurunun sirri nədədir?
- Uğurumun sirri özümə, Allahıma inanmağımdır. Mən uşaq kimiyəm, ömrü boyu da belə qalacağam. Şəhriyar Əbilov başqalarına gülməli gələn arzulara inanan insandır. İnanıram ki, nə zamansa “Oskar” mükafatı alacağam. Düzdür, bir qədər tənbəlliyim də var. Əgər bu xasiyyətimi tərgitsəm, çox böyük nailiyyətlər əldə edə bilərəm. Çox enerjili insanam. İki il müddətində 20-30 il səhnədə olan aparıcılarla eyni səhnəni bölüşmüşəm.
- Yerinizdə olmaq istəyən gənclərə arzunuz?
- Özlərinə inansınlar. Önlərinə baxıb desinlər ki, mən bunu bacararam. Arzuladıqları yolda əllərindən gələni etsinlər, çətinliklərdən qorxmasınlar. Hər işdə uğursuzluq olur, əsas odur büdrəməsinlər.
- Şəhriyar bəy, sizə deyən olubmu ki, aparıcı hara, aktyorluq hara?
- Yaradıcı insan hərtərəfli olmalıdır. Əgər müğənni aparıcılığa başlayıbsa, bəzən onun müğənniliyi ikinci dərəcəyə keçir. Və o, hər iki sənəti əlində saxlamaqda çətinlik çəkir. Müğənni kimi onun PR-ı zəifləyir. Tamaşaçılar onu aparıcı kimi tanıyır. Dünya şou-biznesinə baxsaq görərik ki, dünyanın tanınmış ulduzları həm aparıcı, aktrisa, həm də müğənnidirlər. Bizim müğənnilərin bədbəxtliyi ondadır ki, onlar sərhədlərimizdən kənara çıxa bilmirlər. Öz üzərilərində işləmirlər. Bir qədər məşhur olduqdan sonra deyirlər ki, mən şahzadəyəm, ulduzam, bir nömrəyəm. Beləliklə də ilişib öz yerlərində qalırlar. Bu üsulla özlərini məhv edirlər. Biz balaca dövlətik. Bunun üçün də geniş auditoriyaya işləməliyik. Özümüzü dünyaya tanıtmaq üçün əlimizdən gələni etməliyik. Bizim bazarımız çox balacadır.
- Dünyaya tanıtmaq demişkən, bir aydan sonra Azərbaycanda Avropa Oyunları keçiriləcək. Sizcə, Azərbaycan bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ biləcəkmi?
- Azərbaycan daima üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib. Baxmayaraq ki, üzərinə çox böyük yük götürüb. Bəzən ölkə daxilində neqativ ruhlu insanlarla rastlaşırıq. “Bizə bu lazımdırmı?” - deyərək özlərini gülünc hala qoyurlar. Onlara demək istəyirəm ki, bir bizim mənfur düşmənimiz olan ermənilərə baxın, utanın ki, onlar balaca qarışqalarını böyüdüb necə fil edib dünyaya tanıdırlar. Vətənlərini təbliğ etmək üçün əllərindən gələni edirlər. Hesab edirəm ki, bu gün biz düzgün yolda addımlayırıq. Hansısa ali məqsədə çatmaq üçün nələrisə qurban verməliyik. Dünyanı özümüzə cəlb etməliyik ki, bizi tanısınlar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər